Məhkəmə qərarları › İş №2-2(103)-487/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-487/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-487/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-106/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.01.2021-ci il tarixli qətnaməsindən iddiaçı "İddiaçı" MMC və cavabdeh "Cavabdeh" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31 may 2019-cu il tarixli AF-0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə iddiaçıya borclu olduğu 5940 ABŞ dolları və 3520 Avro həcmində əsas borc məbləğinin, 1258 ABŞ dolları və 3220 Avro məbləğində olan cərimə məbləğlərini, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.01.2021-ci il tarixli e-2-2(113)-106/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 31 may 2019-cu il tarixli AF-0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə 3500 Avro həcmində əsas borc məbləği, 200 Avro məbləğində cərimə məbləği, hüquqi xidmətə görə 300 manatın tutularaq "İddiaçı" MMC-yə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 8 manat məbləğinin cavabdeh "Cavabdeh" MMCdən tutularaq "İddiaçı" MMC-yə ödənilməsi, qalan 22 manat məbləği isə "İddiaçı" MMC-yə aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı "İddiaçı" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh "Cavabdeh" MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni 200 Avro məbləğində cərimə məbləğinin və hüquqi xidmətə görə 300 manatın tutularaq "İddiaçı" MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı 3500 Avro həcmində əsas borc məbləğinin tutulması istisna olmaqla digər hissələrdə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 31 may 2019-cu il tarixli AF0531/19 saylı yükdaşıma xidmətlərinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi və göstərişi üzrə müvafiq yüklərin təyinat ünvanına çatdırmağı və təhvil verməyi, cavabdeh isə öz növbəsində göstərilmiş xidmət müqabilində tərəflər arasında razılaşdırılmış ödənişi etməyi öhdələrinə götürmüşlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi ekspeditor xidmətlərinin qarşılığı olan ödənişi əvvəlcədən təqdim olunmuş elektron qaimə və hesab-faktura əsasında yüklərin sifarişçiyə təhvil verilməsindən sonra 45 bank günü ərzində köçürmə yolu ilə ödəməlidir. İddiaçı tərəfindən yüklərin təhvil tarixinin 02 avqust 2019-cu il tarixində (3 yük), 27 avqust 2019-cu il tarixində, 10 sentyabr 2019-cu il tarixində, 02 oktyabr 2019-cu il tarixində (2 yük), 09 oktyabr 2019-cu il tarixində, 16 oktyabr 2019-cu il tarixində (2 yük), 28 oktyabr 2019-cu il tarixində olan yüklər üzrə çatdırılma həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəmə həmin tarixlərdən maksimum 45 bank günü ərzində həyata keçirməli idi. Lakin, öhdəliklərin icra tarixi müqavilə ilə nəzərdə tutulmuş vaxtda həyata keçirilməmiş və ödənişlər gecikdirilmişdir. Müqavilənin tərkib hissəsini təşkil edən spesifikasiyalar iddiaçı tərəfindən dəfələrlə cavabdehə müvafiq imzanın atılması üçün göndərilsə də və hətta iddiaçının nümayəndəsi bütöv bir günü qarşı tərəfin ofisində həmin spesifikasiyaların imza və möhürlənərək iddiaçıya qaytarılmasını gözləsə də, cavabdeh hər dəfəsində həmin sənədlərin sonra veriləcəyini vəd edərək iddiaçıya aid olan nüsxələrin qaytarılmasından yayınmışdır. Bu günə qədər hələ də iddiaçıya çatası nüsxələri cavabdehdən əldə edə bilmir. İddiaçı ilə cavabdeh aralarında qüvvədə olan müqavilənin 5.19-cu bəndində qeyd edilmişdir ki, sifarişçinin birbaşa günahı ucbatından daşıyıcı icraçının təqdim etdiyi hesabfaktura vaxtında ödənilmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 3%-i həcmində dəbbə pulu ödəməlidir, lakin, bu dəbbə pulu məbləği hesabfaktura dəyərinin 20%-dən artıq olmamalıdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qismən etiraf edərək bildirmişdir ki, iddianı qəbul etdiyi hissə 3500 Avro olan hissəsidir. Yükdaşıma xidməti ilə bağlı müqavilələrdə yükün çəkisi, daşıma və sair ilə bağlı tərəflər spesifikasiya tərtib edirlər ki, belə razılaşdırma da yoxdur. Tərəflər arasında cavabdehin mallarının Gürcüstan Respublikasına daşınıb toplandıqdan sonra oradan bir ədəd yük avtomobili ilə Azərbaycan Respublikasına gətiriləcəyinə dair razılaşdırma yoxdur. Tərəflər arasında razılaşma olmuşdur ki, cavabdehin Avropada və Türkiyədə olan yükləri bir ədəd yük maşını ilə Avropadan Azərbaycana gətiriləcəkdir. Bu daşımanın dəyəri də xərclər daxil tərəflər arasında 3500 Avroya razılaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyasına iddiaçı tərəfindən təqdim edilmiş yazılı sənədlər (e-mail və whatsapp yazışmaları və s.) sübut kimi qəbul edilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 371-ci maddəsinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəf qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi sübutlara əsaslanır. Kollegiya qeyd edir ki, yükdaşıma xidmətinə görə pulun tutulması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan yük daşınması müqaviləsinin bağlanması mübahisəsizdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndələri bildirdilər ki, cavabdeh tərəfindən 2 sifariş verilmişdir. Birinci sifariş Avropa yükləri və 1 ədəd Türkiyə yükü, ikinci sifariş isə sonradan yaranan Türkiyə yükləri. Həmin yüklər Gürcüstanda 1 ədəd avtomobilə yığılaraq Bakıya gətirilmişdir. Cavabdehin nümayəndəsi isə bildirir ki, yalnız birinci sifariş verilmişdir. Eyni zamanda hər iki tərəfin nümayəndəsi bildirdi ki, 31 iyul 2019-cu il tarixdə yüklər Azərbaycana gətirilmişdir. Birinci instansiya məhkəməsində iddiaçının işçiləri ilə cavabdehin işçiləri arasında olan e-mail və whatsapp yazışmaları təqdim edilmişdir. Həmin yazışmaların həqiqiliyi və mötəbərliyi, o cümlədən həmin yazıları yazan şəxslərin müvafiq olaraq iddiaçı "İddiaçı" MMC-nin və "Cavabdeh" MMC-nin adından səlahiyyətli şəxs olmaları mübahisəsizdir. Həmin e-mail yazışmalarında cavabdehin Elmar Əsədli adlı işçisinin iddiaçının Nümayəndə və İradə Lətif adlı işçilərinə ünvanlandığı 01.08.2019-cu il tarixli elektron məktubda aşağıdakıları qeyd edilmişdir: “İradə x., salam. Zəhmət olmasa yüklərin barkodlarının şəkillərini göndərəsininz. Əks təqdirdə gömrük rəsmiləşdirilməsini başlatmaq olmur. Həmçinin maşının sürücüsünün Azərbaycan nömrəsini bildirərdiniz. Qeyd: zəhmət olmasa sürücüyə deyin ki, hər bir CMRdan bir ədəd özündə saxlasın ki, yüklərin təhvili zamanı ambardar imzalayıb ona təqdim etsin. Bəxtiyar bəy, salam. Siz bizə 6920 avroluq hesab çıxartmısınız. Doğrusu biz şifahi olaraq dünən telefon söhbətində razılaşdıq ki, siz nəqliyyat xərclərini təqdim etmədən öncə biz birlikdə dəqiqləşdirəcəkdik. Ancaq hansısa səbəblərdən olmadı. Nəyin əsasında bu qiymət hesablanıb bilmirəm, ancaq bu sifariş sizə verilmədən öncə sizinlə qiymət razılaşmamız olub və istəyirsinizsə whatsapp yazışmalarını xatırlatma məqsədi ilə sizə göndərə bilərəm. Siz bizə yalnız Avropa sifarişləri bir tam maşınla və bütün xərclər daxil olmaqla 3100 avro təklif etdiniz. Daha sonra Türkiyə sifarişləri (Bursa sifarişi daxil), Türkiyə daxili daşınmalar xaric cəmi 3500 avro təklif etdiniz. Və biz də razılaşdıq. Bu gün bildiyiniz kimi Bursa sifarişi müəyyən səbəblərdən gecikdi. Və onun yerinə digər Türkiyə sifarişləri maşına yükləndi. Türkiyə sifarişlərindən yalnız Kocaeli sifarişini (sarkuysan) sizin maşın götürdü. Və maşın Türkiyədən çıxarkən siz maşının qiymətinin 2600 USD olduğunu bildirdiniz. Mən isə telefon danışığımızda 2600 USD-nin çox olduğunu və 2500 USD (bir tam maşın) təklif etdim. Siz isə öz tərəfinizdən bunun dəyələndirilə biləcəyinizi söylədiniz. Çünki sizin özünüz də qeyd etdiyiniz kimi bir tam maşınınız Türkiyədən 2400 USD-yə çıxır. 100 USD isə Kocaelindəki yükü götürmək üçün nəzərdə tutularsa toplam 2500 USD edir. Yəni ilk başda razılaşmamızı və əlavə Türkiyə sifarişlərini, Gürcüstan anbarında maşının yenidən yüklənib boşalmasını və əlavə olaraq Gürcüstan sifarişini nəzərə alsaq xərclər təqribən 4000 avrodur. Zəhmət olmasa təklifinizi təkrar dəyərləndirib yeni təklifinizi bildirərdiniz.” Göründüyü kimi həmin məktubda cavabdehin işçisi Avropa sifarişindən başqa digər Türkiyə sifarişlərinin olduğunu bildirir və həmin sifarişlərin daşıma xərcinə görə 2500 ABŞ dollarının ödəməsini təklif edir. Məktubun sonunda cavabdehin işçisinin cəmi daşınma xərclərin 4000 avro təşkil etməsinin bildirməsi isə əhəmiyyətsizdir. Çünki sadə riyazi hesablama ilə müəyyən edilir ki, birinci sifarişə görə tərəflərin razılaşdığı 3500 avro ilə ikinci sifarişə görə cavabdehin işçisinin özünün təklif etdiyi 2500 ABŞ dollarının cəmi 4000 avro təşkil etmir. Həmçinin həmin məktuba cavab olaraq iddiaçının İradə Lətif adlı işçisi tərəfindən cavabdehin Elmar Əsədli adlı işçisinə ünvanlandığı 02.08.2019-cu il tarixli elektron məktubda daşıma xərcləri aşağıdakı kimi qeyd edilmişdir: “ Avropa-Gürcüstan yüklərin daşıma xərci – 3100 avro (anbar və broker xidməti daxil), 7 ədəd EX1 üçün – 420 avro, Türkiyə-Gürcüstan-Azərbaycan yüklərin daşıma xərci – 2500 USD”. Kollegiya qeyd edir ki, tərəflər həmin yazışmaları mübahisələndirmədiklərinə görə onların qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir əsas mövcud deyildir. Həmin sübutlar əsasında isə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya iki ədəd sifariş verilmiş, birinci sifariş üzrə daşınma xərci 3500 avro razılaşdırılmış, ikinci sifariş üzrə daşınma xərcinə görə isə cavabdehin işçisi 2500 ABŞ dolları təklif etmiş və sonradan iddiaçının işçisi bu təkliflə razılaşmışdır. Eyni zamanda iddiaçı həmin daşıma xərcinin 5940 ABŞ dolları olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ikinci sifariş üzrə daşıma xərci 2500 ABŞ dolları təşkil etmiş və ona görə də, iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.19-cu bəndinə əsasən sifarişçinin birbaşa günahı ucbatından daşıyıcı icraçının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün sifarişçi hesab – faktura məbləğinin 3%-i həcmində dəbbə pulu ödəməlidir, lakin, bu dəbbə pulu məbləği hesab-faktura dəyərinin 20%-dən artıq olmamalıdır. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni yükdaşıma xidmətlərinə dair müqavilənin dəyərini, malların daşınma tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 3220 avro və 1258 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 200 avro və 200 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Birinci instansiya məhkəməsi də düzgün olaraq 3220 avro məbləğində dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirmiş və həmin məbləğ azaldılaraq, 200 avro məbləğində müəyyənləşdirmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə nəticə də düzgündür və qeyd olunanlarla bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən 2500 ABŞ dolları əsas borc və 200 ABŞ dolları cərimə, cəmi 2700 ABŞ dolları tutularaq iddiaçıya ödənilməli, qalan hissədə həmin iddia təmin edilməməli, qətnamənin qalan mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-106/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.01.2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən 2500 ABŞ dolları əsas borc və 200 ABŞ dolları cərimə, cəmi 2700 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamənin qalan mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar