Məhkəmə qərarları › İş №2-2(103)-485/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-485/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-485/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X12 və X15) qarşı iddia tələbi üzrə (Açar sözlər: sığorta ödənişi, subroqasiya, preyudisia) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4, Cavabdeh2, cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə üçüncü şəxs X5 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə "xxxx" ASC-nin Cavabdeh2, Cavabdeh1nə, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X12 və X15) qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində istifadədə olan 0,08554 hektar torpaq sahəsində yerləşən 11/33 nömrəli 743,8 m2 ümumi, 600,4 m2 əsas, 143,4 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh4 və Cavabdeh5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 452 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Cavabdeh4 və Cavabdeh5 tərəfindən X12 ilə notarial qaydada bağlanmış 18 iyul 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində yerləşən avtomobillərə texniki xidmət sahəsinin 160 m2 hissəsi 18 iyul 2024-cü il tarixinədək aylıq 300 manat icarə haqqı ödənilməsi şərtilə sonuncuya icarəyə verilmişdir.

3. X12 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 16 iyul 2019-cu il tarixli icarə müqaviləsinə görə, Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində yerləşən avtomobillərə texniki xidmət sahəsinin 80 m2 hissəsi Cavabdeh1nə 15 may 2023-cü il tarixədək aylıq 400 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verilmişdir.

4. X12 ilə X15 arasında bağlanmış 20 iyul 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin istifadə və idarə edilməsinə dair tapşırıq müqaviləsinə əsasən, X12 icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində yerləşən 160 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsini X10 istifadəyə, tam təsərrüfat ixtiyarına verərək həmin qeyri-yaşayış obyektinin effektiv istifadəsini və idarə edilməsini sonuncuya tapşırmışdır.

5. Daşınmaz əmlakın icbari sığortası barədə RAZ********** nömrəli 25 may 2022-ci il tarixli şəhadətnaməyə görə, ünvan 1 ünvanında yerləşən 300 m2 sahəli qeyriyaşayış binası – restoran şəbəkəsi ümumilikdə 87 821 manat sığorta məbləği həddində 300 manat azadolma məbləği ilə sığortalı X15 tərəfindən sığortalanmışdır.

6. X15 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 07 dekabr 2023-cü il tarixli dəymiş “zərərin məbləğinin razılaşdırılması barədə” sazişə əsasən, tərəflər 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən X6 istifadəsində olan qeyri-yaşayış obyektində baş vermiş yanğın hadisəsini və daşınmaz əmlaka 17 359 manat məbləğində zərərin dəyməsini təsdiqləmişlər.

7. 26 dekabr 2023-cü il tarixdə təsdiq edilmiş 07 dekabr 2023-cü il tarixli CFİ- 0154/2022 – AKT1846/23 nömrəli sığorta aktından görünür ki, 14 oktaybr 2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən əmlaka dəyən zərər 17 359 manat müəyyən edilmiş, 300 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişi 17 059 manat olaraq təsdiq edilmişdir və 26 dekabr 2023-cü il tarixli ödəniş tapşırığı əsasında X10 ödənilmişdir.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı X18 14 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsi ilə bağlı 12 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, “yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, 19 iyul 2022-ci il tarixdə, saat 10 radələrində qeyri-yaşayış sahəsinin mansard mərtəbəsində, mətbəx otağının yerləşdiyi sahədə olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, əşya və ya materialın atışmasından yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, və 6.2-ci bəndlərinin tələbləri qeyri-yaşayış sahəsinin sahibləri Cavabdeh4 və Cavabdeh5 tərəfindən, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalan”nın 6.3-cü bəndinin tələbi isə qeyri-yaşayış sahəsini ikinci mərtəbəsində yerləşən restoranı sonuncu tərk etmiş şəxs Cavabdeh2 tərəfindən pozulmuşdur. Lakin yoxlama materiallarından da göründüyü kimi, yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilməlidir.”.

9. Adıçəkilən qərarda istinad olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/1793 saylı məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən, Cavabdeh1 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2, və 6.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Obyektin elektrik qurğuları müvafiq qaydalara və digər normativ sənədlərə uyğun quraşdırılıb istismar edilmədiyinə, elektrik aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmadığına, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1 və 6.2 bəndlərinin tələbləri obyektin sahibi tərəfindən pozulmuşdur. İşin sonunda bütün otaqlarda elektrik qurğu və cihazların dövriyyədən açılmasını təmin etmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.3-cü bəndinin tələbi restoranı sonuncu tərk etmiş Cavabdeh2 tərəfindən pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. "xxxx" ASC (iddiaçı) "xxxx" ASC-nə, Cavabdeh2, Cavabdeh1nə, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17 059 manat məbləğində pul vəsaitinin və ödənilmiş 141,18 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 25 may 2022-ci il tarixli RAZ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalı X6 istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə daşınmaz əmlakın icbari sığortası qaydasında iddiaçı tərəfindən sığorta təminatı verilmişdir. 14 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə yanğın hadisəsi nəticəsində zərər dəymişdir. Bakı şəhər 11 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq olunmuş X17 ilə Cavabdeh1 adından X3 arasında bağlanılmış 16 iyul 2019-cu il tarixli icarə müqaviləsində göstərilmişdir ki, X17 ilkin icarə müqaviləsi əsasında Cavabdeh4 və X7 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən avtomobillərə texniki xidmət sahəsinin 80 m2 sahəsini icarəçi Cavabdeh1nə 15 may 2023-cü il tarixədək icarəyə vermişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin 12 may 2023-cü il tarixli 1516 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2, və 6.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Obyektin elektrik qurğuları müvafiq qaydalara və digər normativ sənədlərə uyğun quraşdırılıb istismar edilmədiyinə, elektrik aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmadığına, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.3-cü bəndi obyektin icarədarı Qanuni nümayəndə və qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşən restoranı sonuncu tərk etmiş şəxs Cavabdeh2 tərəfindən pozulmuşdur. Vurulmuş zərərə görə 17 059 manat sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 17 059 manat məbləği qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Cavabdeh2 iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsində ünvan 2 ünvanında qeyri-yaşayış obyektinə yanğın nəticəsində zərər dəydiyi göstərilmişdir. İddia ərizəsində yanğın baş vermiş obyekt, obyektin sahibkarları, icarədarları konkret olaraq göstərilmişdir. Cavabdeh2 isə həmin yanğın baş vermiş obyektlə heç bir əlaqəsi olmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, obyekti icarəyə götürməmiş, heç bir cavabdehliyi olmamışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 12 may 2023-cü il tarixli cinayət işinin araşdırılması zamanı Cavabdeh2 heç bir istintaqa, araşdırmaya cəlb edilməmişdir. Sadəcə olaraq iş üzrə cavabdeh X1 tanıdığı üçün ona kömək məqsədi ilə yanğınla əlaqədar onun yanına gedib-gəlmişdir. Lakin iddiaçının onu müştərək qaydada cavabdeh X3 ilə birlikdə məhkəməyə verməsi əsassız və qanunsuzdur. Bu səbəbdən də ona qarşı olan iddia rədd edilməlidir.

13. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişlər ki:

- İddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərar ilə müəyyən edilmiş halları təhrif edərək təqdim etmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərar ilə müəyyən edilmişdir ki, 19 iyul 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mansard mərtəbəsində, mətbəx otağının yerləşdiyi sahədə olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, əşya və ya materialın alışmasından yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1 və 6.2-ci bəndlərinin tələbləri, qeyri-yaşayış sahəsinin sahibləri Cavabdeh4 və Cavabdeh5 tərəfindən, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının” 6.3-cü bəndinin tələbi isə qeyri- yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşən restoranı sonuncu tərk etmiş şəxs Cavabdeh2 tərəfindən pozulmuşdur. - Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərar ilə baş vermiş yanğın hadisəsinin Cavabdeh1 və X3 tərəfindən deyil, qeyri-yaşayış sahəsinin sahibləri Cavabdeh4 və Cavabdeh5 və həmin qeyri-yaşayış sahəsini sonuncu tərk etmiş şəxs Cavabdeh2 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.3-cü bəndlərinin tələblərinin pozulması nəticəsində baş verməsi öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, Cavabdeh1 və X3 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın hər hansı bir tələbi pozulmamışdır və onlar baş vermiş yanğın hadisəsinə görə heç bir maddi məsuliyyət daşımır. Bundan əlavə məhz cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərar ilə Cavabdeh1nə və X2 baş vermiş yanğın hadisəsi nəticəsində 345 000 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. - Yəni Cavabdeh1 və X3 baş vermiş hadisədə zərərvuran deyil, zərərçəkmiş olmuşdur. Belə olan halda iddiaçının hazırkı iddia ərizəsi ilə Cavabdeh1nə və X2 qarşı iddia qaldırmaq hüququ olmamış və iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən də həmin cavabdehlərə qarşı iddia rədd edilməlidir.

14. Cavabdeh4 və Cavabdeh5 tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

15. Birinci instansiya məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadları ilə X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaları qərara alınmışdır.

16. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə1, X13 və Nümayəndə4 iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsi bağlanmış, daşınmaz əmlak icbari sığortalanmışdır. Sığorta hadisəsi baş verdikdən sonra sığorta aktı əsasında sığorta ödənişi edilmişdir, hazırda yanğın hadisəsində təqsiri olan şəxslərdən subroqasiya qaydasında sığorta ödənişi tələb edilir. Məhkəmənin suallarına cavab olaraq, iddiaçının nümayəndəsi Nümayəndə4 göstərdi ki, sığortalı qismində X15 çıxış etmişdir. Həmin şəxs birbaşa sığorta ödənişindən faydalanmaq istəyən şəxs kimi sığortalı qismində çıxış etmişdir. Sığorta müqaviləsi mübahisələndirilməyib, demək, etibarlıdır.

17. Cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, 80 kv.m sahə Cavabdeh1 tərəfindən X4 icarəyə götürülmüş, faktiki icarə sahəsi çox olmuş, Ağayeva Güllü icarə obyektinin 2-ci mərtəbəsini icarəyə vermək istəmiş, sonuncunun məlumatı daxilində Cavabdeh1 də icarə obyektinin 2-ci mərtəbəsini Cavabdeh2 icarəyə vermişdir. İcarə obyektinin elektrik enerjisi ilə təchizatı lazımi qaydada olmadığından Cavabdeh2 elektrik enerjisindən istifadə edərkən ehtiyatlı olmaq tapşırılmışdır. Səhər saatlarında obyektdə yanğın hadisəsinin baş verdiyi məlum olmuşdur. Yanğın yuxarı mərtəbədə - kafedə baş verib. Nəticədə Cavabdeh1nə 340 000 manatdan çox zərər dəymişdir. Sonuncu zərərçəkən olduğu halda zərərin ondan tələb edilməsi yolverilməzdir.

18. Birinci instansiya məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8529,5 manat, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 8529,5 manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 70,59 manat, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 70,59 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, eləcə də ekspertiza xərci olaraq 50 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh4 və Cavabdeh5, 50 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2 və Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir. - Əks yanaşma, yəni subroqasiya hüququnun reqres öhdəlik hesab edilməsi mümkün deyildir. Belə ki, reqres öhdəlik əvvəlki öhdəliyin icra nəticəsində xitam edilməsi və əvvəlki öhdəliyi icra edən şəxsin yeni kreditor kimi çıxış etdiyi tələb hüququnun yaranmasıdır. Başqa sözlə, reqres öhdəlikdə şəxslərin dəyişməsi baş vermir, əvvəlki öhdəliyə xitam verilir və yeni öhdəlik yaranır. Lakin mülki qanunvericilikdə subroqasiya verilən anlayışdan da göründüyü kimi, zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həcmində sığortaçıya keçir, “zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq ... sığortaçıya ... keçir”. Yəni qanunun göstərişi sığortaçı üçün yeni tələb hüququ yaratmır, qanunun göstərişi öhdəlikdə şəxsləri dəyişdirir. Bu səbəbdəndir ki, sığortaçı ilə zərərvuranlar arasındakı öhdəlik münasibətinin məzmunu zərərçəkənlə zərərvuran arasındakı öhdəlik münasibəti ilə eynilik təşkil edir. - Digər mövqe, “heç kəs özündə olandan artığını başqasına verə bilməz” (nemo plus iuris transfere (ad alium) potest quam ipse habet) prinsipinə, borclunun ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditora qarşı da irəli sürmək hüququna dair Mülki Məcəllənin 199.1-ci və 202-ci maddələrinə zidd olar, faktiki olaraq zərərvuranı sığortaçı qarşısında müdafiəsiz hala gətirərdi. Belə ki, bu zaman zərərvuranla zərərçəkən arasında olan öhdəliyin xarakterinə uyğun olaraq zərərvuranın maddi məsuliyyətinin həcmi məhdudlaşdırıldığı halda (məsələn əmək münasibətləri zamanı işçinin işəgötürənə münasibətdə maddi məsuliyyəti), sığortaçıya münasibətdə zərərvuran tam maddi məsuliyyət subyektinə çevrilə bilər. - Eyni zamanda sığortaçıya reqredient kimi yanaşılması sığortaçı üçün də əlverişsiz nəticələrə səbəb ola bilər. Bu zaman sığortaçı zərərvuranla zərərçəkən arasındakı öhdəlik münasibətində zərərçəkənin həmin münasibətin xarakterinə uyğun olaraq sübut etməli olmadığı halları sübut etmək vəzifəsi daşımış olardı. Məsələn, zərərçəkənlə zərərvuran arasındakı öhdəlik münasibətində zərərçəkəninin tələblərinə təqsirin prezumpsiya edilməsi qaydası (qanunda zərərvuranın təqsirli olmadığını sübut etmək vəzifəsinin müəyyən edildiyi hallar), zərərvuran üçün obyektiv məsuliyyət (qanunda zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzini ödəməli olduğunun müəyyən edildiyi hallar) və s. tətbiq edildiyi halda, sığortaçıya reqredient kimi yanaşmaq, qeyd edilən halların da sübut edilməsi vəzifəsini yükləmək sonuncu üçün də ədalətsiz mövqe olardı. - Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməli, sığortaçının həmin münasibətlərdə zərərçəkəni əvəz etdiyi diqqətə alınmalıdır. - Hazırkı işin hallarından görünür ki, Cavabdeh4 və Cavabdeh5 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində istifadədə olan 0,08554 ha torpaq sahəsində yerləşən 11/33 nömrəli qeyri-yaşayış sahəsinin bir hissəsi X8 icarəyə verilmiş, sonuncu tapşırıq müqaviləsi əsasında həmin sahə ilə bağlı effektiv istifadə və idarə edilmə ilə bağlı səlahiyyətləri, o cümlədən bütün hüquqi hərəkətlərin yerinə yetirilməsi, Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət təşkilatları, o cümlədən sığorta şirkətləri ilə münasibətlərə dair səlahiyyətləri X10 vermişdir. X15 sığortalı qismində icarə obyektini RAZ********** nömrəli 25 may 2022-ci il tarixli şəhadətnaməyə əsasən daşınmaz əmlakın icbari sığortası qaydasında sığortalatmış, sonuncu faydalanan şəxs qismində 14 oktyabr 2022-ci il tarixli sığorta hadisəsi nəticəsində ödənilmiş 17 059 manat sığorta ödənişini vəkalət verənə – X8 vermişdir. Eyni zamanda işin müəyyən olunan hallarıdır ki, X12 tərəfindən icarə obyektinin bir hissəsi Cavabdeh1nə subicarəyə verilmiş, sonuncu da subicarəyə götürdüyü icarə obyektin bir hissəsini Cavabdeh2 istifadəyə vermişdir. - Beləliklə, hadisə ilə bağlı aparılmış araşdırma nəticəsində yanğın hadisəsinin baş verməsində icarə obyektinin mülkiyyətçiləri Cavabdeh4, Cavabdeh5 və obyekti sonuncu tərk etmiş Cavabdeh2 təqsirli hesab edilmişlər. - Məhkəmə qeyd edir ki, X15 20 iyul 2019-cu il tarixli tapşırıq müqaviləsindən irəli gələrək X5 hesabına, lakin öz adından müvafiq sığorta münasibətinə daxil olduğundan və yuxarıda qeyd olunan normaların tələbinə əsasən, vəkalət alanın vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı əldə etdiyi tələb hüquqları vəkalət verənə keçdiyindən və hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə biləcəyindən hazırda sığortaçının tələbləri də məhz mülkiyyətçilərə (Cavabdeh4, Cavabdeh5) münasibətdə 18 iyul 2019-cu il tarixli icarə müqaviləsi, Cavabdeh1, Qanuni nümayəndə münasibətdə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi, Cavabdeh2 münasibətdə isə delikt hüququ əsasında qiymətləndirilməlidir. - Mülki Məcəllənin 782.3-ci maddəsinə əsasən, əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Həmin Məcəllənin 780.4-cü maddəsinə əsasən, hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Məhkəmə qeyd edir ki, X15 20 iyul 2019-cu il tarixli tapşırıq müqaviləsindən irəli gələrək X5 hesabına, lakin öz adından müvafiq sığorta münasibətinə daxil olduğundan və yuxarıda qeyd olunan normaların tələbinə əsasən, vəkalət alanın vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı əldə etdiyi tələb hüquqları vəkalət verənə keçdiyindən və hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə biləcəyindən hazırda sığortaçının tələbləri də məhz mülkiyyətçilərə (Cavabdeh4, Cavabdeh5) münasibətdə 18 iyul 2019-cu il tarixli icarə müqaviləsi, Cavabdeh1, Qanuni nümayəndə münasibətdə 16 iyul 2019-cu il tarixli icarə müqaviləsi, Cavabdeh2 münasibətdə isə delikt hüququ əsasında qiymətləndirilməlidir. - İcarə obyektinə 14 oktyabr 2022-ci il tarixli yanğın hadisəsi nəticəsində dəymiş zərərlə bağlı mülkiyyətçilərə qarşı tələb Mülki Məcəllənin 676.0-cı maddəsinə əsaslanır. Həmin maddəyə əsasən, bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın. - Başqa sözlə, icarəçinin icarəyə verəndən icarə obyektinin yararlı vəziyyətdə olmasını tələb etmək hüququ mövcuddur. Bu səbəbdən də mülkiyyətçilər icarəçi qarşısında yanğın hadisəsi üçün maddi məsuliyyət daşıyırlar. - Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsində verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir. - 12 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh2 bilavasitə təqsiri müəyyən edilmiş, yanğın hadisəsində sonuncunun obyekti tərk edən şəxs kimi elektrik cihazlarını elektrik mənbəyindən ayırmadığı, nəticədə yanğın hadisəsinin baş verdiyi təsbit edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da qeyd edilən faktı – elektrik cihazlarını elektrik mənbəyindən ayırmadığı qəbul etmişdir. Belə olan halda, Cavabdeh2 da maddi məsuliyyət daşıması öz təsdiqini tapır. - Sığortaçının cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə münasibətdə tələb hüququ ilə bağlı isə göstərilməlidir ki, Cavabdeh1 subicarəyə götürdüyü obyektin bir hissəsini Cavabdeh2 istifadəsinə verməsi işin mübahisələndirilməyən halıdır. Belə olan halda, Cavabdeh1 Cavabdeh2 hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyır. - Belə ki, Mülki Məcəllənin 683.3-cü maddəsinə əsasən, istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 14 oktyabr 2022-ci il tarixli yanğın hadisəsinə görə maddi məsuliyyəti məhz üçüncü şəxsin – Cavabdeh2 müəyyən edilən təqsiri ilə bağlı yaranır. - Lakin Qanuni nümayəndə qeyd edilən icarə müqaviləsi üzrə öz adından hüquqlar və vəzifələr əldə etməmiş, 14 oktyabr 2022-ci il tarixli yanğın hadisəsində sonucunun vəzifəli şəxs kimi təqsiri müəyyən edilməmişdir. - Qanunvericiliyindən tələbinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmçinin nümayəndə vasitəsi ilə bağlanmış əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. - Məhkəmə qeyd edir ki, 16 iyul 2019-cu il tarixli icarə müqaviləsini Qanuni nümayəndə Cavabdeh1 qanuni təmsilçisi kimi bağlamış, həmin müqavilə üzrə mülki hüquq və vəzifələr hüquqi şəxs üçün yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxsin təmsilçisi kimi bağladığı əqddən irəli gələn hər hansı vəzifə daşıya bilməz. - Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, sığortaçı qarşısında sığorta hadisəsi ilə bağlı maddi məsuliyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 daşıyırlar. - Zərərin həcminə münasibətdə göstərilməlidir ki, ekspert rəyinə görə, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinə tikinti üzrə dəymiş maddi ziyan 17 361 manat (işçilik və materialla birlikdə) təşkil edir. Bununla belə, qeyd edilən məbləğ iddia tələbini təşkil edən 17 059 manat məbləğində pul vəsaitindən çox olduğundan (azadolma məbləği də nəzərə alınmaqla) və mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün olmadığından məhkəmə bu qənaətə gəlir ki, dəymiş zərər məhz 17 059 manat müəyyən edilməlidir. - Məhkəmə cavabdehlərin məsuliyyətinin həcmi ilə bağlı isə göstərir ki, 14 oktyabr 2022-ci il tarixli yanğın hadisəsinin baş verməsində obyektin mülkiyyətçiləri və obyekti sonuncu tərk etmiş Cavabdeh2 təqsiri müəyyən edildiyindən, eyni zamanda Cavabdeh1 Cavabdeh2 təqsiri üçün məsuliyyət daşıdığından zərərin 8529,5 manat hissəsi cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada, qalan 8529,5 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə müştərək qaydada aid edilməlidir. - Məhkəmə həmçinin göstərməyi zəruri hesab edir ki, 14 oktyabr 2022-ci il tarixli sığorta hadisəsi ilə bağlı cavabdehlərin müvafiq şərtlər olduqda dəymiş zərərin ödənilməsini tələb etmək hüquqları istisna edilmir. - Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8529,5 manat, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 8529,5 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 49.1-ci, 385.1-ci, 386-cı, 676.0-cı, 683.3-cü, 780.4-cü, 782.3-cü, 700.1-ci, 700.2-ci, 700.3-cü, 936.1, 936.2, 936.5-ci, 1096-cı maddələrinə istinad etmişdir.

21. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin qismən rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını bildirmişdir. Həmçinin şikayətdə göstərmişdir ki, məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsaslanaraq düzgün nəticəyə gəlmədiyini, kirayə və icarə müqavilələri barədə maddi hüquq normalarını düzgün tətbiq etməməklə əsassız nəticəyə gəlməsi barədə arqumentlər irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etirazlar

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

23. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

24. Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə qət edilmiş müştərək qaydada tutularaq iddiaçıya ödənilməli olan 8529,5 manat məbləğin ona aid olan hissənin ayrılıqda müəyyən edilməsini xahiş etmişdir.

25. Cavabdeh2 Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə qət edilmiş müştərək qaydada tutularaq iddiaçıya ödənilməli olan 8529,5 manat məbləğin ona aid olan hissənin ödənilməsinə çalışacağını bildirmişdir.

26. Üçüncü şəxs X5 nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.

31. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

32. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

33. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

34. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

35. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

39. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

40. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

42. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

43. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

44. Maddə 42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

45. Maddə 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

46. Maddə 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan normalarını və həmin normaların rəsmi şərhini nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmetini “Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 8529,5 manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 70,59 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, eləcə də ekspertiza xərci olaraq 50 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2 və Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissəsi təşkil edir. Bu halda kollegiya nəzərə alır ki, digər üç cavabdeh apellyasiya şikayəti verməmiş, lakin iddia tələbi Cavabdeh2 və Cavabdeh1nə münasibətdə müştərək qaydada təmin olduğuna görə həmin hissə bölünməz xarakter daşıyır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).

56. İlk növbədə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun təmin edilməsində təməl konstitusion prinsip olan hüquqi müəyyənlik və onun tərkib hissəsi olan “res judicata” prinsiplərinin birgə tətbiqi onu tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın (“A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2019-cu il tarixli Qərarı).

57. Konstitusiya Məhkəməsinin ifadə elədiyi hüquqi mövqeyə əsasən, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı qərarın preyudisial qüvvə alması ilə nəticələnir (“R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 iyul 2018-ci il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Eyni zamanda preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

58. Göründüyü kimi bir icraatda qəbul edilən qərarın digər icraatın gedişatına müəyyən təsiri olur; bununla belə bu təsir mütləq xarakter daşımır və müvafiq olaraq hər icraatın (müki, cinayət, inzibati və kommersiya) təbiətinə, eləcə də fəlsəfəsinə uyğun olaraq tətbiq edilir.

59. Mülki və ya kommersiya qaydasında işə baxan məhkəmə, cinayət işinə baxan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə tam bağlı deyil (§ 41), məhkəmə üçün həmin aktlar yalnız iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, mülki və ya kommersiya mübahisələri üzrə məhkəmə tərəflərin mülki məsuliyyətini müəyyən edərkən həmin qərarlarla tam bağlı deyil, yalnız mülki prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə alaraq, özünün hüquqi dəyərləndirməsini apara bilər.

60. Məhz bu konteksdə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh1 məsuliyyəti müəyyən edilməsə də, adıçəkilən şirkət hər bir halda mülki məsuliyyət daşıyır.

61. İlk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində cinayət təqibi və cinayət mühakimə icraatı çərçivəsində müəyyən olunmuş faktlara geniş yer verilsə də1, bu, məsuliyyətin müəyyən edilməsi baxımından həlledici meyar hesab edilməmişdir.2 Belə ki, şəxsin cinayət məsuliyyətindən azad olunması onun mülki məsuliyyətdən azad olunması anlamına gəlmir.

62. Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı sığortaçı kimi sığortalı şəxslərə ödədiyi sığorta ödənişini sığorta hadisəsinin baş verməsində təqsirli olduğunu hesab etdiyi cavabdehlərdən subroqasiya qaydasında (§ 26, 27) tələb edir.

63. İddiaçının subroqasiya hüququnun həyata keçirilməsi üçün cavabdehlərin mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətinin yaranıb-yaranmamasına və Cavabdeh1 ilə bağlı 16 iyul 2019-cu il tarixli icarə müqaviləsi kontekstində qiymət vermək lazımdır.

64. Belə ki, mülki qanunvericiliyin müvafiq müddəalarının (§ 36,38) mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

65. Hazırkı mübahisə üzrə zərərin mövcüd olması cavabdehlərin birinci instansiya məhkəməsində izahatları və cinayət işinin materiallarında olan ekspert rəyi ilə təsdiq olunur. (§ 14) Bu baxımdan, zərərin mövcüd olması işin mübahisəsiz halını təşkil edir.

66. İşin halları ilə Cavabdeh1 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2, və 6.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Eyni zamanda, işin sonunda bütün otaqlarda elektrik qurğu və cihazların dövriyyədən

1 Ali Məhkəmə, 2-2(102)-544/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_544+16.10.2024.pdf) § 43 2 Ali Məhkəmə, 2-2(102)-402/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_402+12.09.2024.pdf) § 62 açılmasını təmin etmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.3-cü bəndinin tələbi restoranı sonuncu tərk etmiş Cavabdeh2 (Cavabdeh1 ona obyekti istifadəyə vermişdir) tərəfindən pozulmuşdur.

67. Bu halda kollegiya onu da nəzərə alır ki, Mülki Məcəllənin 683.3-cü maddəsinə görə icarəçi icarə obyektini üçüncü şəxsə istifadəyə verdikdə onun hərəkət və hərəkətsizliklər üçün məsuliyyət daşıyır.

68. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində yanğın hadisəsi baş vermiş və sığorta ödənişi alan şəxslərə zərər dəymişdir.

69. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında pul vəsaiti tələb etməkdə haqlıdır.

70. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

72. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-208/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar