Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-488/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Ağaməmməd oğlunun, cavabdehin nümayəndələri Nümayəndə2 və X4, üçüncü şəxsin nümayəndələri Nümayəndə3 və X6 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-947/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (3-cü şəxs Cavabdeh3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nazirlikdən 938676,98 manat vəsaitin, ilk əvvəl 638676,98 manat həcmində hissəsinin tutulması və qalan 300000 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı Şirkətin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2-2(81)- 947/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli 2-2(103)-58/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.07.2019-cu il tarixli 2-2(102)297/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.03.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli 2-2(103)-659/2019 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin qismən – cavabdehdən 938676,98 manat məbləğində vəsaitin, ilk əvvəl 638676,98 manat həcmində tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyindən iddiaçı - İddiaçı1 xeyrinə 469338 manat vəsaitin, ilk əvvəl 169338,49 manat həcmində tutulması, qətnamənin "qalan 300.000 manat məbləğin isə "Dövlət qəbul Aktı"ndan sonra iddiaçının hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və 3-cü şəxs Cavabdeh3 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-2(102)-7/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayətinin təmin edilməsi, 3-cü şəxs Cavabdeh3 kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli, 2-2(103)- 659/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, qanuna görə, cavabdeh Nazirlik satınalan təşkilat kimi, satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı podrat işlərinin ehtimal olunan qiymətini özü hesablamalı və təsdiq etməli idi. Bu zaman o, podrat işlərinin ehtimal olunan qiymətini müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş üsullarla hesablamalı idi. Lakin iş üzrə müəyyən edilir ki, cavabdeh Nazirlik bu tədbirləri görməmiş, birbaşa podrat işləri üzrə iddiaçı Şirkətin təklif etdiyi qiyməti qəbul etmişdir... Araşdırılan qətnamədən həmçinin görünür ki, apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin müvafiq qəbul aktı imzalandıqdan sonra 300.000 manat qalıq borcunun cavabdeh Nazirlikdən tutulub iddiaçı Şirkətin xeyrinə ödənilməsi haqqında qətnaməsi ilə razılaşmışdır. Halbuki, cavabdeh Nazirliyin işin materiallarında olan şikayət ərizələrinə görə, tərəflər arasında bağlanmış 17.09.2015-ci il tarixli müqavilə üzrə iddiaçı Şirkət tərəfindən icra olunmalı podrat işləri yuxarıda qeyd edilən məbləğ hissəsində ya qüsurlu olmuş, ya da ki, natamam olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh Nazirliyin bu dəlillərinə lazımi hüquqi qiymət verməmişdir. Ona görə də, hazırki işin yenidən dəqiq və hərtərəfli araşdırılması və nəticədə mübahisənin ədalətli və qanuni həllinə zərurət yaranmışdır. Məhkəmə iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətlərini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları aşagıdakılardan ibarətdir:
1. Sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi ilə icraçı "xxxx" MMC arasında Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin 25 dekabr 2013-cü il tarixli İÇ/2723 saylı məktubuna əsasən 27 dekabr 2013cü il tarixli 54 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi üçün icraçının ƏDV ilə 9.362.312,2 manat məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin həyata keçirilməsini öhdəsinə götürür.
2. Sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi ilə icraçı İddiaçı1 arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli sərəncamı əsasında 17 sentyabr 2015-ci il tarixli 09 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün icraçının ƏDV ilə 6.549.481,9 manat məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsini öhdəsinə götürür. Layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətində dəyişiklik edilə bilər. Yerinə yetirilmiş işlər bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və xidmətlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
3. Həmin müqaviləyə dair imzalanmış 14.10.2016-cı il tarixli əlavə razılaşmaya əsasən yerinə yetirilmiş tikinti işlərinin həcminə uyğun olaraq müqavilənin ilkin dəyərinin 479.455,05 manat məbləğində azaldılaraq müqavilənin ümumi dəyərinin ƏDV ilə birlikdə cəmi 6.070.026,85 manat təşkil etməsinə razılaşdırılmışdır.
4. Hər iki tərəfin möhür və imzaları ilə təsdiq edilən “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” Arayışlar (Forma № 3) tərtib olunmuş və həmin arayışlara əsasən icraçı tərəfindən 09 saylı 17 sentyabr 2015-ci il tarixli müqavilə üzrə görülən işlərin dəyəri 2016-cı ilin sentyabr ayı üçün 252757,62 (iki yüz əlli iki min yeddi yüz əlli yeddi manat 62 qəpik) manat, 2016-cı ilin iyun-iyul ayları üzrə 1081278,58 (bir milyon səksən bir min iki yüz yetmiş səkkiz manat 58 qəpik) manat, 2016-cı ilin may üçün 595137,38 (beş yüz doxsan beş min yüz otuz yeddi manat 38 qəpik) manat, 2016-cı ilin aprel ayı üçün 686488,69 (altı yüz səksən altı min dörd yüz səksən səkkiz manat 69 qəpik) manat, 2016-cı ilin mart ayı üçün 566270,44 (beş yüz altmış altı min, iki yüz yetmiş manat 44 qəpik) manat, 2016-cı ilin fevral ayı üçün 363021,43 (üç yüz altmış üç min iyirmi bir manat 43 qəpik) manat, 2016-cı ilin yanvar ayı üçün 832694,50 (səkkiz yüz otuz iki min altı yüz doxsan dörd manat 50 qəpik) manat, 2015-ci ilin dekabr ayı üçün 500000,17 (beş yüz min 17 qəpik) manat, 2015-ci ilin noyabr ayı üçün 146916,63 (bir yüz qırx altı min doqquz yüz on altı manat 63 qəpik) manat, 2015-ci ilin oktyabr ayı üçün 1045461,41 (bir milyon qırx beş dörd yüz altmış bir manat 41 qəpik) manat təşkil edir.
5. Hər iki tərəfin möhür və imzaları təsdiq edilən 03.05.2017-ci il tarixli üzləşmə aktı tərtib olunmuş və həmin akta əsasən 2015-ci ilin sentyabr ayından 2017-ci ilin may ayına qədər olan dövrdə podratçı təşkilat İddiaçı1 UİKŞ tərəfindən 6.070.026,85 (altı milyon yetmiş min iyirmi altı manat 85 qəpik) manat dəyərində tikinti işləri yerinə yetirilmişdir. Bu günə qədər sifarişçi təşkilat Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi tərəfindən podratçı təşkilat İddiaçı1 UİKŞ-nə 5.131.349,87 (beş milyon yüz otuz bir min üç yüz qırx doqquz manat 87 qəpik) manat maliyyə vəsaiti ödənilmişdir. Yerinə yetirilmiş işlər üzrə təqdim olunmuş sənədlərə əsasən Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi tərəfindən podratçı təşkilat İddiaçı1 UİKŞ-nə ƏDV ilə birlikdə cəmi 938.676,98 (doqquz yüz otuz səkkiz min altı yüz yetmiş altı manat 98 qəpik) manat həcmində borc öhdəliyi yaranmışdır.
6. İddiaçı tərəfindən cavabdehə 28.06.2018-ci il tarixli pretenziya məktubu ünvanlanmış və ƏDV ilə birlikdə cəmi 938.676,98 (doqquz yüz otuz səkkiz min altı yüz yetmiş altı manat 98 qəpik) manat həcmində borc məbləğindən 638.676,98 manat həcmində hissəsinin hesaba ödənilməsi və yerdə qalan 300.000 manat məbləğin dövlət qəbul aktından sonra iddiaçının hesabına ödənilməsi xahiş edilmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya 06.07.2018-ci il tarixli 305 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, Cavabdeh3 audit qrupu tərəfindən H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində müdavim yeməkxanası və qazanxana binasının tikintisi obyektində keçirilmiş yoxlama zamanı aşkar olunmuş qüsurlar audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul işçilərinin, İddiaçı1 şirkətinin təsisçisi və TİŞ rəisinin iştirakı ilə müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupu, şirkət tərəfindən qaldırılmış bütün suallar cavablandırılmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. Bununla bağlı 103 nömrəli 27.03.2018-ci il tarixli məktub göndərilmişdir. Eyni zamanda, məktubda ödənilməsi tələb olunan vəsaitdən 694.000,0 manatın ödənilməsi Hesablama Palatası tərəfindən saxlanılmışdır. Qalan 244.676,98 manat məbləğinin isə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Obyektin istismara hazırlıq aktı” və Müdafiə Nazirliyinin “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Komissiyanın aktı” təqdim olunduqdan sonra ödənilməsi həyata keçirilə bilər. İddiaçı bildirir ki, cavabdeh imzaladığı Forma 2 və Forma 3 aktları, habelə üzləşmə aktı ilə tikinti işlərinin görüldüyünü və ödənilməli olan məbləğin 938.676,98 manat təşkil etdiyini etiraf etsə də, əsassız olaraq həmin məbləğin ödənilməsindən imtina edir. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, 2017-ci ilin sentyabr, oktyabr aylarında Azərbaycan Respublikasının Hesablama Palatasının audit qrupu tərəfindən obyektdə tikinti işlərinin sənədli yoxlaması aparılmışdır. Yoxlamanın nəticələrinə əsasən tikinti iş həcmlərinin və dəyərin hesablanmasında qüsurlar aşkar olunmuş və müqavilə üzrə 694.000 manat artıq vəsaitin hesablanması müəyyən edilmişdir. Bununla bağlı audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul işçilərinin, İddiaçı1 UİK şirkətinin təsisçisi və TİŞ rəisinin iştirakı ilə müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupunun üzvləri İddiaçı1 UİK şirkəti tərəfindən qaldırılmış bütün suallar cavablandırmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı1 UİK şirkətinə 27.03.2018-ci il tarixli 103 nömrəli, 06.07.2018-ci il tarixli 305 nömrəli və 26.07.2018-ci il tarixli 343 nömrəli məktublarla məlumat verilmişdir. Cavabdeh3 07 fevral 2018-ci il tarixli 04mq nömrəli Kollegiya qərarı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən icra olunmuş və podratçıya olan borc 694.000,0 manat azaldılmışdır. Hal-hazırda Müdafiə Nazirliyinin İddiaçı1 UİK şirkətinə yerinə yetirilmiş işlər üzrə 244.676,98 manat borcu var. Bu vəsaitin ödənilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Obyektin istismara hazırlıq aktı” və Müdafiə Nazirliyinin “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı” sifarişçiyə təqdim edildikdən sonra obyektin keyfiyyət zəmanəti kimi saxlanılmış vəsait ödənilə bilər. Hazırki apellyasiya baxışında isə cavabdehin nümayəndələri bildirdilər ki, iddiaçı tərəfindən tikinti işlərində qüsurlar müəyyən edilmiş, iddiaçı tərəfindən həmin qüsurlar aradan qaldırılmamış, həmin qüsurların aradan qaldırılması üçün "xxxx" MMC ilə müqavilə bağlanılmış, sonuncu tərəfindən tikinti işləri tamamlanmış və 02.12.2019-cu il tarixdə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı tərtib edilmişdir. Ona görə də, iddiaçıya heç bir məbləğ ödənilməməlidir. Üçüncü şəxs Cavabdeh3 iddiaya etiraz edir və bildirir ki, 2017-ci ilin sentyabr oktyabr aylarında Azərbaycan Respublikasının Hesablama Palatasının audit qrupu tərəfindən obyektdə tikinti işlərinin sənədli yoxlaması aparılmışdır. Yoxlamanın nəticələrinə əsasən tikinti iş həcmlərinin və dəyərin hesablanmasında qüsurlar aşkar olunmuşdur. Belə ki, yoxlama zamanı “H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi” obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən müqavilə üzrə 694.000 manat artıq vəsaitin hesablanması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki işdə də qeyd olunan maddənin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında podrat müqaviləsinin bağlanması və həmin müqavilə üzrə sifarişçi olan cavabdeh tərəfindən podratçı olan iddiaçıya cəmi ödənilməli muzdun məbləğinin 6.070.026,85 manat təşkil etməsi işin mübahisəsiz hallarıdır. Həmin müqavilə üzrə 2015-ci ilin sentyabr ayından 2017-ci ilin may ayına qədər olan dövrdə podratçı olan iddiaçı tərəfindən 6.070.026,85 manat dəyərində tikinti işlərinin yerinə yetirilməsi, sifarişçi olan cavabdeh tərəfindən cəmi 5.131.349,87 manat məbləğində pul vəsaitinin ödənilməsi və ödənilməli olan qalıq məbləğin 938.676,98 manat təşkil etməsi isə hər iki tərəfin möhür və imzaları ilə təsdiq edilmiş “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” Arayışlar (Forma № 3) və 03.05.2017-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı podrat müqaviləsi üzrə muzdun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin kollegiya hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 17.09.2015-ci il tarixli 09 nömrəli müqavilənin 11.4-cü bəndinə əsasən yerinə yetirilmiş işlərin dəyərinin ödənişi hər ay faktiki yerinə yetirilmiş işlərin dəyəri həcmində ödəniləcək. Aralıq ödənişlər ümumi müqavilə dəyərinin 95 %-ni təşkil edir. Tam ödəniş obyekt istismara təhvil verildikdən sonrakı 1 ay müddətində həyata keçirilir. Zəmanət müddəti 2 il müəyyən olunur. Həmin müqavilənin 18.1, 18.2, 18.3-ci bəndlərinə əsasən müqavilənin icrası müddətində “Sifarişçi” aşkar olunmuş qüsurlar haqqında “İcraçı”ya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. “İcraçı” qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət ərzində aradan qaldırır. “İcraçı” məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, “Sifarişçi” həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və “İcraçı”ya ödəniləcək məbləğdən çıxır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27.12.2016-cı il tarixli 483 saylı, 15.05.2017-ci il tarixli 143 saylı, 16.05.2017-ci il tarixli 153 saylı, 20.04.2018-ci il tarixli 155 saylı, 21.05.2018-ci il tarixli 215 saylı məktublarda aşkar olunmuş qüsurların aradan qaldırılması və işlərin icrası barədə akt tərtib edilərək İstismara Qəbul komissiyasına təqdim edilməsi xahiş edilmişdir. Lakin iş materiallarında iddiaçı tərəfindən qüsurların aradan qaldırılması və bununla bağlı akt tərtib edilərək İstismara Qəbul komissiyasına təqdim edilməsini təsdiq edən sübutlar mövcud deyil. Bundan başqa, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyası”nın 02.12.2019-cu il tarixli 14 nömrəli aktdan görünür ki, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3000 yerlik müdavim yeməkxana binası (qazanxana ilə birlikdə) istismara qəbul edilmişdir. Həmin aktda podratçı kimi "xxxx" MMC qeyd edilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçı qüsurların aradan qaldırılması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün "xxxx" MMC ilə müqavilə bağlanılmış və sonuncu tərəfindən həmin işlər görülmüşdür. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçının tam ödənişi, yəni müqavilə dəyərinin 95 faizindən artıq məbləği təşkil edən 300.000 manatı tələb etmək hüququ yaranmamışdır. Çünki o, müqavilə şərtlərinə uyğun olaraq qüsurların aradan qaldırılması və obyekti istismara təhvil verilməsi öhdəliyini icra etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 638.676,98 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qalan 300000 manat məbləğin tutulması hissəsində isə iddia rədd edilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2021-ci il tarixli 2- 2(102)-7/2021 saylı qərarında əks olunmuş göstərişlərə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Bu baxımdan kollegiya aşağıdakıları qeyd edir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə görə Azərbaycan Respublikasında malların (işlərin) və xidmətlərin dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Həmin Qnunun 21.1-ci maddəsinə əsasən aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər: satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda (21.1.1); mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda (21.1.2); fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə, onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda (21.1.3); satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə (21.1.4). «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına həmin Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Satınalmalar üzrə Dövlət Agentliyi həyata keçirir. Həmin Fərmana Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 20 may tarixli 900 nömrəli Fərmanı ilə dəyişiklik edilmiş və hazırda həmin səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. İş materiallarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Dövlət satınalmaları haqqında” Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş bir mənbədən satınalma metodundan istifadə etməklə Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi ilə bağlı podrat müqaviləsi bağlamışdır. Həmin obyektin tikintisi ilə bağlı ilk olaraq "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsində Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin 25 dekabr 2013-cü il tarixli İÇ/2723 saylı məktubuna istinad olunmuşdur. Hazırki mübahisənin predmetinə aid 17.09.2015-ci il tarixli podrat müqaviləsi isə ilk podrat müqaviləsi üzrə yerinə yetirilməmiş tikinti işlərinin davam etdirilməsi məqsədilə bağlanılmışdır. Göründüyü kimi həmin podrat müqaviləsi bağlanarkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilən malların (işlərin) və xidmətlərin dövlət satınalmaları metodlarına dair qaydalar pozulmamışdır. Bundan başqa, həmin Qanunun 27-ci maddəsinin tərəflər arasında 17.09.2015-ci il tarixdə müqavilə bağlanan zaman və 30 dekabr 2018-ci il tarixə qədər olan redaksiyasında göstərilmişdir ki, satınalan təşkilat tender prosedurlarının başlanmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini mövcud qanunvericiliyə əsasən müəyyənləşdirir (27.1). Zəruri hallarda satınalan təşkilat satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb edir (27.2). Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini satınalan təşkilat tender zərflərinin açıldığı günədək məxfi saxlayır və tender nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir (27.3). Hər hansı tender təklifinin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənirsə, satınalan təşkilat həmin təklifi rədd edə bilər. Həmin qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir (27.4). Göründüyü kimi həmin Qanunun 27-ci maddəsinin əvvəlki, yəni tərəflər arasında 17.09.2015-ci il tarixli müqavilə bağlanan zaman qüvvədə olan redaksiyası satınalmanın tender metodu ilə həyata keçirilməsi ilə bağlı qaydaları müəyyən edir və ona görə də, hazırki mübahisəyə tətbiq edilə bilməz. Həmçinin, tərəflər arasında 17.09.2015-ci il tarixli müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” 200 saylı 04.09.1995-ci il tarixli Qərarının (01.07.2017-ci ildən ləğv edilmiş) 4-cü bəndində Azərbaycan Respublikası Cavabdeh2nə, maliyyələşdirici banklara, sifarişçi nazirlik, komitə, şirkət və təşkilatlara tapşırılmışdır ki, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun) yerinə yetirilmiş işlərin dəyərini ancaq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müəyyən etdiyi əmsallar əsasında hesablanmış məbləğlərdə ödəsinlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 272 saylı 05.12.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi Qaydaları”nın (01.07.2017-ci ildən ləğv edilmiş) 3.4-cü bəndinə əsasən dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsində: tikintinin bazis qiymətləri səviyyəsindəki dəyəri qüvvədə olan smeta norma və qiymətlərindən istifadə etməklə müəyyən edilir (3.4.1); tikintinin bazis sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan sonra cari qiymətlər səviyyəsində ehtimal olunan dəyərinin düzgünlüyü Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir (3.4.2). İş materiallarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu Zığ qəsəbəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində 3 mərtəbəli 3000 yerlik yeməkxanası binasına (İ mərhələ) dair 16.09.2014-cü il tarixli 18625 nömrəli rəy, həmin yeməkxanası binasına (dəyişikliklə əlaqədar) dair 22.09.2015-cü il tarixli 20753 nömrəli rəy və həmin ərazidə qazanxana binasına dair 15.07.2016-cı il tarixli 22408 nömrəli rəy verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən “Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində 3 mərtəbəli 3000 yerlik yeməkxanası binası (İ mərhələ)” obyekti üzrə nəzərdə tutulmuş tikintiquraşdırma işlərinin 2014-cü ilin sentyabr ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəli, “Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində 3 mərtəbəli 3000 yerlik yeməkxanası binası (dəyişikliklə əlaqədar)” obyekti üzrə 01.08.2015-ci il tarixə qalıq olan tikinti-quraşdırma işlərinin 2015-ci ilin sentyabr ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəli və əmək haqqı xərcləri üzrə artım əmsalı və ehtimal olunan müqavilə dəyərinin hesabatı və “Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qazanxana binasının təmiri” obyekti üzrə nəzərdə tutulmuş təmir-tikinti işlərinin 2016-cı ilin iyul ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəli və əmək haqqı xərcləri üzrə artım əmsalı və ehtimal olunan müqavilə dəyərinin hesabat tərtib edilmişdir. Göründüyü kimi tərəflər arasında 17.09.2015-ci il tarixli müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd qərarlarının tələblərinə əməl edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, üçüncü şəxs Cavabdeh3 nümayəndəsi izahatında bildirdi ki, onlar tərəfindən aparılmış audit yoxlaması zamanı hesablanan artıq ödəmə məbləği smeta qiymətlərinin düzgün müəyyən edilməməsi əsasına görə deyil, smetada olan məlumatlarla tərəflərin tərtib etdikləri Forma 2 aktlarında olan məlumatlar arasındakı ziddiyyətlərə əsasən müəyyən edilmişdir. Belə ki, yoxlama qrupu tərəfindən müəyyən edilmişdir ki, “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən tərtib olunmuş cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsallarının təyini cədvəllərində avadanlıqların ehtimal dəyəri ƏDV ilə birlikdə 2059,0 min manat məbləğində nəzərdə tutulmuşdur. Lakin, rəsmiləşdirilmiş Forma №2 aktlarında 760,8 min manat məbləğində avadanlığın quraşdırılması rəsmiləşdirilərək, 1298,2 min manat məbləğində vəsait iddiaçıya artıq ödənilmişdir. Bu məsələnin aydınlaşdırılması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - tikinti quraşdırma işlərinin 2015-ci ilin sentyabr və 2016-cı ilin iyul ayında mövcud olan cari qiymətlər səviyyəsində müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalları barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzinin təsdiq etdiyi cədvəllərdə və Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsinin 16.09.2014-cü il və 22.09.2015-ci il tarixdə “yeməkxana” binası barədə və 15.07.2016-cı il tarixdə “qazanxana” binasına dair verilmiş rəylərdə göstərilən podrat işləri və onların dəyərləri ilə tərəflər arasında tərtib edilmiş tikinti-quraşdırma işlərinin qəbulu aktlarında (Forma-2), habelə yerinə-yetirilmiş işlərin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışlarda göstərilən podrat işləri və onların dəyərləri uyğunluq təşkil edirmi? - həmin sənədlər əsasında podrat işlərinin ümumi dəyəri nə qədər müəyyən edilmiş və yerinə yetirilmiş işlərin ümumi dəyəri nə qədər təşkil etmişdir? Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 iyul 2021-ci il tarixli 10/2956 nömrəli ekspert rəyi verilmiş və həmin rəydə göstərilmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində 3000 yerlik yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisinə dair İddiaçı1 tərəfindən aparılmış tikinti quraşdırma işlərinin 2015-ci ilin sentyabr və 2016-cı ilin iyul ayında mövcud olan cari qiymətlər səviyyəsində müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalları barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzinin təsdiq etdiyi cədvəllərdə və Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsinin 16.09.2014-cü il və 22.09.2015-ci il tarixli rəylərdə göstərilən podrat işləri və onların dəyərinə əsasən tərəflər arasında tərtib edilmiş tikinti-quraşdırma işlərinin qəbulu aktlarında (Forma 2), habelə yerinə yetirilmış işlərin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışlarda göstərilən podrat işləri və onların dəyərlərin qiymət normaları bazar qiymətlərinə uyğun olduğu və həmin sənədlər əsasında podrat işlərinin və yerinə yetirilmiş işlərin ümumi dəyəri 6.070.026,85 manat məbləğində müəyyən olunur. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olundu ki, tərtib olunmuş smeta sənədləri ilə tərəflər arasında tərtib edilmiş tikinti-quraşdırma işlərinin qəbulu aktları (Forma-2) və yerinə-yetirilmiş işlərin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışlarda göstərilən podrat işləri və onların dəyərləri arasında hər hansı uyğunsuzluq mövcud deyil. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddianın tam rədd edilməsi ilə bağlı cavabdehin və üçüncü şəxsin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalı və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ekspertiza xərci bərabər hissələrdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-947/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddianın tam təmin edilməsi və qalan 300.000 manat məbləğ hissəsinin Dövlət qəbul Aktından sonra iddiaçının hesabına ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə 638.676,98 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat bərabər hissələrdə İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Şeyda Məhərrəmova