Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-489/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 319/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra i iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 600 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş günlər üçün ödənilməli sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 1140,60 manat dəbbə pulu, 30,40 manat məbləğində dövlət rüsumu və bank xərcləri olmaqla, cəmi 1771 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində X7 “Mercedes Benz E 240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsini törətmiş və nəticədə “xxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış, ”Hyundai İX35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Gəncə şəhəri, BPİ DYPŞ-nin xx.xx.2014-cü il tarixli, 11/3120 saylı arayışına və xx.xx.2014-cü il tarixli CYP 319076 seriya nömrəli inzibati xəta haqqında protokola və qərara əsasən X7 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və Azərbaycan Respublikası İXM-nin 151.2-ci maddəsi ilə 60 (altmış) manat məbləğində cərimə edilmişdir. X7 hadisə zamanı idarə etdiyi, “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. ”Hyundai İX35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin MİB-2427/11 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, ”Hyundai İX35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2013-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 14714,00 manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Zərərvuran nəqliyyat vasitəsinin sürücüləri xx.xx.2014-cü il tarixdə “Azərsığorta” DSKŞ-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalı olduğundan, “xxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-ə xx.xx.2014-cü il tarixli elektron və xx.xx.2014-cü il tarixli, BS-C-14/0680 saylı məktublarla müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Lakin cavabdeh bütün müraciətlərimizi cavabsız buraxmışdır. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində ”Hyundai İX35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1100 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli, 631/14 saylı sığorta aktı və xx.xx.2014-cü il tarixli, 001122 saylı kassa məxaric orderinə əsasən 600,00 (altı yüz) manat məbləğində sığorta ödənişi (500 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan Həsənova Xəyalə Əlövsət qızına ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-319/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin işin faktiki hallarına uyğun gəlmədiyindən, maddi hüquqi normalarının düzgün tətbiq edilməməklə və prosessual hüquq normalarının pozulmaqla qəbul edildiyinə görə ləğv edilməli və mülki işin yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı avtomobilin, üçüncü şəxslərə vurduğu maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair sığorta aktı tərtib olunur. Həmin sığorta aktında sığorta müqaviləsinə, sığorta hadisəsinə, zərərçəkən barədə məlumatlar, sığorta ödənişinin məbləği və verilməsi qaydası və subroqasiya tələbi barədə məlumatlar qeyd olunur. Lakin, cavabdeh Azərbaycan Respublikası DSKŞ tərəfindən məhkəməyə belə bir sığorta aktı təqdim edilməmişdir. Əvəzində cavabdehin nümayəndəsi xx.xx.2015-ci il tarixli, 213OPXO150880003 saylı ödəniş tapşırığı adı altında kredit debit bildiriş təqdim edərək, 600 məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası DSKŞ tərəfindən ödənildiyini qeyd etmişdir. Məhkəmə də qeyd edilən ödəniş tapşırığını sübut kimi qəbul etmişdir. Qeyd edilən ödəniş tapşırığında ödənişin təyinatı göstərilməmiş, sözügedən ödəniş tapşırığında 3942 manatın ödənildiyi qeyd edilmiş, lakin hansı sığorta hadisəsinə görə icra edildiyi qeyd edilməmişdir. Əvəzində isə həmin ödəniş tapşırığın sonuna əlyazma ilə müxtəlif dövlət qeydiyyat nişanlı avtomobillər əlavə olunmuş və qeyd edilən 3942 manat məbləğə uyğun olaraq qiymətlər çıxarılmışdır. Belə olan halda ödəniş tapşırığına ödənişin hansı hadisə ilə bağlı olduğu qeyd edilmədikdə onun sonuna müxtəlif dövlət qeydiyyat nişanlı avtomobilləri əlavə etməklə və ödəniş tapşırığında qeyd edilən məbləğə uyğunlaşdırmaqla tərtib etmək olar. Həmçinin Azərbaycan Respublikası DSKŞ tərəfindən X3-Palatasına ünvanlanan məktuba xx.xx.2015-ci il tarixli, 213OPXO150880003 saylı ödəniş tapşırığı əlavə etməmişdir. Bununla da məlum olur ki, xx.xx.2015-ci il tarixli 213OPXO150880003 saylı ödəniş tapşırığı sonradan tərtib olunmuşdur. İddiaçı işə apellyasiya qaydasında baxılarkən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, MPM-nin 53-cü maddəsinin tələbi nəzərə alınaraq ərizə icraata qəbul edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-319/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən Həsənova Xəyalə Əlövsət qızına məxsus “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək kasko sığorta növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət X8 “İnzibati xəta haqqında” xx.xx.2014-cü il tarixli, CYP 319076 saylı protokolundan görünür ki, X7 tərəfindən idarə edilən “Mercedes Benz E 240” dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində avtomobili svetaforun qadağanedici işığında idarə etməsi nəticəsində sığortalı “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. “xxxx” ASC tərəfindən zərərinin hesablanması aktından görünür ki, “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin ümumi məbləği və həmin hissələrin bərpası üçün lazım olan əmək haqqı hesablanmaqla, cəmi 1100 manat zərər hesablanmışdır. xx.xx.2014-cü il tarixli, 001122 nömrəli kassa məxaric orderindən görünür ki, 631/14-CM 604-14 nömrəli sığorta aktına əsasən Həsənova Xəyalə Əlövsət qızına 600 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı həmin məbləğin subroqasiya qaydasında tələb edildiyini, lakin cavabdeh tərəfindən ödənilmədiyini iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin hüquqi əsasını MM-nin 936-cı və 933-cü maddələri təşkil edir. xx.xx.2015-ci il tarixli, 213XONK150880006 nömrəli ödəniş qəbzi ilə təsdiq edilir ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “xxxx” ASC-nin hesabına 3942 manat məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2020-ci il tarixli, 05/12-56 nömrəli məlumatına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə iddiaçının hesablaşma hesabına subroqasiya qaydasında tələb edilən bir neçə sığorta ödənişinin əvəzi olaraq 3942 manat vəsait köçürülmüş, vəsait bir neçə avtomobilə görə vurulmuş ziyanla bağlı köçürüldüyündən ödənişin konkret olaraq hansı sığorta haqqı üzrə ödənildiyi ödəniş tapşırığında qeyd edilməsə də cavabdehin məlumatında ödənilmiş vəsaitdən 600 manatının ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanla bağlı köçürüldüyü qeyd edilmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən xx.xx.2015-ci il tarixdə 3942 manat məbləğində vəsaitin cavabdeh tərəfindən həqiqətən hesabların köçürüldüyünü təsdiq etmiş, lakin ödənişin təyinatı göstərilmədiyindən həmin vəsaitin hazırda tələb olunan borc üzrə silinməsinin mümkün olmadığını, 3942 manat məbləğində vəsaitin hal-hazıradək heç bir borc üzrə silinmədiyini göstərmişdir. Mülki Məcəllənin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsaəsn məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının tələb etdiyi vəsaitin xx.xx.2015-ci il tarixdə cavabdeh tərəfindən ödənildiyinin işdəki sübutlarla təsdiq edildiyini, həmin tarixdə həyata keçirilmiş cəmi 3942 manat məbləğində ödənişin digər borclar üzrə silindiyinin iddiaçı tərəfindən sübut edilmədiyini nəzərə alaraq hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-319/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-319/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-489/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-489/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver