Məhkəmə qərarları › İş №2-2(103)-493/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-493/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-493/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı zərərin tutulması barədə ilk və müqavilə üzrə borcun tutulması barədə qarşılıqlı iddia tələbi üzrə Açar söz: borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “zərərin tutulması və borcun silinməsi” tələbinə dair ilk, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçınə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 247/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə 07 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə satıcı hissə-hissə olmaqla alıcıya 2022-ci ilədək müxtəlif çeşiddə mallar təhvil vermişdir. Müqaviləyə malların qiyməti ilə bağlı xx.xx.2022-ci il tarixdə 01 saylı Əlavə imzalansa da mallar satıcı tərəfindən alıcıya həmin Əlavə imzalananadək təhvil verilmişdir.

2. Cavabdeh QSC və İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmiş üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə Cavabdeh QSC-yə olan qalıq borcu 1 145 341,99 manat təşkil edir.

3. İddiaçı MMC-nin direktoru X14 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış iltizamdan görünür ki, X14 xx.xx.2022-ci il tarixə Cavabdeh QSC-yə 1 145 341 manat borcun qaldığını qeyd etmiş, borcu hissə-hissə olmaqla xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda görünür ki, elektron qaimələrin tamamının vurulacağı qeyd olunmuşdur.

4. xx.xx.2020-ci il tarixli 07 nömrəli müqaviləyə 02 saylı əlavə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qrafikinə əsasən başlanğıc və sonuncu ödəniş tarixləri müvafiq olaraq xx.xx.2022 və xx.xx.2023-cü il tarixləri olmaqla 1 145 341,99 manat pulun hissə-hissə ödənilməsi razılaşdırılmışdır (Cavabdeh QSC və İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir).

5. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə 2020 və 2021-ci illərdə müxtəlif tarixlərdə elektron qaimələr təqdim olunmuşdur. Eyni zamanda görünür ki, xx.xx.2022-ci il tarixdə bir elektron qaimə təqdim olunmuşdur.

6. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə üzləşmə aktının tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı MMC-nin Cavabdeh QSC-yə 1 145 341,99 manat qalıq borcu olmuş, tərəflər borcun hissə-hissə olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək ödənilməsini razılaşdırmışlar.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə 1 000 000 manat, mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1632 manat olmaqla, ümumilikdə 1 002 032 manat pulun cavadehdən iddiaçının xeyrinə tutulması və iddiaçının Cavabdeh QSC-yə olan 678 023 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh QSC (həmin vaxt təşkilati-hüquqi forması MMC olmuşdur) arasında xx.xx.2020-ci il tarixində 07 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə gorə, Cavabdeh QSC müxtəlif adda gübrələri İddiaçı MMC-yə satmağı öz öhdəsinə götürmüşdür. Daha sonra məlum olmuşdur ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə verilmiş MAP FARGO, Fargo 18- 18-18, fargo 16-8-24, Humiks 40(25), fargo NPK-20-20-20+ME, Fully humix 40, Fargo MAP, NPK 15-30-15, fargo 20-20-20 adlı mallar keyfiyyətsiz (tam yararsız) olmuşdur. Ümumilikdə, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə 678 023 manat məbləğində keyfiyyətsiz mal verilmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə muraciət edilsə də, yaranmış problem həll edilməmişdir. İddiaçı MMC ilə əməkdaşlıq edən Cəmil Mirzəyevin sifarişi əsasında qeyd edilən gübrələrin bir qisminin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq laborator analizləri aparılmış və müəyyən edilmişdir ki, həqiqətən də qeyd edilən gübrələrin tərkibində əksiklik (uyğunsuzluq/çatışmazlıq) vardır. Cavabdeh QSC qeyd edilən gübrələrin idxalçısı və ölkə ərazisində tək rəsmi satıcısıdır. Buna görə də, hesab edirlər ki, baş vermiş hadisə şüurlu olaraq törədilib, yəni İddiaçı MMC aldadılaraq, onun külli miqdarda vəsaitinin mənimsənilməsi üçün keyfiyyətsiz mal satılmışdır. Lakin İddiaçı MMC buna baxmayaraq xoş niyyət göstərərək, xeyli müddətdir ki, problemi danışıqlar yolu ilə həll etməyə cəhd etmişdir. Cavabdeh şirkətə təklif edilmişdir ki, onlara qeyd edilən gübrələri satmış olan şirkətə qarşı birlikdə hərəkət olunsun. Cavabdeh bu təklifdən qəti imtina etmiş və buna görə də İddiaçı MMC-də, cavabdeh və ona qeyd edilən gübrələri tədarük edən firmanın (Bioland adlı şirkətin) əlbirliyi ilə hərəkət etdiyi fikri formalaşmışdır. Cavabdeh QSC-nin qeyd edilən hərəkəti, yəni bilərək keyfiyyətsiz gübrələri İddiaçı MMCyə satması nəticəsində, iddiaçının kommersiya nufuzuna zərbə dəymiş, müştərilər tərəfindən həmin malların keyfiyyəti barədə iddiaçıya iradlar bildirilmişdir. Hesab edirlər ki, Cavabdeh QSC tərəfindən 1 000 000 manat məbləğində kompensasiya ödənilməsi iddiaçının kommersiya nüfuzuna vurulmuş ziyanın əvəzi ola bilər.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 07 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 045 341,99 manat borc məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1312,67 manat pulun cavabdehdən alınıb Cavabdeh QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddianın faktiki əsası olaraq göstərilmişdir ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdehi mallarla təchiz etmiş, cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, aralarında yaranmış etibardan sui-istifadə etmiş, təhvil-təslim aktlarını imzalamamış, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Eləcə də malın təqdim edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən təqdim edilmiş mallara görə 1 145 341,99 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən borc etiraf edilsə də, indiyə qədər 100 000 manat ödənilmişdir. Qalan 1 045 341,99 manat borc isə hal-hazıradək ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş, cavabdehə ünvanlanmış pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. Pretenziya məktubundan uzun müddət keçməsinə baxmayaraq, bugünki günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-247/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1 035 manat 99 qəpik məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, İddiaçı MMC-nin borcun silinməsi tələbi, Cavabdeh QSC-nin borcun tutulması tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. İş materiallarında olan Cavabdeh QSC və İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmiş üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə Cavabdeh QSC-yə olan qalıq borcu 1 145 341,99 manat təşkil edir.

14. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı cavabdehin alqı-satqı müqaviləsi üzrə keyfiyyətsiz mal verdiyini qeyd etsə də, həmin halları sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir. İlk iddia üzrə iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi sənədlərin bir çoxu (Cəmil Mirzəyev adlı şəxsin sifarişi əsasında alınmış xx.xx.2022ci il tarixli gübrə nümunəsinin analiz nəticəsi, X5 tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildiriş, X4 verilmiş 411 000 manat dəyərində malların dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli akt, X5 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli yazılı xəbərdarlıq, X5 ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq razılaşması, Mahir Hacıyevin ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya və onunla bağlanmış xx.xx.2022-ci il tarixli barışıq razılaşması) üzləşmə aktının (xx.xx.2022) və ödəniş qrafikinin (xx.xx.2022) tərtib olunduğu tarixdən əvvəlki dövrə aid sənədlərdir və ilk iddiaçı üzləşmə aktında mövcud borcunu təsdiqləməklə, ödəniş qrafikində isə həmin borcun ödənilməsi müddətlərini razılaşdırmaqla öz iradə ifadəsini bildirmişdir.

15. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qeyd olunan sənədin hədə-qorxu ilə imzalandığını bildirsə də, həmin halları sübut edəcək mötəbər sübut təqdim edə bilməmiş, izahatında bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmədiklərini bildirmişdir. Məhkəmə qeyd olunan halları, eyni zamanda xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixləri olmaqla 3 dəfəyə üzləşmə aktının, iltizamın, ödəniş qrafikinin ilkin iddiaçı tərəfindən təsdiqləndiyini nəzərə aldıqda hesab edir ki, ilk iddiaçının bu mülahizəsini əsassız hesab etmişdir.

16. İlk iddia üzrə iddiaçı alınan ümumi malların dəyərini, keyfiyyətsiz olduğunu qeyd etdiyi malların nə vaxt alındığını məhkəməyə dəqiq bildirməmiş, bununla bağlı məhkəmənin suallarına cavab verə bilməmişdir. Gübrələrin 2020-ci ildən başlayaraq hissə-hissə alındığını, sonuncu dəfə alındığı vaxtdan 1 ildən çox müddət keçdiyini və ilkin iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət olunanadək malların keyfiyyəti ilə bağlı cavabdehə müraciət edildiyini təsdiqləyən hər hansı sənəd təqdim etmədiyini, əksinə malların təhvil verildiyi sonuncu tarixdən 1 ilə yaxın müddət keçdikdən sonra borcunu təsdiqlədiyini nəzərə aldıqda məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsassızdır.

17. İlk iddiaçı təqdim etdiyi sənədlərdə adları qeyd olunan şəxslərə mallar satmasını, həmin malların məhz Cavabdeh QSC tərəfindən iddiaçıya satılan mallar olmasını, malların keyfiyyətsiz olmasını, həmin mallardan istifadə olunması nəticəsində həmin şəxslərə ziyan dəyməsini və s. halları təsdiqləyəcək mötəbər sübut təqdim etməmiş, təqdim olunan sənədlərdə isə ziddiyyətlər olmuşdur (X5 ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda 411 000 manat dəyərində keyfiyyətsiz gübrənin həmin dəyərdə gübrə ilə dəyişdirildiyi qeyd olunsa da, həmin şəxslə xx.xx.2022-ci il tarixdə imzalanmış barışıq razılaşmasında şirkətin 411 000 manat dəyərində gübrə verməli olduğu qeyd olunmuşdur və s.).

18. İlk iddiaçının sübut qismində Cavabdeh QSC tərəfindən “X12” Şirkətinə ünvanlanmış pretenziya məktubu və ona əlavə olunmuş sənədləri təqdim etmişdir. Həmin pretenziya məktubunda Cavabdeh QSC 173323,43 dollar dəyərində keyfiyyətsiz malların təqdim olunduğunu qeyd etmiş, bununla bağlı sənəd əlavə etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflərin təsdiqlədiyi üzləşmə aktına əsasən 318 147,01 manat dəyərində gübrə ilkin iddiaçı tərəfindən cavabdehə qaytarılmışdır ki, həmin məbləğ yuxarıda qeyd olunan pretenziya məktubunda göstərilən məbləğə yaxın məbləğ təşkil edir.

19. Məhkəmə qeyd etmişdir ki, borcun silinməsinə dair ilk iddia tələbinin hüquqi əsası kimi çıxış edən normaların dispozisiya şərtləri mövcud deyildir. Belə ki, ilk iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona təqdim olunmuş gübrələrin keyfiyyətsiz olduğunu, bunun alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir.

20. Mülki Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.

21. Məhkəmə kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə 1 000 000 manat tələbi ilə bağlı qeyd etmişdir ki, ilk iddiaçı qeyd olunan tələbi ona cavabdeh tərəfindən keyfiyyətsiz malların verilməsi ilə əlaqələndirmişdir ki, həmin tələbin əsasında duran hal, yəni keyfiyyətsiz malın verilməsi təqdim olunmuş sübutlarla öz təsdiqini tapmamış, ilk iddiaçı kommersiya və biznes nüfuzuna vurulmuş ziyanın ödənilməsi tələbini formal mülahizələrlə əsaslandırmışdır. Buna görə də, məhkəmə hesab edir ki, ilk iddia kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə pulun tutulması tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir.

22. Məhkəmə qeyd etmişdir ki, borcun silinməsinə dair ilk iddia tələbinin hüquqi əsası kimi çıxış edən normaların dispozisiya şərtləri mövcud deyildir. Belə ki, ilk iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona təqdim olunmuş gübrələrin keyfiyyətsiz olduğunu, bunun alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir.

23. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının hissə-hissə olmaqla cavabdehə malları təhvil verildiyini, tərəflərin xx.xx.2022-ci il tarixə 1 145 341,99 manat borcun olduğunu üzləşmə aktı ilə təsdiqlədiyini, həmin məbləğdən 110 000 manat ödənildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 1 035 341,99 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq qarşılıqlı iddia tələbi qismən əsaslıdır və ödənilməmiş 1 035 341,99 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-yə ödənilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

24. İlk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-247/2023 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, ilk iddia üzrə iddiaçı tərəfindən vəsatət verilərək şahidlər Qədimov Sakit, Hacıyev Mahir, İlham Salamov, Hacıyev Elçin adlı şəxslərin dindirilməsi xahiş edilmişdir. X2 CavabdehQSC tərəfindən keyfiyyətsiz gübrə verilməsinə şahid olduğu bildirilmişdir. X3 iş materiallarında olan üzləşmə aktlarını, iltizamları və sair sənədləri "xxxx" MMC-inin baş ofisində aldatma, hədələmə, yanıltma, qorxutma, yalan vəd vermə kimi vasitələrlə "xxxx" MMC-inin direktoru X13 imzalamağa məcbur edildiyinə, həmçinin "xxxx" QSC-nin verdiyi gübrələrin keyfiyyətsiz olmasına şahid olmuşdur. X5, keyfiyyətsiz gübrələrdən zərər görmüş təsərrüfat sahibidir. O, Fargo, humiks və s. markalı gübrələrin keyfiyyətsizliyinə şahid olmuşdur. X6, həmçinin "Sara Qrup QSCinin təmin etdiyi gübrələrin keyfiyyətsiz olmasına görə təsərrüfatı zərər görmüş sahibkarlardandır. Bütün bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. "xxxx" MMC-nin direktoru X14 və X12 şirkətinin səlahiyyətli işçisi X11, X12 şirkətinin sahibi X15 adlı şəxslərlə, həmçinin "xxxx" QSCinin yeni müdiri Qanuni nümayəndəla telefon danışıqları, WhatsApp messenceri vasitəsi ilə səsli mesajlarını CD halında xx.xx.2023-cü il tarixində məhkəmə iclasında təqdim edilmişdir. Məhkəmə həmin sübutları araşdırmamış, onlara düzgün qiymət verməmişdir. Bakı Kommersiya Məhkəməsi iş üçün əhəmiyyətli halların sübut edilmədiyini diqqətə almamışdır. Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Bakı Kommersiya Məhkəməsində hakim prosessual pozuntuya yol vermişdir. Hakim verilmiş vəsatətləri, həmin vəsatətlər işin obyektiv araşdırlması üçün xüsusi əhəmiyyət kəsb etməsinə baxmayaraq, rədd etmişdir. Məhkəmə, qətnaməsinin 35-ci bəndində X5 ilə imzalanmış, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli sənədlər arasında guya ziddiyyət olduğunu qeyd etmişdir. Halbuki, iş materiallarının arasında olan və X5 tərəfindən İddiaçı MMC-inə ünvanlanmiş ziyan vurulmasi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq hər şeyi izah edir, Sakit Qədimovun ünvanladığı pretenziyadan sonra, tərəflər barışıq sazişi imzalamışlar. Məhkəmə isə bu xüsusatlara qərəzli yanaşmışdır. Qətnamənin 40-ci bəndi işin hallarına uyğun deyil. Qətnamənin 36-cı bəndində qeyd edilmişdir ki, işin hallarına görə, CavabdehQSC “X12” Şirkətinə ünvanladığı pretenziya məktubu ilə 173323,42 ABŞ dolları məbləğində keyfiyyətsiz mal təqdim edildiyini bildirmişdir. Həmçinin, Cavabdeh QSC-inin nümayəndəsi də keyfiyyətsiz malların aktla geri alındığını etiraf etmişdir. Bununla da CavabdehQSC-nin keyfiyyətsiz mal verməsi sübut olunmuşdur

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

27. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

28. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını (587.1.1), əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını (587.1.2), əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (587.1.3) tələb etsin. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (587.2.), lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (587.2.2). 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddə- işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddə-məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

29. Qətnamə ilk iddia üzrə iddiaçı tərəfindən ilk iddianın rədd edildiyi, qarşılıqlı iddianın təmin edildiyi hissədə mübahisələndirilir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-247/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 07 nömrəli alqı-satqı müqaviləsi əsasında alıcıya 2022-ci ilədək mallar (gübrə) satılmış, tərəflər arasında təsdiq edilmiş üzləşmə aktı ilə İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə Cavabdeh QSC-yə 1 145 341,99 manat borcu olduğunu qəbul etdiyindən birinci instansiya məhkəməsi həmin borcun tutulması hissəsində qarşılıqlı iddianı təmin etmişdir. Üzləşmə aktndan görünür ki, borcun 1.001.535 manat və 467754 manat hissəsi xx.xx.2021-ci il tarixədək yaranmışdır.

32. İddiaçı MMC apellyasiya şikayətində üzləşmə aktının qanuni təmsilçi Ömər Faruk tərəfindən hədə təsiri altında imzalandığını qeyd etsə də, bu hal sübutlarla (hədə təsiri altında aktı imzalamağa məcbur edilməsi ilə bağlı qanuni təmsilçi hüquq mühafizə orqanlarına müraciət etməmişdir) təsdiq edilməməklə yanaşı işdə olan digər sübutlarla bu mülahizənin həqiqətə uyğun olmadığı müəyyən olunur. Belə ki, iş materiallarının 87-ci vərəqinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qrafikdən və iş materiallarının 167-ci vərəqinə əlavə edilmiş iltizamdan görünür ki, İddiaçı MMC-nin direktoru 1.145.341 manat borcu xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə üzləşmə aktında 318147 manat dəyərində malın geri qaytarıldığı qeyd edilərək həmin malın dəyəri ödənilməli olan borcdan çıxılmışdır. Əgər apellyatorun qeyd etdiyi kimi, qarşı tərəf hədə-qorxu gəlməklə hüquqi şəxsin qanuni təmsilçisi Ö.Faruka real borcdan artıq borc sənədinə qol çəkdirmək niyyətində olsaydı geri qaytarılan malların dəyərini borcdan çıxmaz, Ö.Faruk isə üç fərqli tarixdə tərtib edilmiş sənədləri (üzləşmə aktı, iltizam, ödəniş qrafiki) imzalamazdı.

33. Məhkəmə satın alınmış gübrənin bir hissəsinin keyfiyyətsiz olması barədə İddiaçı MMC-nin təqdim etdiyi analiz nəticələri və digər sənədlərlə (Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli baxış aktı və s) bağlı qeyd edir ki, satılmış gübrənin keyfiyyətsiz olduğu iddia edilən 318147 manat dəyərində hissəsi alıcı tərəfindən geri qaytarılmış, bu fakt hər iki tərəfin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli üzləşmə aktında öz əksini tapmışdır. Üzləşmə aktı tərtib edildikdən sonra İddiaçı MMC-yə gübrə satılmadığı, gübrənin keyfiyyəti ilə bağlı analiz nəticəsinin və ilkin iddia üzrə iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi digər sənədlərin (X5 tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildiriş, X4 verilmiş 411 000 manat dəyərində malların dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli akt, X5 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli yazılı xəbərdarlıq, X5 ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq razılaşması, Mahir Hacıyevin ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya və onunla bağlanmış xx.xx.2022-ci il tarixli barışıq razılaşması) xx.xx.2022-ci il tarixədək (üzləşmə aktı tərtib edilənədək) tərtib edildiyi nəzərə alınarsa keyfiyyətsiz malın dəyərinin 678023 manat olduğuna dair İddiaçı MMC-nin mülahizəsinin əsassız olduğu müəyyən olunur.

34. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə maddi zərər və işgüzar nüfuzuna zərər vurulduğu mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, İddiaçı MMC-nin birinci instansiya məhkəməsinə təqdim etdiyi X5 ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda həmin şəxsə təqdim edilmiş 411.000 manat dəyərində keyfiyyətsiz gübrənin İddiaçı MMC tərəfindən dəyişdirildiyi qeyd edildiyi halda ilk iddia üzrə iddiaçının özü tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş xx.xx.2022-ci il tarixli Xaçmaz rayon Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, S.Qədimov İddiaçı MMC-dən aldığı 411.000 manat dəyərində gübrəni suda həll edərək ağacların dibinə verdiyini, gübrənin keyfiyyətindən narazı olduğunu və bu barədə məluat verdiyini, hazırda İddiaçı MMC-yə 411.000 manat borcu olduğunu bildirmiş, verilən məhsulun dəyişdirildiyini göstərməmişdir. Dəyişdirmə qüsurlu məhsul fiziki cəhətdən mövcud olduğu halda baş verə bilər. Şahidin cinayət təqibi orqanına verdiyi ifadədən göründüyü kimi, satın aldığı gübrə istifadə edildiyi üçün onun dəyişdirilməsi faktiki cəhətdən mümkün ola bilməzdi. S.Qədomov və İddiaçı MMC-dən gübrə aldığını qeyd edən M.Hacıyev adlı şəxs ifadələrində İddiaçı MMC ilə aralarında barışıq sazişi bağlandığına istinad etməmişlər. 35.Apellyasiya instansiyası mərhələsində təqdim edilmiş Türkiyə Respublikasında baxılan Cavabdeh MMC ilə “X12” şirkəti arasındakı məhkəmə mübahisəsi üzrə mediasiya təşilatına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun İddiaçı MMC-yə birinci instansiya məhkəməsində hazırlıq mərhələsi bitdikdən sonra təqdim edildiyi barədə sübut olmadığından həmin məktub MPM-nin 372.2-ci maddəsinə əsasən apellyasiya instansiyası mərhələsində təqdim edlmiş yeni sübut kimi qəbul edilməmiş, yeni sübutların toplanması ilə bağlı verdiyi vəsatət təmin edilməmişdir. 36.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 247/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İlk iddia üzrə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-247/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar