Məhkəmə qərarları › İş №2-2(103)-499/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-499/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-499/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi tələbi barədə» kommersiya mübahisəsi üzrə cavabdehin “avadanlıqların üzərinə qoyulmuş həbsin qismən götürülməsi barədə” ərizəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 196/2021 saylı 09.02.2021-ci il tarixli qərardadlarından onun tərəfindən verilmiş şikayətlərə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 34.611,99 manat borc və həmin borcun gecikdirilməsinə görə 3.461,19 manat cərimə, həmçinin əldən çıxmış faydaya görə 20.000 manat olmaqla, ümumilikdə 58.073,18 manat məbləğində pulun və 30 manat ödənimiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizələrlə məhkəməyə müraciət etmiş və onun həmin ərizələrinə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2206/2020 saylı - 25.08.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin tabeli struktur bölmələri olan Abşeron TKQ-nin 341,342, 346, 349 saylı, Xaçmaz TKQ-nin 5 saylı, Göygöl TKQ-nin 5 saylı, Yevlax TKQ-nin 6 saylı, Qazax TKQ-nin 5 saylı, Quba TKQnin 5 saylı, Ağsu TKQnin 5 saylı, Astara TKQ-nin 5 saylı, Bərdə TKQ-nin 5 saylı, Biləsuvar TKQ-nin 5 saylı, Gəncə TKQ-nin 52/56/66, 54/64 saylı, 55/65 saylı, 57/67 saylı, 58 saylı, İmişli TKQ-nin 6 saylı, Lənkəran TKQ-nin 4 və 5 saylı, Masallı TKQ-nin 5 saylı, Qusar TKQ-nin 5 saylı, Saatlı TKQ-nin 5 saylı, Şəki TKQ-nin 4 saylı, Sumqayıt TKQ-nin 642/644/652 saylı, 648/656/657 saylı, 654/655 saylı, Tovuz TKQ-nin 5 saylı ATS-lərində yerləşən Cavabdeh MMC-yə məxsus ZyXEL DSLAM avadanlıqlarının üzərinə həbs qoyulması və çıxarılıb aparılması cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. - 31.08.2020-ci il tarixli qərardadına əsasən isə İddiaçı MMC-nin baş ofisində, Ağdaş TKQ və onun ATS-lərində, Balakən TKQ və onun ATS-lərində, Göyçay TKQ və onun ATS-lərində, İsmayıllı TKQ və onun ATS-lərində, Kürdəmir TKQ və onun ATSlərində, Mingəçevir TKQ və onun ATS-lərində, Qax TKQ və onun ATS-lərində, Qəbələ TKQ və onun ATS-lərində, Sabirabad TKQ və onun ATS-lərində, Şabran TKQ və onun ATS-lərində, Salyan TKQ və onun ATS-lərində, Şamaxı TKQ və onun ATSlərində, Şəki TKQ və onun ATS-lərində, Zaqatala TKQ və onun ATS-lərində Cavabdeh MMC-yə məxsus ZyXEL DSLAM avadanlıqlarının üzərinə həbs qoyulmaqla çıxarılıb aparılması cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardadlar Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01.10.2020-ci il tarixli, 22(103)-524/2020 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2206/2020 saylı - 25.08.2020-ci il və 31.08.2020-ci il tarixli qərardadlarının qismən ləğv edilməsini, Abşeron 342, 346, 349 və Biləsuvar 5 ATS-də (12885+15656+22300+8932=59773 manat) avadanlıqların üzərinə həbs qoyulmasının davam etməsi, digər ATS-lərdə isə avadanlıqların üzərindən həbs qərarının ləğvi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-196/2021 saylı 09.02.2021-ci il tarixli qərardadları ilə cavabdehin ərizələri təmin edilməmişdir. Cavabdeh məhkəmənin hər iki qərardadından şikayət verərək, qismən ləğv edilməsini və Cavabdeh MMC-yə məxsus yuxarıda göstərilən ATS-lərdə özünə məxsus əmlakı üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Cavabdehin oxşar məzmunlu şikayətləri onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş Cavabdeh MMC-yə məxsus avadanlıqların ümumi dəyəri müstəqil auditor tərəfindən 527433 manat olaraq dəyərləndirilmişdir. Üzərindən 8 il 8 ay keçdiyini, avadanlıqların mənəvi cəhətdən köhnəlməsini nəzərə alan məhkəmə 2008-ci ildə manatın dollara nisbətən məzənnəsinin indiki dövrə nisbətən yuxarı olmasını (nəzərə alınsın ki, avadanlıqlar Amerika istehsalı olan avadanlıqlardır), hal-hazırda pandemiya vəziyyətində həmin avadanlıqların ölkəyə gətirilməsində çətinliklərin olduğunu və beləliklə, avadanlıqların dəyərinin hətta arta biləcəyini nəzərə almamışdır. Qeyd etmək lazımdır ki, həmin avadanlıqlar bugünə qədər İddiaçı MMC-nin ATS-lərində müştərilərə internet verilməsi məqsədilə istifadə olunmuş və istifadələrində hər-hansı problemə rast gəlinməmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının iddia tələbinin həcmi 58073,18 manat təşkil edir, avadanlıqların ümumi dəyəri hətta mənəvi qocalmasını nəzərə alsalar belə 527433 manatdan 58073,18 manata qədər düşə bilməz. Ona görə də Cavabdeh MMC-yə məxsus bütün avadanlıqlar üzərinə həbs qoyulması tamamilə əsassız hesab edilməli və yalnız iddia tələbi həcmində (58073,18) həbs qoyulmalıdır. Cavabdehin hər iki şikayəti Bakı Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadları ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Paşayev birinci instansiya məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadlarından verilmiş şikayətlərin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınla iştirak edən iddiaçının nümayəndəsi E.Məmmədov cavabdehin şikayətlərinə etirazını bildirərək, cavabdehin bu hərəkətlərinin sadəcə işi maksimum dərəcədə uzatmaq məqsədi daşıdığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadlarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən (09.02.2021) qərardadlarından görünür ki, məhkəmə, cavabdehin ərizəsini rədd etməsini onunla əsaslandırmışdır ki, onun balansında olan avadanlıqların 01.06.2012-ci ilə qalıq dəyəri ümumilikdə 527433 manat təşkil etsə də belə, qiymətləndirmə dövründən kifayət qədər uzun müddət (təqribən 8 il 8 ay) keçdiyindən və həmin avadanlıqların uzun müddətli istismarı nəticəsində, həmçinin mənəvi cəhətdən köhnənilməsi onların dəyərinin 2012-ci ilə nisbətən xeyli aşağı düşməsinə gətirib çıxardığından onun ərizəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Birincisi ona görə ki, 2012-ci ildən etibarən istismarda olan və mənəvi cəhətdən köhnəlmiş, həm də hazırkı yeni texnologiya və avadanlıqların sürətli inkişafı dönəmində, üzərinə həbs qoyulmuş həmin avdanlıqların dəyərinin cavabdehin qeyd etdiyi bazar dəyərinə malik olması ağlabatan deyil. Digər tərəfdən, cavabdehin şikayətlərində istinad etdiyi və işə əlavə olunmuş Müstəqil auditorun (İ.İ.Hacı-Əzizovun) hesabatı, birincisi, 11.06.2012-ci il tarixdə tərtib olunmuşdur. İkincisi, həmin hesabatda auditorun avadanlıqların qiymətinin hansı mənbədən götürdüyü, hansı meyarlardan qəymətləri tərtib etməsi də qeyri-müəyyəndir. Başqa sözlə, mübahisəli avadanlıqların hazırkı bazar dəyərini müəyyənləşdirə biləcək sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadları ilə cavabdehin avadanlıqların üzərində həbsin qismən götürülməsi barədə ərizəsinin rədd olunması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası onun şikayətlərinin həmin qərardadların əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayətləri təmin edilmədən, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə məhkəmə qərardaından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-196/2021 saylı iş üzrə 09.02.2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar