Məhkəmə qərarları › İş №2-2(103)-495/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-495/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-495/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-316/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı QSC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 manat məbləğində əsas borcun və qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsinə müvafiq ödəniş gününə hesablanmış faizin tutularaq, iddiaçının bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında 01 noyabr 2019-cu il tarixində bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı öz mülkiyyətində olan ünvan 1a küçəsi, 55 saylı ev ünvanında yerləşən 17, 18 və 19 saylı, ümumi sahələri 519 kv. metr olan ofisləri hər ay 11.000 manat ödəmək şərti ilə 11 ay müddətinə cavabdehə icarəyə vermişdir. Cavabdeh 30 aprel 2020-ci il tarixində icarə obyektini iddiaçıya təhvil verməklə icarə müqaviləsinə xitam vermişdir. Aprel ayı üçün 11.000 manat məbləğində icarə haqqının ödənişi üçün ona hesab-faktura göndərilmiş, lakin ödəməkdən imtina etmişdir. Halbuki, müqavilənin 5.2-ci bəndi ilə aylıq icarə haqqını hər ayın 5-dək qəbul edilmiş hesab-faktura əsasında iddiaçının bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. Bakı Kommersiya Məhkəməsinin e- e-2-2(113)-316/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh “xxxx” ASC-dən 11.000,00 manat məbləğində icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməsi qət olunmuşdur. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı icarə müqaviləsinin 1.2-ci maddəsində göstərilən əmlakı müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində həmin müqavilənin 5.1-ci maddəsində qeyd olunan hər ay müvafiq vergilər daxil olmaqla icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin 5.1-ci maddəsində göstərilən icarə haqqı “xxxx” ASC tərəfindən mart ayı üçün nəzərdə tutulan ödəniş də daxil olmaqla gecikdirilmədən vaxtında ödənilmişdir. Qətnamədə qeyd olunan təhvil-təslim aktı icarəyə verənin səhlənkar hərəkətləri, daha dəqiq, icarəyə verənin təhsil-təslim prosesində iştirak etməkdən boyun qaçırması nəticəsində 30.04.2021-ci il tarixdə imzalanmışdır. Çünki, buna qədər “xxxx” ASC tərəfindən 13.03.2020-ci il tarixli, AS-20/560 saylı məktubla icarə müqaviləsinin 31.03.2021-ci il tarixdən ləğv edilməsi barədə İddiaçı QSC-yə məlumat verilmişdir. Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan spublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən Azərbaycan Respublikası ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən Karantin rejimi elan olunmuşdur. Cəmiyyət Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən 24 mart 2020-ci il tarixdən 18 may 2020-ci il tarixədək normal vaxtlarda olduğu kimi fəaliyyət göstərməmişdir. Əlavə olaraq aprel ayının ilk 5 günündə ölkə ərazisində yayılmaqda olan koronavirus (COVİD- 19) pandemiyasına baxmayaraq, cəmiyəti müqavilə üzrə öhdəliklərinə tam ciddi yanaşaraq əmlaklarını qeyd olunan ofislərdən çıxarmışdır. Bu halı yükdaşıma şirkətləri ilə olan müqavilələr də təsdiq edir. Göründüyü kimi aprel ayında cəmiyyət tərəfindən icarə müqaviləsinin obyekti olan mənzillər faktiki olaraq istismar edilməmiş və sadəcə icarəyə verənin məsuliyyətsiz hərəkətləri nəticəsində icarə müqaviləsinə xitam verilməmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi F.Hüseynli apellyasiya şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 20 may 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi Vəkil apellyasia şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, 01 noyabr 2019-cu il tarixində tərəflər arasında icarə müqaviləsinin bağlandığı və həmin müqavilənin 1.2-ci və 5.1-ci bəndlərinə müvafiq olaraq, iddiaçı tərəfindən cavabdehə mülkiyyətində olan ünvan 1a küçəsi, 55 saylı ev ünvanında yerləşən 17, 18 və 19 saylı, ümumi sahələri 519 kv. metr olan mənzillərin, 11.000 manat aylıq icarə haqqı ilə 11 ay müddətinə icarəyə verildiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. İcarə müqaviləsinin 6.4-cü bəndi nəzərədə tutur ki, tərəflərdən hər biri digər tərəfi 1 (bir) ay əvvəl yazılı formada xəbərdar etməklə müqaviləni birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Cavabdehin apellyasiya şikayətində mübahisələndirir ki, iddiaçıya (icarəyə verənə) göndərilmiş, icarə müqaviləsinin 31.03.2021-ci il tarixdən etibarən ləğvinə dair 13.03.2020ci il tarixli bildirişə əsasən iddiaçı həmin tarixdə icarə obyektinin təhvilindən boyun qaçırmasının nəticəsi olaraq təhvil-təslim aktı 30.04.2021-ci il tarixində imzalanmış, faktiki olaraq həmin ayda (aprel) obyekt istismar edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi ona görə ki, iş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin icarəçi (abunəçi) “xxxx” ASC-yə təqdim etdiyi 07/84-365 saylı 10.04.2020-ci il tarixli hesabfakturaya əsasən müəyyən olunur ki, 08.03.2020-ci il tarixdən 08.04.2020-ci il tarixədək olan müddət üçün abunəçi “xxxx” ASC-yə istehlak olunan elektrik enerjisinə görə 656,10 manat məbləğində borc məbləği hesablanmışdır. Bu da ən azından onu deməyə əsas verir ki, 08.04.2020-ci il tarixinədək cavabdeh icarə obyektində fəaliyyəti mövcud olmuşdur. İkinci bir tərəfdən, tərəflər icarə müqaviləsində icarə obyektlərinin təhvil-təsliminin aşağıdakı qaydası barədə razılığa gəlmişlər. 2.1. İcarə obyekti təhvil-təslim aktına əsasən icarəyə verən tərəfdən icarəçiyə təhvil verilir. 2.2.Təhvil-təslim aktı icarəyə verən və icarəçi və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanır və tərəflərin möhürü ilə təsdiq olunur. 2.3 Müqavilə ləğv edildikdən sonra icarə obyektinin icarəçi tərəfindən icarəyə verənə geri qaytarılması müqavilənin 2.1-ci və 2.2-ci bəndləri ilə müəyyən olunan şərtlərlə və qaydaa həyata keçiriləcəkdir. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən “31.03.2021-ci il tarixdən etibarən icarə müqaviləsini vaxtından əvvəl ləğv etməsi barədə” iddiaçıya 13.03.2020-ci il tarixli bildiriş göndərilsə də, icarə obyekti sonuncuya, icarə müqaviləsinin 2.3-cü bəndinin şərtinə müvafiq qaydada, yəni, hər iki tərəfin imzalayıb möhürü ilə təsdiq olunmuş təhviltəslim aktı ilə 30.04.2020-ci il tarixində təhvil verilmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 697.2-ci maddəsi isə nəzərədə tutur ki, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Göründüyü kimi, Məcəllənin 697.2-ci maddəsinin qeyd olunan tələbi baxımından, iddiaçı icarə obyekti olan mənzillər qaytarılanadək olan müddət üçün cavabdehdən icarə haqqını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi, məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən edilən hallara uyğun olaraq və maddi hüquq normaları düzgün tətbiq edilməklə, iddianın təmin olunması və 2020-ci ilin aprel ayına görə cavabdehdən iddiaçının xeyrinə 11000 manat məbəlğində icarə haqqının tutülması barədə gəldiyi nəticə mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, sübutlarla əsaslandırılmayan, icarə oöbyektinin təhvil-təslimindən iddiaçının yayındığını, pandemiya səbəbindən icarə obyektindən faktiki olaraq istifadə etmədiyini və s. bu kimi dəlillərini formal xarkterli dəlillər kimi qiymətləndirir. MPM-in 382.2-ci maddəsi isə nəzərdə tutur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-316/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən (iddianın təmin edilən) hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-316/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən (mübahisələndirilən hissədə) saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar