Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-50/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Azkoz X14” MMC-nin Cavabdeh MMC-ə qarşı müqavilə üzrə borcun ödənilməsinə dair iddiası Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nihar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin qanuni nümayəndəsi X4 iştirakları ilə, iddiaçı “Azkoz X14” MMC-nin Cavabdeh MMC-ə qarşı müqavilə üzrə borcun və öhdəliyin icrasının gecikdirilməsinə görə faizin tutulmasına dair ilk və Cavabdeh MMC-nin cavabdeh “Azkoz X14” MMC-ə qarşı pulun tutulmasına dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-780/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarından görünür ki, tərəflər arasında aşağıdakı müqavilələr bağlanmışdır: 1)SB 001/0217 saylı, 01 fevral 2017-ci il tarixli betonun alqı-satqısı müqaviləsi; 2) HGC GD 001/2018 saylı, 03 yanvar 2018-ci il tarixli malların (əlavə 1-də qeyd edilmiş sement və klinker məhsullarının) satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilə; 3) HGC GS 030/0118 saylı, 04 yanvar 2018-ci il tarixli klinker məhsulunun satışı ilə bağlı alqı-satqı müqaviləsi.
2. Tərəflər arasında imzalanmış və təsdiq edilmiş 05 yanvar 2018-ci il tarixli, İP/HGC/31-16-16 saylı üzləşmə aktından görünür ki, xx.xx.2017-ci il tarixə cavabdehin iddiaçıya sement, beton, qum-çınqıl satışı üzrə qalıq borcu 3.691.344,80 (ƏDV ilə) manat təşkil etmişdir.
3. İşdəki elektron qaimələrdən və ödəniş sənədlərindən görünür ki, qeyd edilən üzləşmə aktından sonra da Cavabdeh MMC-yə müqavilələr üzrə mallar təqdim edilmiş və ödənişlər həyata keçirilmişdir.
4. «Azkoz X14” MMC tərəfindən Cavabdeh MMC-nə 3.880.888,89 manat məbləğində malın təqdim edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə göndərilmişdir. Qeyd edilən qaimə üzrə təqdim edilmiş mallarla bağlı arayış iş materiallarının 3-cü cildinin 38-ci vərəqinə əlavə edilmişdir.
5. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində qeyd edir ki, ümumilikdə təqdim edilmiş mallar üzrə 25.432.653,28 manatlıq qaimə qarşılığında qarşı tərəfə ƏDV daxil olmaqla 28.036.333,9 manat (2.206.509 manat avans olaraq) ödənilmişdir. Cavabdeh MMC xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə üzrə malların təqdim edildiyi qəbul etmir və bu səbəbdən tələb edilən borcun ödənilməsindən imtina edir. 6.İlk iddia üzrə iddiaçının iş materiallarının 3-cü cildinin 39-cu vərəqinə əlavə edilmiş yazılı izahatında qeyd edilir ki, Cavabdeh MMC-yə ümumilikdə müqavilələr üzrə 31.510.351,98 manat dəyərində mal təqdim edilmiş, 28.073.616,4 manat ödəniş həyata keçirilmiş, 3.436.735,58 manat borc ödənilməmişdir. Cavabdeh MMC tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyindən borcun hansı qaimələr üzrə yarandığını müəyyənləşdirmək mümkün olmamışdır.
7. İlk iddia üzrə iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh MMC-yə 03.0.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılmış malların (seent və klinker materialı) ümümi dəyəri ƏDV daxil 26316182,88 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə satılmış beton materialının ümumi dəyəri 6233795,75 manat olmuşdur.
8. Cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 yanvar 2018-ci il tarixli Distribüter müqaviləsinin 6 A saylı əlavəsində qeyd edilir ki, müqavilənin 5-ci bəndinə aşağıdakı 5.5 yarımbəndinin əlavə edilməsi razılaşdırılır: “Distrubüter il ərzində 1 milyon manatdan artıq satış reallaşdırarsa satılmış məhsulların dəyərinin 5% məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında distribüterə geri ödənilir. Bu əlavə «Azkoz X14” MMC tərəfindən idarə heyətinin sədri F.İbrahimli tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir.
9. «Azkoz X14” MMC qeyd edilən əlavənin onlar tərəfindən təsdiq edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat
10.İddiaçı «Azkoz X14» Məhdud Məsuliyyətli Cəmiyyəti (iddia ərizəsi verilərkən adı İddiaçı MMC olan) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh MMC-dən 3.436.735,58 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçı “Azkoz X14” MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azkoz X14” MMC (əvvəlki adı: "xxxx" MMC) ilə Cavabdeh MMC (əvvəlki adı: “X16” MMC) arasında müqavilələr: HGC-SB001/0217 saylı, 01 fevral 2017-ci il tarixli beton alqı-satqısı müqaviləsi; malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair HGC GD001/2018 saylı, 03 yanvar 2018-cı il tarixli müqavilə və HGC GS 030/0118 saylı, 04 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi (klinker satışı üzrə) bağlanmışdır. İddiaçı cavabdeh qarşısında hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra edərək, öz istehsalı olan müvafiq həcmdə sement məhsullarını (sement, beton və klinker) cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini qismən ödəmiş, cari tarixə iddiaçıya ümumilikdə 3.089.073,42 manat (3081151,71 əsas + 7921,71 ƏDV) ödənilməyən borcu qalmışdır. Müqavilələr üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun tam şəkildə ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcunun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 12.Eyni zamanda Cavabdeh “Azkoz X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azkoz X14" MMC ilə Cavabdeh MMC arasında bağlanmış HGC-SB 001/0217 saylı 01 fevral 2017-ci il tarixli beton alqısatqısı müqaviləsi və malların satışı üzrə “Distribüter" hüquqlarının verilməsinə dair" HGC GD 001/2018 saylı 03 yanvar 2018-cı il tarixli müqavilə üzrə avans olaraq “Azkoz X14” MMC-yə ödənilmiş 2.206.509,00 manat əsas və 397.171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2.603.680,62 manat məbləğin, HGC GD 001/2018 saylı 03 yanvar 2018-ci il tarixli müqavilənin 31 iyul 2018-ci il tarixli 6A saylı əlavəsinə əsasən 1.271.632,66 manat məbləğin, uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş kartları üzrə 110.000 manat məbləğin, istehsalçı günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158.000 manat məbləğin, «Azkoz X14” MMC tərəfindən Cavabdeh MMC-yə qaimə vurulmasına baxmayaraq, müştəriyə çatdırılmayan 369.000 manat məbləğin 2019-2020-ci illər üçün «Azkoz X14” MMC-nin əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi 8 %-lə hesablanmaqla 721970,12 manat dəbbə pulunun, ümumilikdə 5.234.283,4 manat məbləğin «Azkoz X14” MMCdən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə Cavabdeh MMC-nin « Azkoz X14” MMC-yə 21553096 manat əsas və 3879557,28 manat ƏDV olmaqla, ümumilikdə 25432653,28 manatlıq qaimə faktura qarşılığında « Azkoz X14” MMC-yə ödədiyi məbləğ 23759605 manat əsas və 4276728,9 manat ƏDV, ümumilikdə 28036333,9 manat təşkil edir. Faktiki əlavə avans olaraq 2.206.509 manat əsas və 397.171,62 manat ƏDV məbləğində qarşı tərəfə vəsait ödənilməsinə baxmayaraq, «Azkoz X14” MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh MMC-nin Qərb bölgəsindəki layihələri davam edən zaman «Azkoz X14” MMCdən məhsulların alınması mümkün olmamışdır. Ümumiyyətlə, 2016-cı ildən başlayaraq İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış müqavilələrə əsasən « Azkoz X14” MMC daim öncədən Cavabdeh MMC-nin adına hesab fakturalar kəsmiş və Cavabdeh MMC də öz növbəsində avans ödənişlər həyata keçirmişdir. 30 may 2018-ci il tarixinə “PwC” audit şirkətinin debitor-kreditorların analizi hesabatından da açıq aşkar görünür ki, Cavabdeh MMC-nin « Azkoz X14” MMC-yə nəinki borcu yoxdur, əksinə olaraq bütün müqavilələr üzrə ödənişləri öncədən həyata keçirmişdir. Bununla yanaşı, debitor-kreditor borcların vəziyyətinə dair « Azkoz X14” MMCnin keçirdiyi toplantının nəticəsi olaraq tərtib edilmiş 02 iyul 2018-ci il tarixli iclas protokoluna əsasən bütün debitorların siyahısı əks etdirilmiş və zavod rəhbərliyi, mühasibatlıq, maliyyə, satış və digər bölmələr sözügedən protokola imza atmışdır. Əgər Cavabdeh MMC-nin « Azkoz X14” MMC-yə hər hansı bir borcu mövcud olsaydı, sözügedən protokolda əksini taparaq borcun hansı dövrə təsadüf etməsi də göstərilərdi. Bundan əlavə, tərəflər arasında imzalanmış HGC GD 001/2018 saylı 03 yanvar 2018-ci il tarixli müqavilənin 31 iyul 2018-ci il tarixli 6A saylı Əlavəsində “Distribüter il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırarsa, satılmış məhsulların dəyərinin 5 % məbləği bonus kimi “İstehsalçı” tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilir” müddəası vardır. Müqavilənin bu müddəası « Azkoz X14” MMC tərəfindən kobud şəkildə pozularaq Cavabdeh MMC-yə çatası 1271632,66 manat vəsait bugünə kimi ödənilməmişdir. Digər tərəfdən zavod tərəfindən istehsal edilmiş kisə sementlərinin daxilinə yerləşdirilmiş uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən 110000 manat məbləğində ödəniş də bu günə qədər ödənilməyib. HGC GD 001/2018 saylı 03 Yanvar 2018-ci il tarixli müqavilə üzrə İstehsalçı tərəfindən təqdim edilmiş sement məhsulunun daşlaşması nəticəsində yararsız vəziyyətdə olan və satılması mümkün olmayan mallar üzrə 158000 manat dəyərində məhsul zavod nümayəndələri ilə birgə aktlaşdırılsa da, əvəzində nə yeni sement verilmiş, nə də ki, vəsait bu günə kimi geri ödənilməmişdir. Cavabdeh MMC-nin adına « Azkoz X14” MMC tərəfindən bir sıra qaimələr vurulmasına baxmayaraq, Cavabdeh MMC-nin müştərilərinə 369000 manat dəyərində sement çatdırılmamışdır. Zavodun satış menecerləri Rəmzi Nəbiyev, Elnur Orucov, Natiq Qocayev və Ramiz Mustafayev Cavabdeh MMC-nin distribüter şəbəkəsinə qaimələri yazsa da, həmin qaimələr üzrə mal cavabdehə çatdırılmamışdır. 14.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirmişdir ki, Cavabdeh MMC « Azkoz X14” MMCnin distributoru olmuşdur. Hər il tərəflər arasında müqavilə bağlanırdı. İlin ilk iş günü üzləşmə aktı tərtib edilirdi. Sonuncu üzləşmə aktında məbləğ təxminən ******* manat idi. Mal verildikdən 45 gün ərzində malın dəyəri ödənilməli idi. Buna görə də adətən müştərilər « Azkoz X14” MMC-yə borclu qalır. Mallar verildikdən sonra elektron qaimə göndərilirdi. Göndərilmiş qaimələrdə hər hansı bir yalnışlıq olmayıb. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmurdu. Yol nəqliyyat qaiməsi ilə mallar göndərilir və qəbul edilirdi. Uduş kartları fəaliyyət dövründə verildikdə qəbul edilirdi. Kampaniyalar müddətli olur. Uduş kartının etibarlılıq müddəti keçdiyi zaman qəbul edilmir. 15.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-780/2021 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) hər iki iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdehin nümayəndələri digər elektron qaimələri mübahisələndirməmiş, lakin xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaiməni qəbul etmədiklərini, qaimənin qanunla müəyyən olunmuş formada tərtib olunmadığını və həmin qaimə üzrə malların Cavabdeh MMC-yə göndərilmədiyini bildirmişlər. Eyni zamanda 05 yanvar 2018-ci il tarixli üzləşmə aktının əslinin deyil, kresosurətinin məhkəməyə təqdim edildiyini bildirərək, Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən göstərilən üzləşmə aktının imzalanmadığını, belə bir üzləşmə aktının olmadığını və qanunvericiliyə əsasən həmin aktın əslinin məhkəməyə təqdim edilməli olduğunu qeyd etmişdir. İlk iddia üzrə iddiaçıya üzləşmə aktının əslinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Vaxt verilsə də, ilk iddia üzrə iddiaçının nümayəndəsi həmin aktın əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməmişdir.
17. İlk iddia üzrə cavabdeh xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə üzrə malların təhvil verilmədiyini bildirmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi mallar göndərilərkən tərəflər arasında təhvil-təslim aktının tərtib edilmədiyini bildirmiş və bu hal ilk iddia üzrə cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Qarşılıqlı iddiaçı təqdim olunan qaimələrdən yalnız xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaiməni mübahisələndirmiş, həmin elektron qaimə üzrə onlara hər hansı mal göndərilmədiyini bildirmişdir. İlk iddia üzrə iddiaçı malların Cavabdeh MMC-yə göndərilməsi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, tərəflər arasında təhvil-təslim aktı tərtib olunmurdu. Yol nəqliyyat qaiməsi ilə mallar göndərilir və qəbul edilirdi. Lakin sözügedən elektron qaimə üzrə malların göndərilməsi və qəbul edilməsini təsdiq edən yol nəqliyyat qaiməsi və hər hansı digər bir sübut məhkəməyə təqdim edilməmişdir. 18.Cavabdeh MMC tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş (3-cü cild, 89-cu vərəq), məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddia müddəti ötürülməmişdir. 19.Qarşılıqlı iddia tələbinin bir hissəsini avans olaraq « Azkoz X14” MMC-yə ödənilmiş 2206509,00 manat əsas və 397171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2603680,62 manat məbləğin ödənilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda həmin məbləğin avans olaraq ödənilməsi ilə bağlı hər hansı bir qeyd olunmamışdır. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı da həmin ödənişlərin avans olaraq ödənilməsi barədə digər hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi müqavilədə avans şəklində ödənişin edilməsi ilə bağlı razılaşmanın olmadığını, alıcı tərəfindən mallar qəbul edildikdən sonra ödənişlərinin edildiyini, belə olan halda satıcı tərəfin deyil, alıcı tərəfin borclu qala biləcəyini və edilmiş ödənişlərin hamısının satılmış malların dəyərinin ödənilməsi üçün edildiyini bildirmişdir. Ona görə də məhkəmə həmin hissədə iddianı əsassız saymışdır.
21. Qarşılıqlı iddia tələbinin digər hissəsini HGC GD 001/2018 saylı 03 yanvar 2018-ci il tarixli müqavilənin 31 iyul 2018-ci il tarixdə edilmiş 6A saylı əlavəsinə əsasən 1271632,66 manat məbləğin cavabdehdən tutulması təşkil edir. 31 iyul 2018-ci il tarixli müqaviləyə 6A saylı əlavənin əsli və ya qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi isə tərəflər arasında 6A saylı əlavə formasında razılaşmanın mövcud olmadığını bildirmişdir. 22.Cavabdeh MMC uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş kartları üzrə 110000 manat məbləğin « Azkoz X14” MMC-dən tutularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, şahid qismində dindirilən X9 da uduş kartlarının mövcud olmasını təsdiqləsə də, « Azkoz X14” MMC-nin uduş kartları üzrə 110000 manat məbləğində pulun qarşılıqlı iddiaçıya ödəməli olması sübuta yetirilməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi qeyd olunan hissələrdə rədd olunmuşdur. 23.Məhkəmə qarşılıqlı iddia tələbinin istehsalçının günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158000 manat məbləğin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də qarşılıqlı iddianı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də qarşılıqlı iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilmişdir. 24.Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı istehsalçı günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək vurulmasına baxmayaraq, müştəriyə çatdırılmayan 369000 manat məbləğin 2019-2020-ci illər üçün « Azkoz X14” MMC-nin əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi 8 %-lə hesablanmaqla 721970,12 manat dəbbə pulunun ödənilməsini də xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin bu hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan məbləğlərin bilavasitə bağlı olduğu hal iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən qarşılıqlı iddia tələbi bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. .
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri
25.İş üzrə qəbul edilmiş qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. 26.«Azkoz X14” MMC apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 27.Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın rədd edilməsi barədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 28.«Azkoz X14” MMC şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 567ci, Mülki Məcəllənin 442-ci maddələrinə əsasən məhkəmə tələbi təmin etməli idi. Belə ki, tərəflər arasında üzləşmə aktı və müvafiq alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən Cavabdehə müqavilə predmetini təşkil edən mallar verilmiş, lakin Cavabdeh tərəfindən alınmış malların bir hissəsinin dəyəri ödənilsə də, qalan hissəsinin dəyəri ödənilmədən qalmışdır. Bundan əlavə, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə uyğun olaraq, cavabdehdən ödənilməyən qalıq borcla yanaşı, cərimə də tutulmalıdır. 29.Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həm avans şəklində edilmiş ödənişləri təsdiq edən sənədlərin, həm zavoda təhvil verilmiş bonus kartlarının, həm də 31 iyul 2018-ci il tarixli müqaviləyə 6A saylı əlavənin əslinin hakimə sübut növü kimi təqdim edilməsinə baxmayaraq hakimin yekun qətnamədə “sənədlərin təqdim edilmədiyini yazması” həqiqətən də tərəfimizdən başa düşülmür və qəbul edilməzdir. Məhkəmə qətnaməni əsaslandırarkən qərəzli olmuş və bu səbəbdən tətbiq etdiyi maddi hüquq normalarının hüquqi nəticələrinə qanunun tələb etdiyi formada hüquqi qiymət verməmişdir.Bu da qanunsuz olmaqla maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olur. Düzgün qərar qəbul edilməsi üçün qeyd edilən sənədlərin əsli təqdim olunur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.İlk iddia üzrə iddiaçının nümayəndəsi X5 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 31.Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
32. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə -öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddə-öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə- məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddə- tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3-cü maddə-qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 76.2-ci maddə- bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 89.3-cü maddə- yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 33.İş üzrə qəbul edilmiş qətnamə hər iki tərəfin apellyasiya şikayəti əsasında həm ilk, həm də qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi 34.Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, «Azkoz X14” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e2-2(113)-780/2021 saylı qətnaməsi qətnaməsi qismən ilk iddianın rədd edildiyi hissədə ləğv edilməli, ilk iddia təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. «Azkoz X14” MMC-nin iddia tələbi ilə bağlı 35.Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında SB 001/0217 saylı, 01 fevral 2017-ci il tarixli betonun alqı-satqısı müqaviləsi, HGC GD 001/2018 saylı, 03 yanvar 2018-ci il tarixli malların (əlavə 1-də qeyd edilmiş sement və klinker məhsullarının) satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilə, HGC GS 030/0118 saylı, 04 yanvar 2018-ci il tarixli klinker məhsulunun satışı ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə «Azkoz X14” MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif məhsullar satılmışdır. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində satılmış məhsullar üzrə cəmi 28.036.333,9 manat ödənildiyini qeyd etsə də, ilk iddia üzrə iddiaçının nümayəndəsinin yazılı izahatında Cavabdeh MMC- tərəfindən həyata keçirilmiş ödənişin ümumi məbləğinin bu məbləğdən daha artıq-28.073.616,4 manat olduğu qeyd olunur. Belə olan halda müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən ümumi alınmış mallar üzrə 28.036.333,9 manat ödəniş həyata keçirildiyini ilk iddia üzrə iddiaçı qəbul edir. 36.İlk iddia üzrə iddiaçı Cavabdeh MMC-yə təqdim edilmiş mallar üzrə qalıq borcun 3.436.735,58 manat olduğunu göstərsə də qarşı tərəf həyata keçirdiyi ödənişlərdə təyinat göstərilmədiyindən və ödənişlər ümumi borc üzrə silindiyindən qalıq borcun hansı müqavilə üzrə və hansı tarixdə təqdim edilmiş qaimə üzrə yarandığını göstərə bilməmişdir. 37.Apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh MMC-yə satılmış ümumi malların dəyərinin və qarşı tərəfə borcu olub-olmadının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2022-ci il tarixli məktubla ekspertizanın aparılmasından imtina edilmiş, ekspertizanın həyata keçirilməsi üçün tərəflər arasında aparılmış maliyyə təsərrüfat nəticələrinə dair audit hesabatının təqdim edilməsinin zəruri olduğu qeyd edilmişdir. 38.Cavabdeh MMC-nin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli “X7” MMC-nin audut rəyində qeyd edilmişdir ki, tərəflər arasında müqavilələr bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən ilk iddia üzrə iddiaçıya 24.103.861,69 manat ödənilmiş, xx.xx.2020-ci il tarixə «Azkoz X14” MMC-nin Cavabdeh MMC-yə 4.776.776,81 manat borcu yaranmışdır. 39.Qeyd edilən audit rəyinin hansə sənədlər əsasında tərtib edildiyi rəydə qeyd edilmədiyindən, o cümlədən xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə əsasında malın təhvil verilib-verilməməsi ilə bağlı məsələyə audititor tərəfindən deyil, tərəfləri təqdim etdiyi sübutlar əsasında məhkəmə tərəfindən hüquqi qiymət verilməli olduğundan məhkəmə həmin audit rəyini mötəbər sübut kimi qəbul etmir. 40.İşə apellyasiya qaydasında baxılarkən hər iki tərəfin apellyasiya şikayətinin dəlilləri hərtərəfli araşdırılaraq müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin ilk iddia üzrə iddiaçıya borcu 03 yanvar 2018-ci il tarixli müqavilə əsasında sement məhsulunun təqdim edilməsi ilə bağlı göndərilmiş xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə üzrə yaranmışdır. 41.Cavabdeh MMC məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində də göstərmişdir ki, xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə üzrə 3.880.888,89 manat məbləğində mal (sement) onlara təqdim edilməmişdir. Belə olan halda həyata keçirilmiş ödənişin məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia tələbinə hüquqi qiymət verilməsi üçün xüsusi bilik tələb edilən hesablama aparılmasına və audit yoxlaması təyin edilməsinə zərurət yoxdur. Məhkəmə ilk iddia üzrə iddiaçının 03 yanvar 2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018-ci il tarixli 617676 saylı elektron qaimə üzrə 3.880.888,89 manat məbləğində malın Cavabdeh MMC-nə təqdim edildiyinə dair dəlili ilə razılaşarsa ilk iddia tələbinin əsaslı olduğu sübut edilmiş olur. 42.03 yanvar 2018-ci il tarixli müqavilədə mallar təhvil verilərkən təhvil-təslim aktı tərtib edilməsi nəzərdə tutulmamışdır.Müqavilənin 7.2-ci və 7.3-cü bəndlərinə əsasən mal barədə sifariş daxil olur və malların daşınması istehsalçı tərəfindən təşkil olunur. Müqavilənin 4.4.-cü bəndində qeyd edilmişdir ki, sifarişlər yazılı surətdə tərtib edilir və hər iki tərəfin möhürü və imzası ilə təsdiqlənir. 43.Tərəflərin izahatları və şahid X6in ifadəsi əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mallar Cavabdeh MMC-yə təqdim edilərkən tərəflər arasında təhviltəslim aktı tərtib edilməmiş, yol nəqliyyat qaimələri ilə nmllar göndərilmiş, malların təqdim edilməsi elektron qaimələr və elektron hesab fakturaların göndərilməsi ilə rəsmiləşdirilmiş və həmin qaimələr əsasında ödənişlər həyata keçirilmişdir. Malların göndərilməsi ilə bağlı müqavilə şərtlərinə uyğun yazılı sifarişlər tərtib edilməmişdir. 44.Cavabdeh MMC «Azkoz X14” MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə ilə bağlı qarşı tərəfə hər hansı pretenziya göndərməmiş, həmin qaimə üzrə malların təhvil verilməsini tələb etməmiş, eyni zamanda qeyd edilən qaimənin ləğv edilməsi ilə bağlı nə iddiaçıya, nə də vergi orqanlarına müraciəti olmamışdır. 45.Qarşılıqlı iddia ərizəsində Cavabdeh MMC qaimə vurulmasına baxmayaraq onlara çatdırılmayan malın dəyərinin cəmi 369.000 manat olduğunu qeyd etmişdir. 46.Məhkəmə qeyd edilənləri və tərəflər arasında təşəkkül tapan işgüzar adətə görə malların təqdim edilməsinin yalnız elektron qaimə ilə rəsmiləşdirildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə üzrə malların təhvil alındığı müəyyən edilərək həmin qaimə üzrə ödənilməmiş 3.436.735,58 manat qalıq borc Cavabdeh MMC –dən iddiaçının xeyrinə tutulmalıdır. 47.İlk iddia üzrə iddiaçı qarşı tərəfdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə borcun 10 % həcmində 343.673,55 manat pul tutulmasını xahiş etmiş, həmin məbləği iddia ərizəsinə əlavədə cərimə məbləği olaraq göstərmişdir. Məhkəmə MM-nin 445.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi vəsait cərimə deyil, pul öhdəliyinin icrasının gecidirilməsinə görə əldən çıxmış fayda kimi qəbul edilməli, öhdəliyin icrasının gecikdirilməsinə görə iki il üçün illik 5% olmaqla Cavabdeh MMC-dən 343.673,55 manat pul tutulmalıdır. 48.Cavabdeh MMC tərəfindən birinci instansiya məhkəməsinə kserosurəti təqdim edilmiş «Azkoz X14” MMC-nin sifarişi ilə hazırlanmış, “PwC Eastern Europe B.V” şirkətinin Azərbaycan filialının audit rəyi məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə (sənədin əsli təqdim edilmədiyi üçün), 76.3-cü maddəsinə (qanunsuz olaraq əldə edildiyi üçün) işin hər hansı halını təsdiq edən mötəbər sübut kimi qəbul edilmir. Qeyd edilən audit rəyində qeyd edilir ki, bu hesabatın ünvanlanmadığı şəxslər hesabatla tanış ola bilməz və audit şirkətinin yazılı razılığı olmadan üçüncü tərəflər bu məlumatdan istifadə edə bilməz. İlk iddia üzrə cavabdeh həmin sənədi qanuni yollla əldə etdiyinə dair sübut təqdim edə bilməmişdir. 49.Cavabdeh MMC -nin bağladığı alqı-satqı müqavilələri üzrə yaranmış məhkəmə mübahisələri ilə bağlı qəbul edilmiş qətnamələrin hzırkı mübahisəyə aidiyyəti olmadığından sübut kimi qəbul edilmir. 50.İddia müddətinin tətəbiqi ilə bağlı ərizədə Cavabdeh MMC ilk iddia üzrə iddiaçı tərəfindən 0501.2018-ci il tarixdə tərtib edilmiş üzləşmə aktı əsasında yaranmış borcla bağlı iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, ilk iddia üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə araşdırması zamanı ilk iddia üzrə tələb edilən əsas borcun xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə üzrə yarandığı müəyyən edildiyindən iddiaçı həmin qaimə əsasında təqdim edilmiş malların dəyərinin ödənilməsi üçün 2020-ci ilin dekabr ayında iddia qaldırmaqla MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməmişdir.
Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı 51.«Azkoz X14” MMC-nin ilk iddia tələbi əsaslı hesab edilərək Cavabdeh MMC-nin təhvil aldığı mallara görə 3.436.735,58 manat qalıq borcu olduğu müəyyən edildiyindən qarşı tərəfə avans olaraq ödənildiyi bildirilən 2.603.680,62 manat pulun Cavabdeh MMCyə qaytarılması barədə iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. 52.Qarşılıqlı iddia tələblərindən biri HGC GD 001/2018 saylı 03 yanvar 2018-ci il tarixli müqavilənin 31 iyul 2018-ci il tarixli 6A saylı əlavəsinə əsasən 1.271.632,66 manat məbləğində pulun ödənilməsi ilə bağlıdır. 53.Birinci instansiya məhkəməsinə qeyd edilən əlavənin əsli təqdim edilmədiyi, qarşı tərəf həmin əlavənin mövcudluğunu mübahisələndirdiyi üçün məhkəmə tərəfindən bu tələb təmin edilməmişdir. 54.Cavabdeh MMC tərəfindən 6”A” saylı əlavənin əsli işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(103)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə sənəddəki imzanın və möhürün yoxlanılması üçün iş üzrə kompleks eksperiza-sənədlərin məhkəmə texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. 55.xx.xx.2022-ci il tarixdə məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert rəyi daxil olmuşdur. xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixli “6 A” saylı Əlavədə “İstehsalçı” hissəsində “X11 Fariz İbrahimli” yazılarından aşağıdakı imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “6 A” saylı Əlavənin üzərində olan İddiaçı-na aid möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuş, xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixli “6 A” saylı Əlavanin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı məzmunlu möhür əksi təqdim edilmiş sərbəst (cild 4, i.v. 69) və eksperimental (cild 4, i.v. 145) əks nümunələri ilə eynilik təşkil etmir. 56.Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra Cavabdeh MMC tərəfindən məhkəməyə “6 A” saylı Əlavəni İddiaçı MMC-nin adından imzalamış X1 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsi daxil olmuş, həmin ərizədə F.İbrahimli 6 A saylı əlavənin onun tərəfindən imzalandığı göstərmişdir. 57.Qeyd edilən ərizə əsasında xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixli “6 A” saylı Əlavənin İddiaçı MMC-nin idarə heyətinin sədri olmuş F.İbrahimli tərəfindən imzalandığı müəyyən olunduğundan məhkəmə xətşünaslıq ekspertizasının rəyi əsassız hesab edilir. 58.xx.xx.2018-ci il tarixli müqavilənin 19.2-ci bəndində qeyd edilir ki, bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda, tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndirkdə hüquqi qüvvəyə malikdir. 59.Məhkəmə texniki ekspertizasının rəyi əsasında 6 “A” saylı əlavəyə vurulmuş möhürün İddiaçı MMC-yə məxsus möhür olmadığı müəyyən olunduğundan məhkəmə qeyd edilən əlavə idarə heyətinin sədri olmuş F.İbrahimli tərəfindən imzalansa da, üzərindəki möhür hüquqi şəxsin möhürü olmadığı üçün həmin əqdi İddiaçı MMC-nin iradə ifadəsini əks etdirən və hüquqi qüvvəsi olan etibarlı əqd kimi qəbul etmir. Bu səbəbdən 6”A” əlavə əsasında tələb edilən 1.271.632,66 manat pulun tutulması hissəsində də qarşılıqlı iddia əsassız hesab edilir. 60.Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, 6 “A” saylı əlavə ilə eyni tarixdə tərəflər arasında xx.xx.2018-ci il tarixli müqaviləyə 6 saylı əlavə təsdiq edilmiş, həmin 6 saylı əlavə F.İbrahimli tərəfindən deyil, İddiaçı MMC-nin İdarə Heyətinin üzvü Elçin Axundov tərəfindən imzalanmış və fərqli möhürlə təsdiq edilmişdir. Bu fakt və 6 “A” saylı əlavədə Cavabdeh MMC-nin möhürünün mürəkkəbinin 6 saylı əlavəyə vurulmuş möhürün mürəkkəbi ilə eyni rəngdə olmaması belə qənaətə gəlməyə əsas verir ki, bu sənədlər eyni tarixdə tərtib edilməmişdir. 61.Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşır ki, digər qarşılıqlı iddia tələbləri ilə bağlı Cavabdeh MMC tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. 62.Belə ki, realizə edilmiş sement kisələrindən müştərilərin əldə etdiyi uduş kartlarına görə tələb edilən 110.000 manat tələblə bağlı Cavabdeh MMC tərəfindən həmin vəsaitin müştərilərə ödənilməsi, bu kompaniyanın hansı müddətləri əhatə etməsi, qarşı tərəfin həmin uduş kartlarına görə ödəniş etməklə bağlı üzərinə hansı şərtlərlə öhdəlik götürməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. 63.İlk iddia üzrə iddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən xx.xx.2021-ci il tarixli məhkəmə iclasında izahat verərkən göstərmişdir ki, uduş kartları ilə bağlı kompaniya müddətli olmuşdur. Müddət bitəndən sonra təqdim edilən kartlar qəbul edilə bilməzdi. 64.Yararsız mallara görə tələb edilən 158.000 manat və qaimə vurulmasına baxmayaraq təqdim edilməmiş 369.000 manat məbləğlərlə bağlı tərtib edilmiş aktlar İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, həmin aktlar hüquqi şəxs üçün hər hansı öhdəlik yaratmır. 65.Lazımı keyfiyyətdə olmayan əşyanın satılmasının nəticələri və alıcının hüquqları MM-nin 587-ci maddəsində nəzərdə tutulmuşdur. 587.1-ci maddədə qeyd edilir ki. əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
66. Cavabdeh MMC-nin yararsız olduğu iddia edilən mallarla bağlı qeyd edilən maddədə nəzərdə tutulmuş hüquqlardan istifadə etməmiş, bu barədə hər hansı tədbir görülməsi üçün qarşı tərəfə müraciət etməmişdir.
67. MM-nin 589-cu maddəsində satılmış əşyanın qüsurlarının müəyyən edilməsi üçün müddətlər nəzərdə tutulmuşdur. 589.2-ci maddəyə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Bu müddətlər keçdikdən sonra alıcının qüsurlarla bağlı tələb irəli sürmək hüququ xitam olunduğundan qüsurlu satılmış malın hansı tarixdə təhvil verildiyi sübut etmək vəzifəsi alıcının üzərinə düşür. 68.Cavabdeh MMC-nin nümayəndəsinin izahatından və elektron qaimələrdən görünür ki, mallar Cavabdeh MMC-yə 2018-ci ilin noyabr ayınadək təhvil verilmişdir. Qarşılıqlı iddianın xx.xx.2020-ci ildə məhkəməyə təqdim edildiyi nəzərə alınarsa müəyyən olunur ki, satılan məhsulun keyfiyyətsiz olması ilə bağlı tələb irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş iki illik müddət ötmüş və alıcının bu hüququ xitam olunmuşdur. 69.Qarşılıqlı iddia üzrə iddiaçının qeyd edilən tələbləri əsassız hesab edildiyindən tələb edilən 4512313,28 manat məbləğə 8 faizlə hesablanmış 721970,12 manat pul tələbinin rədd edildiyi hissədə də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. 70.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, «Azkoz X14” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e2-2(113)-780/2021 saylı qətnaməsi qətnaməsi qismən ilk iddianın rədd edildiyi hissədə ləğv edilməli, ilk iddia təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71.Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
"xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmıəsin. "Azkoz X14 " MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-780/2021-045 saylı qətnaməsi qismən ilk iddianın rədd edildiyi hissədə ləğv edilsin. İlk iddia təmin edilərək Cavabdeh MMC-dən 3436735,58 manat qalıq borc, gecikdirilmiş müddət üçün 343673,55 manat faiz və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 3780439,13 manat məbləğində pul tutularaq iddiaçı “Azkoz X14” MMC-yə ödənilsin. 162 manat ekspertiza xərci "xxxx" MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.