Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-497/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-215/2021 saylı 02.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus 86,230.18 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 86,260.18 manat olan pul məbləğinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “Tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış 27 may 2019-cu il tarixində 3555/20 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını alıcı Cavabdeh MMC-yə satmağı, sonuncu həmin məhsulları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüş, lakin sonuncu həmin öhdəliyini lazımınca yerinə yetirməmiş, aldığı müxtəlif çeşidli məhsulların 86.230,18 manat məbləğində dəyərini satıcıya ödəməmişdir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinə 1 saylı Əlavə üzrə tərtib edilmiş 27.05.2019-cu il tarixli “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən cavabdeh malların dəyərinin 15000 manat hissəsini 15.02.2020-ci il tarixinədək, 25000 manat hissəsini 30.04.2020-ci il tarixinədək, qalan 46,230.18 manat hissəsini isə 30.07.2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürsə də bu öhdəliklərin icra etməmiş, bu günədək heç bir ödəniş həyata keçirməmişdir. İddiaçı tərəfindən yazılı qaydada müraciət olunsa da, cavabdeh borcunu qaytarmaq niyyətində deyil.İddiaçı Mülki Məcəllənin 567,598 və 600-cü və s. maddələrinə istinadən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 86,230.18 manat borc məbləği və 30 manat dövlət rüsumu, cəmi 86,260.18 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin mahiyyəti üzrə nəzərə alınmalı olan və bütün məsələlər nəzərə alınaraq, ödənilməli borc məbləğini yenidən hesablanması və bu barədə yeni qətnamə qəbul edilməsini ödənilmiş dövlət rüsumunun tərəflər arasında yeni qətnaməyə uyğun olaraq bölüşdürülməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “Qətnamə bir sıra maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması nəticəsində qəbul olunmuşdur. Belə ki; 1) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Cavabdeh, 19 Fevral 2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında səhhətində yaranmış problemə görə iştirak edə bilməmiş və bu barədə məhkəməyə müvafiq bildirişi göndərmişdir. Məhkəmə isə, növbəti iclası yalnız 11 gün sonraya yəni, 02 Mart 2021-ci il tarixinə təxirə salmışdır. Bu fakt ilə əlaqədar olaraq bildirmək istəyirik ki, Cavabdehin səhhətində yaranmış problemdə Covid-19 virusunun əlamətləri olmasına görə ən azı 14 gün müddətində evdən çıxmamış və ev şəraitində müalicə almışdır. Buna görə də 02 Mart 2021-ci il tarixdə olan məhkəmə iclasında iştirak edə bilməmişdir. Aşağıda qeyd olunan hallara görə, cavabdehin işlə bağlı açıqlamaları və ya ən azından yazılı izahatı məhkəmənin işinin ədalətli həlli üçün vacibdir. 2) Məhkəməyə qədər olan proses işin hallarından da göründüyü kimi bir çox faktları özündə birləşdirir. Tərəflər arasında müxtəlif danışıqlar və razılaşmalar olmasına baxmayaraq iddiaçı yalnız özünün xeyrinə olan açıqlamalar verərək, məhkəmənin məsələni ətraflı araşdırmasına mane olmuşdur. Qeyd olunmalı əsas məsələlərdən biri borcun məbləği ilə əlaqədardır. Belə ki, borc məbləği, 86,230.18 manat kimi qeyd edilmiş və bu məbləğdə cavabdehin bank hesabına həbs qoyulmuşdur. Halbuki, iddia olunan məbləğin 18% hissəsi ƏDV ödənişidir və bu məbləğin ödənişi cavabdehin bank hesabından tutula bilməz. İddia təmin olunduğu təqdirdə bu məbləğ, cavabdehin ƏDV depozit hesabından ödənilməlidir. 3) İşin ədalətli həlli üçün vacib olan və mütləq araşdırılmalı olan məsələ isə, tərəflər arasındakı çəkişmənin hansı səbəbdən yaranması və məhkəməyə müraciət olunmasıdır. Tərəflər bundan əvvəl qarşılıqlı şəkildə uzunmüddətli biznes əlaqələrinə sahib olmuşdurlar. 2019-cu ildə Bakı şəhərində keçirilmiş Avropa Liqasının final görüşündə (Çelsi- Arsenal komandaları arasında baş tutmuşdur) müxtəlif qida vasitələrinin satışı üçün tərəflər arasında 200 000 manat məbləğində məhsulların alınması üçün razılaşma əldə olunmuş və həmin məhsullar cavabdehə təqdim olunmuşdur. Lakin, məhsulların bir çoxu müxtəlif səbəblərdən (qüsur, uyğunsuzluq və s.) satılmamış, təhvil-təslim aktlarında ciddi problemlər olmuş, ödəniş sənədləri düzgün tərtib olunmamış və qaimələr vaxtında göndərilməmişdir. Məhkəmə sənədlərində də göründüyü kimi, 2019-cu ilin may ayında keçirilmiş qarşılaşma və satılmış mallar üçün 2020-ci ilin fevral ayında qaimələr göndərilmişdir. Bunun səbəbi isə iddiaçının iş proseduruna məsuliyyətsiz yanaşması və qiymətləri əsassız olaraq qaldırması olmuşdur. Məsələnin həlli üçün tərəflər uzunmüddətli danışıqlar aparmış və məhsulların bir çoxu geri qaytarılmışdır. Tərəflər, 2020-ci ildə Azərbaycanda keçirilməsi planlanan Futbol üzrə Avropa Çempionatının görüşlərində də birgə iştirak edəcəkləri üçün, aralarında olan maliyyə problemlərinin həmin dövrdə qarşılıqlı şəkildə həllinə ümid etmişdirlər. Lakin, pandemiya səbəbindən bu görüşlər təxirə salınmış və iddiaçı yalnız bundan sonra qaimələri 2020-ci ilin 13 Fevral tarixində (bütün qaimələri eyni vaxtda) göndərmişdir və daha sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə, İddiaçı məhkəmədə düzgün və işə uyğun olmayan məlumatlar vermişdir. Misal üçün Cavabdeh MMC-nin cari adı X6 kimi qeyd olunmuşdur. Bu yanaşma düzgün deyildir, çünki, əvvəllər də iddiaçı dəfələrlə Bakı Olimpiya Stadioununa göndərdiyi bütün məhsulları cavabdehin adına qeyd etmiş, lakin qarşılıqlı danışıqlar nəticəsində bu məsələlər həll olmuşdur. Təhvil verilmiş malların dəqiq siyahısının olmaması faktı da bir daha işin daha ətraflı araşdırılmasını vacib edir. Bütün qeyd olunanlar ətraflı araşdırılmamış və cavabdehin işlə bağlı izahatını əldə etməmiş qeyd olunan məsələ ilə bağlı ədalətli qətnamə çıxarılması mümkün deyildir...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Allahverdiyev cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnamədə iş materiallarına əsasən müəyyən etmişdir ki, “tərəflər arasında bağlanmış 27 may 2019-cu il tarixli, 3555/20 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 86,230.18 manat təşkil edən mallar satılmış, bununla da iddiaçı həmin müqavilə və razılaşma protokoluna əsasən öhdəliyini icra edərək malları cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Belə ki, 03 iyun 2020-ci il tarixdə, cavabdeh İddiaçı MMC-nin baş mühasibi X4 ilə Cavabdeh MMC-nin direktoru X2 iştirakı ilə tərtib edilmiş 27.05.2019-cu il tarixli 3555/20 nömrəli alqı-satqı müqaviləsi üzrə qarşılıqlı üzləşmə aktına əsasən hər iki tərəfin nümayəndəsi Cavabdeh MMC-nin ödənilməmiş borc məbləğinin 86,230.18 manat təşkil etməsi faktını təsdiqləmişdir. Daha sonra məhkəmə qanunvericiliyin normalarını (Mülki Məcəllənin 385.1, 386.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4) nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 86,230.18 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir...” Məhkəmə kollegiyası məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən görünür ki, 27 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə həmin müqaviləyə 1 saylı Əlavə üzrə “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən iddiaçı tərəfindən 13.02.2020-ci il tarixli EBAG seriyalı: -357011 saylı e-qaimə üzrə 15.000,11 manat; - 357016 saylı e-qaimə üzrə 25.000,00 manat; -3570143 saylı e-qaimə üzrə 46.230,00 manat - cəmi 86,230.18 manat dəyərində mallar göndərildiyi və onları qəbul etdiyi mübahisələndirilmir. Süzgedən “Qiymətlərin razılaşdırılması protokolu”nda isə tərəflər belə razılığa gəlmişlər ki, ümumi dəyəri 1073.22 manat təşkil edən 1731 ədəd Napitok Bizon 0,25 lt (1x24), ümumi dəyəri 655.96 manat təşkil edən 1058 ədəd X8 0,25 lt (1x24), ümumi dəyəri 79650 manat təşkil edən 31860 ədəd Amstel 0,45 lt (1x24) və ümumi dəyəri 4851 manat təşkil edən Heineken 0,33 lt(1x24) manat olmaqla, cəmi, 86.230,18 manat məbləğində olan malların dəyəri aşağıdakı qaydada ödənilir: 2.1. ƏDV daxil olmaqla, 15.000,00 manat -15.02.2020-ci il tarixinədək; 2.2. ƏDV daxil olmaqla, 25.000,00 manat -30.04.2020-ci il tarixinədək; 2.3. ƏDV daxil olmaqla, yerdə qalan 46,230.18 manat -30.07.2020-ci il tarixinədək ödənilməlidir. İş materiallarına əsasən isə cavabdehin həmin müqavilə öhdəliyinə əməl etdiyi müəyyən olunmur. Onun apellyasiya şikayətindən isə göründüyü kimi, dolayısı ilə, futbol üzrə Avropa çempionatı görüşlərinin keçirilməsində yaranmış problemlər, habelə, pandemiya ilə əlaqədar əmələ gəlmiş maliyyə problemlər üzündən, həmin malların dəyərinin ödənilmədiyi etiraf olunur. Mülki Məcəllənin 600.1-ci maddəsi nəzərdə tutur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Lakin “Qiymətlərin razılaşdırılması protokolu”nun qeyd olunan şərtlərində ngöründüyü kimi, cavabdeh üç hissədə iddiaçıya olan, cəmi, 86.230,18 manat məbləğində borcunu - 30.07.2020-ci il tarixinədək ödəyib başa çatdırılmalı olduğu halda, bu öhdəliyini yeinə yetirməmişdir. Halbuki, Mülki Məcəllənin 441-ci maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Digər tərəfdən işdən görünür ki, cavabdeh - birincisi, iddiaçı tərəfindən mallara dair ona gödərilmiş e-qaimələrə hər hansı bir etirazını da bildirməmiş, ikinci bir tərəfdən 03.06.2020-ci il tarixində iddiaçı ilə aralarında imzalanmış və müəssisənin möhürü ilə təsdiq olunmuş, “27.05.2019-cu il tarixli 3555/20 nömrəli alqı-satqı müqaviləsi üzrə qarşılıqlı üzləşmə aktı” ilə iddiaçıya 86.230,18 manat məbləğində kreditor borcu olduğunu qəbul etmişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Qeyd edilənlərdən də göründüyü kimi, cavabdeh iddiaçıya olan 86.230,18 manat borcu barədə 03.06.2020-ci il tarixində imzalayıb təsdiq etdiyi qarşılıqlı üzləşmə aktını aktı onun özünün sərbəst iradə ifadəsidir. Mülki Məcəlləsinin 351.3-cü maddəsi isə nəzərdə tutur ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin işin birinci instansiya məhkəməsi tərəfindən işin ətraflı araşıdırılmadığını mübahisələndirən , habelə bank hesabına həbs qoyulması və borcun ƏDV daxil hesablanması, pandemiya ilə əlaqədar məhkəməyə gələ bilmədiyini vurğulayan dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, onun həmin dəlilləri, faktlar nöqteyi nəzərindlən mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 215/2021 saylı 02.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh MMC apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 215/2021 saylı 02.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-497/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-497/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver