Məhkəmə qərarları › İş №2-2(103)-500/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-500/2024

07.06.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-500/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs X1 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2334/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə 7585,17 manat borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs2 barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi DYİ*****) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2334/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.

3. Maraqlı şəxs X4 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, şikayət olunan qətnamə hər hansı maddi hüquq normasına istinad edilməklə əsaslandırılmamış, maraqlı şəxsin təqdim etdiyi etiraza məhkəmə tərəfindən münasibət bildirilməmiş və dəlillər nəzərə alınmamış, istinad olunan borcun məbləğinin yüksək olmaması, Cəmiyyətin direktorunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasların olmadığı halda belə tədbirin tətbiqinin hansı zərurətdən irəli gəlməsinə dair mövqe bildirilməmişdir. Ərizəçi vergi orqanının maraqlı şəxs Müdüroğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi 07 mart 2024-cü il, saat 17-36-da elektron sistemdə qeydə alınmış, 17-37-də işin icraatda olması, həmin dəqiqədə qərardad çıxarılması, 17-38-də məhkəmə qərardadının e-məhkəmə sisteminə yükləndiyi barədə elektron bildirişlər daxil olmuşdur. Çox maraqlı fakt ondan ibarətdir ki, məhkəmə ərizəyə baxılmasını qeyri-iş günlərindən sonra gələn ilk iş günü - 11 mart 2024-cü il saat 09:25-ə təyin etməklə, maraqlı şəxsin iş materialları ilə tanış olması, ona dair mövqe bildirməsi, vergi borcunun araşdırılması, mübahisələndirilməsi və hüquqi yardım almaq üçün hüquqşünaslara müraciət edilməsi və müdafiəsinin təşkil olunması üçün imkan yaratmamışdır. İş vaxtından sonra və bayramqabağı gün ərəfəsində məhkəmənin bu qədər çevikliyi məhkəmə ilə ərizəçi arasında qeyri-prosessual münasibətlərin mövcud olmasına və əvvəlcədən düşünülmüş şəkildə hərəkət edilməsinə əminlik yaradır. Buna baxmayaraq, təqdim edilmiş sənədlər əsasında məhdud zaman çərçivəsində ərizəyə mahiyyəti üzrə etirazımı bildirirərək, məhkəmə iclasında iştirak etmək üçün iclasın təxirə salınmasını xahiş etsəm də, məhkəmə tərəfindən nəzərə alınmamış, 11 mart 2024-cü il, saat 09:36-da qətnamə çıxarılması və həmin gün saat 09:59-da qətnamənin mətninin elektron sistemə yerləşdirilməsi barədə elektron bildirişlər daxil olmuşdur. Belə olan halda məhkəmənin bu cür çevikliyinin necə qiymətləndirilməsi anlaşılan olmamaqla, qətnamənin rəsmi mətninin məhkəmə iclası keçirilmədən və tərəflərin mövqeyi nəzərə alınmadan tərtib olunmasına dəlalət edir. Şikayət olunan qətnamədə maraqlı şəxs tərəfindən 10 mart 2024-cü ildə elektron qaydada etiraz təqdim edilməklə, məhkəmə müdafiəsinə hazırlaşmaq, hüquqi yardım almaq, vergi borcuna münasibətdə mövqeyi müəyyənləşdirmək üçün məhkəmə baxışı iclasının növbəti həftəyə təxirə salınmasının xahiş edildiyi göstərilsə də, qətnamədə etiraza dair məhkəmənin mövqeyi öz əksini tapmamışdır. Məhkəmə vergi orqanının 07 mart 2024-cü il tarixli **********9 nömrəli bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 5396,20 manat, faizlər üzrə 2184,94 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin tələb edildiyini və həmin müddətdə borcun ödənilmədiyini göstərsə də, bir gün belə keçmədiyi halda, 5 günün keçdiyini göstərməsi və dərhal - 07 mart 2024-cü ildə məhkəməyə ərizə verməsi, vergi borcunun nə vaxt, hansı əsasla hesablanması barədə ərizəyə hər hansı sənədin bilərəkdən əlavə olunmamasını bilərəkdən nəzərə almamışdır. Vergi borcu 07 mart 2024-cü ildə tələb olunduğu və məhkəməyə dərhal ərizə verildiyi üçün əlbəttə ki, hər hansı faizlərin hesablanması da mümkün deyildi. xx.xx.2024-ci il tarixli **********179800 nömrəli xx.xx.2024-cü ildə AVİS-ə yüklənmiş qərardan görünür ki, Cəmiyyətə 5503.48 AZN mənfəət vergisi hesablanmışdır. Belə hesablanmanın heç bir faktiki və hüquqi əsası göstərilməmişdir və yoxdur. Cəmiyyət tərəfindən həmin qərara yazılı etiraz verilmişdir ki: Cəmiyyətin fəaliyyəti xx.xx.2022-ci il tarixdə dayandırılmışdır, 2022-ci ilin 4 ayı ərzində bəyan edilməmiş heç bir mədaxil və ya məxaric əməliyyatı olmamışdır. Vergi orqanı tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə eyni mövzulu uyğunsuzluq məktubları göndərilmiş, açıqlama və dəqiqləşdirilmiş bəyannamə tələb olunmuşdur. Tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və **********427100 nömrəli məktubla hesablanmış 5503.48 AZN mənfəət vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. Habelə vergi orqanına məlumdur ki, Cəmiyyət 2021-ci ili mənfəət vergi bəyannaməsinə əsasən 4229.06 AZN, 2022-ci ili nəzərə alındıqda 20769.07 AZN zərərlə başa vurmuşdur. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə **********78880 nömrəli Eran Müdür oğlunun adına Ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. xx.xx.2024-ci il tarixdə **********179800 nömrəli qərarla hər hansı faizlər hesablanmamış, qərardan onun təqdim olunduğu vaxtdan bir ay ərzində məhkəməyə və ya üç ay ərzində yuxarı vergi orqanına şikayət etmək hüququ göstərilmişdir. Lakin vergi orqanı qərarın mübahisələndirilməsi müddətini gözləmədən qərarın göndərildiyi gün, yəni 07 mart 2024-cü ildə Bakı Kommersiya Məhkəməsinə ərizə verərək Cəmiyyətin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilmıəsini xahiş etmişdir. Bununla vergi ödəyicisinə və onun rəhbərinə qarşı qərəzli və qanunsuz yanaşmaya yol verilmişdir. Göstərilənləri nəzərə alaraq, qanunsuz hərəkətlərin dayandırılmasını, heç bir faktiki və hüquqi əsas olmadan hesablanmış 5503.48 AZN mənfəət vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. “Məlhəm” Ltd Azərbaycan Respublikası vergi, inzibati icraat və inzibati prosessual qanunvericiliyə uyğun olaraq vergi orqanının hərəkətlərini və aktlarını hüquqi baxımdan mübahisələndirmək hüququna malikdir, lakin başa düşülən odur ki, bu hüquq da heçə endirilir. “X3rşı” işdə isə Məhkəmə qeyd etmişdir ki, hökümət ölkəni tərk etmək hüququnun məhdudlaşdırmanın zəruriliyinin nədən ibarət olmasını izah etməmiş, zəruriliyə əsas olan halları göstərməmişdir. Nəticədə xaricə getmək hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin zəruri qiymətləndirilməsi aparılmamış, bu məhdudiyyətin tətbiq edilməsi əsaslandırılmamış, ərizəçinin vəziyyəti öyrənilməmişdir. Bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz. Beləliklə, vergi orqanının qanunsuz hərəkətlərinə məhkəmə tərəfindən obyektiv və qanuna müvafiq münasibət göstərilməmiş, qanunsuzluğa əlverişli şərait yaradılmış, maraqlı şəxsin ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ölkə ərazisinə sərbəst gəlmək və getmək hüququ əsassız məhdudlaşdırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

7. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

9. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

10. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

12. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

15. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

16. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, vergi ödəyiciləri olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə 7585,17 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan X8 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

17. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, İttifaqların) fəaliyyəti olan Maraqlı şəxs1 (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri X7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən olan Maraqlı şəxs1nə (VÖEN: **********) ünvanlanmış xx.xx.2024-cü il tarixli **********9 nömrəli bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 5396,20 manat, faizlər üzrə 2184,94 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs1 (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə 7582,58 manat məbləğində ödənilməmiş borcu vardır. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2024-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi Maraqlı şəxs1nə (VÖEN: **********) xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 7588,06 manat təşkil edir.

18. Maraqlı şəxsin şikayətdə istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır.

19. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə əsaslı olaraq təmin edilmişdir.

20. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Maraqlı şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2334/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar