Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-503/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə iddiaçının ərizəsinin təmin edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1974/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 46295 (qırx altı min iki yüz doxsan beş) manat məbləğində əsas borcun, 76387 (yetmiş altı min üç yüz səksən yeddi) manat dəbbə pulunun, 3000 (üç min) manat əldən çıxmış faydanın, 7,25 faiz dərəcəsi ilə hesablanmaqla 3356 manat bank uçot dərəcəsi ilə faiz, cəmi 129 038 manat və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işin icraatı yekunlaşana qədər, iddianı təmin etmək üçün tədbiri kimi, Cavabdeh MMC-yə məxsus “xxxxxxxxx” ASC-də yerləşən (İBAN-H/H AZ48MUGA**********00021AZM00, VÖEN **********, M/H:AZ41NABZ********************, Bank kodu-506162, S.W.İ.F.T:MUGAAZ22) bank hesabında olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1974/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-nin xxxxxxxxx” ASC-də olan (h/h: AZ48MUGA**********00021AZM00,VÖEN**********,M/H:AZ41NABZ********************, Bank kodu-506162, S.W.İ.F.T:MUGAAZ22) bank hesabındakı pul vəsaitinin üzərinə (əmək haqqı ödənişlərinin edilməsinə mane olmadan) İddiaçı MMC-nin iddia tələbi həcmində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1974/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan Cavabdeh MMC ölkə daxilində və ölkə hüdudlarından xaricdə beynəlxalq maliyyə təşiklatları tərəfindən və ya yerli büdcədən maliyyələşən dəyəri 150.000.000 manatdan çox olan böyük infrastruktur layihələrinin icrasını həyata keçirir. Cavabdeh MMC-də 300 nəfərdən çox işçi çalışır və Cəmiyyətin mülkiyyətində kifayət qədər daşınar və daşınmaz əmlak var. Cəmiyyətin Nizamnamə kapitalı 7.187.074,70 təşkil edir. Bu qədər böyük dövriyyəsi və potensialı olan şirkətə qarşı gələcəkdə məhkəmənin çıxaracağı qətnamənin icrasında hər hansı çətinlik yarana bilməz. İddiaçı iddia tələbində cavabdehdən 46.295 manat məbləğində əsas borc, 82.743,00 manat əlavə pul olmaqla, cəmi 129,038 manat tələb edir. Göründüyü kimi cavabdeh iddiaçıdan müqavilədə qeyd olunmadığı halda əsas borcdan 3 dəfə artıq məbləğdə əlavə pul tələb edir. Məhkəmə isə iddiaçının iddia tələbini araşdırmadan onun iddia tələbi həcmində, yəni 129.038 manat məbləğində cavabdehin bank hesabındakı pul vəsaitinin üzərinə həbs qoymuşdur. Bu hal isə öz növbəsində onsuz da çətin vəziyyətdə olan sahibkarın, şirkətin fəaliyyətinə ciddi çətinlik yaradacaq və şirkətdə çalışan işçilərin vəziyyətini pisləşməsinə səbəb olacaq. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1974/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1974/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı dəyişdirilərək Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-də olan bank hesabındakı pul vəsaitinin üzərinə əsas borc həddində-46.295 manat məbləğində həbs qoyulmalıdır. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: üzərinə həbs qoyulur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məcəllənin 158.4-cü maddəsindəki “iddia tələbi həddində” ifadəsi iddiaçının cavabdeh qarşı irəli sürdüyü bütün maddi tələbləri, yəni əsas borc, faiz, dəbbə pulunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarına əsasən, “iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. .....Məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.” Qərarda həmçinin qeyd olunur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Hazırkı halda iddiaçının cavabdehdən tələb etdiyi əsas borc məbləği cəmi 46295 manat olduğu halda, həmin borca hesablanmış dəbbə pulu 76387 manat, əldən çıxmış fayda 3000 manat, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə tələb edilən faiz 3356 manat təşkil edir. Məhkəmə təcrübəsində Mülki Məcəllənin 467-ci maddəsinə əsas götürülərək müqavilə şərtləri əsasında hesablanmış və tələb edilən əsas borc məbləğinə nisbətdə tənasübsüz şəkildə yüksək olan dəbbə pulu adətən azaldılır və cərimə tələbi hissəsində iddia qismən təmin edilərək tutulan məbləğ əsas borc məbləğinin 50%-dən artıq olmur. Belə olan halda, iş üzrə iddianı təmin etmə tədbiri görülərək işə mahiyyəti üzrə baxılanadək iddiaçı tərəfindən müqavilədən irəli gələn pul öhdəliyi üzrə hesablanmış, bəzən əsas borcdan dəfələrlə artıq olan dəbbə pulu borcu həddində cavabdehin əmlakı üzərinə həbs qoyulması “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına (ağlabatan mütənasiblik prinsipinə) zidd olmaqla işə mahiyyəti üzrə baxılanadək cavabdehin mənafeyinə əhəmiyyətli dərəcədə ziyan vurulmasına və işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasındakı tarazlığın pozulmasına səbəb olur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin şikayəti qismən əsaslı hesab edilməli, mübahisələndirilən qərardad dəyişdirilərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin bank hesabındakı pul vəsaitinin üzərinə əsas borc həddində, 46295 manat məbləğində həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1974/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilməli, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-də olan bank hesabındakı pul vəsaiti üzərinə əsas borc -46295 manat həddində həbs qoyulmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1974/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilsin. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-də olan (h/h: AZ48MUGA**********00021AZM00, VÖEN**********, M/H:AZ41NABZ********************, Bank kodu-506162, S.W.İ.F.T:MUGAAZ22) bank hesabındakı pul vəsaitinin üzərinə əsas borc-46295 manat həddində həbs qoyulsun. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-503/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-503/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver