Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-485/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5467/2022 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Vergi orqanı tərəfindən ərizəyə əlavə edilmiş bildirişdən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinə (VÖEN: **********) muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 12175,51 manat borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə idarə rəhbərinin adı Maraqlı şəxs göstərilmişdir. Eyni zamanda vergi orqanı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət büdcəsinə 404,96 manat borcu olması barədə bildiriş göndərilmişdir. 2.. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidmətinin hesabına 406.61 manat pul vəsaitinin köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 12580,47 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix-xx xxxxxx 1957-ci il, Doğulduğu yer Azərbaycan, Naxçıvan MR; Naxçıvan, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 12175,51 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 404,96 manat ümumilikdə 12580,47 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********130300 , xx.xx.2019cu il tarixli **********5442800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5467/2022 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) ərizə təmin edilmişdir.
6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyiciləri olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, hüquqi şəxslərin dövlət büdcəsinə və müvafiq fonda olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5467/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirişinin üzərində maraqlı şəxsin daimi yaşadığı ünvanda guya yaşamamağı barədə qeyd edilməklə geri qaytarılmış, məhkəmə isə bu qeydin doğruluğunu araşdırmamışdır. Bundan əlavə maraqlı şəxsin mobil telefonuna SMS bildiriş göndərilməmişdir. Nəticədə 1 il 5 aydan sonra maraqlı şəxs barəsində məhdudlaşdırma olmasına dair qətnamə olmasından xəbərdar olmuşdur və bir sahibkar kimi hüquqları pozulmuşdur. Belə ki, maraqlı şəxs həm şəxsi həyatı ilə, müalicə və müayinə ilə bağlı, eyni zamanda sahibkarlıq fəaliyyətindən irəli gələn səbəblərdən ölkə xaricinə gedib gəlir. Bu qətnamə isə onun ölkədən çıxışını məhdudlaşdırmaqla maraqlı şəxs üçün bir çox problemlərin yaranmasına səbəb olmuşdur. Bakı Kommersiya Məhkəməsi qəbul etdiyi qətnamədə qeyd edib ki, “Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir "xxxx" MMC-nin 404.96 manat borcu böyük məbləğ deyil, əlbəttə ki onu ödəyər və bu nəticələrin baş verməsinə şərait yaratmazdı. İkincisi- maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin icra orqanının rəhbəri deyil və nə üçün həmin idarənin borclarına görə onun ölkədən çıxışına hər hansı məhdudiyyət qoyulmalıdır? Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 404,96 manat borcu ödənilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin isə 12175,51 manat ödənilməmiş borcunu maraqlı şəxs həmin idarənin icra orqanının rəhbəri olmadığı halda ödəmə deyil və bu səbəbdən həmin idarənin borcuna görə onun ölkədən çıxışına hər hansı məhdudiyyət qoyula bilməz.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərk təmin edilməsini xahiş etmişdir.
10. Ərizəçinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı barədə xəbərdar edilsə də iclaslarda iştirak etməmişdir.
11. Tətbiq edilən hüquq
“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
12. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
13. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5467/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi dövlət sosial müdafiə fonduna ödənilməli olan 404,96 manat borc tam ödənildiyindən həmin borca görə qanuni təmsilçinin hərəkət azadlığına məhdudiyyət qoyulmasına qanuni əsas aradan qalxmışdır.
15. Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin dövlət büdcəsinə olan borcları ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla Maraqlı şəxs həmin İdarənin direktoru olması barədə vergi orqanı tərəfindən bu hal mübahiləndirildiyi halda məhkəməyə mötəbər sübutlar təqdim ediılməmişdir. Maraqlı şəxs əmək kitabçasında isə onun həmin idarədə işlədiyi qeyd edilməmişdir.
16. Bundan əlavə qanunda məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulduğundan, MM-nin 54-cü maddəsinə əsasən idarə hüquqi şəxs olmadığından onun dövlət büdcəsinə olan borclarına görə rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin Editorial Board of Pravoye Delo və Ştekel Ukraynaya qarşı iş üzrə xx.xx.2011-ci il tarixli qərarında milli məhkəmələr tərəfindən qanuna genişləndirici təfsir edilməklə cavabdeh barəsində qanunda nəzərdə tutulmayan tədbirin görülməsi ifadə azadlığı hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilmişdi.
18. Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsaslar olmadığından məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5467/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5467/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.