Məhkəmə qərarları › İş №2-2(103)-483/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-483/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-483/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Rauf qızının sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-612/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən 2 baş, 50% güzəştdən sonra qiyməti 4250 manat olan (ilkin ödəniş məbləği 2125 manat olmaqla) Holştin-Friz cinsli malın və açıqlaması Spesifikasiyada (Əlavə N 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç)ilə lizinqə verir. Həmin müqavilənin: 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 2125 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 2125 manat məbləği isə ödəniş qrafikinə (Əlavə X® 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1-ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

2. 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən Holştin-Friz cinsi, birka nömrələri DE********** və DE********** olan malların qiyməti 50% güzəştdən sonra cəmi 4250 manat məbləğində (hər bri 2125 manat olmalqa), ilkin ödəniş məbləği cəmi 2125 manat (hər birinə görə ayrıayrılıqda 1062,50 manat olmaqla) məbləğində müəyyən edilmişdir.

3. 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2021-ci il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır.

4. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 2025 manat gecikdirilmiş borcu, 2985,53 manat hesablanmış cəriməsi mövcuddur.

5. xx.xx.2018-ci il tarixli 5767/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən aşağıdakı cins damazlıq heyvanların Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin.

6. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən 2 baş, 50% güzəştdən sonra qiyməti 4800 manat olan (ilkin ödəniş məbləği 2400 manat olmaqla) Simmental cinsi malın və açıqlaması Spesifikasiyada (Əlavə N 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç)ilə lizinqə verir. Həmin müqavilənin: 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 2400 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 2400 manat məbləği isə ödəniş qrafikinə (Əlavə X® 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1-ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

7. 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən Simmental cinsi, birka nömrələri AT283623938 və AT285344638 olan malların qiyməti 50% güzəştdən sonra cəmi 4800 manat məbləğində (hər bri 2400 manat olmalqa), ilkin ödəniş məbləği cəmi 2400 manat (hər birinə görə ayrı-ayrılıqda 1200 manat olmaqla) məbləğində müəyyən edilmişdir.

8. 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2021-ci il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 2360 manat gecikdirilmiş borcu, 3301,62 manat hesablanmış cəriməsi mövcuddur.

9. xx.xx.2018-ci il tarixli 6113/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən aşağıdakı cins damazlıq heyvanların Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin.

10. "xxxx" ASC-yə məxsus damazlıq heyvanların lizinq alana təhvili barədə xx.xx.2018-ci il tarixli aktdan məlum olur ki, AT ********* və AT ********* cinsi, doğulduğu il: xx.xx.2016 və xx.xx.2016-cı il, mayalanma tarixi xx.xx.2018 və xx.xx.2018- ci il, sağlam vəziyyətdə olan damazlıq heyvanlar Cavabdeh təhvil verilmişdir.

11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh göndərilmiş 29 avqust 2024-cü il pretenziya məktubunda, 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli və 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilələr üzrə gecikdirilmiş borc və hesablanmış cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

12. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2018-ci il tarixli "381-LD/18" nömrəli müqavilə üzrə 2025 manat qalıq əsas borc, 2985,53 manat cərimə borcu olmaqla, ümumilikdə 5010,53 manat və 14 dekabr 2018-ci il tarixli "394-LD/18" nömrəli müqavilə üzrə 2360 manat qalıq əsas borc, 3301,62 manat cərimə borcu olmaqla, ümumilikdə 5661,62 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli "381-LD/18"və 14 dekabr 2018-ci il tarixli "394-LD/18"müqavilələrə əsasən, borclu (lizinq alan) cins damazlıq heyvanları ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 27 noyabr 2018-ci il tarixli "381-LD/18" nömrəli müqavilə üzrə 2 025 manat qalıq əsas borc, 2 985,53 manat cərimə borcu olmaqla, ümumilikdə 5 010,53 manat və 14 dekabr 2018-ci il tarixli "394- LD/18" nömrəli müqavilə üzrə 2 360 manat qalıq əsas borc, 3 301,62 manat cərimə borcu olmaqla, ümumilikdə 5 661,62 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilənin 8-ci bəndinə əsasən, tərəflər razılığa gələ bilmədikdə müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqları lizinq verənin yerləşdiyiərazi üzrə aidiyyətiməhkəmədə baxılmalı və həlledilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 465.2, 748-1.12.4cü maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1 və 1.5-ci bəndlərinə istinad edilmişdir.

14. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli və 14 dekabr 2018-ci il tarixli müqavilələr üzrə 6 ildən çox müddət keçdiyindən sözügedən müqavilələr üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-612/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 394-LD/18 nömrəli 14 dekabr 2018-ci il tarixli müqavilə üzrə 2360 manat əsas borc, 118 manat cərimə olmaqla, ümumilikdə 2478 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında 381-LD/18 saylı xx.xx.2018-ci tarixli və 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqavilələri imzalanmış və həmin müqavilələr üzrə müvafiq olaraq lizinq predmeti olan damazlıq heyvanlar cavabdehə təhvil verilmişdir. İlk əvvəl məhkəmə tərəflər arasındakı 27 noyabr 2018-ci il tarixli, 381-LD/18 nömrəli müqaviləyə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq təqdim edilmiş malların dəyərini tələb etmək hüququ olsa da, iddiaçı tərəf MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab etmişdir. Məhkəmə, iddiaçının cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymamışdır. Ona görə ki, iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, tərəflər arasında 27 noyabr 2018-ci il tarixdə bağlanmış lizinq müqaviləsi üzrə ödəniş qarafikinə əsasən sonuncu ödəniş tarixi 15 sentyabr 2021-ci il tarixi qeyd edilmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 15 sentyabr 2021-ci il tarixində başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 27 noyabr 2018-ci il tarixli, 381-LD/18 nömrəli müqavilə tələbi üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Buna görə də həmin müqavilə üzrə iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi imzalanmış və həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan damazlıq heyvanlar cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya 2360 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən 394- LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 2360 manat pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Eyni zamanda iddiaçı lizinqalandan gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilənin 4.2ci bəndinə və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən 3301,62 manat məbləğində cərimə tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 118 manat müəyyən olunmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, iddia qiymətinin, yəni tələb edilən cəmi məbləğin 10672,15 manat olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab etmişdir ki, dövlət rüsumu üçün ödənilməli olan 122,02 manatın 44,78 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 377.2, 380, 383, 462.1, 465.2, 467, 747.1, 748-1.9, 748-1.12.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi yanaşma baxımından, məhkəmənin yalnız iddia müddətinin keçməsinə əsaslanaraq qərar verməsi düzgün deyildir. İddia müddəti hüququn müdafiəsinin vaxt çərçivəsini müəyyən etsə də, bu müddətin keçməsi avtomatik olaraq borcun ödənilməli olmadığını təsdiq etmir. Xüsusilə də, cavabdehin iddia müddətinin tətbiq olunmasını tələb etməsi borcun hüquqi aspektdən tanındığı ehtimalını doğurur. Məhkəmə bu faktı nəzərə almalı və işin hallarını bütövlükdə qiymətləndirməlidir. Əks halda, yalnız formal müddəalara istinad edilərək iddianın rədd edilməsi, hüququn məqsəd və prinsipləri baxımından qeyri-adekvat nəticəyə gətirib çıxara bilər. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması məsələsinin xüsusi ictimai əhəmiyyət daşıması da nəzərə alınmalıdır. Belə hallarda, məhkəmənin işə yanaşması fərqli olmalı, iddia müddətinin tətbiqi mexaniki olaraq deyil, işin konkret halları və ədalət prinsipi çərçivəsində həyata keçirilməlidir. Dövlətin maliyyə maraqlarının qorunması hüquq siyasətinin əsas istiqamətlərindən biri olduğuna görə, cavabdehin iddia müddətinin tətbiqini tələb etməsi, lakin borcu açıq şəkildə inkar etməməsi şəraitində məhkəmənin iddianı tam araşdırmadan rədd etməsi hüquqi baxımdan əsassız hesab edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticə, dövlət büdcəsinin vəsaitlərinin qorunması baxımından yenidən qiymətləndirilməlidir. Cavabdeh lizinq müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lakin borclu olduğunu da inkar etməmişdir. Məhz bu amil göstərir ki, cavabdeh borcu ödəmək vəzifəsini daşıyır və bu öhdəliyin yerinə yetirilməsi hüquqi baxımdan tələb oluna bilər. Bu arqumentlərə əsasən, məhkəmə borclunun borcunu açıq şəkildə qəbul etdiyini, dövlət vəsaitlərinin qaytarılmasının ictimai əhəmiyyətini, iddia müddətinin tətbiqinə daha çevik yanaşılmasını və hüquqdan suiistifadənin qarşısının alınmasını nəzərə alaraq iddianın təmin edilməsinə qərar verməlidir. Dövlət büdcəsinin vəsaitlərinin geri qaytarılması ilə bağlıməsələlər ümumi mülki hüquqi tələblərdən fərqlənir və bu xüsus nəzərə alınmadan qəbul edilən qərar hüququn təməl prinsipləri ilə uzlaşmır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək iddia təmin etməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

22. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinə etiraz etdi, şikayətin rədd edilməsini xahi etdi.

Tətbiq edilən hüquq:

23. Mülki Məcəllənin: -372.1-ci, 372.2-ci, 373.2-ci, 377.2-ci, 375.2-ci və 376-cı maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

24. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

25. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçının apellyasiya şikayətində qətnaməni iddianın rədd edilməsi hissəsində ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız 381-LD/18 saylı xx.xx.2018-ci tarixli lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsinə və həmin hissədə iddianın təmin edilməsinə yönəldilmişdir.

27. Odur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini də nəzərə alaraq kollegiya hesab edir ki, qətnamənin əsaslılığı 381-LD/18 saylı xx.xx.2018-ci tarixli lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddianın rədd edilməsi hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC (lizinqverən) ilə Cavabdeh (lizinq alan) arasında damazlıq heyvanların verilməsi ilə bağlı 381-LD/18 saylı xx.xx.2018-ci tarixli lizinq müqaviləsi bağlanmış və "xxxx" ASC həmin müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan damazlıq heyvanları Cavabdeh təhvil vermiş, cavabdeh isə lizinq ödənişlərini ödəniş qrafikinə uyğun həyata keçirməmiş və nəticədə lizinq müqaviləsi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (mübahisəli hüquq münasibətində "xxxx" ASCnin hüquqi varisi) 2025 manat məbləğində borcu yaranmışdır.

30. Mübahisəli lizinq müqaviləsində cavabdehin lizinq ödənişlərin gecikdirilməsinə görə dəbbə pulu ödəmək öhdəliyi nəzərdə tutulmuşdur.

31. Odur ki, iddiaçı Mülki Məcəllənin 747.1 və 462-ci maddələrinə əsasən mübahisəli müqavilə üzrə borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

32. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

33. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında 27 noyabr 2018ci il tarixdə bağlanmış lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən sonuncu lizinq ödənişi 15 sentyabr 2021-ci il tarixdə həyata keçirilməli idi. Odur ki, Mülki Məcəllənin 377.2-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başladığından iddiaçı hazırkı iddianı xx.xx.2024-cü il tarixdə qaldırmaqla müqavilə tələbləri (həm əsas tələb, həm də əlavə tələb- dəbbə pulu tələbi üzrə) üzrə qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini buraxmışdır.

34. İddiaçının dövlət büdcəsindən maliyyələşən təşkilat olması və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun dövlət büdcəsinə aid vəsait olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin iddia müddətləri ilə bağlı qaydaları müəyyən edən normaları iddia müddətinin tətbiq edilməsini mülki hüquq münasibətlərinin subyektiv tərkibindən asılı etməmiş, yalnız “müddətsiz” müdafiə edilən tələblər müəyyən etmişdir və hazırki iddia tələbinin həmin tələblərə aid olduğu da müəyyən edilmir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 612/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar