Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-492/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2-2(113)-2051/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları
1. İşdə olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixində vergi ödəyicisi kimi qeydiyata alınmışdır.Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir.
2. Maraqlı şəxs xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 8026,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 2,33 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 0,42 manat təşkil edir.
3. Maraqlı şəxs xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 (kameral yoxlanılmalı məbləğ 0) manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 0 manat təşkil edir. Eyni zamanda görünür ki, maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin 1 – 3-cü rübləri ilə bağlı cari arayışlar təqdim edilmiş, nəticədə dövlət büdcəsinə olan borc 5916,03 manat azalmış, ödəniş tapşırığı əsasında dövlət büdcəsinə xx.xx.2025-ci il tarixdə 1020,71 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2025-ci il tarixdə 2,33 manat, İcbari Tibbi Sığorta Fonduna xx.xx.2025-ci il tarixdə 0,42 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə olan 5281,96 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2,33 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,42 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2-2(113)-2051/2025 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.
6. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, məhkəmə ərizəni təmin etməməklə Maraqlı şəxs dövlət büdcəsinə ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən də göründüyü kimi Maraqlı şəxs xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 5281,96 manat, Dövlət Sosial Müdafiə Fonduna 2,33 manat olmaqla ümumilikdə 5284,71 manat məbləğində borcu olmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə 2024-cü il gəlir vergisi üzrə bəyannamə təqdim edərək cari vergi ödəmələrini azaltmışdır. Məhkəmə vergi ödəyicisi tərəfindən 2024-cü ilin gəlir vergisi üzrə vergi orqanına təqdim edilmiş bəyannaməni əsas kimi götürərək, təqdim edilmiş bəyannamə ilə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində vergi borcunun azalmasını vergi borcunun olmaması kimi qəbul edərkən Vergi Məcəlləsinin 37ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin borcun şəxsi hesab vərəqəsində azalma kimi göründüyünü, vergi ödəyicisi tərəfindən o qədər məbləğdə ödənişin olunmadığını diqqətindən qaçırmış, iş üçün mühüm əhəmiyyəti olan bu halları araşdırmamışdır. Göründüyü kimi qəbul edilmiş qərar məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
16. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, ərizə məhkəmənin icraatında olarkən Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclar tam ödənilmiş, 2024-cü ilin 1 – 3-cü rübləri ilə bağlı cari arayışlar təqdim edilərək dövlət büdcəsinə olan borc 5916,03 manat azaldılmış, ödəniş tapşırıqları ilə 1030,71 manat ödəniş edilmiş, nəticədə şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə olan borc 0 manat təşkil etmişdir.
21. Məhkəmə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə ərizə məhkəmənin icraatında olarkən Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclar tam ödənilmişdir. Vergi borcunun mövcud olduğu isə təsdiq olunmur. Belə ki, maraqlı şəxs tərəfindən 1030,71 manat ödəniş edildikdən və 2024-cü ilin 1-3-cü rübləri üçün cari bəyannamələr təqdim edildikdən sonra vergi ödəyicisinin dövlət büdcəsinə borcu şəxsi hesab vərəqəsində 0 manat olaraq əks olunmuşdur. Bu mənada hazırda ərizənin təmini üçün qanuni əsas – dövlət büdcəsinə və müvafiq fondlara olan borcu yoxdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.
23. Bu mənada nəzərə alınmalıdır ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və tədbirlərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.
24. Maraqlı şəxsin vergi orqanının bildirişlərinə biganə qalmayaraq ərizədə göstərilən vergi borcundan ödəniş etməsini, vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
25. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2-2(113)-2051/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.