Məhkəmə qərarları › İş №2-2(103)-486/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-486/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-486/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Cavabdeh2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2158/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 26.516,34 manat məbləğdə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında xx.xx.2018-ci il tarixdə 180523/08-100 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 262.104,06 manat məbləğdə malların satışı həyata keçirilmişdir. Cavabdeh müqavilə üzrə cəmi 235.587,72 manat məbləğdə ödəniş etmiş, 26,516.34 manat məbləğdə pul vəsaiti ödənilməmiş qalmışdır. İddiaçı yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, işin faktiki hallarını düzgün qiymətləndirmədən və mövcud qanunvericiliyin müddəalarını nəzərə almadan məhkəmə əsassız olaraq hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan 26.516,34 manat məbləğdə borcun tutulması hissədə iddiaçı tələbini əsaslandıra və bununla bağlı (malların alıcıya təhvil verildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Hesab edir ki, işi tam araşdırmadan və iş materiallarına əlavə edilmiş mövcud sübutları qiymətləndirmədən iddianın rədd edilməsi doğru deyil və qanunun tələblərinə ziddir. Nəzərə çatdırır ki, məhkəməyə təqdim etdiyi və nömrəsi, tarixi uyğun olaraq qətnamədə sadalanan elektron qaimələr həmin malların alıcıya çatdırıldığını təsdiq edir. Bu qaimələr birbaşa, yazılı və mötəbər sübutlardır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-1001/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 12.912,71 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 147/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - iddia təmin edilən hissədə ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi də həmin andan iddia 13.603,63 manat məbləğdə rədd edilən hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırması ilə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız iddianın 12.912,71 manat məbləğdə rədd edilən hissədə yoxlanılır. Bu kontekstdə, işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 180523/08-100 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı (iddiaçı) müqaviləyə qoşmalarda göstərilmiş malları alıcıya (cavabdeh) satmağı, alıcı isə həmin malları qoşmalarada göstərilən qiymətə satıcıdan satın almağa razılığını bildirir. Müqavilənin: 3-cü bəndinə əsasən, satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir. Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır; 4.2-ci bəndinə görə, müqavilə üzrə ödənişlər müqaviləyə qoşmalarda nəzərdə tutulmuş qaydada satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək; 7.2-ci bəndinə əsasən, mallar üzərində mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə alıcıya təhvil verildikdən sonra alıcıya keçir. Müqaviləyə xx.xx.2018-ci il tarixli 26/01 nömrəli əlavənin 1 nömrəli qoşma sifariş formasında 107.899,20 manat məbləğdə malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 30% olmaqla satılması, xx.xx.2018-ci il tarixli 26/02 nömrəli əlavənin 2 nömrəli qoşma sifariş formasında 785,60 manat məbləğdə malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 30% olmaqla satılması, xx.xx.2018-ci il tarixli 26/03 nömrəli əlavənin 3 nömrəli qoşma sifariş formasında 78.470 manat məbləğdə malın satıcının anbarına çatdırılma şərti ilə ilkin ödəniş 50% olmaqla satılması, xx.xx.2018-ci il tarixli 26/04 nömrəli əlavənin 4 nömrəli qoşma sifariş formasında 54.615,12 manat məbləğdə malın satıcının anbarına çatdırılma şərti ilə ilkin ödəniş 30%, qalıq 70% məhsul istehsal edildikdən sonra satılması (məhsulun təhvili ödənişdən sonra 7 iş günü müddətində), xx.xx.2018-ci il tarixli 26/05 nömrəli əlavənin 5 nömrəli qoşma sifariş formasında 3.582,35 manat məbləğdə malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100% olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 5 iş günü ərzində), xx.xx.2018-ci il tarixli 26/06 nömrəli əlavənin 6 nömrəli qoşma sifariş formasında 2.136,43 manat məbləğdə malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100% olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 10 iş günü ərzində), xx.xx.2018-ci il tarixli 26/07 nömrəli əlavənin 7 nömrəli qoşma sifariş formasında 1.011,73 manat məbləğdə malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100% olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 4 iş günü ərzində) razılaşdırılmış və tərəflərin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin hesabdan çıxarışlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına xx.xx.2018-ci il tarixdə 30.000 manat, xx.xx.2018-ci il tarixdə 32.105,76 manat, xx.xx.2018-ci il tarixdə 25.000 manat, xx.xx.2018-ci il tarixdə 10.000 manat, xx.xx.2018-ci il tarixdə 10.000 manat, xx.xx.2018-ci il tarixdə 10.000 manat, xx.xx.2018-ci il tarixdə 5.703,82 manat, xx.xx.2018-ci il tarixdə 16.284 manat, xx.xx.2018-ci il tarixdə 1.107 manat, xx.xx.2018-ci il tarixdə 3.332 manat, xx.xx.2018-ci il tarixdə 733,25 manat, xx.xx.2018-ci il tarixdə 1.339,92 manat, xx.xx.2019cu il tarixdə 20.000 manat, cəmi 235.587,72 manat (əsas məbləğ 195.605,75 manat, ƏDV 39.981,97 manat) pul köçürülmüşdür. Bununla da, işin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2018-ci il tarixli 180523/08-100 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh tərəfindən müqavilə üzrə iddiaçıya ümumilikdə 235.587,72 manat məbləğdə ödəniş edilmişdir. İddiaçı cavabdehə təhvil verilmiş 26.516,34 manat məbləğdə malların dəyərinin ödənilmədiyini irəli sürür, cavabdeh isə həmin dəyərdə malların ona təhvil verilmədiyini bildirir. İddianın qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İddiaçının apellyasiya şikayətinin yeganə faktiki dəlili ondan ibarətdir ki, malların cavabdehə təqdim edildiyi birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir. Cavabdeh bu dəlillə razılaşmayaraq etiraz edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alınan malların dəyəri tam şəkildə ödənildikdən sonra onlara təhvil verilmiş, iddia ərizəsinə əlavə edilmiş sifariş formalarında da bu öz əksini tapmışdır. Belə ki, sifariş formalarının əksəriyyətində ilkin ödəniş 100 faiz, digərlərində isə müəyyən hissəsi dərhal, qalan hissəsi isə mal istehsal edildikdən bir neçə gün sonra təhvil verilməsi göstərilmişdir. Həqiqətən də cavabdeh tərəfindən alıcıdan ümumi dəyəri 235,587.72 manat məbləğdə mallar təhvil alınmış, onların da dəyəri tam şəkildə ödənilmişdir. Bundan əlavə, müqavilənin tələblərinə əsasən malların alıcıya təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir, lakin tələb olunan 26,516.34 manat məbləğdə malların təhvil verildiyini təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının cavabdehə bir neçə dəqiqə ara ilə göndərdiyi və cavabdeh tərəfindən qəbul edilməyən formal elektron qaimələr ondan tələb olunan borcun sübutu kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir. Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Birinci instansiya məhkəməsi də müqavilənin qeyd edilən şərtinə istinad edərək bu qənaətə gəlmişdir ki, malların cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları olmadığından, təqdim edilmiş elektron qaimələr təhvil-təslimi təsdiq edən sübut kimi nəzərə alına bilməz. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “52. İş materiallarında olan 2018-ci il 23 may tarixli “Alqı-satqı müqaviləsi” və onun tərkib hissəsi olan müqaviləyə Əlavələrdə - Qoşmalarda əks olunmuş sifariş formalarından (i/v 19-26) aydın olur ki, alınan mallara görə bəzi sifarişlərdə 30% ilkin ödənişin aparılması, bəzi sifarişlərdə 50% ilkin ödənişin, 50% qalıq ödənişin isə məhsul istehsal olunduqdan sonra aparılması, bəzi sifarişlərdə 30% ilkin ödənişin, 70% qalıq ödənişin isə məhsul istehsal olunduqdan sonra aparılması və məhsulun ödənişdən sonra 7 iş günü müddətində təhvil verilməsi, bəzi sifarişlərdə 100% ilkin ödənişin aparılması və məhsulun ödənişdən sonra 3, 4, 5 və ya 10 iş günü müddətində təhvil verilməsi şərtləri nəzərdə tutulmuşdur.

53. Göründüyü kimi, həmin sifarişlər üzrə alıcı satıcıya istənilən halda 30%, 50%, 70% və ya 100% ilkin ödəniş həyata keçirməli və yalnız həmin ödənişdən sonra satıcı malı alıcıya təhvil verməli idi.

54. Cavabdeh tərəfin bildirdiyinə görə, bütün hallarda Şirkət tələb olunan vəsaiti əvvəldən MMC-nin müvafiq bank hesabına köçürmüş, mallar yalnız bundan sonra MMC tərəfindən Şirkətə çatdırılmış, tərəflər arasında nisyə mal alqı-satqısı ümumiyyətlə olmamışdır.

55. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf bununla bağlı dəlillərini “Apellyasiya şikayətinə dair etiraz” ərizəsində (i/v 186-187) əsaslandırmışdır.

56. İş materiallarından görünür ki, satıcı tərəfindən ilk elektron qaimələrin alıcıya təqdim edilməsi 2018-ci il 22 iyun tarixinə təsadüf etdiyi halda, alıcı satıcıya həmin tarixdən əvvəl - 2018-ci il 25 may tarixində 30.000 manat (i/v 94) və 14 iyun tarixində 30.000 manat (i/v 83) ödənişlər etmişdir.

57. Bundan başqa, iş materiallarında olan ödəniş sənədlərindən bəzilərinin (2018-ci il 10 sentyabr tarixli 10.000 manat, 21 sentyabr tarixli 10.000 manat, 24 sentyabr tarixli 10.000 manat, 26 sentyabr tarixli 5.703,82 manat dəyərində olan ödənişlər – i/v 86-89) üzərində həmin ödənişlərin “avans” ödənişlər olması bilavasitə qeyd olunmuşdur.

58. Beləliklə, alıcı tərəfindən satıcıya, ən azından, 95.703,82 manat (30.000 + 30.000 + 10.000 + 10.000 + 10.000 + 5.703,82 manat) ilkin ödəniş həyata keçirildiyi iş materiallarından görünür.

59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Şirkət tərəfindən MMCyə ümumilikdə 235.587,72 manat məbləğində ödəniş həyata keçirildiyinin qeyd olunduğu nəzərə alındıqda məlum olur ki, həmin ödənişlərin, ən azından, 40 %-dən çoxu (95.703,82 : 235.587,72 x 100 = 40,6) məhz avans şəklində edilmişdir.

60. MM-in 599.1 və 599.2-ci, habelə 441-ci maddələrinin (bax yuxarıda § 43) məzmunundan aydın olur ki, alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsi nəzərdə tutulmuşdursa, alıcı ödənişi müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əks halda, satıcı öz öhdəliyinin icrasını dayandıra və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini alıcıdan tələb edə bilər.

61. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, əgər həqiqətən də Şirkətin iddia etdiyi kimi, satılmış malların dəyəri razılaşmanın şərtlərinə uyğun olaraq, bütün hallarda əvvəlcədən ödənilmişdirsə, başqa sözlə, tərəflər arasında mal alqı-satqısı nisyə qaydada həyata keçirilməmişdirsə, hazırda mübahisə predmeti olan mallar üzrə ilkin ödəniş olmadan, yalnız malların təqdim olunması barədə e-qaimələrin göndərilməsi MMC-nin iddia tələbinin əsaslı olduğunu təsdiq edə bilməz.

62. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamədə müqavilənin əlavələrində olan və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sözügedən ödəmə-çatdırma şərtlərini, bununla bağlı Şirkət tərəfindən faktiki həyata keçirilmiş ödəmələrin tarixlərinin eqaimələrdən həqiqətən əvvələ təsadüf edib-etməməsini ümumiyyətlə diqqətə almamış, habelə Şirkətin müvafiq dəlillərinə heç bir cavab verməmişdir.

63. O da qeyd edilməlidir ki, iddiaçı tərəfin tələb etdiyi borcun məhz hansı elektron qaimələrə əsasən yarandığı da iş materiallarından məlum olmur.

64. Belə olan təqdirdə müvafiq vəsaitin Şirkət tərəfindən bütün hallarda qarşılıqlı razılaşmanın şərtinə uyğun olaraq, əvvəlcdən MMC-nin müvafiq hesabına köçürülübköçürülməməsi, malların yalnız bundan sonra MMC tərəfindən Şirkətə çatdırılıbçatdırılmamsı, tərəflər arasında nisyə mal alqı-satqısının olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

65. Məhkəmə kollegiyasının mövqeyinə görə, ilkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, işə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalıdır. Yəni, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və ləğv olunmamış, yaxud mübahisələndirilməmiş elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 44) tələblərindən biri də məhz ondan ibarətdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Hazırkı halda, e-qaimələrin mövcud olması ilə yanaşı, işin digər fərdi halları, o cümlədən müqavilə şərtlərində nəzərdə tutulmuş təhvil-təslim aktlarının tərtib edilibedilməməsi və ilkin ödənişin bütün hallarda həyata keçirilib-keçirilməməsi mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir.

67. Apellyasiya instansiyası məhkəməsi isə qətnamə qəbul edərkən işin sözügedən fərdi hallarından biri olan təhvil-təslim aktlarının heç bir halda tərtib edilmədiyini müəyyən etsə də, digər fərdi hal kimi və hazırda cavabdeh tərəfin dəlil olaraq istinad etdiyi, ilkin ödənişin bütün hallarda həyata keçirilib-keçirilməməsi, yəni nisyə mal alqı-satqısının olubolmamasına münasibət bildirməmişdir.” MPM-in: Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının göstərişlərinin icrası bağlı həmin göstərişləri tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə etmiş və MPM-in 14.2 və 77.1ci maddələrinin, o cümlədən dispozitivlik prinsipinin tələblərini onlara xatırladaraq, hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları MPM-in 372.2-ci maddəsinin şərtləri nəzərə alınmaqla sübut etməli olduğunu izah etmiş, tərəflər bununla bağlı yazılı izahatlarını Məhkəməyə təqdim etmişlər. Məhkəmə kollegiyasının məhz belə bir araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin əlavələrində olan ödəmə-çatdırma şərtləri, bununla bağlı cavabdeh tərəfindən faktiki həyata keçirilmiş ödəmələrin tarixlərinin eqaimələrdən əvvələ təsadüf edib-etməməsi, həmçinin, tələb edilən borcun məhz hansı elektron qaimələrə əsasən yarandığı, pul vəsaitinin cavabdeh tərəfindən bütün hallarda qarşılıqlı razılaşmanın şərtinə uyğun olaraq, əvvəlcədən iddiaçının hesabına köçürülübköçürülmədiyi, malların yalnız bundan sonra iddiaçı tərəfindən cavabdehə çatdırılıbçatdırılmadığı iddia ərizəsində əsaslandırılmadığı kimi, bu dəlillər apellyasiya şikayətində də yer almamış və müvafiq izah verilməmişdir. Halbuki, məhkəmə kollegiyasının mövqeyinə görə, ilkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, məhkəmə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalıdır. Yəni, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və ləğv olunmamış, yaxud mübahisələndirilməmiş elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. MPM-in 88-ci maddəsinin tələblərindən biri də ondan ibarətdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İndiki halda, e-qaimələrin mövcud olması ilə yanaşı, işin digər fərdi halları, o cümlədən müqavilə şərtlərində nəzərdə tutulmuş təhvil-təslim aktlarının tərtib edilibedilməməsi və ilkin ödənişin bütün hallarda həyata keçirilib-keçirilməməsi mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, iddiaçı bu hallarla bağlı heç bir mötəbər sübut və əsaslandırma təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş nəzarət buraxılış vərəqələrini, malların və xidmətlərin satışı adlı sənədləri imzalamış şəxslərin cavabdehin səlahiyyətli nümayəndələri olduğu sonuncu tərəfindən mübahisə edildiyi və əksi iş materialları ilə sübuta yetmədiyi üçün həmin sənədlərə əsasən iddiaçının irəli sürdüyü məbləğdə malın cavabdehə təhvil verildiyi təsdiq olunmadığından, məhkəmə kollegiyası sözügedən materialları da iddianı təsdiq edən mötəbər sübut hesab etmir. Bütün bunlar da həm apellyasiya şikayətinin, həm də iddianın yoxlanılan hissədə əsassızlığına dəlalət edir.

MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2158/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan - iddia tələbinin 12.912,71 manat məbləği rədd olunan - hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar