Məhkəmə qərarları › İş №2-2(103)-49/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-49/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-49/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə İddiaçı2 MMC-nin Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 818/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 818/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MTK-dan 769.016,00 (yeddi yüz altmış doqquz min on altı manat) manat əsas borc, 769,01 (yeddi yüz altmış doqquz manat 01 qəpik) manat məbləğində penya, 138.422.88 (yüz otuz səkkiz min dörd yüz iyirmi iki manat, 88 qəpik) manat ƏDV, cəmi 908.207,89 (doqquz yüz səkkiz min iki yüz yeddi manat, 89 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı2 MMC-yə ödənilmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi cavabdehə, 10 manat hissəsi iddiaçıya aid edilmiş, aparılmış ekspertiza ilə bağlı 45,00 (qırx beş) manat ekspertiza xərci müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunması vəiş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi yolu ilə yaranmış borc məbləğini dəqiq müəyyən etməklə yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə beton məhsulunun alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin eyni tarixdə həmin müqaviləyə 2 nömrəli Əlavə imzalanmışdır. Həmin əlavənin 1-ci vərəqində qeyd olunur ki, qiymətlərə ƏDV daxil deyil. Həmin əlavənin 2-ci vərəqində isə malların güzəştli şərtlərlə satılması barədə şərtlər də qeyd olunmuşdur. Əlavənin “malların ödəniş şərtləri” adlandırılan hissəsində qeyd olunur ki, Binəqədi rayonu ərazisində tikilən layihə üzrə malların dəyərinin 50%-i 1-ci binanın son mərtəbəsi üçün mallar təhvil verildiyi tarixdən etibarən 30 gün ərzində, qalıq 50%-i isə 2-ci binanın son mərtəbəsi üçün mallar təhvil verildiyi tarixdən etibarən 30 gün ərzində, Yasamal rayonu ərazisində tikilən layihə üzrə 3-cü binanın son mərhələsi üçün mallar təhvil verildiyi tarixdən etibarən 30 gün ərzində, Səbail rayonu (Bayıl qəsəbəsi) ərazisində tikilən layihə üzrə 3-cü binanın son mərtəbəsi üçün mallar təhvil verildiyi tarixdən etibarən 30 gün ərzində ödənilməli idi. Göründüyü kimi iddiaçı tərəf müqaviləni mübahisələndirməmişdir. Odur ki, müqavilə qüvvədə olduğundan həmin şərtlər də qüvvədədir. Lakin işə baxan məhkəmə bu hala da diqqət yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, Cavabdeh MTK tərəfindən alınan beton məhsuluna görə 30000 manat məbləğində vəsait nağd şəkildə şirkətə ödənilmişdir. Bu da onu göstərir ki, iddiaçı ilə Cavabdeh MTK arasında alınan beton məhsulunun dəyərinin ödəniş şərti kimi nağd qaydada ödəniş barədə razılıq əldə olunmuşdur. İddiaçı2 MMC tərəfindən Cavabdeh MTK-nın tikinti sahələrinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müvafiq markalarda beton məhsulu verilmişdir. Verilmiş mallar kağız qaimələr vasitəsilə təhvil verilmişdir. Həmin qaimələrə əsasən də ümumilikdə Cavabdeh MTK-ya 612000 manat dəyərində beton məhsulu təhvil verilmişdir. Həmin məbləğdən 30000 manat xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Bundan başqa təhvil verilən beton məhsulunun paylanılması üçün iddiaçı tərəfin öhdəliyi olduğu halda Pompalara görə xx.xx.2019-cu il tarixdə 3500 manat və xx.xx.2019-cu il tarixdə 1750 manat MTK tərəfindən ödənilmişdir. Bundan sonra MTKnın İddiaçı2 MMC-yə olan borcu 576750 manat təşkil etmişdir. Lakin iddiaçı tərəf yalnız xx.xx.2019-cu il tarixli, 466985 nömrəli, xx.xx.2019-cu il tarixli, 323851 nömrəli, xx.xx.2019-cu il tarixli, 324449 nömrəli, xx.xx.2019-cu il tarixli, 468045 nömrəli, xx.xx.2019-cu il tarixli, 469990 nömrəli, xx.xx.2019-cu il tarixli, 606777 nömrəli, xx.xx.2019-cu il tarixli, 592786 nömrəli xx.xx.2019-cu il tarixli, 592787 nömrəli, xx.xx.2019-cu il tarixli, 592790 nömrəli elektron qaimələr və elektron vergi hesabfakturalarına əsaslanmaqla əsassız və şişirdilmiş borc məbləğləri tələb edir. İşə baxan məhkəmə tərəfindən işin bu faktiki hallarına da diqqət yetirilməmişdir. Cavabdeh MTK-nın nümayəndəsinin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və iş materialları məhkəmə ekspertizası mərkəzinə göndərilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında sual qoyulmuşdur ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın İddiaçı2 MMC-yə olan borcu nə qədər təşkil edir. Lakin iş materialları icraatında olan ekspert mübahisə tərəfi kimi Cavabdeh MTK-dan heç bir sənəd tələb etmədən, alınan malların hansı qaydada təhvil verilməsini aydınlaşdırmadan yalnız iddiaçı tərəfin mallar təhvil verildikdən təxminən 6-7 ay sonra MTK-ya göndərilən və MTK tərəfindən də qəbul edilməyən elektron qaimələr və elektron hesab-fakturalar əsasında rəy vermiş və rəyində də MTK-nın xx.xx.2018-ci il tarixli müqavilə üzrə 769016 manat əsas, 138422.88 manat ƏDV borcunun olduğunu qeyd etmişdir. Halbuki, ekspert öz rəyini İddiaçı2 MMC tərəfindən MTK-ya malların təhvil verilməsi barədə kağız qaimələr əsasında əsaslandırmalı və obyektiv rəy verməli idi. Ekspertin bu qeyri-müəyyən rəyindən narazı qalaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi məhkəmədən xahiş olunsa da bu vəsatət təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qətnamənin qismən-iddia tələbinin təmin edilməsi hisəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda cavabdehin apelyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən və iddiaçının apelyasiya şikayəti daxil olmadığından kollegiya qətnamənin əsaslılığını iddia tələbinin təmin edilmiş hissəsində yoxlayır. İşin hallarından görünür ki, İddiaçı2 MMC Cavabdeh MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 769016,00 (yeddi yüz altmış doqquz min on altı manat) manat əsas borcun, 315189,37 (üç yüz on beş min yüz səksən doqquz manat otuz yeddi qəpik) manat məbləğində hesablanmış penya, eyni zamanda, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı2 MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MTK-dan 769.016,00 (yeddi yüz altmış doqquz min on altı manat) manat əsas borcun, 315.189,37 (üç yüz on beş min yüz səksən doqquz manat otuz yeddi qəpik) manat məbləğində hesablabmış penya, 30 (otuz) manat dövlət rüsumunun, əlavə olaraq müqavilə üzrə ödənilməli olan ƏDV məbləğin də tutularaq İddiaçı2 MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə razılaşdırılmış və müqavilənin tərkib hissəsi olan Əlavələrdə (X1) qeyd olunan qiymətdə və çeşiddə X4 tədarük etməyi, satmağı, cavabdeh isə iddiaçıya Müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə malı almağı ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edirlər ki, İddiaçı2 MMC xx.xx.2018-ci il tarixindən başlayaraq cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 1-də (“X7” yaşayış kompleksi), Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində (“Çinar” yaşayış kompleksi) və Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 117-119 (“Panorama Bayıl” yaşayış kompleksi) ünvanında inşa etdiyi yaşayış binalarına müxtəlif markalı (M100, M150, M200, M250, M300, M350, M400, M450) beton məhsulları satmışdır. Lakin Cavabdeh MTK müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və aldığı malların dəyərini ödəməmişdir. Bu səbəbdən, xx.xx.2019-cu il tarixdən cavabdehə mal satışı dayandırılmışdır. Bu günə kimi cavabdeh 799016,0 (yeddi yüz doxsan doqquz min on altı) manat dəyərində mal almasına baxmayaraq, cəmi 30000,00 (otuz min) manat pul ödəmişdir. Hal-hazırda Cavabdeh MTK-nın 769016,00 manat əsas, 138422,88 (bir yüz otuz səkkiz min dörd yüz iyirmi iki manat səksən səkkiz qəpik) ƏDV və müqavilənin 7.2-ci bəndinə ödənişin gecikdirilməsi ilə əlaqədar bu günə kimi 315189,37 (üç yüz on beş min yüz səksən doqquz manat otuz yeddi qəpik) manat məbləğində penya hesablanmışdır. Bundan əlavə, müqavilə üzrə cavabdeh 38280 (otuz səkkiz min iki yüz səksən) m3 müxtəlif markalı beton məhsulunun alınmasını öhdəliyinə götürsə də, bu günə kimi 9320,5 m3 beton məhsulu almışdır. Bu isə qeyd olunan həcmdən təxminən 4 dəfə azdır. Qeyd edilən borcun on iş günü ərzində ödənilməsi ilə bağlı iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ünvanlasa da, bu günə kimi öz öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada-iddia tələbinin əsas borc, ƏDV borcu hissəsində tam, penya hissəsində qismən təmin edilməsi qaydasında həll etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Hazırki iş üzrə tərəflər arasında mülki hüquqi münasibətlər xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə satıcı alıcıya razılaşdırılmış və müqavilənin tərkib hissəsi olan Əlavələrdə (X1) qeyd olunan qiymətdə və çeşiddə X4 tədarük etməyi, satmağı, cavabdeh isə iddiaçıya Müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə malı almağı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən malların təhvil verilməsi, razılaşdırılmış miqdarda və çeşiddə hissə-hissə satıcı tərəfindən alıcının məkanına çatdırılmaqla həyata keçirilir. Alıcı malları hər iki tərəfin imzaladığı və ya möhürlə təsdiq etdii qaimə-faktura əsasında qəbul edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən malların hazırki müqavilə çərçivəsində çatdırılması vergi hesab-faktura və qaimə-faktura ilə rəsmiləşdirilmiş sayılır. Göründüyü kimi, alqı-satqı müqaviləsində malların satıcı tərəfindən alıcıya təhvil verilməsinin xüsusi qaydası - vergi hesab-faktura və qaimə-faktura əsasında verilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, iddiaçı malların təhvil verilməsi ilə bağlı elektron qaimə-fakturalar və elektron vergi hesab-fakturalar təqdim etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı2 MMC tərəfindən təqdim edilən sənədlərdən görünür ki, 466985 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə əsasında 196014.52 manat məbləğində, 323851 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə əsasında 286137.02 manat məbləğində, 324449 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə əsasında 128774.58 manat məbləğidə, 468045 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə əsasında 177238.36 manat məbləğində mal, 469990 nömrəli, xx.xx.2019cu il tarixli elektron qaimə əsasında 119274.41 manat məbləğində mal, 606776 nömrəli, xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturası əsasında 128774.58 manat dəyərində, 606777 nömrəli, xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturası əsasında 286137.0 manat dəyərində, 592786 nömrəli, xx.xx.2019-cu il tarixli elektron vergi hesab- fakturası əsasında 119274.41 manat dəyərində, 592787 nömrəli, xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturası əsasında 196014.52 manat dəyərində, 592790 nömrəli, xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturası əsasında 177238.30 manat dəyərində beton məhsulu Cavabdeh MTK-ya təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın: - 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. - 2.1-ci bəndinə görə elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin X5ndə (bundan sonra - X5) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə X3 daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. - 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, X5 vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür. - 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş və elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə edilməsi münasibətlərini nizamlanmasını müəyyən edən “Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.1-ci bəndinə əsasən elektron vergi hesab-fakturası - bu Qaydalara əlavədəki məlumatları özündə əks etdirilməklə elektron formada hazırlanan sənəddir. Bu Qaydaların 5.1-ci bəndinə görə əsasən elektron vergi hesab-fakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan X5 tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutusu) ötürülür. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesabfakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarından belə aydın olur ki, vergi ödəyicisi olan satıcı tərəfindən elektron vergi hesab-fakturaları alıcıya təhvil verilmiş mallara dair qaimə-fakturalar əsasında tərtib edilir, vergi ödəyicisi alıcı barəsində onlarla razılaşmadıqda satıcıya müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilməsi imkanı nəzərdə tutulur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı malların təhvilinə dair tərtib etdiyi elektron qaimələr qanunvericiliyin tələblərinə uyğun doldurulmuş, həmin qaimə-fakturalar əsasında vergi hesab-fakturaları tərtib edilmiş, cavabdeh isə həmin elektron vergi hesab-fakturalarını qəbul edərək, onların (onlarda) ləğv (düzəliş) olunmasını xahiş etməmişdir. Cavabdeh apelyasiya şikayətində malların kağız qaimələr vasitəsilə təhvil verildiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Müqavilənin tələbi ilə malın verildiyinin təsdiqi olaraq qaimə-faktura birbaşa sübut kimi qəbul olunsa da, kollegiya hesab edir ki, hazırki iş üzrə müqavilənin tələbinə uyğun olaraq kağız şəklində qaimə-faktura təqdim olunmadığından qanunvericiliyin tələbinə uyğun olaraq tərtib olunmuş elektron qaimə-faktura və elektron vergi hesab-fakturaları birbaşa sübutun mövcud olmadığı halda həmin dəyərdə malın verildiyini təsdiq edən sübuti əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m. 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m. 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da, müqavilə öhdəliklərini pozmuşdur. Malların cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən təhvil alınması iş materiallarında olan elektron qaimə-fakturalarla, elektron vergi hesab-fakturalar ilə təsdiq edilir. Bundan başqa qeyd edilməlidir ki, iş materiallarında olan Cavabdeh MTK-nın İddiaçı2 MMC-yə ünvanlandığı xx.xx.2019-cu il tarixli, 27 nömrəli məktubda (i.v.6-66) cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə əsasında borcunun olduğu, MTK-nın maddi vəziyyəti qənaətbəxş olmadığından tələb olunan borc məbləğinin qaytarılmasında çətinliklər yarandığını etiraf etmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında iddia ərizəsini qismən qəbul edərək borcun təqribən 576.000,00 manat civarında olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdehin ödənişləri nəzərə alınmaqla müqaviləyə əsasən cavabdehin borcunun nə qədər olmasının müəyyən edilməsi sual kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20962 nömrəli, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh MTK-nın İddiaçı2 MMC-nə xx xxxxxxx 2018-ci il tarixli müqavilə üzrə 769016,00 (yeddi yüz altmış doqquz min on altı manat) manat əsas, 138.422.88 (yüz otuz səkkiz min dörd yüz iyirmi iki manat, 88 qəpik) manat ƏDV borcunun olduğu müəyyən edilmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, ekspertiza tədqiqatı zamanı cavabdehdən heç bir sənəd tələb edilmədən, cavabdeh MTK tərəfindən qəbul edilməyən elektron qaimələr və elektron hesab-fakturalar əsasında rəy verilmiş, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi haqqında vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən cavabdehin ödənişləri nəzərə alınmaqla borcunun miqdarının müəyyən edilməsi üçün xx xxxxxx 2020-ci il tarilxi qərardad əsasında təkrar mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspertiza tədqiqatı gedişində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti alınmış mallara görə cavabdeh tərəfindən aparılmış ödənişlərlə bağlı mühasibatlıq sənədlərinin təqdim edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb olunan sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə məktub ünvanlamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2816 nömrəli, xx xxx 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə vəsatət göndərilmiş, lakin həmin vəsatətdə qeyd olunan sənədlər təmin olunmamışdır. Vəsatətin təmin olunmasına baxmayaraq, hazırki tədqiqat ekspert tərəfindən iş materiallarında mövcud olan sənədlərə əsasən aparılmışdır. Həmin rəyin nəticə hissəsinə görə İddiaçı2 MMC ilə Cavabdeh MTK rasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh MTK-nın İddiaçı2 MMC-yə olan borcunun 907.438,88 manat təşkil edildiyi müəyyən edilmişdir: malın dəyəri 769.016,0 manat, ƏDV 138.422,88 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq о sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə cavabdeh alınmış mallara görə ödənişlərlə bağlı müvafiq sənədləri nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə təqdim etmişdir. Cavabdehin malın dəyəri üzrə 769.016,0 manat və ƏDV üzrə 138.422,88 manat borcu olduğu təkrar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bu halda birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. İddia tələbinin cərimə (penya) tutulması hissəsinə gəlincə İddiaçı2 MMC iddia tələbi üzrə Cavabdeh MTK-dan müqavilənin 7.2-ci bəndinə əsasən 315.189,37 (üç yüz on beş min yüz səksən doqquz manat, 37 qəpik ) manat məbləğində cərimənin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi AR MM-in 467-ci maddəsi məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafeyini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını müqavilənin növünü və müddətini nəzərə alır. Birinci instansiya məhkəməsinin dəbbə pulunu 769,01 manat həcmində müəyyən etməsi yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbi baxımından ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspert tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh MTK-nın apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-818/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspert tədqiqatına görə 150 manat xərc Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ 34 CTRE ********************, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ 013601**********3944, SWİFT Bik CREAZ 22) ödənilsin Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Vüsalə Baxışova Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar