Məhkəmə qərarları › İş №2-2(103)-491/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-491/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-491/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-848/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilməmiş 8853.60 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,54 manat məbləğində pulun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən müqavilə üzrə ödənilməmiş 2636 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, e-2-2(113)-848/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 2636 manat pul, ödənilmiş 60 manat dövlət rüsumu, ümumilikdə 2696 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 48,54 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-848/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsinin apellyasiya şikayətində göstərilən əsaslarla ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəfindən cəmiyyətə guya ziyan vurulduğunu iddia edərək vurulmuş ziyana görə ödənilməmiş 8853,60 manat məbləğində pul vəsaitinin, habelə ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 48,54 manat məbləğində pulun və ödənilmiş mediasiya xərci olaraq 60 manat məbləğində pulun ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı özünün bu tələbini guya cavabdehlə bağlanılmış “məhsulların nisyə alqı-satqısı barədə” 09 avqust 2021-ci il tarixli müqavilənin 1-ci bəndinin tələbləri ilə əsaslandırmağa çalışmışdır. Sonradan iddiaçı iddia tələbində dəqiqləşdirmə apararaq ödənilməmiş 2636 manat məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, o məhkəmə araşdırmaları zamanı da bildirmişdi ki, həmin borc saxta sənədlər əsasında qanunsuz olaraq hesablanmışdır. Çünki ona belə bir müqavilənin və aktlın məzmunu barədə iddiaçı tərəfindən hər hansı məlumat verilməmiş, həmin sənədlər ona 2021-ci ildə deyil, 2023-cü ildə imza atdırılmış, ona bu imzaların formal xarakter daşıdığı və müəssisənin daxili sənədləşməsi üçün zəruri olduğu bildirilmişdir. O, da iddiaçı ilə illərlədir ki, əməkdaşlıq edərək işlədiyindən onun nümayəndəsinə inanmış, imzaladığı sənədlərə baxmadan belə o sənədlərin bir qisminə öz imzasını atmışdır. Lakin müqavilədə göstərilən mallar ona təhvil verilməmiş və bununla bağlı tərtib edilmiş qaimədəki imza da ona məxsus deyildir. Bütün bunları məhkəməyə bildirməyinə baxmayaraq məhkəmə ədalətsiz şəkidlə iddiaçının iddia tələbini təmin edən qətnamə çıxarmışdır. İşdə olan iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ona qarşı “pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdir. Belə ki, iddiaçı tərəflər arasında imzalandığını iddia etdiyi “məhsulların nisyə alqı-satqısı barədə” 09 avqust 2021ci il tarixli müqavilənin 1-ci və 3-cü bəndlərinin tələblərinə istinad edərək həmin müqavilə üzrə sadalanan müxtəlif çeşidli malları ona verdiyini, onun da həmin malların dəyərini guya 3 ay ərzində iddiaçıya ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Əslində isə iddiaçının istinad etdiyi sənədlərə, o cümlədən “məhsulların nisyə alqı-satqısı barədə” 09 avqust 2021-ci il tarixli müqaviləyə ona idddiaçının nümayəndəsi 2023-cü ildə Sumqayıt şəhərində işlətdiyi obyektdə imza attırmışdır. Cavabdehin nə müqavilədən, nə də ona dair sənədlərin məzmunundan xəbərim olmamış, illərlədir işlədiyi və mal aldığı şirkətin nümayəndəsinə inanaraq onun istədiyi sənədlərə imza atmışdır. Alqı-satqı müqaviləsinin və borc barədə mücərrəd müqavilənin eyni tarixdə, yəni 09 avqust 2021-ci il tarixdə tərtib edilməsi bunu əyani şəkildə sübuya yertirir. Eyni zamanda onun iddiaçıya borcunun olduğu halda, necə ola bilərdi ki, o, bugünədək həmin şirkətlə hər hansı müqavilə bağlamadan işləyir, şirkətin nümayəndəsi özü malları Suqmayıt şəhərinə gətirərək ona təhvil verir, o da həmin malları satdıqdan sonra pulunu nümayəndəyə ödəyir. Özü də bütün bu əməliyyatlar hər iki tərəfdən şifahi qaydada, hər hansı sənədə imza atılmadan həyata keçirilir. Göründüyü kimi, iddiaçının tərəflər arasında imzalandığını iddia etdiyi “məhsulların nisyə alqı-satqısı barədə” 09 avqust 2021-ci il tarixli müqavilə üzrə öhdəliklər qeyd edilsə də, hər iki tərəfdən bu öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, nə iddiaçı həmin müqavilə üzrə malları nisyə olaraq mənə vermiş, nə də mən həmin malları qəbul edərək onları satıb pulunu iddiaçıya verməmişdir. Tərəflər arasında bağlandığı iddia edilən “məhsulların nisyə alqı-satqısı barədə” 09 avqust 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh sadalanan malların ona verildiyi vaxtdan 3 ay ərzində həmin malların pulunu iddiaçıya ödəməli idi. İş materiallarından da görünür ki, iddiaçı müqavilədə qeyd edilmiş müddətdən 2 il keçdikdən sonra sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, sadalanan qanun normasına əsasən onun tərəfindən öhdəliklər icra edilmədiyi halda, o, onunla əməkdaşlığı dayandıra və sonrakı əməkdaşlıqdan imtina edə bilərdi. Lakin, iddiaçı ilə onun əməkdaşlığım bu gün də davam edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında həmin borcun saxta sənədlər əsasında qanunsuz olaraq hesablandığını, ona belə bir müqavilənin və aktının məzmunu barədə iddiaçı tərəfindən hər hansı məlumat verilmədiyini, həmin sənədlərin ona 2021-ci ildə deyil, 2023-cü ildə imzalatdırıldığını, bu imzaların formal xarakter daşıdığı və müəssisənin daxili sənədləşməsi üçün zəruri olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

11. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 101/2021 tarixli məhsulların nisyə alqısatqısı barədə müqaviləyə əsasən satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 8853,60 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır. Alıcı satıcıdan ümumi dəyəri 8853,60 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Alıcı satıcıya 8853,60 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.

23. İddiaçı və cavabdeh arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 101/2021 saylı mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 8853,60 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borlu kreditora 8853,60 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 101/2021 tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

25. Bundan əlavə, cavabdehin həmin müqavilə üzrə ona hər hansı mal təhvil verilməməsi barədə arqumenti ağlabatan hesab edilə bilməz. Belə ki, materiallarda olan müqavilə, təhvil aktı, borcun yaxın müddətdə ödəniləcəyi barədə ərizənin şəxsən özünün imzalamasını cavabdeh məhkəmə iclasında təsdiq etmiş, iddiaçıdan mütəmadi olaraq müxtəlik içkiləri alıb özünə məxsus mağazada satışının həyata keçirildiyini bildirmişdir.

26. Beləliklə, məhkəmə cavabdehin etiraz arqumentlərini formal mülahizə və ödənişlərin həyata keçirilməsindən əsassız olaraq yayınma kimi qiymətləndirərək hesab etmişdir ki, 2636 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri məhkəmə iclasında irəli sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-848/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar