Məhkəmə qərarları › İş №2-2(103)-50/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-50/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-50/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e-2-2 (113)- 49/2020 saylı qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı fərdi sahibkar Adıgözəlov Fərhad Məmmədcəfər oğlu (VÖEN **********) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbini dəyişdirərək cavabdeh “xxxx” ASC-dən 29274 manat sığorta ödənişinin, hər gecikdirilmiş 718 gün üçün 0,1 faiz həcmində hesablanmış 21018,70 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 50322,70 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanılmış xx.xx.2017-ci il tarixli saziş əsasında BA792439 saylı şəhadətnamə üzrə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsində yerləşən istifadəsində olan “Kəndimiz kafesi” adlı daşınmaz əmlak 29274 manat məbləğində sığortalanmışdır. İcbari sığorta müqaviləsinə əsasən 100 manat məbləğində sığorta haqqı iddiaçı tərəfindən ödənmişdir. İcbari sığorta müqaviləsinin predmetini təşkil edən daşınmaz əmlak 04 avqust 2018-ci il tarixində yanğın hadisəsi nəticəsində yararsız hala düşmüşdür. Fakt Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın nəzarəti xidmətinin 4-cü ərazi DYNİ-ni tərəfindən tərtib edilmiş aktla rəsmiləşdirilmişdir. Cavabdehin rəhbərliyinə 20 avqust 2018-ci il tarixdə rəsmi qaydada müraciət edilmişdir. Sığorta hadisəsi barədə şirkətin əməkdaşlarına məlumat verilməsinə, bütün sənədlər təqdim edilməsinə baxmayaraq sığorta ödənişi həyata keçirilməmiş, ümumiyyətlə bununla bağlı müsbət və ya mənfi münasibət bildirilməmişdir. Cavabdehə görə iddiaçının sahibkarlıq fəaliyyəti iflic olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e-2-2 (113)-49/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 28974 manat məbləğində sığorta ödənişi, 2500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 31474 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın rədd edildiyi hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e-2-2 (113)-49/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta ödənişi cavabdeh tərəfindən qəsdən və qərəzli olaraq ödənilməmiş, hətta iddiadan imtina etdirmək üçün başqa bir məhkəmədə iddia qaldırmaqla (iddia tələbinin əsassız olduğunu bildiyi halda işi uzatmaq xarakterli) sığorta şirkəti iddiaçının səbrini tükətməyə çalışmışdır. İşə baxan məhkəmə dəbbə pulunun tənasübsüz olduğu, cavabdehin əmlak mənafelərinə uyğun gəlmədiyi qənaətinə nəyə əsasən gəlməsini əsaslandırmamışdır. (hətta cavabdeh tərəfindən dəbbə pulunun tənasübsüz olmasına dair məhkəməyə vəsatət təqdim edilməməsinə baxmayaraq məhkəmə öz mülahizələrinə əsasən cavabdehin əmlak mənafelərinə görə dəbbə pulunun tənasübsüz olduğu qənaətinə gəlmişdir). Göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, sahibkarın uzun müddət sığorta şirkətinin qanunsuz və əsassız hərəkətlərinə dözüm nümayiş etdirməsini, mənəvi olaraq sarsıntı keçirtməsini, cavabdehin məhkəmə prosesində süründürməçiliyə şərait yaratması hallarına qiymət verməmiş maddi hüquq normalarını düzgün tətbiq etməməməklə dəbbə pulunu azaltmaqda haqlı olmamışdır. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin rədd edilməsi barədə Azərbaycan Respublikası FHN-in xx xxxxxx 2019-ci il tarixli qərarına əsasən baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğluna 7166 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” qanunun 17.1.3-cü maddəsinə əsasən sığorta ödənişinin alınması üçün sığortalı sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti Sığortaçıya təqdim etməlidir. Qeyd edilən sənədin təqdim edilməsi barədə iddiaçıya dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq sənəd təqdim edilməmişdir və bu günə qədər təqdim edilməyib. Həmçinin qeyd edilən sığorta hadisəsi ilə bağlı 2 dəfə məhkəmə mühəndis-texniki ekspertizası keçirilib. Birinci ekspertiza xx xxxxxx 2019-cu il tarixindən keçirib (ekspert Əliyev Amid) və ekspert rəyinə əsasən ziyan məbləği 7166 manat müəyyən edilmişdir. xx xxxxx 2019-cu il tarixində ikinci məhkəmə mühəndis-texniki ekspertizası keçirilib (ekspert Şükür Hüseynov). Sonuncu ekspertizanın rəyinə əsasən qeyri-yaşayış sahəsinə 31475, 60 manat ziyan dəyib. Ekspert rəyində ziyanın hesablanma mexanizmi kimi qeyri-yaşayış sahəsini ümumi sahəsinin 242.12 kv.m nəzərə alaraq hər kv. metrə görə 130 manat hesablayaraq müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 23 641 saylı ekspert rəyi ilə xx xxxxx 2019-cu il tarixli 5000 saylı ekspert rəyləri arasında olan uyğunsuqluqlar: xx xxxxxx 2019-cu il tarixli 23 641 saylı ekspert rəyində göstərilib ki, “tədqiq olan tikintinin sahəsi 40.0 kv.m olan tikili üzrə divarda boya qatının yandığı, dam örtüyün yanığı, 3 ədəd plastik materialdan olan pəncərənin və 1 ədəd taxta qapının yandığı, sahəsi 87.5 kv.m (12.5x7.0)olan tikili üzrə divarda boya qatının yandığı, döşəmədə taxtanın yandığı, 6 ədəd plastik pəncərənin və 2 ədəd taxta qapının yandığı, sahəsi 3.0 kv.m(2.0x1.5) olan sanitariya qovşağı üzrə tavanda lambrin materialının yandığı, 1 ədəd plastik qapının yandığı müşahidə edilmişdir. Beləliklə ümumi sahə (40.0kv.m+87.5 kv.m+3.0 kv.m) 130.5 kv. m təşkil edir. Ümumilikdə 3 ədəd plastik qapı, 3 ədəd taxta qapı və 6 ədəd plastik pəncərə yanmışdır xx xxxxx 2019-cu il tarixli 5000 saylı ekspert rəyində qeyri-yaşayış sahəsinin ümumi sahəsi 242.12.kv.m kimi qeyd edilib.10 ədəd pəncərə, 5 ədəd plastik qapı qeyd edilib. Həmçinin sonuncu ekspert rəyində göstərilib ki, “baxış zamanı tədqiq olunan kafedə yanğından sonra təmir bərpa işləri aparılmış, lakin tam başa çatdırılmamış, müəyyən hissədə yanğının təsirindən yaranmış qusurlar qalmışdır” beləliklə ikinci ekspertiza əsasən şəkillər əsasında keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən tələb edilən sənədlərin sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməlidir. Beləliklə iddiaçıya sığorta ödənişin verilməməsi sığortalının(iddiaçının) lazımı sənədlərin təqdim edilməməsi səbəbindən baş vermişdir. Buna görə də Mülki Məcəllənin 934.2.-ci maddəsi ilə nəzərdə tutulan dəbbə pulunun ödənilməsi tələbi tam əsasızdır. Həmçinin iddiaçı ilə sığorta müqaviləsi bağlanan zaman əmlaka dair mülkiyyət hüququnu və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyi üçün əmlakın real dəyəri 50 000 manat olmasına baxmayaraq sığorta məbləği sığortalının istəyinə əsasən 29 274 manat müəyyən edilmişdir. Buna dair tərəflər arasında xx xxxxxxxx 2017-ci il tarixli saziş bağlanıb. Həmin sazişin şərtlərinə əsasən sığorta məbləği əmlakın real dəyərindən az olduğu üçün qismən sığorta şərti tətbiq edilir və sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişləri qismən sığorta şərtinə əsasən həyata keçiriləcək. Mülki Məcəllənin 896.1.-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Yuxarıda göstərilənlər əsasən sığorta məbləği əmlakın real dəyərinin 58,54 % təşkil edir. Bu səbəbdən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin 58,54% sığortalıya ödənilməlidir. Lakin hakim qətnamə qəbul edərkən qeyd edilən maddi hüquq normaları nəzərə almamışdır. xx xxxxxx 2019-cu il tarixli 23 641 saylı ekspert rəyi ilə xx xxxxx 2019-cu il tarixli 5000 saylı ekspert rəyləri arasında olan yuxarıda qeyd edilən uyğunsuqluqları nəzərə almayaraq, təkrar ekspertiza keçirməmiş sonuncu ekspert rəyini əsas götürmüşdür. Həmçinin cavabdeh tərəfindən iş materialları ilə taniş olması barədə xx xxxxxx 2020-ci il tarixli vəsatətin verilməsinə baxmayaraq, Bakı Kommersiya məhkəməsinin hakimi Fərrux Qasımov tərəfindən iş materialları ilə tanış olmaq imkanı yaradılmamışdır. Bununla da MPM-in 47.2-ci maddəsinin tələbləri pozulmuşdur Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e-2-2 (113)-49/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdeh “xxxx” ASC-dən iddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun xeyrinə sığorta ödənişi olaraq 18125,8 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının mülkiyyətində olan və sığorta müqaviləsi bağlanarkən real bazar dəyəri 50.000 manat qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən “Kəndimiz kafesi” BA seriyalı, 792439 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə və tərəflər arasında imzalanmış saylı sazişə əsasən “xxxx” ASC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər sığorta məbləği 29274 manat müəyyən olunmaqla, qismən sığorta şərti ilə sığortalanmışdır və 300 manat azadolma məbləği nəzərdə tutulmuşdur. xx xxxxxx 2018-ci il tarixli yanğın aktından göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Qılman İlkin küçəsində yerləşən “Kəndimiz” kafesində 04 avqust 2018-ci il tarixində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş vermişdir. İddiaçı tərəfindən “xxxx” ASC-nin rəhbərliyinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubda sığortalı Fərhad Adıgözəlova 29274 manat sığorta ödənişinin verilməsi xahiş edilmişdir. Məktuba yanğın aktı, sığorta şəhadətnaməsi, dəymiş ziyanı təsdiq edən 7 ədəd fotoşəkil, vəkil orderi və etibarnamə əlavə edilmişdir. İş materiallarına obyektin yanğından sonrakı vəziyyətini əks etdirən fotoşəkillər və təmirdən sonrakı vəziyyəti ilə bağlı fotoşəkillər olan disk əlavə edilmişdir. Fotogörüntülərə əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin bütün konstruktiv elementləri yanaraq sıradan çıxmış, yalnız mişar daşından ibarət olan arakəsmə divarlar qalmışdır. Təmir xərcləri ilə bağlı iddiaçının təqdim etdiyi lazımı qaydada rəsmiləşdirilməmiş qaimələr və çeklər məhkəmə tərəfindən zərərin məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edilməmişdir. Cavabdeh tərəf işə birinci instansiya qaydasında baxılarkən sığorta hadisəsinin baş verməsi faktını mübahisələndirməmiş, iddiaçının tələb etdiyi məbləğin real ziyan məbləğindən artıq olduğunu göstərərək iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilərək iş üzrə kompleks məhkəmə tikinti və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 26 aprel 2019-cu il tarixli, 5000 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində yerləşən “Kəndimiz kafesi” adlı qeyri-yaşayış sahəsinin yanması nəticəsində tikiliyə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 31475,60 manat olduğu müəyyən olunmuşdur. Rəydə qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsi yanğın nəticəsində yararsız hala düşdüyündən onun sökülərək yenidən inşa edilməsi məqsədəmüvafiqdir. Qeyri-yaşayış sahəsinin yenidən inşa edilməsi üçün sərf olunmalı vəsait bazar qiymətinə uyğun olaraq hər kv.m üçün 130 manat, ümumi sahəsinin 242,12 kv.m olduğu nəzərə alındıqda 31475,60 manat təşkil edir. Birinci instansiya məhkəməsi MM-nin 883.1, 882.2, 889.1, 889.2, 898.1.898.2, 899.1, 901.1, 904.1, 904.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, 300 manat azadolma məbləği 29274 manat sığorta məbləğindən çıxılaraq iddiaçıya ödənilməli olan sığorta ödənişi 28974 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda məhkəmə MM-nin 467-ci maddəsini rəhbər tutaraq iddiaçı tərəfindən tələb edilən 21018,70 manat dəbbə pulu məbləğini borc məbləğinə nisbətdə tənasübsüz şəkildə yüksək hesab etmiş və belə nəticəyə gəlmişdir ki, həmin məbləğ azaldılaraq 2500 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan sığorta ödənişi məbləğini müəyyənləşdirərlən sığorta müqaviləsinin qismən sığorta şərti ilə bağlandığını nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Həmin Məcəllənin 896.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. Hazırkı halda sığorta şəhadətnaməsi üzrə imzalanmış sazişdə 50.000 manat dəyərində olan qeyri-yaşayış sahəsi 29.274 manat dəyərində- əmlakın real bazar dəyərinin 58,54 faizi dəyərində qismən sığorta şərti ilə sığortalanmışdır. Əmlaka dəymiş ziyanın ekspert rəyinə əsasən 31475,60 manat olduğu nəzərə alınarsa zərərin sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinin, baxılan halda 58,54 %-nin 18425,81 manat, iddiaçıya ödənilməli olan sığorta ödənişi məbləğinin isə 300 manat azadolma məbləği çıxıldıqdan sonra 18125,81 manat olduğu müəyyən edilir. Buna görə də, mübahisələndirilən qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilərək sığorta ödənişi ilə bağlı iddia tələbi 18125,81 manat hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896-cı maddəsinin tələbini nəzərə almadığından iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası iş materiallarında olan fotoşəkillərdən yanğın hadisəsi nəticəsində sığortalanmış obyektin yanaraq tam yararsız vəziyyətə düşdüyünün aydın göründüyünü nəzərə alaraq obyektə dəymiş ziyanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 26 aprel 2019-cu il tarixli, 5000 saylı ekspert rəyi ilə müəyyən edilmiş məbləğini ağlabatan hesab etmiş, bu səbəbdən işə apelyasiya qaydasında baxılarkən iş üzrə təkrar ekspertiza keçirilməsi barədə cavabdehin vəsatətini təmin etməmişdir. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə almışdır ki, Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanununun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Cavabdeh sığorta hadisəsi baş verdikdən sonra 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 26 aprel 2019-cu il tarixli, 5000 saylı ekspert rəyinin qəbul edilməməsi üçün əsaslar mövcud deyil. Cavabdehin apelyasiya şikayətində istinad etdiyi sığortalanmış obyektdə baş vermiş yanğın hadisəsinin istintaqı zamanı əldə edilmiş ekspert rəyinin (obyektə dəymiş ziyanın 7166 manat müəyyən edilməsi barədə) işdəki digər sübutlardan üstün qüvvəsi olmadığından məhkəmə həmin rəyi işdəki digər sübutlarla-yanğından sonra çəkilmiş fotoşəkillər və s. yanaşı qiymətləndirərək hesab edir ki, yanğın hadisəsi nəticəsində tam yararsız hala düşmüş obyektin təmir və bərpa xərcləri üçün cəmi 7166 manat tələb olunması ağlabatan olmadığından qeyd edilən rəy sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyənləşdirilməsi zamanı mötəbər sübut kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası aşağıdakılara əsasən iddia tələbini cavabdehdən dəbbə pulu tutulması hissəsində əsassız hesab edir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanununun 17.1.3-cü maddəsinə əsasən icbari sığorta ödənişinin həyata keçirilməsi üçün təqdim edilməli olan sənədlərə qanunda nəzərdə tutulmuş digər sənədlərlə sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surətinin əlavə edilməsi tələb olunur. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İstinad edilən normaların tələblərindən göründüyü kimi, sığortaçının sığorta ödənişini həyata keçirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qanunda nəzərdə tutulmuş bütün sənədlərin təqdim edildiyi tarixdən başlayır. Hazırkı halda iş materiallarına iddiaçı tərəfindən sığortalanmış əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin cavabdehə hansı tarixdə təqdim edilməsi barədə sübut əlavə edilməmişdir. İddiaçı tərəfindən “xxxx” ASC-nin rəhbərliyinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktuba qoşulmuş sənədlərin siyahısında da mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı görünür. Apelyasiya şikayətində həmin sənədin halhazıradək sığorta şirkətinə təqdim edilmədiyi göstərilmiş, iddiaçı isə cavabdehin bu mülahizəsinin əsassız olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tutulması barədə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e-2-2 (113)-49/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdeh “xxxx” ASC-dən iddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun xeyrinə sığorta ödənişi olaraq 18125,8 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e-2-2 (113)-49/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdeh “xxxx” ASC-dən iddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun xeyrinə sığorta ödənişi olaraq 18125,8 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar