Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-486/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-190/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc 18983,48 manat əsas borc, 3796,70 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 22810,18 manat həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2-2(113)-190/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 1389/19M saylı, 07.02.2019-cu il tarixli müqaviləyə əsasən 18983,48 (on səkkiz min doqquz yüz səksən üç manat qırx səkkiz qəpik) manat əsas borc və 37 (otuz yeddi) manat dəbbə pulu olmaqla, cəmi 19020,48 (on doqquz min iyirmi manat qırx səkkiz qəpik) manat məbləğində pulun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi, Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin dəbbə puluna aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə dəbbə pulunu azaldarkən kreditorun mənafeləri nəzərə almamış və ən azı məhkəmə təcrübəsinə əsasən dəbbə pulunu əsas borcun 10 faizi həcmində deyil, cərimənin 1 faizi həcmində müəyyən etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız dəbbə pulunun tutulması hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 1389/19M saylı, 07.02.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə bütün mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı Cavabdeh MMC tərəfindən 21.02.2019-cu il tarixdə 4013,57 manat, 15.04.2019-cu il tarixdə 5472 manat, 20.06.2019-cu il tarixdə 1263,31 manat və 845,19 manat, 19.09.2019-cu il tarixdə 1032,86 manat, 13.11.2019-cu il tarixdə 480,24 manat, 20.11.2019-cu il tarixdə 1310,62 manat, 02.12.2019-cu il tarixdə 306,63 manat, 230,59 manat, 2958,25 manat və 1492,21 manat ödəniş edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin həmin müqavilə üzrə dəbbə pulu 3796,70 manat təşkil edir. Cavabdehin nümayəndəsi dəbbə puluna aid hissədə iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi dəbbə pulunu azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərti ilə) cərimə ödəməlidir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 3796,70 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi cərimənin 1 %-i həcmində, yəni 37 manat deyil, əsas borcun 10 %-i həcmində, yəni 1890 manat məbləğində müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-190/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.02.2021-ci il tarixli qətnaməsi dəbbə puluna və cəmi borca aid hissədə dəyişdirilsin. Dəbbə pulu 1890 manat, cəmi borc isə 20873,48 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-486/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-486/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver