Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-486/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçınin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-472/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış D/AZ-№ 15/02 saylı, 09 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, “Alıcı” bu müqaviləyə uyğun olaraq Bursa şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, ’’Satıcı” isə həmin malların göndərilməsini təmin edir və bu müqavilə ilə razılaşdırılmış qaydada “malların” dəyərini “Satıcı”ya tam olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən “Alıcı” sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş-avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an alıcı tərəfindən satıcıya ödənilir. Yerdə qalan ödənişlər xx.xx.2020-ci il tarixdən hər həftə hissə hissə olmaqla 01 may 2020-ci il tarixədək tarn ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 60 gün ərzində malların dəyərini “Alıcı” tam ödəməlidir. Göstərilən qaydada ödənişlər “Alıcı” tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırılır. 4.1-ci bəndinə əsasən alınmış mallara görə vaxtında ödənişlər etmədikdə hər gecikdirilmiş gün üçün 0.2 % cərimə ödənilməsi nəzərdə tutulmuşdur. 5-ci bəndinə əsasən tərəflər arasında yarana biləcək bütün mübahisələr qarşılıqlı danışıqlar yolu ilə həll edilir. Belə razılaşma olmazsa,müqavilə ilə bağlı meydana gələn bütün mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Müqaviİənin məhkəmə mübahisələndirilməsinə dair öz aralarında Azərbaycan Respublikası MPM-nin 28,31,32,35,40-ci maddələrinə əsasən qarşılıqlı razılaşaraq məhkəmə aidiyyatının mülki qaydada-Yasamal rayon məhkəməsinin (inzibati-iqtisadi qaydada 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin) seçilməsi müəyyənləşdirilir, razılaşdırılır və qəbul edilir. Hazırki müqavilənin bu bəndinə əsasən müəyyənləşdirilmiş və qəbul edilmiş müqavilə aidiyyat qaydalarının sonradan dəyişdirilməsinə, mübahisələndirilməsinə yol verilməyəcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər. 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qanuni qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir.
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış D/Az-15/10 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixli üzləşdirmə aktından görünür ki, aktda D/Az-15/02 saylı müqavilə üzrə xidmət göstərilməsi ilə bağlı Cavabdeh İddiaçınə olan borcunun 4780 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Həmin aktda 2020-ci il yazısı əlyazma ilə 2021-ci ilə dəyişdirilmişdir.
3. İddiaçı tərəfindən tərtib edilmiş D/Az-04 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçınə olan borcu 5000 ABŞ dolları (4780 ABŞ dolları əsas, 220 ABŞ dolları cərimə) təşkil edir.
4. İddiaçı tərəfindən tərtib edilmiş hesab üzrə məlumatdan görünür ki, Seadət Habibova adına məxsus hesab üzrə xx.xx.2021-ci il tarixdə “alacak” kimi 1000, “bakiye” kimi 4780 məbləğ göstərilmişdir. Hesab üzrə məlumat xx.xx.2024-cü il qeydi ilə imzalanmışdır (imzalayan şəxsin adı qeyd edilməmişdir).
5. xx.xx.2021-ci il tarixli nömrəsiz “Para Makbuzu” adlı qəbzdə Saadət Habibova adlı şəxs tərəfindən 1000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçınə ödənilməsi qeyd eidlmişdir. Qəbz İddiaçınin möhürü ilə təsdiq edilmişdir, möhürün üzərində imza da edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 4780 ABŞ dolları məbləğində əsas borc, cərimə 220 ABŞ dolları cəmi 5000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 105 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında D/AZ-№ 15/02 saylı, 09 yanvar 2020-ci il tarixli müqavilə bağlanmışdır. İlkin avans olaraq cavabdeh 2500 dollar olaraq ödəmişdir. ******* saylı spesifikasiyada göstərilən 8959 ABŞ dolları məbləğində mallar cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən bu günədək 4179 ABŞ dolları avans daxil olmaqla ödənilmişdir. Cavabdeh tərəfindən hesab ekstresə uyğun olaraq son dəfə xx.xx.2021-ci il tarixdə 1000 ABŞ dollar ödənilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh 01 may 2020-cü il tarixədək 4780 ABŞ dolları qalıq borcunu ödəməliydi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 4780 ABŞ dolları borcunu bügünədək ödəməmişdir. Cavabdehə pretenziya və iddia ərizəsi vergi internet üzərindən elektron portal, həm də poçt vasitəsilə göndərilmişdir. Cavabdeh borcunu ödəməkdən yayınır və müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmir. Cavabdehə 3 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək borcunu ödəmir və buna cəhd belə etmir. Ödənişlər bu günədək yerinə yetirilmir. Tərəflər arasında yaranmış borcla bağlı üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 4780 ABŞ dolları borclu olduğu bir daha öz təsdiqini tapır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin məhkəmə mübahisələndirilməsinə dair öz aralarında Azərbaycan Respublikası MPM-nin 28, 31, 32, 34, 35, 40-ci maddələrinə əsasən qarşılıqlı razılaşaraq məhkəmə aidiyyatının Bakı Kommersiya Məhkəməsinin seçilməsi müəyyənləşdirilir, razılaşdırılır və qəbul edilir. Hazırki müqavilənin bu bəndinə əsasən müəyyənləşdirilmiş və qəbul edilmiş müqavilə və ərazı aidiyyat qaydalarının sonradan dəyişdirilməsinə, mübahisələndirilməsinə yol verilməyəcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər. Cavabdeh vergi ödəyici kimi qeydiyyata alınmışdır. Sahibkarlıq fəaliyyətinin dayandırılıdığını şəxsən bildirsə də sahibkar statusuna (VÖEN sahibi) malikdir. Müqavilənin 4.1-ci bəndinə əsasən alınmış mallara görə vaxtında ödənişlər etmədikdə hər gecikdirilmiş gün üçün 0.2 % cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Ondan borc öhdəliyi yerinə yetirilmədiyindən əlavə olaraq minimal hesablamaqla 220 dollar cərimə məbləği tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.1, 448. 2-ci maddələrinə istinad olunmuşdur.
8. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında 09 yanvar 2020-ci ildə müqavilə bağlanmış, xx.xx.2020-ci ildə üzləşdirmə aktı tərtib edilmişdir. İddiaçı tərəfindən 2020-ci ildə bağlanmış üzləşdirmə aktının tarixi qanunsuz olaraq dəyişdirilmiş və xx.xx.2021-ci il kimi göstərilmişdir. İddiaçı tərəf iddia müddəti ötürdüyünü bildiyi üçün bu qanunsuz addımı atmışdır. İş materiallarına əlavə edilmiş müqavilədən də göründüyü kimi müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır və 01 may 2020-ci il tarixində başa çatmışdır. Belə ki, müqavilənin icra müddətinin xx.xx.2020-ci ildə başa çatmasını nəzərə alsaq hazırkı borcun tələb edilməsi üzrə iddia müddəti başa çatmışdır. Borcun ödənilməsi ilə yanaşı müqavilə üzrə öhdəliyin icrasının tələb edilməsi üçün iddia müddətinin ötürülməsi də bu iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən hazırkı mübahisəyə üç illik iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-472/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə ilk növbədə hazırki iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olub-olmamadığını aydınlaşdırmağı zəruri hesab etmişdir. Məhkəmə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab etmişdir ki, müqavilə ilə bağlı yaranacaq mübahisələrin Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılmalı olması şərti müqavilənin 5.1-ci bəndində nəzərdə tutulduğundan hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir.
11. Mübahisənin mahiyyəti ilə bağlı əsaslandırıcı hissədə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq öhdəliklərini icra etmiş, cavabdeh isə malların dəyərini ödəməmişdir. Hazırda cavabdeh MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsini xahiş edir. İddiaçı isə mübahisəli müqavilənin xx.xx.2020-ci il tarixində imzalanmasına baxmayaraq, müqavilə üzrə borcun üzləşdirilməsi barədə aktın 2021-ci ildə tərtib edildiyini, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixində 1000 ABŞ dolları məbləğində ödəniş edildiyini bildirir, bununla da iddia müddətinin axımının kəsildiyini iddia edir. Cavabdeh isə üzləşdirmə aktındakı tarixin xx.xx.2020-ci il olması, 2021-ci il tarixin sonradan düzəliş edilərək əlavə edilməsini əsas gətirərək 3 illik iddia müddətinin ötürüldüyünü iddia edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab etmişdir. Məhkəmə, iddiaçının müqavilə üzrə öhdəliyini tam icra etməyən cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymamışdır. Ona görə ki, iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, məhkəmə Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə üzləşmə aktı xx.xx.2020-ci il tarixində imzalanmış, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli D/AZ 15/02 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən ilkin ödəniş-avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an, yerdə qalan ödənişlər xx.xx.2020-ci il tarixdən hər həftə hissə hissə olmaqla 01 may 2020-ci il tarixədək, ümumilikdə malların göndərildiyi tarixdən 60 gün ərzində malların dəyərini alıcıya ödənilməli olduğu halda öhdəlik icra edilməmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlamış, daha sonra üzləşmə aktının imzalandığı xx.xx.2020-ci il tarixdə müddətin axımı kəsilərək yenidən başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. İddiaçının üzləşdirmə aktının tarixinin xx.xx.2021-ci il kimi qəbul edilməsi barədə mülahizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, üzləşdirmə aktında “il” qrafasında 2020-ci il göstərilmiş, “1” rəqəmi sonradan əl yazma ilə qələm vasitəsilə əlavə edilmiş, bu isə üzləşdirmə aktının tarixi ilə bağlı məhkəmədə qeyri-müəyyənlik yaratmışdır. Bununla bağlı iddiaçı tərəfə 1000 ABŞ dolları məbləğində pul vəsaitinin 2021-ci ildə ödənilməsi barədə halları təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən isə hər hansı möhtəbər sübut təqdim edilə bilməmişdir. Təqdim edilən sənədlərdə isə cavabdehin münasibətini təsbit etmək mümkün olmadığından (tərəflərin imzası, möhürü ilə təsdiq edilməyib), habelə rəsmi bank hesabından çıxarış və ya tərəflərin imzası olan qəbz kimi möhtəbər sübutlar təqdim edilmədiyindən, cavabdeh tərəfindən 2021-ci ildə müqavilə üzrə ödənişlərin icra edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab etmişdir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 377.2, 380, 383, 442, 448.1, 567, 598.1, 600.4, 627.1, 630.1, 631.1, 634.1, 634.2, 637.1, 637.2-ci maddələrin, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətin ötürülməsilə bağlı məhkəmənin gətirdiyi dəlillərlə razı deyil və qəbul etmir. Qeyd edir ki, şirkətin 3000dən çox müştəriləri daimi müştərilər hesab edilir, cavabdeh də o müştərilərdən sayılır ki, mütəmadi sərgilərdə iştirak edir, keçirilən beynəlxalq sərgidə iştirak edərək və şirkətə məxsus ticarət mərkəzlərində əlavə mallar nisyə olaraq götürür, Ödənişlər ticarət mərkəzində kassaya ödəməklə aparılır və ya imkan daxilində Azərbaycandan gələn tanıdığı digər müştərilər vasitəsilə kassaya ödənilir. Kassa mahbus kağızı adlanan tarix və müştərini adı, ödədiyi məbləğ dollarla qeyd edilməklə müştəriyə verilir (bu zaman müştərinin imzası tələb olunmur), bu mahbus kağızı müştərinin əlində borcunun bir hissəsinin ödənildiyini üzləşdirmə aktı imzalanarkən müştəri tərəfindən təqdim edilərək borc məbləğinin müəyyən olunması üçün istifadə edilir. Müştərilərlə ödənişlər barədə yuxarıda qeyd edillən qaydada və müştərilərin digər müştərilər vasitəsilə borclarını ödədiklərini, ödəniş qəbzlərində müştərinin şirkətə qeyd edilən tarixdə və ödədiyi məbləğ qeyd edilməklə veridliyi faklar barədə məhkəməyə müştərilə aparılan danışıqlarını təqdim etmək imkanından məhrum ediblər. Buna səbəb cavadehin məhkəmə hazırlıq iclasında iştirak etməməsi və buna əsaslar yaranmadığından edilməmiş və nəticədə iddia müddətinin ötürldüyü səbəbindən tələbləri təmin edilməmişdir. Məhkəmə qeyd edilən halları və faktları onların cavadehin imzasının olmaması və üzləşdirmə aktında 2020-ci il tarixin 2021-ci il kimi göstərilməsinə əsaslanmışdır. Halbuki sübutlar digər sübutlarla birgə qiymətləndirilməli olduğu halda məhkəmə bunu etməmişdir. Məhz 3 illik iddia müddətinin buraxılmaması üçün son xx.xx.2021-ci il tarixindən 3 illik müddət bitməmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan qanunvericiliyi və işgüzar adətlərdən irəli gələrək qeyd edir ki, bir borclu borcunun bir hissəsini digər tərəfə ödədikdə onun imzası ilə kimdən,nə vaxt, nə qədər pul aldığını qeyd etməklə qəbz alır və bu gələcəkdə borcunun müəyyən hissəsinin ödənildiyini təsdiq edir. Yalnız şirkət həmin pulun müştəridən aldığını(pulun qəbulu barədə qəbz) təsdiq edir. Bu mənada para mahbuzunda yalnız müştəriyə aid məlumatlar və ödənişlər göstərilmışdır, müştərinin imzasına ehtiyac duyulmur. Hər müştərinin öz şəxsi kodu olduğundan pul ödənişləri kassada kompyuter vasitəsilə dərhal həmin şəxsin ona məxsus kod altında olan hesab ekstresinə yerləşdirilir. Bu hər dəfə müştəriyə mallar göndərilərkən qaimələrin nömrələri, göndərilmə tarixi və aparılan bütün ödənişlər əks olunur. Həmin hesab ektsresində də müştərinin borcları və ödənişləri barədə məlumatlarda da xx.xx.2021-ci il tarixdə 1000 dollar ödənildiyi öz əksini tapmışdır. Cavabdeh bu pulu ödədiyi üçün 15 oktyabr 2021-ci ildə üzləşdrimə aktını məhz 1000 dollar ödənildikdən sonra akt imza etmişdir. Bu hallar məhkəmədə dəfələrlə bildirilsə də buna məhəl qoyulmamış və ya başa düşülməmişdir. Məhkəmədə buna zərurət yarandığından cavabdehin iştirakının təmin edilməsi xahiş olunmuşdur ki, bu hallara cavadehin münasibəti öyrənilsin,çünki cavabdeh özü sərgidə iştirak edib,mallar sifariş edib,ilkin avans ödənişi aparıb və son dəfə xx.xx.2021-ci ildə şirkətə borcundan 1000 dollar borcundan İstanbula gedən tanışları vasitəsilə göndərmişdir. Bu hallar telefon yazışmasında öz əksini tapdığı halda sübutların yetərliliyi faktlar baxımından cavabdehin iştirakını təmin etməklə dəyərləndirilməmişdir.Cavabdeh tərəfin etiraz etdiyi halların cavabdeh tərəfindən də sübut etməli olduğu halda bu məhkəmədən xahiş olunsada buna əməl edilməmişdir. Məhkəmənin idida müddətinin ötürülməsi barədə mövqeyinə əsasən iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlamış, üzləşdrimə aktının tərtib edildiyi xx.xx.2020-ci il tarixdə bitdiyi qeyd edilsədə bununla razılaşmır, əksinə qeyd edir ki, üzləşdrimə aktının iddia müddətinin tətbiqi üçün əsas hesab edilə bilməz. Cavabdehborclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər edərək xx.xx.2021-ci il tarixdə 1000 ABŞ dolları həmişəki kimi öz tanış müştəriləri vasitəsilə İstanbulda şirkətə məxsus ticarət mərkəzində ödənilmişdir və bu barədə bütün müştərilərə verilən standart formada tərtib edilmiş qəbz verilmişdir. Həmin qəbzin surəti iş matetiallarına əlavə edilmiş və bu barədə iddia ərizəsinin 1-ci abzasında qeyd edilmişdir. Məhz bu səbəbdən 3 illik iddia müddətinin ötürülməməsi nəzərdə saxlandığından müddət ötürülməmək şərtilə vaxtında iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. İddia müddətinin axımı aktda göstərilən xx.xx.2020-ci il tarixi deyil, ödəniş tarixi olaraq xx.xx.2021-ci ildən iddia müddətinin axımı kəsilmişdir. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi 3 illik iddia müddətinin bitməsinə 13 gün qalmış məhkəməyə ərizə verilmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak etmədiyindən (uzun müddət məhkəmə onun axtarışı ilə məşğul olmuşdur) məhkəmə baxışının son iclasında elektron məhkəmə vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Bu səbəbdən iddiaçı olaraq iddia müddətinin ötürülməsi barədə dəlilləri təqdim etmək imkanı olmamış və gətirdiyi şifahi dəlillər qəbul edilməmişdir. Zərurət yarandığından cavabdehin məhkəmədə iştirakının təmin edilməsi dəfələrlə xahiş olunsa da məhkəmə bu məqsdlə baxış iclasını təxirə salsada və tərəfin vəkilinin sözüylə cavabdehin iştirakını təmin ediləcəyi bildirilsədə buna əməl edilməmişdir. Nəticədə cavabdehlə olan telefon yazışmasında və səsli mesajlarda cavabdehin qeyd etdikləri hallar, pandemiya ilə bağlı mağazasının bağladığını, iyul 2021-ci ildən artıq fəaliyyətə başladığını və tanışları vasitəsilə 1000 dollar ödədiyini bildirsədə bu faktları məhkəmədə təqdim etmək imkanı məhkəmənin son baxış iclasında cavabdehin və onun nümayəndəsinin işə qatılması və nəticədə birgə araşdırılmamış, sübutlar düzgün dəyərləndirilməmişdir. Nəticədə cavabdehin 4780 dollar borcunun ödənilməsi barədə iddiaları təmin edilməmişdir. Bildirir ki, respublikada məlum mart-aprel 2020-ci il tarixdən başlayan pandemiyaya ilə əlaqəli məhdudiyyətlər aradan qalxdıqdan sonra cavabdehlə 22 iyul 2021-ci il tarixində şəxsən əlaqə saxlayaraq ödəniş edilməsi xahiş olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2020-ci il tarixdə ölkədə pandemiya davam edirdi və cavabdehlə görüşmək ehtimalı belə olmadığı halda onunla görüşüb akt tərtib etmək inandırıcı deyil. Həmin vaxt bütün ticarət obyektləri bağlı olmuş, ancaq SMS müraciətlə evləri tərk etmək mümkün olduğuna baxmayaraq məhkəmə bu hallara fikir verməməklə aktın tərtib edilməsi tarixini əsas götürərək iddia müddətini tətbiq etmişdir. Halbuki xx.xx.2020-ci il tarixdə cavabdehlə görüşərək akt tərtib etmək mümkün ola bilməzdi. İyul 2021-ci ildə cavabdehlə telefonla əlaqə saxladıqda pandemiya olduğundan ödənişlər edə bilməməsi və mağazasanı bağladığını qeyd edilmişdir. Cavabdeh bundan sonra tanıdığımüştəril vasitəsilə xx.xx.2021-ci il tarixdə 1000 dollar göndərildiyinini bildikdən sonra cavabdehlə görüşərək üzləşdirmə aktı imzalanmışdır. Digər tərəfdən 15\10 saylı üzləşdrimə aktında xx.xx.2020-ci il tarixində sonuncu rəqəmin üzərində 1 yazılmasına münasibətdə bildirirəm ki, cavabdehin borcu aktda əgər xx.xx.2020-ci il qeyd edilsəydi onun borcu 5876 dollar təşkil edərdi, halbuki aktda 4876 dolar göstərilib, cavabdehlə xx.xx.2021-ci il tarixdə 1000 dollar ödənildikdən sonra akt tərtib edilib və 2020-ci il tarixində deyil, xx.xx.2021-ci il tarxidə cavabdeh borcunun həmin tarixə 4876 dollar olduğunu qəbul edərək imzalamışdır. Cavabdeh həmin tarixə olan borcunun 4876 dollar olduğunu qəbul etmiş və buna etiraz etməmişdir. Bununla da üzləşdrimə aktının 2021-ci il tarixli qeyd edilməsinin cavabdehin həmin dövrdə 1000 dollar ödəməsi öz təsdiqni tapır. Bu hallar məhkəmədə bildirilsədə sadəcə 1 rəqəminin yazılmasını düzgün tərtib olunmadığını əsas götürərək aktın tərtib vaxtının 2020-ci ildə oldunduğu qənaitinə gəlmişdir. Halbuki aktdan və ora yazılan borc məbləğinin mövcud olmasına diqqət edilmədiyindən məhkəmə səhv nəticəyə gəlmişdir.Həmin aktla müəyyən olunur ki, cavabdeh onun xx.xx.2021-ci il tarixli aktı ilə həmin dövrdə son borcunun xx.xx.2021-ci il tarixdə 1000 dollar ödədiyindən sonra tərtib edilərək imzalamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
17. Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. -450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. -24.3-cü maddəsinə əsasən tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiya ilk növbədə qeyd edir ki, iş üzrə iddiaçı Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir.
25. Odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ Azərbaycan Respublikasının məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olubolmaması məsələsidir. Bununla bağlı kollegiya qeyd edir ki, iddia tələbinin faktiki əsası kimi istinad edilən D/AZ-№ 15/02 saylı, 09 yanvar 2020-ci il tarixli müqavilədə tərəflər həmin müqavilədən irəli gələn tələblərin AR məhkəmələrində baxılması barədə razılaşmışlar. Odur ki, MPM-in 440.1 və 450.1-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər.
26. Eyni zamanda mübahisəyə tətbiq ediləcək hüquqa münasibətdə kollegiya qeyd edir ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının qanunvericilik normalarına istinad etdiyindən və cavabdeh tərəfindən buna etiraz etmədiyindən hər iki tərəfin razılığı ilə mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir.
27. Mübahisənin mahiyyətinə gəldikdə kollegiya qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında D/AZ-№ 15/02 saylı, 09 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra edərək iddiaçıya mallar təqdim etdiyini, lakin cavabdehin həmin malların dəyərini tam şəkildə ödəmədiyini iddia edir və alqı-satqı müqaviləsi üzrə 4780 ABŞ dolları məbləğində əsas borc, 220 ABŞ dolları dəbbə pulunun tutulmasını tələb edir.
28. Kollegiya qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mallara görə cavabdehin iddiaçıya 4780 ABŞ dolları məbləğində borcunun olması faktı tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı Mülki Məcəllənin 567, 598.1-ci maddələrinə əsasən həmin borcun və Mülki Məcəllənin 462-ci maddəsinin tələblərinə əsasən malın dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
29. Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli D/AZ 15/02 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində ödəniş avans olaraq müqavilə bağlandığı an, yerdə qalan ödənişlər xx.xx.2020-ci il tarixdən hər həftə hissə-hissə olmaqla 01 may 2020-ci il tarixədək iddiaçıya ödənilməli olduğu halda həmin öhdəlik müqavilədə nəzərdə tutulan müddətdə icra edilməmişdir xx.xx.2020-ci il tarixində tərəflər arasında mübahisəli alqısatqı müqaviləsi üzrə yaranmış borca dair üzləşmə aktı imzalanmışdır. Göründüyü kimi hazırkı iddia üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlamış, daha sonra üzləşmə aktının imzalandığı xx.xx.2020-ci il tarixdə müddətin axımı kəsilərək yenidən başlanmışdır. Odur ki, iddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə müqavilə tələbləri (həm əsas, həm də əlavə tələb) üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır.
30. İddiaçının üzləşdirmə aktının tarixinin xx.xx.2021-ci il kimi qəbul edilməsi barədə mülahizəsinə münasibətdə kollegiya qeyd edir ki, üzləşdirmə aktında “il” qrafasında 2020-ci il göstərilmiş, “1” rəqəmi sonradan əl yazma ilə qələm vasitəsilə əlavə edilmiş, lakin həmin düzəlişin doğruluğu imza və/ və ya möhürlə təsdiq edilməmişdir.
31. Cavabdeh tərəfindən sonuncu ödənişin 2021-ci ildə edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin halı təsdiq etmək üçün iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə cavabdeh tərəfin imzası və möhürü mövcud deyildir, eyni zamanda həmin qəbz üzərində onun ciddi hesabat sənədi hesab edilməsi üçün əsas verən rekvizitlər (nömrə, seriya və s.) qeyd olunmamışdır. Odur ki, həmin qəbz 2021-ci ildə cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə ödəniş edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir.
32. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin buraxılması əsası ilə iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-472/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilıə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Ziya Şirinov