Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-490/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması, mütənasiblik prinsipi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Maraqlı şəxs xx.xx.1984-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs “Başqa qruplara daxil edilməyən sair bəzək və tamamlayıcı işlər” fəaliyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış, ona xx.xx.2008-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir.
3. Reyestr məlumatlarına əsasən, əsas fəaliyyət növü “Sair sahələrdə məsləhətlərin verilməsi ilə bağlı fəaliyyət (memar, mühəndis və menejer məsləhətləri üzrə fəaliyyətindən başqa)” olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.
4. Reyestr məlumatlarına əsasən, əsas fəaliyyət növü “Yaşayış və qeyriyaşayış binalarının tikintisi” olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.
5. Reyestr məlumatlarına əsasən, xx.xx.2025-ci il tarixinə “CORTEX" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 173,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 1632,77 manat, İşsizlikdən sığorta fonduna 65,78 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 95,35 manat, Dövlət Sosial Müdafiə Fonduna 171,57 manat, İşsizlikdən sığorta fonduna 17,74 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 118,32 manat, İşsizlikdən sığorta fonduna 28,55 manat, Dövlət Sosial Müdafiə Fonduna 700,21 manat olmaqla, ümumilikdə 3003,57 manat borcu vardır.
6. Maraqlı şəxs "xxxx" MMC-də əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
7. “Cortex" MMC tərəfindən vergi borclarının ödənilməsi məqsədilə müxtəlif tarixlərdə ödənişlər edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “CORTEX" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 2504,55 manat, İşsizlikdən sığorta fonduna olan 112,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan 386,95 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs (maraqlı şəxs) (doğulduğu tarix - xx xxxxx 1984-cü il, doğulduğu yer – Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 173,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 1632,77 manat, İşsizlikdən sığorta fonduna 65,78 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 95,35 manat, Dövlət Sosial Müdafiə Fonduna 171,57 manat, İşsizlikdən sığorta fonduna 17,74 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 118,32 manat, İşsizlikdən sığorta fonduna 28,55 manat, Dövlət Sosial Müdafiə Fonduna 700,21 manat olmaqla, ümumilikdə 3003,57 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********242400, xx.xx.2024-cü il tarixli **********354200, xx.xx.2024-cü il tarixli ******************.10.2024-cü il tarixli **********264800, xx.xx.2024-cü il tarixli **********897100, xx.xx.2024-cü il tarixli ******************.10.2024-cü il tarixli **********541900, xx.xx.2024-cü il tarixli **********754000, xx.xx.2024-cü il tarixli **********542600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
10. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, maraqlı şəxs isə bildirmişdir ki, vergi borclarını ödəmişdir və artıq "xxxx" MMC-nin direktoru deyildir.
11. Birinci instansiya məhkəməsinin 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Maraqlı şəxs ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixdə xitam verilmişdir, maraqlı şəxs artıq həmin MMC-nin icra orqanının rəhbəri deyil, eyni zamanda "xxxx" MMC tərəfindən mövcud olan borc üzrə ödənişlər edilmişdir.
13. Məhkəmə vurğulamışdır ki, müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə isə 83-cü maddəsinin 1 -ci bəndində bu münasibətləri dəqiq tənzimləmiş, əmr, sərəncam və qərarı işçinin işdən azad edilməsinin rəsmiləşdirilməsinin mühüm qaydası kimi müəyyən etmişdir. Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirilmişdir. Odur ki, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. Bu baxımdan maraqlı şəxsin MMC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, vergi ödəyicisi ərizənin verilməsinə əsas olan "xxxx" MMC (maraqlı şəxsin direktor olduğu şirkət üzrə) üzrə borclara dair ödənişlər etmişdir və həmin şəxsin hərəkət azadlığı hüququnu məhdudlaşdırılması Avropa Məhkəməsinin qərarlarında (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar) qeyd olunan mütənasiblik meyarına cavab vermir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci, 9.2-ci, 9-1.3-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
16. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, subyektiv yanaşma sərgilədiyini, vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudıaşdırılmasının qanunla müəyyənləşdirilmiş təsir vasitəsi olduğunu nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi nümayəndəsini məhkəməyə göndərməmiş, maraqlı şəxs də məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
Azərbaycan Respublikası Vergi Məcəlləsi
20. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
21. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
22. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.
23. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
24. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.
25. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
26. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
27. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
28. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 49 (1-ci hissə). Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
30. Maddə 49 (2-ci hissə) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
31. Maddə 49 (4-cü hissə). Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır.
32. Maddə 49 (5-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.
42. Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması və s.) iş materiallarından müəyyən olunmur.
43. Eyni zamanda, maraqlı şəxsin borcu olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir.
44. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
45. Nəzərə alınmalıdır ki, bu qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
46. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, “Battista İtaliyaya qarşı”, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; “Xlyustov Rusiyaya qarşı”, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, “nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir”.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2116/2025 saylı iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva