Məhkəmə qərarları › İş №2-2(103)-500/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-500/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-500/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı və qarantiya müqavilələri, öhdəliyin icra olunmaması, ziyanın ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı-nin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Özbəkistan Respublikasının kommersiya hüquqi şəxsi olan İddiaçı (satıcı) ilə Azərbaycan Respublikasının kommersiya hüquqi şəxsi olan Cavabdeh MMC (alıcı) arasında 25 yanvar 2022-ci il tarixdə EX-2501/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə satıcı alıcının mülkiyyətinə Özbəkistan Respublikası ərazisində istehsal olunan və müqavilədə qeyd edilən məhsulu verməyi, alıcı isə onu satıcıdan öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür; 1.3-cü bəndinə görə, tərəflər öz öhdəliklərinin icrası zamanı Qırğız Respublikası hüquqlarının tətbiqi haqqında razılığa gəlirlər.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti razılaşma əsasında ABŞ dolları ilə müəyyən olunur, yalnız hazırkı müqavilə üçün etibarlıdır və digər müqavilələrin imzalanması zamanı presedent ola bilməz. Malın qiymətinə malın özünün dəyəri, nişanlanma, qablaşdırma daxildir; 2.2-ci bəndinə görə, enerji daçıyıcılarına və ya xammala qiymətlər dəyişdiyi halda müqavilə qiyməti tərəflərin qarşılıqlı razılığı ilə dəyişə bilər. Bu zaman malın ödənilmiş partiyasının qiyməti dəyişmir, alıcı isə yalnız ödədiyi mal partiyasını almaq hüququnu özündə saxlayır; 2.3-cü bəndinə əsasən, müqavilənin ümumi dəyəri 1 000 000 (bir milyon) ABŞ dollarıdır və müqaviləyə dair Spesifikasiyalar əsasında malın bütün partiyalarının dəyəri kimi başa düşülür.

4. Müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə üzrə hesablaşma və ödəniş valyutası: ABŞ dolları. Ödəniş forması – alıcının hesablaşma hesabından satıcının hesablaşma hesabına bank köçürməsi.

5. Müqavilənin 4.2-ci bəndinə əsasən, malın partiyasına görə ödəniş yükləməyə qədər aşağıdakı qaydada həyata keçiriləcək: müqavilənin imzalanmasından sonra 5 bank günü ərzində satıcının hesabına birbaşa bank köçürməsi yolu ilə müqavilənin məbləğinin 20%-i miqdarında ilkin ödəniş. Yükləmənin ayrı-ayrı partiyaları üzrə ödəniş müqavilə üzrə ilkin ödəniş nəzərə alınmaqla qeyd olunan partiya yüklənənə qədər həyata keçirilir.

6. Müqavilənin 4.3-cü bəndinə görə, pul vəsaitlərinin köçürülməsinə görə bütün bank komissiya xərclərini ödəyici daşıyır, Özbəkistan Respublikası hüdudlarından kənarda bütün poçt xərclərini alıcı ödəyir, Özbəkistan Respublikası ərazisində isə satıcı ödəyir.

7. Müqavilənin 9.1-ci bəndinə əsasən, alıcı tərəfindən müqavilənin 4b yerinə yetirilməsi şərti ilə malın təchizatında gecikmə olduğu halda, satıcı alıcıya hər bir gecikmə günü üçün təchizatı gecikmiş malın dəyərinin 0,1%-i məbləğində peniya ödəyir. Cərimənin ümumi məbləği vaxtında təchiz olunmamış malın dəyərinin 16%-dən çox ola bilməz; 10.1-ci bəndinə əsasən tərəflər hazırkı müqavilədən və ya onunla əlaqədar bütün mübahisə və fikir ayrılıqlarının danışıqlar yolu ilə həll etmək üçün bütün tədbirləri həyata keçirəcəklər; 10.2-ci bəndinə əsasən, əgər tərəflər mübahisəli məsələlər üzrə razılığa gələ bilmirlərsə, maraqlı tərəf təqsirli tərəfə yazılı pretenziya göndərir. Baxılma müddəti və əsaslaşdırılmış cavabın göndərilmə müddəti pretenziyanın alındığı gündən 30 (otuz) təqvim günü təşkil edir.

8. Müqaviləyə 24 fevral 2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən, müqavilə tərəfləri 24 fevral 2022-ci il tarixli invoys üzrə yükləmə CİP – Bakı şəhəri (Azərbaycan) şərtləri ilə həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər.

9. Müqaviləyə 17 mart 2022-ci il tarixli 2 saylı Əlavəyə əsasən, təchiz olunan mala görə ödəniş 2 üsulla həyata keçiriləcək: ixrac faktı üzrə, yəni malın yüklənən partiyasına görə ödənişin gecikdirilməsi ilə, həmin gecikdirilmə mal partiyasının faktiki ixracı anından 30 (otuz) təqvim günündən çox ola bilməz; malın yüklənən partiyasına görə 100% məbləğində ilkin ödəniş satıcının hesablaşma hesabına. Həmin əlavənin 2-ci bəndinə əsasən, ödəniş tarixi pul vəsaitlərinin satıcının hesablaşma hesabına mədaxil olduğu gün hesab olunur.

10. Müqaviləyə 03 iyul 2023-cü il tarixli 4 saylı Əlavəyə əsasən, müqavilənin ümumi dəyəri 2 000 000 ABŞ dollarıdır və müqaviləyə dair spesifikasiyalar əsasında malın bütün partiyalarının dəyəri kimi başa düşülür.

11. Müqaviləyə 13 iyul 2023-cü il tarixli 13 saylı Əlavədən (Spesifikasiya) görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 87 096,52 ABŞ dolları olan mal(lar) göndərilmişdir.

12. Müqaviləyə 14 iyul 2023-cü il tarixli 14 saylı Əlavədən (Spesifikasiya) görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 63 406,7 ABŞ dolları olan mal(lar) göndərilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib edilmiş və 31 yanvar 2022-ci ildən 10 yanvar 2025-ci il tarixinə qədər olan dövrü əhatə edən ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 1 244 169, 60 dollar məbləğində pul vəsaiti köçürülmüşdür.

14. 25 yanvar 2022-ci il tarixli EX-2501/22 nömrəli müqavilənin üzləşdirmə aktına görə, 25 yanvar 2022-ci ildən 13 avqust 2024-cü ilədək tərəflər arasında 1 290 705,96 ABŞ dolları məbləğində debet, 1 219 170,60 ABŞ dolları məbləğində kredit, ümumi saldo isə 71 535,36 ABŞ dolları təşkil edir.

15. Tərəflər arasında 13 və 14 iyul 2023-cü il tarixlərində gömrük bəyannaməsi və əlavə vərəqə tərtib edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 71 535,36 (yetmiş bir min beş yüz otuz beş dollar otuz altı sent) ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə və həmin müqavilənin ayrılmaz tərkib hissələri olan spesifikasiyalar (sifariş verilən malların razılaşdırılmış siyahısı və qiyməti) əsasında cavabdehə ümumilikdə 1 290 705,96 (bir milyon iki yüz doxsan min yeddi yüz beş dollar doxsan altı sent) ABŞ dolları dəyərində mallar göndərilmiş, lakin həmin malların yalnız 1 219 170,60 (bir milyon iki yüz on doqquz min yüz yetmiş dollar altmış sent) ABŞ dolları hissəsi ödənilmiş, 71 535,36 (yetmiş bir min beş yüz otuz beş dollar otuz altı sent) ABŞ dolları hissəsi isə ödənilməmiş qalmışdır. Müqavilənin 3.1-ci bəndində malların alıcının mülkiyyətinə verilməsi FCA – Çirçik şəhəri, Özbəkistan Respublikası (“İncoterms 2010”) şərti nəzərdə tutulsa da, 24 fevral 2022-ci il tarixli 1 saylı Əlavə razılaşmaya əsasən tərəflər razılığa gəlmişlər ki, xx.xx.2022-ci il tarixli invoys üzrə yükləmə CİP – Bakı ş. (Azərbaycan) şərtləri ilə həyata keçirilsin. CİP – Bakı ş. (Azərbaycan) yükləmə şərtləri 25 yanvar 2022ci il tarixli EX-2510/22 saylı müqavilə üzrə bütün mal partiyasına aiddir. Cavabdehə qarşılıqlı üzləşmə aktının imzalanması təklif edilsə də, cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. X2 (İNCOTERMS) əsasən, CİP şərtinə görə malın qiyməti, daşıma və sığorta haqqı alıcı tərəfindən ödənilir və mal alıcının ölkəsində razılaşdırılmış yerdə ona təhvil verilməklə mülkiyyətinə keçir. Göründüyü kimi, mallar müqavilə şərtlərinə görə cavabdehə Bakı şəhərində verilməklə, müqavilə Bakı şəhərində icra olunmuşdur.

18. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra cavabdeh tərəfindən 24 sentyabr 2024-cü il tarixdə 5000 ABŞ dolları, 07 oktyabr 2024-cü il tarixdə 5000 ABŞ dolları olmaqla, cəmi 10 000 ABŞ dolları ödəniş edilmişdir, buna görə də cavabdehdən 61 535,36 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsini xahiş edir.

19. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin azaldılması” barədə ərizə verərək bildirmişdir ki, cavabdeh tərəfindən 19 noyabr 2024-cü il tarixdə 5000 ABŞ dolları ödəniş edilmişdir və onun ödənilməmiş borcu 56 535,36 ABŞ dolları təşkil edir, buna görə də cavabdehdən 56 535,36 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

20. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuş, etiraz aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1 290 705,96 ABŞ dolları dəyərində mallar göndərilmiş, lakin cavabdeh tərəfindən 1 247 229,60 ABŞ dolları pul vəsaiti iddiaçı şirkətinin bank hesabına köçürülmüşdür. Hazırda iddiaçıya cavabdeh tərəfindən 43 476,36 ABŞ dolları pul vəsaiti borcu qalmışdır. Bu halı təsdiq edən bank ödənişləri, ödəniş tapşırığı və arayış, qaimələr etiraza əlavə edilmişdir. İddiaçı təşkilat məhkəməyə sübut kimi təqdim etdiyi üzləşmə aktında, 2023-cü il tarixdə cavabdeh tərəfindən ödənilən 18 059 ABŞ dollarını, 23 sentyabr 2024-cü il tarixdə ödənilən 5000 ABŞ dollarını, 04 oktyabr 2024-cü il tarixdə ödənilən 5000 ABŞ dollarını göstərməmiş və iddia tələbinə düzəliş etməmişdir. Bununla bərabər, iddiaçı tərəfindən məhsullar təhvil verilən zaman onların müəyyən bir hissəsinin rəng və keyfiyyətində bir sıra nöqsanlar aşkar olunmuş, bununla da satıcı şirkət tərəfindən bağlanmış müqavilənin şərtləri pozulmuşdur. Qeyd edilən nöqsanlar nəzərə alınmadığı üçün satıcı şirkət tərəfindən cavabdehə maddi ziyan vurulmuş və işgüzar nüfuzuna ciddi zərbə dəymişdir. Məhsulların rəng və keyfiyyətində olan qüsurlar ilə əlaqədar olaraq qeyd olunan məhsulları satdığımız müştərilərin şikayətlərini videoyazıya qeyd edərək, bu barədə satıcı şirkətə dəfələrlə məlumat verilsə də, həmin hallar şirkət tərəfindən nəzərə alınmamış və aradan qaldırılmamışdır. 25 yanvar 2022-ci il tarixli EX-2501/22 nömrəli müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir ki, alıcı malın keyfiyyətinin müqavilənin 6.1-ci bəndində göstərilən tələblərə cavab vermədiyi barədə malların müvafiq partiyasının alıcının anbarına boşaldılması tarixindən etibarən 30 təqvim günü ərzində satıcıya qarşı iddia irəli sürmək hüququna malikdir. Bu halda satıcı və/və ya yükgöndərən alıcının iddiasını aldığı tarixdən 3 təqvim günü ərzində öz nümayəndəsini iddiaya baxmaq üçün mal partiyasının olduğu yerə göndərməyə borcludur. İddia təsdiqlənərsə, satıcı malların müvafiq partiyasının və ya onun bir hissəsinin qiymətini azaltmağa və/və ya alıcıya mal partiyasındakı qüsurların aradan qaldırılması ilə bağlı xərcləri ödəməyə borcludur. Yuxarıda qeyd olunan nöqsanların nəzərə alınmaması nəticəsində satıcı şirkət tərəfindən 2023-cü ilin məktəb dövrü zamanı cavabdehə böyük həcmdə maddi ziyan vurulmuşdur. Belə ki, sifariş olunmuş məhsullar rəng və keyfiyyət baxımından cavabdehin tələblərinə uyğun gəlmədiyinə görə, məhsulların satıldığı müştərilər həmin məhsulları geri qaytarmış və cavabdehdən ödənişləri tələb etmişlər. Bu halda cavabdeh ya sözügedən cəriməni ödəməklə qaytarılan malları qəbul edir, ya sadalanan halları nəzərə almaqla müştərilərin borcunu azaldır, ya da geri qaytarılan malları qəbul edərək, əvəzində müştəriyə yeni mallar verirdi. Qeyd olunan hallardan sonra Cavabdeh MMC satıcı şirkətə onlarla işləmək istəmədiyini deyərək, təhvil verilən qüsurlu malların geri qaytarılacağını və beləliklə də, sözügedən şirkətə olan borclarının silinməli olduğunu bildirmişdir. Lakin iddiaçı tərəfindən malların hamısının qaytarılmasına etirazını bildirmiş və yalnız tam qüsurlu və ya qüsurlu olmasa da, alıcının tələblərinə uyğun gəlməyən malların qaytarılmasını qəbul edərək, qalan malların əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən satıcı şirkətə bildirilmişdir ki, onlara vaxt lazımdır, çünki bu məsələ müzakirə edildiyi zaman müştərilər malları qaytarmağa davam edirdilər və bu halın nə qədər müddət davam edəcəyi onlara məlum deyildi. Müəyyən müddət keçdikdən sonra satıcı şirkət tərəfindən təhvil verilmiş tam qüsurlu mallar geri qaytarıldı və tərəflər arasında cavabdeh tərəfindən iddiaçıya hər ay 10 000 ABŞ dolları ödənilməsi barədə razılığa gəlindi. Bundan sonra isə 19 aprel 2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya 10 000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bundan sonra cavabdehə bildirilmişdir ki, 7096,52 ABŞ dolları məbləğində bağlanılmalı olan bəyannamə mövcuddur. Xarici ödəmələrdə bəyannamədə göstərilən məbləğdən artıq ödəmə edilməsinin mümkün olmamasına görə onlar tərəfindən cavabdeh şirkətə həmin bəyannamədə göstərilən məbləğdə ödəniş edilmişdir. Yerdə qalan 2903,48 ABŞ dolları məbləğində borc da onlar tərəfindən bəyannamə əsasında aprel ayı ərzində satıcı şirkətə ödəniləcəkdi. Yenidən 11 iyul 2024-cü il tarixdə 5000 ABŞ dolları, 23 sentyabr 2024-cü il tarixdə 5000 ABŞ dolları, 04 oktyabr 2024-cü il tarixdə 5000 ABŞ dolları pul vəsaiti iddiaçı təşkilata ödənilmişdir. Lakin iddiaçı təşkilat tərəfindən əlavə edilmiş hesabatda cavabdeh tərəfindən 07 iyul 2023-cü il tarixdə ödənilmiş 18 059 ABŞ dolları, 23 sentyabr 2024-cü il tarixdə 5000 ABŞ dolları, 04 oktyabr 2024-cü il tarixdə 5000 ABŞ dolları pul vəsaiti nəzərə alınmamış və iddia tələbindən çıxılmamışdır. Cavabdehə göndərilmiş 1 290 705,96 ABŞ dolları dəyərində məhsulun ümumilikdə 1 247 130 ABŞ dolları ödənilmiş, cəmi 43 575,96 ABŞ dolları pul vəsaiti borc qalmışdır. Həmin pul vəsaiti isə hissə-hissə ödəniləcəkdir. Bu səbəblə iddia tələbi rədd olunmalıdır”.

21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

22. Birinci instansiya məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 46 535,36 (qırx altı min beş yüz otuz beş dollar 36 sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

23. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

23.1. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəyə hazırkı məhkəmədə baxılması və Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsi mümkün hesab edilmişdir. Belə ki, nümayəndəyə verilən etibarnamə iddiaçını Azərbaycan Respublikasının məhkəmələrində təmsil etmək üçün verilmiş, etibarnamə, iddia ərizəsi və s. Azərbaycan Respublikasının qanunvericiliyinə istinad olunmuşdur. Eyni zamanda cavabdeh tərəf də mübahisənin hazırkı məhkəmədə baxılmasına etiraz etməmiş və etiraz ərizəsində Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etmişdir. 23.2. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır 23.3. Tərəflər arasında müqavilənin bağlanması, ümumilikdə 1 290 705,96 ABŞ dolları dəyərində malların cavabdehin mülkiyyətinə verilməsi, ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal qalıq borc məbləği ilə bağlı olmuşdur. 23.4. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh MMC-dən 46 535,36 ABŞ dolları (qırx altı min beş yüz otuz beş dollar otuz altı sent) pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, ilkin olaraq iddia tələbi 71 535,36 ABŞ dolları olmuş, daha sonra məhkəmə icraatının gedişində ödənişlər edilmiş və iddiaçı iddia tələbinin həcmini azaldaraq 56 535,36 ABŞ dolları məbləğində əsas borcun tutulmasını xahiş etmişdir. Malların dəyəri olan 1 290 705,96 ABŞ dolları məbləğdən iş materiallarında olan ödəniş sənədlərindəki ödənişləri (ümumilikdə 1 244 169,6 ABŞ dolları) çıxdıqda, qalıq məbləğ 46 536,36 manat təşkil edir (1 290 705,96-1 244 169,6 = 46 536,36). 16 yanvar 2025-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, qalıq borcun 46 535,36 ABŞ dolları təşkil etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Həmçinin nəzərə alınmışdır ki, tərəflərdən biri xarici hüquqi şəxsdir və tərəflər pul öhdəliyini xarici valyutada (müqavilə üzrə hesablaşma və ödəniş valyutası ABŞ dolları olaraq) müəyyənləşdirmişlər.

24. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385ci, 386-cı, 439.1-ci, 442-ci, 448.1-ci, 567-ci, 598.1-ci və 598.2-ci maddələrinə istinad etmişdir.

25. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddiaçı tərəfindən cavabdehə qüsurlu malların təqdim edildiyinin nəzərə alınmadığını, qüsurun müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunmadığını və əsassız nəticəyə gəlindiyini irəli sürmüşdür. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, qətnamə çıxarıldıqdan sonra – xx.xx.2025-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 5000 ABŞ dolları olmaqla ümumilikdə 10 000 ABŞ dolları ödəniş edilmişdir

Apellyasiya şikayətinə qarşı etiraz

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

27. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

28. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçıya əslində 43 575,96 ABŞ dolları borcları qalmış, qətnamə çıxarıldıqdan sonra – xx.xx.2025-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 3000 ABŞ dolları olmaqla ümumilikdə 13 000 ABŞ dolları ödənilmişdir.

29. Hər iki tərəfin nümayəndəsi onlara ünvanlanan suala cavab olaraq həm də bildirmişlər ki, mübahisəyə Azərbaycan hüququnun tətbiq olunmasına etiraz etmirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

36. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

37. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

38. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

39. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

40. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

44. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

45. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

46. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.

47. Maddə 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

48. Maddə 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər.

49. Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.

50. Maddə 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir.

51. Maddə 586.4. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır.

52. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

53. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

54. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

61. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

62. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

63. Maddə 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanun

64. Maddə 25.4. Müqavilənin icra üsullarına və proseduralarına, habelə onun lazımi qaydada icra edilməməsi ilə əlaqədar görülən tədbirlərə münasibətdə tətbiq olunan hüquqdan əlavə, icranın keçirildiyi ölkənin hüququ da nəzərə alınmalıdır.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Qanun (Kişinyov Sazişi)

65. Maddə 22.1. Əgər bu bölmənin İİ-V hissələrində digər qayda nəzərdə tutulmursa, onda yaşayış yeri Razılığa gələn Tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin Razılığa gələn Tərəflərin məhkəmələrinə təqdim edilir, hüquqi şəxsə qarşı iddialar isə onların idarəedici orqanı, nümayəndəsi, yaxud da filialı olan Razılığa gələn Tərəfin məhkəmələrinə təqdim edilir.

66. Maddə 22.2. Razılığa gələn Tərəfin məhkəmələri eyni zamanda səlahiyyətli hesab edilir, əgər onun ərazisində: b) mübahisənin predmeti olan müqavilədən irəli gələn öhdəliklər yerinə yetirilibsə, yaxud tam və ya qismən yerinə yetirilməlidirsə;

“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 dekabr 2023-cü il tarixli Qərarı

67. Bənd 2.3. Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də müəyyən edilə bilər. Buraya xüsusi olaraq hüquqi yardımla bağlı ikitərəfli və ya çoxtərəfli (məsələn, ”Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il Minsk və 2002-ci il Kişinyov Konvensiyaları), o cümlədən xüsusi predmet sferasına malik olan (məsələn, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi) beynəlxalq müqavilələr aiddir.

68. Bənd 3.3. MPM-in 29,32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır.

69. Bənd 5.6. Mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi).

70. Bənd 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.

Apellyasiya baxışının həddi

71. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

73. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “cavabdehdən 2959,4 (iki min doqquz yüz əlli doqquz dollar 40 sent) ABŞ dolları (46 535,36 - 43 575,96 = 2959,4) məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin ləğv olunmasını xahiş etsə də, həm iddiaya qarşı yazılı etirazında, həm də apellyasiya baxışı zamanı verdiyi izahatında “cəmi 43 575,96 ABŞ dolları borcun qaldığını və həmin pul vəsaitinin hissə-hissə ödəniləcəyini” bildirməsi nəzərə alındığında, əslində onun şikayəti də yalnız qeyd olunan hissənin düzgün olmamasına yönəlmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

75. Kollegiya ilk olaraq qeyd edir ki, məhkəmə öz xidməti vəzifəsindən irəli gələrək (ex officio”) hazırkı mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olub-olmamasını və tətbiq edilməli olan hüququ müəyyən etməlidir.

76. Mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə qeydiyyata alınmış hüquqi şəxsdir və tərəflər arasında bağlanmış müqavilədə ayrıca arbitrajla bağlı şərt müəyyən edilmişdir) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

77. Kollegiya işin faktiki hallarını, tərəflərin birinci instansiya məhkəməsində təqdim etdikləri şifahi və yazılı izahatları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmağa səlahiyyətlidir.

78. Belə ki, tərəflər arasında etibarlı arbitraj razılaşması mövcud olsa da, nə iddiaçı, nə də cavabdeh birinci instansiya məhkəməsində bununla bağlı hər hansı vəsatət və ya etiraz verməmişlər. Başqa sözlə, tərəflər arbitraj məhkəməsinə müraciət etmək hüququndan istifadə etməmişlər və öz hərəkətləri ilə Azərbaycan Respublikası məhkəmələrinin yurisdiksiyasını qəbul etmişlər.

79. Mübahisənin iddiaçının (Özbəkistan Respublikası) və ya cavabdehin (Azərbaycan Respublikası) dövlətində baxılması məsələsinə də qiymət verilməlidir.

80. Həm Mülki Prosessual Məcəlləyə, həm də Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının üzv olduğu Kişinyov Sazişinə görə mübahisənin predmeti olan müqavilədən irəli gələn öhdəliklər Üzv dövlətin ərazisində yerinə yetirilibsə, yaxud tam və ya qismən yerinə yetirilməlidirsə, bu halda həmin dövlətin məhkəməsi səlahiyyətlidir.

81. İşin faktiki hallarından görünür ki, tərəflər arasında alqı-satqı predmeti olan malların “İNCOTERMS – CİP” qaydalarına görə Bakı şəhərinə çatdırılması razılaşdırılmışdır. Belə olan halda mübahisəli müqavilənin yekun olaraq icra olunması yeri Azərbaycan Respublikası olduğundan, Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyəti var. Digər tərəfdən hazırkı mübahisə üzrə qəbul olunmuş qətnamənin əsasını təşkil edən iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və müqavilədən irəli gəldiyindən Azərbaycan Respublikasının məhkəmələri səlahiyyətlidir.

82. Beynəlxalq səlahiyyət məsələsini həll edən kollegiya, tətbiq edilməli hüquq barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

83. Tərəflər müqavilədə tətbiq edilməli hüquq qismində Qırğızıstan Respublikasının hüququnu seçmişlər. Kollegiya qeyd edir ki, tərəflərin müqavilədə razılığa gəldiyi maddi hüquq, tətbiq edilməli olan müəyyən edilməsi zamanı ən başlıca və əsas meyar olsa da, bu faktor heç də həlledici deyil. Belə ki, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.

84. Məhz bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının hüququna əsasən Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etməsi və cavabdehin bunu qəbul etməsi onların Azərbaycan Respublikasının hüququnu seçməsi ilə nəticələnmişdir.

85. Digər tərəfdən kollegiya onu da nəzərə alır ki, bu qəbildən olan mübahisələrdə ən önəmli məsələ tərəflərin müqavilədən irəli gələn hüquqlarının icrasıdır. Məhz buna görə də “Beynəlxalq xüsusi hüquq” haqqında Qanun da maddi hüququn müəyyən edilməsi zamanı icranın keçiriləcəyi hüququn nəzərə alınmasını təsbit etmişdir.

86. Şərh edilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə tətbiq edilməli hüquq Azərbaycan Respublikasının hüququdur.

87. Mübahisənin mahiyyəti üzrə isə kollegiya aşağıdakıları qeyd edir:

88. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

89. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

90. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, cavabdeh öhdəliyini pozaraq müqavilə üzrə ödənişləri yerinə yetirməməsi nəticəsində zərər çəkmişdir. Cavabdeh isə alqı-satqı müqaviləsi üzrə malların qüsurlu olması səbəbi ilə ödənişləri etməkdən imtina edir.

91. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlanması, iddiaçının müqavilə üzrə malların göndərilməsi və cavabdehin iddaçıya borcunun olması işin mübahisəsiz halını təşkil edir. Cavabdeh bunları mübahisələndirilməmiş və yalnız malların qüsurlu olmasına istinad edərək qalıq borcunun məbləğinin daha az olduğunu irəli sürmüşdür.

92. Kollegiya cavabdehin bu arqumentlərini əsassız hesab edir; belə ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

93. Alqı-satqı müqaviləsi çərçivəsində satıcının təqdim etdiyi malın qüsurlu olmasının sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəillər təqdim etməlidir.

94. Mülki Məcəllənin 581.1 maddəsinin (§ 44) məzmunundan görünür ki, alqısatqı müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir (§ 45).

95. Tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndindən və həmin müqaviləyə edilmiş 14 nömrəli əlavədən tərəflərin keyfiyyət ilə bağlı şərt müəyyən etdikləri aydın olur. Buna rəğmən, cavabdeh təqdim edilən malların həmin keyfiyyətə uyğun olmaması barədə hər hansı sübut təqdim etməmişdir (mütəxəssis rəyi, qüsur aktı).

96. Kollegiya qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.

97. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

98. Digər tərəfdən elə həmin 6-cı bənddə tərəflər qüsurla bağlı pretenziya verilməsi müddətini də razılaşdırmışlar. Belə ki, müqavilənin 6.3-cü bəndinə görə, mallar anbara boşaldıqdan 30 gün ərzində alıcı bununla bağlı satıcıya müvafiq pretenziya məktubunu göndərməlidir. Hazırkı halda isə cavabdeh malları təhvil aldıqdan sonra bu prosedura əməl etməmiş və yalnız iddiaçı məhkəməyə müraciət etdikdən sonra malın qüsurlu olmasını qeyd etmişdir. Bu isə mülki hüququn təməlini təşkil edən vicdanlılıq prinsipi ilə zidiyyət təşkil edir.

99. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

100. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin ödənişlər etməsi qətnamənin dəyişdirilməsinə əsas yarada bilməz.

101. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin borcunun məbləğini qətnamə çıxarılan günə olan vəziyyətə uyğun qəbul edə bilərdi və qətnamədən sonrakı ödənişləri nəzərə alması mümkün deyildir. Apellyasiyanın məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. Apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Apellyasiya məhkəməsi birinci instansiyada tərəflərin təqdim etdiyi sübutlar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu normanın tətbiqi zamanı nəzərə alınmalıdır ki, MPM-in 371 və 372-ci maddələrində apellyasiya instansiyası məhkəməsində işə baxılmanın müəyyən olunmuş məhdudiyyətlər (hədləri) diqqətdə saxlanmalıdır. Bu məhdudiyyətlər: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunmasından ibarətdir. Həmçinin dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iddia tələbində qeyd olunan tarixədək olan borcu müəyyən etmək vəzifəsi vardır. Məhkəmə müqavilə müddətlərini əsas tutmaqla daha qısa müddət üçün borcu müəyyən etməklə həmin borcun tutulmasını qət etməkdə haqlıdır.

102. Baxılan iddia tələbi cavabdehin qətnamə çıxarılana qədər yaranmış borcunun tutulması barədədir. Birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin borcun bir qismini ödəməsi və buna əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini və ya dəyişdirilməsini tələb etməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyənlik xüsusiyyətinə xələl gətirir və apellyasiyanın məqsədlərinə uyğun gəlmir.

103. Ölkədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması funksiyasını yerinə yetirən Ali Məhkəmənin bənzər işlərlə bağlı qərarlarında (Ali Məhkəmənin “PARA” BOKT açıq səhmdar cəmiyyətinin X4 qarşı iddia tələbi üzrə xx.xx.2021-ci il tarixli qərarı) da vurğulanmışdır ki, “bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.)”.

104. Şərh olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin “cavabdehdən 46 535,36 (qırx altı min beş yüz otuz beş dollar 36 sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi” nəticəsinin dəyişdirilməsi üçün əsas yoxdur; bununla belə qətnamənin icrası zamanı nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdeh tərəfindən həmin məbləğin 13 000 ABŞ dolları hissəsi ödənilmiş və onun 33 535,36 ABŞ dolları borcu qalmışdır.

105. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-580/2025 saylı iş üzrə 16 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar