Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-499/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1916/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 06 fevral 2025-ci il tarixə cəmi ödənilməli olan 124247 manat 84 qəpik məbləğində borcu mövcuddur.
2. Hüquqi şəxs haqqında məlumatla təsdiq edilir ki, hüquqi şəxsin rəhbəri xx.xx.1985-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) Maraqlı şəxsdur.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli **********116000, xx.xx.2023-cü il tarixli **********571700, xx.xx.2023- cü il tarixli **********787400, xx.xx.2024-cü il tarixli **********965200, xx.xx.2022-ci il tarixli **********245100, xx.xx.2023-cü il tarixli **********281200, xx.xx.2023-cü il tarixli **********087900 nömrəli bildirişlərlə hüquqi şəxsə və fiziki şəxsə müraciət edərək, vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə 339,42 manat, İcbari Tibbi Sığorta Fonduna 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 29,84 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 123947,64 manat, İşsizlikdən Sığorta Fonduna 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,18 manat, İcbari Tibbi Sığorta Fonduna 0,06 manat olmaqla, ümumilikdə 124317,18 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix - xx.xx.1985-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 339,42 manat (o cümlədən, faizlər üzrə 339,42 manat), İcbari Tibbi Sığorta Fonduna 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 29,84 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 123947,64 manat (o cümlədən, vergilər üzrə 97626,94 manat, faizlər üzrə 26280,7 manat, maliyyə sanksiyası üzrə 40 manat), İşsizlikdən Sığorta Fonduna 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,18 manat, İcbari Tibbi Sığorta Fonduna 0,06 manat olmaqla, ümumilikdə 124317,18 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********116000, xx.xx.2023cü il tarixli **********571700, xx.xx.2023- cü il tarixli **********787400, xx.xx.2024-cü il tarixli **********965200, xx.xx.2022-ci il tarixli **********245100, xx.xx.2023-cü il tarixli **********281200, xx.xx.2023-cü il tarixli **********087900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi, ev 14/1H ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan fiziki və hüquqi şəxs tərəfindən dövlət büdcəsinə və fondlara olan borcun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Maraqlı şəxs tərəfindən ərizəyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 123947,64 manat məbləğində borcunun olması yanlışdır. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsindən əldə edilən məlumatdan göründüyü kimi xx.xx.2025-ci il tarixinə "xxxx" MMC-nin dövlət büdcəsinə 6435,85 AZN borcu vardır. Eyni zamanda vergi xidməti tərəfindən iş materiallarına əlavə edilmiş maliyyə cədvəlinin (şəxsi hesab vərəqəsinin), vergilər üzrə vərəqə hissəsinin (2-ci vərəq) sonuncu sətrində xx.xx.2024-cü il tarixinə göstərilən vergilər üzrə qalıq məbləği (4722,18 AZN) və faiz üzrə qalıq məbləğindən (1713,67 AZN) də göründüyü kimi, borc məbləği 6435,85 AZN-dir. Şəxsi hesab vərəqəsinin yekununda saldo bölməsində də borc 6435,85 AZN qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 123947,64 manat məbləğində borcunun olması iddiası isə Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən öz öhdəliyini yerinə yetirməməsi, vergilər üzrə vərəqədə göstərilən müvafiq azalmaları şəxsi hesab vərəqəsinin yekun hissəsində təsdiqlənməməsi və bununla da borcla bağlı müvafiq düzəliş etməməsidir. Baxmayaraq ki, vergilərin hesablanması barədə qərarın ləğvinə və müvafiq olaraq azalmaların məcburi edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Yəni ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını da lazımi qaydada icra etməmişdir. X2 Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək, məhkəmə qərarlarının icra edilməsi, müvafiq azalmaların şəxsi hesab vərəqəsində təsdiqlənməsi və şəxsi hesab vərəqəsinin “cəmi ödənilməli borc” qrafasmda müvafiq düzəlişlərin edilməsini xahiş etmişik. "xxxx" MMC olaraq öz öhdəliyimizi yerinə yetirməyə, borcları ödəməyə hazırıq, lakin vergi orqanı da öz öhdəliyini yerinə yetirməli, şəxsi hesab vərəqəsində, habelə məhkəməyə təqdim edilən ərizədə borc məbləğini düzgün qeyd etməlidir. Digər tərəfdən, Maraqlı şəxs dövlət büdcəsinə 339,42 manat (o cümlədən, faizlər üzrə 339,42 manat), Dövlət Sosial Müdafiə Fonduna 29,84 manat borcunu isə növbəti həftə ərzində, ödəyəcək. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1916/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan 123947,64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri, xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən həmin hüquqi şəxsə və fiziki şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müəyyən olunur ki, vergi ödəyicisi olan Maraqlı şəxs tərəfindən borc ödənilmiş və müvafiq ödəniş sənədləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə olan borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Həmçinin etiraz ərizəsində qeyd olunanlar hazırkı ərizənin təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, şəxsi hesab vərəqəsində göründüyü kimi, hüquqi şəxsin 06 fevral 2025-ci il tarixə cəmi ödənilməli olan 124247 manat 84 qəpik məbləğində borcu mövcuddur. Məhkəmə hesab etmişdir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.1.2-1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2, 355-5.1, 355-5.2, 355-7.1, 355-7.3, 355-7.4-cü maddələrini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 9.1.14, 9.4-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1916/2025 nömrəli qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə olan 6435,85 AZN məbləğində borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri, xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edən zaman Bakı Kommersiya Məhkəməsi (hakim Zeynəb Axundova) sübutlara birtərəfli yanaşmış, yalnız 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən sübutları əsas götürmüşdür. Halbuki, "xxxx" MMC dövlət büdcəsinə 6435,85 manat borcu olduğu barədə İnternet Vergi İdarəsindən arayış təqdim etmiş (bunu Məhkəmə özü də onlayn qaydada yoxlaya bilərdi), şəxsi hesab vərəqəsinin Vergilər üzrə vərəqə hissəsinin (2-ci vərəq) sonuncu sətrində xx.xx.2024-cü il tarixinə göstərilən vergilər üzrə qalıq məbləğinin (4722,18 manat) və faiz üzrə qalıq məbləğinin (1713,67 manat) cəmindən (4722,18+1713,67=6435,85) də göründüyü kimi borc məbləğinin 6435,85 manat olduğunu bildirmiş, həmçinin şəxsi hesab vərəqəsinin yekununda saldo bölməsində də borcun 6435,85 manat olduğunu qeyd etmiş, sübut kimi şəxsi hesab vərəqəsinin müvafiq bölmələrini də təqdim etmişdir. Buna baxmayaraq məhkəmə sübutlara düzgün qiymət verməmiş, məhkəmə araşdırması aparmamış və yekunda yanlış nəticəyə gələrək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan 123947,64 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. Eyni zamanda qeyd edilən borc məbləği ilə əlaqədar şəxsi hesab vərəqəsində düzəlişin aparılması barədə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə inzibati icraat çərçivəsində müraciət edildiyi, bununla bağlı mübahisənin mövcud olduğu da məhkəməyə bildirilmiş, müvafiq sübutlar da təqdim edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmə "xxxx" MMC tərəfindən təqdim edilən sübutları nəzərə almamış, bunlara münasibət də bildirməmişdir. Qətnamənin mətnini oxuyanda bunun şahidi oluruq. Əslində, Bakı Kommersiya Məhkəməsi (hakim Zeynəb Axundova) 6435,85 AZN borcun ödənilməsini təmin etmək məqsədilə ölkədən getmək hüququnu məhdudlaşdırmış olsaydı, həmin qətnamədən narazılıq yaranmazdı, şikayət verilməzdi.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
14. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
15. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
16. 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:
17. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun:
18. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
19. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin:
20. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
21. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
22. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.
23. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
24. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
33. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir.
34. Ərizəçi tərəfindən təqdim edilən şəxsi hesab vərəqindən görünür ki, maraqlı şəxsin dövlət büdcəsinə ödəməli olduğu borc məbləği kameral yoxlanmalı borc üzrə 117 811,98 manat, kameral yoxlamadan əlavə isə borcu 6435,85 manat təşkil edir.
35. Birinci instansiya məhkəməsi həmin məbləğləri əsas götürərək, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul etmişdir, halbuki, kameral qaydada yoxlanılmalı olan məbləğ mövcud borc anlamına gəlmir.
36. İş materiallarına əlavə olunmuş şəxsi hesab vərəqindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixə kameral yoxlama üzrə borcdan əlavə dövlət büdcəsinə 6435,85 AZN məbləğində borcu mövcuddur. Həmçinin, borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs 6435,85 AZN məbləğində borcu olduğunu apellyasiya şikayətində təsdiq etmişdir.
37. Beləliklə məhkəmə kollegiyası tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə kameral yoxlanılmalı olan borc istisna olmaqla 6435,85 AZN məbləğində borcu olduğu təsbit edilmişdir.
38. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olması ilə bağlı gəldiyi nəticəni “vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan 123 947,64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün” qənaəti ilə əsaslandırmaqda səhvə yol vermişdir; belə ki, yuxarıda qeyd olunduğu kimi, kameral qaydada yoxlanılmalı olan məbləğ mövcud borc anlamına gəlmir.
39. Buna görə də kollegiya hesab edir ki, qətnamə müvafiq hissədə dəyişdirilməli, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas yaradan borc məbləğinin məhz 6435,85 manat təşkil etdiyi təsbit olunmalıdır.
40. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə maraqlı şəxsin vergi borcunun 123 947,64 manat məbləğində olduğunun müəyyən edilməsi, gələcəkdə kameral yoxlanılmalı olan borc təsdiq edilmədiyi təqdirdə, onun hüquqlarına xələl gətirə bilər.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1916/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsi “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas yaradan borc məbləğinin 123 947,64 manat müəyyən olunması” hissəsində dəyişdirilsin. “Safcon" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə olan 6435,85 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri, xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.