Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-489/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun, cərimənin və hüquqi xidmət xərcinin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-171/2021 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş 23 yanvar 2020-ci il tarixli 2 saylı əlavəyə əsasən 43226,40 manat və 07 fevral 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44188,10 manat, 21000 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 108952,10 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 05 noyabr 2019-cu il tarixdə 2019\7055-27 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı, Ukrayna mənşəli Soya Şrotunu cavabdehə 05 noyabr 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən satmağı ohdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 05 noyabr 2019-cu il tarixli 1 saylı, 23 yanvar 2020-ci il tarixli 2 saylı və 07 fevral 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən ümumi dəyəri 176521,70 manat olan Soya Şrotu cavabdehə satılmış və mallar göndərilmişdir. Elektron qaimə, Seriya: EBAG № 349788, 13.02.2020-34146.20 manat dəyərində – Elektron qaimə, Seriya: EBAG № 414341, 14.02.2020-10041.90 manat dəyərində – Elektron qaimə, Seriya: EBAH № 766005, 16.03.2020-43226.40 manat dəyərində Cavabdehə göndərilmiş elektron qaimələrə dair heç bir mübahisə yaranmamışdır. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə ümumilikdə 176521,70 manat dəyərində olan Soya Şrotu cavabdehə satılmış və bu müqavilə və onun əlavələrinə əsasən sonuncu tərəfindən iddiaçıya 89100 manat vəsait ödənilmişdir. Tərəflər arasında imzalanmış 05 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya 87421.70 manat borcu qalmışdır. Müqavilənin qeyd olunmuş 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci maddəsinə əsasən faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə 16 mart 2020-ci il tarixə cavabdehin iddiaçıya müqavilə üzrə ümumilikdə 87421.70 manat borcu yaranmışdır. Borcun tam olaraq ödənilməsi üçün bir necə dəfə pretenziya məktubu göndərilsə də, cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir. Beləliklə alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən tərəflər arasında imzalanmış müqavilənin şərtləri pozulmuşdur. Müqavilənin 5.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər gecikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə müqavilə üzrə penyanın məbləği 16 mart 2020-ci il tarixdən 15 iyul 2020-ci il tarixədək olan dövr üzrə 21.000 manat təşkil edilməkdədir. İddiaçı ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair 09 iyul 2020-cu il tarixli 1397 saylı müqavilə və 08 iyun 2020-ci il tarixli 696272/00527 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-171/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 05 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş 23 yanvar 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və 07 fevral 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44188,10 manat, 2000 manat penya və vəkilin göstərdiyi yardıma görə 412,35 manatın tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-171/2021 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə 23.01.2020-ci il tarixdə edilmiş 2 saylı əlavə ilə tərəflər 1 tonu 930 manata olmaqla 50 ton malın satınalınmasına razılaşmışlar. Lakin həmin əlavəyə görə malın alınması baş tutmamışdır. Buna səbəb Ramil Həsənov kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğundan, ƏDV ödəyicisi olmadığından, MMC isə ona satılan malın məbləğinə əlavə etdiyi 18% ƏDV-ni əvəzləşdirilməsi mümkün olmadığından, qiymətə görə sərfəli olmaması idi. İddiaçı tərəf 2 saylı əlavəyə görə Cavabdeh elektron sisteminə 11.085,6 manat və 52.545 manat cəmi 63.630,60 manat məbləğində, müvafiq olaraq 30.01.2020-ci və 04.02.2020-ci il tarixlərində 2 elekrun qaimə yerləşdirilmişdir. Hesabatla bağlı sistemdə aşkar edilmiş həmin fakturalara görə MMC tərəfə mal verilmədiyi təqdirdə elektron sistemdə qaimə yerləşdiyi barədə edilmiş irad, aparılmış üzləşmədə təsdiqini tapdığından, qəbul edilmiş və həmin elektron qaimələr MMC tərəfindən ləğv edilmişdir. Hövbəti hesabatla bağlı Cavabdeh elektron sisteminə baxılan zaman ‘‘İddiaçı’’ MMC tərəfindən 87.414,5 manat məbləğində 3 ədəd elektron qaimənin yerləşdiyi və bu qaimələrin adı çəkilən müqaviləyə edilmiş 3 saylı əlavəyə əsasən verildiyi qeyd edilmiş və bu tərəflər arasında mübahisəyə səbəb olmuşdur. Qaimələrin elektron sistemdə yerləşdiyi tarixdən 5 gün keçdiyindən ‘‘alan tərəfindən imtinası mümkün olmadığından’’, onun ləğvi MMC-dən tələb edilmişdir. Lakin MMC tərəfin elektron qaimələrin ləğvindən imtina edib, keçmiş direktor tərəfindən qaimədə qeyd olunan malları Cavabdeh anbardan götürdüyünü dediyi bildirilmişdir. Daha sonra da həmin mallara tərtib edilmiş bir neçə mal fakturası, üzləşmə akti və bir tərəfli təsdiqlənmiş 2 nüsxədən ibarət 3 saylı əlavə imzalanmaq üçün Cavabdeh təqdim edilmişdir. Sonuncu həmin sənədlərin imzalanmasından imtina etmiş və 2 nüsxədən ibarət 3 saylı əlavəni özündə saxlayıb, geri verməmişdir. Həmin 3 saylı əlavənin əsilləri məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 07.02.2020-ci il tarixli 3 saylı əlavədə alıcı qrafasında Cavabdeh adı qarşısında imza vardır. Cəmi iki tərəfi olan müqavilə üzrə tərtib edilmiş 3 saylı əlavənin bir tərəfli qaydada MMC tərəfindən təsdiqləndiyi 2 nüsxəsi mövcud olduğu təqdirdə 3-nün də olduğundan bəhs etmək məntiqsiz olduğu aşkar vəziyyətdir. İş üzrə təyin edilmiş xəttşünaslıq ekspertizasının rəyinə əsasən həmin imzanın Cavabdeh məxsus olması müəyyən edilməmişdir. Belə bir halda iddiaçı tərəfindən təqdim edilmiş və guya Cavabdeh tərəfindən imzalandığı görüntüsü yaratmaq üçün məhkəməyə təqdim edilmiş 3 saylı əlavə sübut kimi qəbul edilməsi və qətnamənin əsası kimi ona istinad edilməsi yol verilməzdir. Lakin məhkəmə qətnaməsinin əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş 3 saylı əlavəyə istinad etmişdir. Nədir ki, iddiaçı tərəfindən məhkəmədə şahid qismində dindirilmiş X2 izahatında adı çəkilən 3 saylı əlavəni Cavabdeh onun yanında imzaladığını bildirmişdir. Halbuki, məhkəmə Rauf Xubanovun MMC-nin keçmiş direktoru olaraq, mal çatışmazlığı üçün cavabdehlik daşıdığından, iş üzrə maralı şəxs olduğunu unutmamalı və sübutları qiymətləndirəndə bunu nəzərə almalı idi. Lakin məhkəmə onun izahatını eyni halla bağlı iş üzrə mövcud yuxarıda qeyd edilən sərbəst sübutlardan və həmçinin anbardarın izahatında göstərdiyi dəlillərdən üstün tutmuş, lakin bu üstünlüyünü nədən irəli gəldiyini qətnaməsində izah etməmişdir. Məhkəmədə iddiaçı tərəfindən şahid qismində dindirilmiş MMC-nin anbardarı X3 izahatında göstərmişdir ki, Cavabdeh 100 tona yaxın mal göndərilmişdir. Bu qətnamədə qeyd edilib. O, həmçinin ifadəsində anbardan malın mütləq qaydada tərəzi çeki (məhz malın çəkisi onunla müəyyən edilir) və mal qaiməsi tərtib edilməklə verildiyi və bir nüsxəsi alıcı tərəfindən imzalanmaqla təhvil aldığının təsdiqləndiyini ayrıca vurğulamışdır. Həqiqətən də yuxarıda qeyd edildiyi kimi 1 saylı əlavəyə əsasən cavabdeh tərəfindən anbardan cəmi 100 tona yaxın mal götürüldüyü mübahisə edilmir. Lakin Cavabdeh verildiyi iddia edilən 87.414,5 manat məbləğində mala dair tərəzi çekini, həmçinin qeyd olunan malın hər hansı bir hissəsinin Cavabdeh tərəfindən təhvil götürdüyünə dair imzalanmış qaiməni (mal qəbulu aktı) iddiaçı tərəf ümumiyyətlə məhkəməyə təqdim edə bilməmişdir. Çünki mövcud deyildir. Verildiyi iddia edilən malın 47.260 ton. hissəsi üçün iddiaçının təqdim etdiyi 4 ədəd qaimədən, 2 ədədi şəxsiyyəti ümumiyyətlə cavabdehə məlum olmayan hansısa Süleymanov Raqib, 2 ədədi isə Müslümov Seymur tərəfindən imzalanmışdır. Halbuki, qeyd olunan malın Cavabdeh verilməsini iddia etmək üçün adı çəkilən şəxslərə etibarnaməsi təqdim edilməlidir. Mübahisə olunmayan haldır ki, göndərilən malın təhvili onu müşayət edən qaimənin alan tərəfindən imzalamaqla təsdiq etdiyi anda bitmiş hesab olunur. Elektron qaimə isə malın verildiyini təsdiq edən sənəd olmayıb, verilmiş və ya veriləcək malın, eləcədə göstərilmiş və ya göstəriləcəyi razılaşdırılmış xidmətlərin ödənilməsi üçün təqdim edilən elektron sənəddir.. Malın cavabdehə təhvil verildiyini iddia edən tərəf olaraq, bunun təsdiqinə dair, yəni ‘‘cavabdehin imzaladığı qaimənin mövcud olmasını’’ sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin məhkəmə qeyd olunan halların heç birini düzgün qiymətləndirməmiş və faktiki müəyyən edilən hallara uyğun normaları tətbiq etməmişdir. Qətnaməyə çoxlu sayda vergi məcəlləsindən maddələr köçürülmüşdür ki, onların ümumiyyətlə hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Çünki, mübahisə vergi ilə deyil, iddia edilən malın verilib-verilmədiyi ilə bağlıdır. Bu da tərəflər arasında müqavilə və mülki qanunvericiliklə tənzimlənir. Tərəflər arasında mövcud olmuş 05.11.2019-cu il tarixli müqavilənin malın çatdırılması qeyd olunmuş 2-ci maddəsinə əsasən 2.4- çatdırılma tarixi malın alıcıya nəqliyyat qaiməsi ilə ötürülmə tarixi sayılır 2.5- satıcıdan alıcıya mal üzərində mülkiyyət hüququ malın nəqliyyat qaiməsi üzrə alıcıya təhvil verildiyi an keçir 2.6-malla birlikdə satıcı alıcıya ‘‘tərəzi çeki’’ni ötürür. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570-ci maddəsi ilə tənzimlənir. Həm tərəflər arasında mövcud müqavilənin şərtlərində və həm də mülki qanunvericilikdə malın alıcıya təhvil verildiyinin icra məqamını, elektron qaimənin sistemdə yerləşməsi ilə deyil, malın razılaşdırılmış forma və həcmdə alıcıya faktiki təhvili, nəqliyyat qaiməsi və tərəzi çekinin alıcıya ötürüldüyü anı müəyyən edilmişdir. Lakin malın alıcıya təhvil verildiyinə dair onun tərəfindən təsdiqlənmiş nəqliyyat qaiməsi və tərəzi çeki mövcud deyildir. Bu baxımdan şikayət olunan qətnamə mübahisə ilə bağlı iş üzrə müəyyən edilmiş faktlara, həm də mübahisə ilə bağlı halları tənzimləyən hüquq normaların tələblərinə uyğun deyildir. Bundan başqa məhkəmə (hakim) qətnamənin əsaslandırıcı hissəsində (səh 5) iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 34.146,20 manat, 10.041,90 manat və 43.226, 40 manat dəyərində mal satıldığını qeyd edir ki, bunun da cəmi 87.414, 50 manat təşkil edir. Eyni zamanda qeyd etdiyi məbləğdə malın cavabdehə verildiyinin təsdiqinə dair, çəkiləri 12.240 kq, 11.820 kq. 10.740 kq və 12.460 kq. olan 4 ədəd təhvil-qəbul aktına (nəqliyyat qaiməsi) istinad etmişdir. Bunların da cəmi çəkisi 47.260 kq. həcmindədir. Bu da məhkəmənin istinad etdiyi 3 saylı əlavədə 1 ton. üçün müəyyən edilmiş 935 manat qiymət görə cəmi 44.188,10 manat məbləğindədir. Göründüyü kimi qətnamənin özündə belə məhkəmə qaimələrlə verildiyini qeyd etdiyi 47.260 kq. malın məbləği 44.188,10 manat təşkil etdiyi tədqirdə iddianı 87.414,50 manat məbləğində təmin etməklə, eyni halla bağlı özünün belə gəldiyi qənaətinə görə ziddiyyətli çıxış etmişdir. Bu da nəticə hissəsinin əsaslandırıcı hissəsinə zidd olan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Nəticədə götürmədiyi mala görə cavabdehin üzərinə 89.953,85 manat məbləğində ödənişlə bağlı öhdəlik qoyulmuşdur. Xatırlatmaq istərdim ki, 1 tonu 930 manata təklif olunan 2 saylı əlavə ilə malın alınması, qiymət yüksək olduğu səbəbdən imtina olunduğu təqdirdə, 1 tonu 935 manata olan 3 saylı əlavənin bağladığı qənaətinin özü aşkar məntiqsizdir. Bundan başqa adı çəkilən 2 saylı əlavə üzrə sistemə yerləşdirilmiş 63.630,60 manat məbləğində 2 ədəd elektron qaimə, məhz həmin əlavəyə görə mal götürülmədiyi əsasdan ləğv edildiyi məhkəməyə məlum olduğu təqdirdə, iddianın 43.226,40 manat hissəsini həmin 2 saylı əlavə üzrə götürülmüş mala görə təmin etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-171/2021 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 2019/7055-27 saylı alqı-satqı müqaviləsi əsasında cavabdehə iddiaçı tərəfindən müxtəlif tarixlərdə soya şrotu məhsulu satılmışdır. Müqavilənin 2.6-cı bəndində qeyd edilir ki, malla birlikdə alıcıya nəqliyyat çeki ötürülür. Satılan malın bir tonunun qiyməti müqaviləyə əlavələrdə qeyd edilmişdir. 05.11.2019-cu il tarixdə imzalanmış müqaviləyə 1 saylı Əlavədə malın bir tonunun qiyməti 910 manat, 23.01.2020-ci il tarixli 2 saylı Əlavədə 930 manat, 07.02.2020-ci il tarixli 3 saylı Əlavədə 935 manat göstərilmişdir. Müqaviləyə Əlavələrin 2.3-cü bəndində qeyd edilmişdir ki, çatdırılma tarixi malların alıcıya tərəzi çeki ilə ötürülmə tarixi sayılır. Əlavənin 2.4-cü bəndində qeyd edilmişdir ki, malın miqdarı alıcı tərəfindən satıcının elektron ünvanına göndərilən ərizələrdə qeyd olunur və partiyalarla həyata keçirilir. İşin mübahisəsiz halıdır ki, cavabdeh 1 saylı Əlavə üzrə iddiaçıdan mal almış və dəyərini tam ödəmişdir. İddiaçı iddia edir ki, cavabdeh müqaviləyə 3 saylı Əlavəyə əsasən 1 tonunun qiyməti 935 manat olan, 34146,20 manat dəyərində malı 13 fevral 2020-ci il tarixli EBAG seriyalı 349788 saylı elektron qaimə əsasında, 10041,90 manat dəyərində malı 14 fevral 2020-ci il tarixli EBAG seriyalı 414341 saylı qaimə əsasında, müqaviləyə 2 saylı Əlavəyə əsasən 1 tonunun qiyməti 930 manat olan, 43226,40 manat dəyərində malı 16 mart 2020-ci il tarixli EBAH seriyalı 766005 saylı elektron qaimə əsasında təhvil verilmiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir. 07.02.2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən satılan malın bir tonunun qiyməti 935 manat razılaşdırıldığı halda, iddiaçı tərəfindən mart ayında yenidən cavabdehə 2 saylı Əlavə əsasında 930 manatdan mal göndərilməsinin səbəbini iddiaçının nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən belə izah etmişdir ki, elektron qaimələrin göndərilmə tarixi malların faktiki təhvil verilmə tarixi ilə eyni olmamışdır. Halbuki, iddiaçı tərəfindən elektron qaimələr göndərildiyi dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 3.3-cü bəndində vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-fakturanın malın (iş, xidmət) təqdim edildiyi vaxt verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaya etirazında və apelyasiya şikayətində göstərir ki, müqaviləyə 3 saylı Əlavə həmin imzalanması üçün iddiaçı tərəfindən ona göndərilsə də imzalamamış, qeyd edilən Əlavənin üzərində iddiaçının möhürü olan hər iki nüsxəsi sübut qismində məhkəməyə təqdim edilmişdir (iş mat. 76-77-ci vərəqlər). Müqaviləyə 2 saylı Əlavə ilə bağlı cavabdeh etiraz ərizəsində göstərmişdir ki, həmin Əlavə imzalansa da Əlavədə qeyd edilmiş qiymət baha olduğu üçün cavabdeh həmin Əlavə əsasında iddiaçıdan mal almamışdır. Müqaviləyə 3 saylı Əlavədəki imzanın cavabdehə məxsus olub-olmadığının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olduğundan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli 4/1104 saylı rəyində qeyd edilmişdir ki, 05.11.2019-cu il tarixli 2019/7055-27 nömrəli “Müqavilə”yə 3 nömrəli əlavənin aşağı hissəsində “Cavabdeh” yazılarının qarşısında olan imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub – olunmamasını müəyyən etmək tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olmaması səbəbindən mümkün olmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş, İddiaçı direktoru olmuş X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, müqaviləyə 3 saylı Əlavəni cavabdeh onun yanında özü imzalamışdır. Şahid bildirmişdir ki, təxminən yanvar ayının sonu və ya fevral ayı işdən çıxmış, o işdən çıxarkən cavabdehin iddiaçıya borcu olmuşdur. Sürücü Amil adlı şəxs olmuşdur. Cavabdeh işə apelyasiya qaydasında baxılarkən R.Xubanovun ifadəsinin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsinə etiraz edərək göstərmişdir ki, həmin şəxs direktor olduğu dövrdə anbarda mal çatışmamazlığı yarandığı üçün müxtəlif şəxslərin adına qaimə rəsmiləşdirmişdir. İddiaçındə anbardar vəzifəsində işləyən X3 birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, Cavabdeh şəxsən tanımır. 15.01.2020-ci ildən İddiaçındə anbardar vəzifəsində işləyir və cavabdehə fevral ayında təxminən 100 tona yaxın mal göndərilmişdir. Mallar tərəzi çeki ilə göndərilmiş, tərəzi çekinin bir nüsxəsi onlarda qalmışdır. Cavabdeh adına Süleymanov Raqibə aid maşınlarla mal göndərilmişdir. Həmin maşınlarla direktorun tapşırığına əsasən başqa müştərilərə də mal göndərilmiş, heç bir problem olmamışdır. (şahidin ifadəsi məhkəmə iclas protokolunda tam dəqiq qeyd edilməmişdir). Cavabdehin iş materiallarındakı 28.05.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya 5 elektron fakturanın ləğvi ilə əlaqədar müraciət etsə də, mübahisələndirilən elektron qaimələrdən yalnız ikisi ləğv edilmiş, cavabdeh 13.02.2020-ci il, 14.02.2020-ci il, 16.03.2020-ci il tarixlərdə göndərilmiş elektron qaimələr üzrə malların ona təhvil verilmədiyini göstərərək həmin qaimə fakturaların da ləğvini xahiş etmişdir. İşdəki Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron qaimə-faktura sistemindən çıxarışdan görünür ki, cavabdehə iddiaçı tərəfindən 30.01.2020-ci il tarixdə 11085,6 manat dəyərində, 04.02.2020-ci il tarixdə isə 52545 manat dəyərində mal göndərilməsi ilə bağlı sistemə vurulmuş elektron qaimələr iddiaçı tərəfindən sonradan ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edildiyi hissədə iş üzrə gəldiyi nəticəni MM-nin 385, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 567, 600-cü maddələrinə, Vergi Məcəlləsinin 71-1.1-ci maddələrinə istinad etməklə belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında iddianın əsaslı olduğu, cavabdehin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ümumi borc qalığının 23 yanvar 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və 07 fevral 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən 44188,10 manat olduğu təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdəki sübutlara, şahid ifadələrinə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, cavabdehin etirazında istinad etdiyi hallara düzgün hüquqi qiymət verməmiş, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olması barədə mötəbər sübutlar təqdim edilmədiyi, təqdim edilmiş sübutlarda uyğunsuzluq olduğu halda iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh müqaviləyə 2 saylı və 3 saylı əlavələr üzrə iddiaçının göndərdiyi elektron qaimələrdəki malları almaması əsası ilə həmin qaimələrin ləğvi üçün iddiaçıya müraciət etdiyindən (texniki cəhətdən alıcının özünün həmin qaiməlri ləğv etmək imkanı olmadığından) bu malların həqiqətən cavabdeh tərəfindən sifariş verildiyini və müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehin özünə və ya onun səlahiyyət verdiyi şəxsə təhvil verildiyini sübut etmək öhdəliyi iddiaçının üzərinə düşür. Dəyəri tələb edilən malların cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada yazılı ərizə ilə sifariş verildiyi işdəki heç bir mötəbər sübutla təsdiq edilmir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, sifarişlər bir qayda olaraq telefonla verildiyindən cavabdeh tərəfindən mübahisəli elektron qaimələrdəki malların sifariş edildiyinə dair yazılı sübut təqdim edə bilmir. İddiaçı tərəfindən malların cavabdehə faktiki təhvil verilməsi ilə bağlı məhkəməyə sübut olaraq 4 ədəd təhvil aktı və 3 ədəd qaimə (004930,005024,004929 saylı) təqdim edilmişdir. Əsilləri apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş təhvil aktlarında 07- 13 fevral 2020-ci il tarixlərində cavabdeh tərəfindən göndərilmiş sürücülər olduğu iddia edilən Süleymanov Raqib və Müslümov Seymur adlı sürücülərə cavabdehə çatdırılması üçün cəmi 47 ton 250 kq. mal təhvil verildiyi qeyd edilir. Malların həmin sürücülər tərəfindən cavabdehə təhvil verildiyi isə iddiaçı tərəfindən sübut edilməmişdir. İş materiallarına əlavə edilmiş 30.01.2020-ci il tarixli və 01.02.2020-ci il tarixli qaimələrdə cavabdehə 34 ton 560 kq mal göndərildiyi qeyd edilmişdir. 30.01.2020-ci il tarixli qaimə yükü təhvil alan tərəfindən imzalansa da, təhvil alan şəxsin ad və soyadı qeyd edilməmişdir. 01.02.2020-ci il tarixli qaimələr isə yükü təhvil alan şəxs tərəfindən imzalanmamışdır. Həmin qaimələrdə yükün ** UR *** və ** NM *** dövlət qeydiyyat nişanlı maşınlarla daşındığı qeyd edilmişdir. Cavabdeh və nümayəndəsi izahatlarında təhvil-təslim aktlarını imzalamış Süleymanov Raqib və Müslümov Seymur adlı sürücülərə iddiaçıdan 2020-ci ilin fevral ayında mal alınması barədə tapşırıq verildiyini qəbul etməmiş, iddiaçı isə birinci instansiya məhkəməsinə həmin sürücülərin məhz cavabdeh tərəfindən göndərildiyinə dair mötəbər sübut təqdim edə bilməmişdir. Şahid qismində dindirilmiş anbardar X3 ifadəsində Süleymanov Raqib adlı şəxsə məxsus maşınlarla direktorun tapşırığı ilə digər müştərilərə də mal göndərildiyini bildirdiyindən məhkəmə belə qənaətə gəlir ki, həmin sürücülər cavabdehin deyil, iddiaçının tapşırığı əsasında müştərilərə malın çatdırılmasını həyata keçirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, öhdəliyin icrasının ixtiyarlı şəxs tərəfindən qəbul edildiyini sübut etmə yükü borclunun üzərinə düşdüyü halda hazırkı halda iddiaçı dəyəri tələb edilən malların cavabdehin özünə və ya səlahiyyət verdiyi şəxslərə təhvil verildiyini sübut edə bilməmişdir. Bundan əlavə iddiaçının təqdim etdiyi təhvil aktları və qaimələrə əsasən yanvar və fevral aylarında göndərilmiş yükün ümumi çəkisi 81 ton 810 kq təşkil etdiyi halda, iddiaçının cavabdehə göndərdiyi 13.02.2020-ci il, 14.02.2020-ci il, 16.03.2020-ci il tarixli elektron qaimələrdə göndərilmiş yükün ümumi çəkisinin 93 ton 740 kq olduğu qeyd olunur. İddiaçının nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən 02.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bu uyğunsuzluqla bağlı məntiqli izah verə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin və əlavələrin şərtlərinə əsasən malın təhvil verilməsinin tərəzi çeki ilə rəsmiləşdirilməsi nəzərdə tutulduğu halda iddiaçı dəyəri tələb edilən mallarla bağlı tərəzi çeklərini təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi 2 ədəd imzasız tərəzi çekinin (iş mat. 93 və 96-cı vərəqlər) üzərində tərtib edilmə tarixi 02.01.2020-ci il qeyd edildiyindən məhkəmə hesab edir ki, həmin çeklər 30.01.2020-ci il və həmin tarixdən sonra təqdim edilmiş mallarla bağlı tərtib edilmədiyindən sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, cavabdeh tərəfindən göndərildiyi iddia edilən telefon yazışmaları sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən və apelyasiya instansiyası mərhələsində qəbul edilməsi üçün MPM-nin 372.2-ci maddəsində nəzərdə tutulmuş əsas olmadığından məhkəmə tərəfindən qəbul edilmir və hüquqi qiymət verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə ləğv edilərək iddia həmin hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-171/2021 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, e-2-2 (113)-171/2021 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia Cavabdeh 05 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş 23 yanvar 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və 07 fevral 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44188,10 manat, 2000 manat penya və vəkilin göstərdiyi yardıma görə 412,35 manatın İddiaçı xeyrinə tutulması hissəsində rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-489/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-489/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver