Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-492/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı lizinq borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-355/2022 nömrəli iş üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 335- L/18 nömrəli müqavilə üzrə 10.532 manat gecikdirilmiş borc, 2.889,53 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 226.410,25 manat gecikdirilmiş borc, 112.250,09 manat cərimə borcu, hüquqi yardımla bağlı 350 manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 352.831,87 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2018-ci il tarixli 335-L/18 nömrəli müqavilə üzrə 10.532 manat əsas borcun, 500 manat cərimənin, xx.xx.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 226.410,25 manat əsas borcun, 10.000 manat cərimənin, hüquqi yardıma görə ödənilmiş 350 manatın və 400 manatın mediasiya xərci olmaqla, cəmi 248.192,25 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, xx.xx.2018-ci il tarixli 335-L/18 və xx.xx.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilələr üzrə əsas borcun tutulması hissəsində qismən ləğv edilib, cərimənin tutulması hissəsində tam ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə iddianı təmin edərkən iddiaçının təqdim etdiyi maliyyə arayışlarına istinad etməklə göstərilən əsas borcun məbləğini mübahisəsiz şəkildə qəbul etmiş, aparılmış ödənişlərin, silinmələrin hansı qaydada həyata keçirildiyini, sığorta şirkətindən daxil olan pul vəsaitlərin məbləğini, hansı qaydada silinməsini, borc məbləğlərinin hansı qaydada hesablanmasını araşdırmamış, bununla yanaşı cərimə borcunun hesablanması qaydasını araşdırmamış, iddiaçıdan borcun hansı qaydada hesablamalarına dair sübutlar tələb etməmiş, dəbbə borcun azaldılması ilə kifayətlənmişdir. Halbuki, məhkəmə prosesi zamanı damazlıq heyvanlarının tələf olması barədə dəfələrlə bildirilmiş, bununla bağlı sığorta hadisəsi baş verdiyindən, sığorta şirkəti tərəfindən iddiaçıya ödənişlər edilmişdir. Bu hal isə borcun vaxtında qaytarılmadığının cavabdehin günahı ucbatından olmamasını tam təsdiq edir, belə olan halda isə cavabdehdən dəbbə pulunun qət olunması anlaşılan deyil. Bununla yanaşı, məhkəmə tələb olunan borc məbləğinin kifayət qədər çox olmasına baxmayaraq iş üzrə obyektiv və qərəzsiz məhkəmə qərarın çıxarılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli, borc məbləğini iddiaçının verdiyi maliyyə arayışına uyğun olaraq deyil, ekspert rəyinə uyğun müəyyən etməli idi. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinin tələblərini pozaraq, nəzərə almamışdır ki, cavabdeh xx.xx.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 226.410,25 manat məbləğdə borcu onun təqsiri olmadan baş vermiş hallar nəticəsində ödəyə bilmədiyinə görə gecikdirmə sayılmır. Belə ki, hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən müqavilə üzrə alınmış damazlıq heyvanları tələf olduğundan sığorta hadisəsi baş vermiş, buna görə də sığorta şirkəti tərəfindən sığorta ödənişi iddiaçının hesabına köçürülmüş, bu proses müəyyən vaxt aparmış, heyvanlar tələf olduğundan borcun ödənilməsində çətinliklər yaranmışdır. Bu hallar isə Mülki Məcəllənin 445.5-ci maddəsi ilə tənzimlənir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini pozaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldarkən nəzərə almamışdır ki, müqavilə üzrə alınmış damazlıq heyvanların tələf olması səbəbindən hazırkı yuxarıda göstərildiyi kimi, iddiaçı gecikdirməyə yol verməmiş (MM-in 445.5-ci maddəsi) və öhdəliyin pozulmasına görə məsuliyyət daşımamışdır (MM-in 448.4.-cü maddəsi). Belə olan halda isə məhkəmə ümumiyyətlə cavabdehdən dəbbə tutmalı deyildi, tutduğu halda isə dəbbənin məbləği cox cüzi olmalı idi. Bununla yanaşı, iddiaçı tələb etdiyi dəbbənin məbləğini də əsaslandırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli 335-L/18 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 99.900 manat olan (Traktor Belarus-892 və qoşulan yemqarışdıran və yempaylayan 11 kub.m. Özyemkar-11) kənd təsərrüfatı texnikalarını ilkin dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; 1.2-ci bəndinə görə, lizinq alan Texnikaların dəyərindən spesifikasiyada göstərilən 19.980 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində cavabdeh arasında dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli 244-LD/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən 50% güzəştdən sonra qiyməti 524.208 manat, ilkin ödənişin məbləği 262.104 manat olan, 201 baş Holştin- Friz cinsli damazlıq malların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir; 1.2-ci bəndinə görə, lizinq alan Texnikaların dəyərindən spesifikasiyada göstərilən 262.104 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə, lizinq alan cavabdehin xx.xx.2018-ci il tarixli 335-L/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 10.532 manat, hesablanmış cəriməyə görə 2.889,53 manat olmaqla, ümumilikdə 13.421,53 manat təşkil edir. Ödəniş edilməyib. xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə, lizinq alan cavabdehin xx.xx.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 226.410,25 manat, hesablanmış cəriməyə görə 112.250,09 manat təşkil edir. 524.208 manat müqavilə məbləğindən 297.797,75 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki: Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir (2.1); "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir (2.2). Fərmanın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin (4.3): mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini (4.3.1); lizinq ödənişləri üzrə borcların yığılmasını (4.3.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərardadı, 12-ci bənd). “Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) əməliyyat (operativ) lizinqi; 2) maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. ... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı). Lizinq münasibətləri Mülki Məcəllənin XXXVİİİ fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Adıçəkilən normaya əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin: Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, lizinq müqavilələrinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlaklardan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, cavabdeh mübahisəli borcun əsasını təşkil edən müqavilələri, lizinq predmeti əmlakların ona təhvil verilməsini və ödəniş cədvəlinə əsasən borc məbləğlərini ödəmədiyini mübahisə etmir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, şikayətin əsas borc məbləğinin düzgün olmaması barədə dəlili konkret heç bir fakt, hesablamaya istinad etmir. Cavabdeh borc məbləğinin yenidən hesablanması üçün ekspertiza təyin edilməsini istəsə də, bunun üçün o, əvvəlcə səhvin nədə ifadə olunduğuna, miqdarına dair öz variantını rəqəmlərlə irəli sürməli, iddiaçının və məhkəmənin hesablamalarının hansı hissədə səhv olduğunu göstərməli idi. Şikayətin heyvanlar tələf olduğundan sığorta hadisəsi baş verməsi və sığorta şirkəti tərəfindən sığota ödənişinin iddiaçının hesabına köçürülməsi barədə dəlili də əsaslı deyil. Belə ki, cavabdeh hər iki halı təsdiq edəcək sübutlarını Məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, heyvanların cavabdehin təqsiri olmadan tələf olması da iş materialları ilə təsdiqini tapmır. Şikayətin müqavilə üzrə alınmış damazlıq heyvanların tələf olması səbəbindən gecikdirməyə yol verilmədiyi, bu səbəbdən məhkəmənin dəbbə pulu tutmamalı olması barədə dəlili də əsaslı deyil. Belə ki, heyvanların ölümünün ödəniş qrafikinə hər hansı qaydada təsir etməsinin tərəflər arasında razılaşdırılması işdən müəyyən olunmur. Müqavilələr üzrə gecikmələrin olduğu isə işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən tutulmuş cərimə məbləğləri də Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə, formalaşmış məhkəmə təcrübəsinə uyğun olmaqla, qanuni və ədalətlidir. Digər tərəfdən, cavabdeh cərimə məbləğinin də düzgün olmadlğını irəli sürsə də, bu dəfə də konkret heç bir fakt, hesablamaya istinad etmir. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-355/2022 nömrəli iş üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-492/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-492/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver