Məhkəmə qərarları › İş №2-2(103)-491/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-491/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-491/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin X2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-145/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1537,28 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 200 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 100 manat xidmət haqqı və dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla ümumilikdə 1898,28 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-145/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən şikayət verilərkən ödənilməli olan dövlət rüsumu tam ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi məbləğ 1737,28 manat olduğundan apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilən zaman ödənilməli olan 37,37 manat dövlət rüsumunun 50 faizi, yəni 18,50 manat məbləğində dövlət rüsumu ödənilməli idi. İşdən görünür ki, cavabdeh apellyasiya şikayəti verərkən cəmi 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bundan əlavə, “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sisteminə cavabdeh X3 tərəfindən əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, qətnamənin ləğv edilməsi xahiş olunsa da, şikayəti verən şəxsin bundan sonra məhkəmənin hansı qətnaməni qəbul etməli olduğu qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4.-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, 361.1.5-ci maddəsinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 2 saylı Əlavədə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normanın tələbinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-145/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-145/2022 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar