Məhkəmə qərarları › İş №2-2(103)-496/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-496/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-496/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayədəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-520/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC (əvvəlki adı “X3” MMC) arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür . Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 6229,11 manat əsas borc və 300 manat (120 vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) hüquqi yardım xərcinin, 110 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 193.373,99 manat mal mübadiləsi olmuşdur. Cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktları əsasında 7389,55 manat mal verilmiş, lakin həmin malların dəyərindən yalnız 1160,44 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən malların təhvil-qəbul aktları üzrə verilmiş malların dəyərindən ümumilikdə 6229,11 manat ödənilməmişdir.

4. Cavabdeh MMC birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-520/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə mallar alıcıya təhvil verilməmiş və süni borc yaradılmışdır. Həmçinin təqdim edilmiş üzləşmə aktının kim tərəfindən imzalanması və təsdiqlənməsi bəlli deyildir. Həmin sənədin əsli məhkəməyə təqdim edilməlidir. Eyni zamanda iddiaçının istinad etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olsa da, müqavilə onun tərəfindən imzalanmamışdır. Bu səbəbdən məhkəmə-xətşünaslıq ekspertizası keçirilməli və müqavilənin kim tərəfindən imzalanması araşdırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayədəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

12. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanaraq hazırki iddianı irəli sürmüşdür.

20. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.

21. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.

22. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

23. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli HBN/7 952559, HBN/7 952558 və HBN/7 952560 seriya və nömrəli malların təhvil qəbul aktlarına əsasən (həmin aktların “digər alış sənədləri” qrafasında sön ödəmə tarixi olaraq xx.xx.2022ci il göstərilmiş, ********** nömrəsi əks olunmuşdur) cəmi ƏDV daxil 5860,95 manat və xx.xx.2022-ci tarixli HBN/7 952557 seriya və nömrəli malların təhvil qəbul aktına əsasən (həmin aktların “digər alış sənədləri” qrafasında sön ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmiş, ********** nömrəsi əks olunmuşdur) cəmi ƏDV daxil 1528,60 manat dəyərində mal cavabdehin Memar Əcəmi filialının ştampı vurulmaqla qəbul edilmişdir.

24. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCG 787345 seriya və nömrəli elektron qaimə (“təsdiqləndi” statusunda, “əsas” qrafasında ********** nömrəsi qeyd edilmiş) ƏDV daxil olmaqla 5860,95 manat, xx.xx.2022-ci il tarixli EBCG 787344 seriya və nömrəli elektron qaimə (“təsdiqləndi” statusunda, “əsas” qrafasında ********** nömrəsi qeyd edilmiş) ƏDV daxil olmaqla 1528,60 manat olmaqla ümumilikdə 7389,55 manat məbləğində malın cavabdehə təqdim edilməsi üçün rəsmiləşdirilmişdir.

25. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC ilə mal dövriyyəsinin ümumi məbləği 193.373,99 manat olmuş, xx.xx.2022-ci il tarixli ********** və ********** nömrəli fakturalar əsasında 7389,55 manat borc yaranmış, həmin borc üzrə xx.xx.2022-ci il tarixdə 1160,44 manat ödəniş edilmiş, qalıq borc məbləği 6229,11 manat təşkil edir.

26. Beləliklə, qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin cəmi məbləği 7389,55 manat, ödənişlərin cəmi məbləği isə 1160,44 manat təşkil edir.

27. Kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi.

28. Lakin hazırki işdə bu hal mövcud deyil, əksinə iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmiş 2 ədəd elektron qaiməni cavabdeh özü təsdiq etmiş və ən əsası cavabdeh qismən ödənişlər etmişdir.

29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək cəmi dəyəri 7389,55 manat təşkil edən malların cavabdehə təhvil verildiyini sübuta yetirə bilmişdir.

30. Cavabdeh isə üzərinə düşən vəzifəni yerinə yetirə bilməmiş və 1160,44 manat məbləğində ödənişdən əlavə məbləğin ödənildiyini sübuta yetirə bilməmişdir.

31. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən ümumilikdə 6229,11 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (7389,55-1160,44=6229,11).

32. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh həm müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasına istinad edir, həm də təhvil-təslim aktlarını mübahisələndirir. Kollegiya qeyd edir ki, xx.xx.2021-ci il alqı-satqı müqaviləsi cavabdehin (əvvəlki adı “X3” MMC) möhürü ilə, təhvil-qəbul aktları isə Memar Əcəmi filialının ştampı ilə təsdiq edilmiş, lakin cavabdeh həmin möhür və ştampı mübahisələndirməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-520/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Cavid Hüseyn

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar