Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-492/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-261/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 03 fevral 2022-ci il tarixli, № AS-QQH/126 saylı qida məhsullarının idxalı ilə əlaqədar alqı-satqı müqaviləsi imzalanmış və müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq ona ərzaq, sənaye və s. gündəlik tələbat malları (məhsulları) satmağı, alıcı isə malların dəyərinin satıcıya ödənilməsini öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi 40.162,34 manat pulun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat, mediasiya xərclərinə görə ödənilmiş 200 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 26 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən borclar tam olaraq ödənilməmiş və onun 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi 40.162,34 manat borcu vardır.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən, yəni təxmini hesablamalara görə 34.466,51 manat hissəsini qəbul etmiş, lakin həmin məbləğin ƏDV hissəsinin isə onlar tərəfindən ödənilməli olmamasını bildirmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-261/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktında cavabdehin iddiaçıya 64.977,56 AZN borcun olması müəyyən edilmişdir. Onlar mövcud borcun əsası kimi yalnız bu aktı mötəbər sənəd kimi qəbul edə bilərlər. Həmin tarixdən bu günə qədər isə cavabdeh tərəfindən müntəzəm olaraq iddiaçıya borc məbləğindən ödənişlər edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş 19 sayda "xxxx" ASC-nin, 71 sayda isə "xxxx"ASC-nin ödəniş tapşırıqları sənədlərindən görünür ki, 2022-ci ilin may ayından bu günə qədər iddiaçıya əsas borcdan cəmi 31.211,05 AZN borc ödənilmişdir. İddiaçı isə bunu biləbilə iddia tələbinə yenidən baxmamış və iddia tələbini azaltmamışdır. Üzləşmə aktında qeyd olunan 64.977,56 AZN borc məbləğindən məhkəməyə təqdim edilmiş 19 sayda "xxxx" ASC-nin, 71 sayda isə "xxxx"ASC-nin ödəniş tapşırıqları sənədlərinə əsasən, 2022-ci ilin may ayından bu günə qədər iddiaçıya cəmi 31.211,05 AZN ödənilməsi nəticəsində, yekun borc məbləği 33.766,51 AZN təşkil etməlidir. Məhkəmə tərəfindən bu hal nəzərə alınmalı və borc məbləği 33.766,51 AZN təşkil etməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
16. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
17. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanmış və Cavabdeh MMC verilmiş mallara görə 64.977,56 manat borcunun olduğunu qəbul etmişdir.
18. Göründüyü kimi Cavabdeh MMC xx.xx.2022-ci il tarixli üzləşmə aktını imza etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmiş, lakin üzləşmə aktından sonra ödənişlər etdiyini bildirmişdir.
19. Cavabdeh tərəfindən əlavə edilmiş "xxxx" ASC və "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçının hesabına cəmi 31.211,05 manat məbləğində pul ödənilmişdir.
20. Bu işin mübahisələndirilməyən halıdır.
21. Üzləşmə aktında borcdan ödənilmiş borcları çıxdıqda isə müəyyən olunur ki, cavabdehin iddiaçıya 33.766,51 manat borcu qalmışdır (64.977,56-31.211,05).
22. Bundan əlavə, iddiaçı tərəf üzləşmə aktı imzalandıqdan sonra da, tərəflər arasında alqı-satqı münasibətlərinin davam etdiyini bildirmiş və bu halı təsdiq edən 2022-ci ilin may-iyun aylarına aid qaimə fakturaları təqdim etmişdir.
23. Həmçinin birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC yalnız “Sushi Azərbaycan Nərimanov” ticarət adı ilə fəaliyyət göstərir və təqdim edilmiş bəzi qaimə fakturalarda qeyd edilmiş “Sushi Azərbaycan Əhmədli” və “Sushi Azərbaycan Tbilisi” ticarət adı ilə fəaliyyət göstərən restoranların cavabdehə heç bir aidiyyatı yoxdur.
24. Bu halı, məhkəmə iclasında iştirak etmiş tərəflər də, təsdiq etmişlər.
25. Ona görə də, iddiaçı tərəfindən təqdim edilmiş “Sushi Azərbaycan Nərimanov” ticarət adı əks edilmiş qaimə fakturalarda verilmiş malların ümumi dəyərinin də, sadə riyazi hesablama ilə 10.566,22 manat olması nəzərə alındığında görünür ki, cavabdehin alınmış mallara görə ödənilməmiş 44.322,73 manat borcu qalmışdır (33.766,51+10.566,22=44.322,73 ).
26. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
27. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən ümumilikdə 40.162,34 manat (iddia ərizəsində yalnız 40.162,34 manat pulun tutulması tələb olunmuşdur) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
28. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, cavabdehin 33.766,51 manat borcdan əlavə 10.566,22 manat borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş “Sushi Azərbaycan Nərimanov” ticarət adı əks edilmiş qaimə fakturalarla tam təsdiq olunur və cavabdeh tərəf üzləşmə aktı imzalandıqdan sonra tərəflər arasında alqı-satqı münasibətlərinin davam etdiyini və bu halı təsdiq edən 2022-ci ilin mayiyun aylarına aid qaimə fakturaları mübahisələndirməmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-261/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn