Məhkəmə qərarları › İş №2-2(103)-503/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-503/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-503/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı (MMC) cavabeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)- 249/2021 saylı qətnaməsindən (hakim F.Qasımov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.12.2020-ci il tarixdə iddia tələbinə əlavə təqdim edərək 214404,82 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında vaxtilə bağlanmış xidmət müqavilələrinə əsasən, iddiaçı şirkət tərəfindən cavabdeh təşkilata daşımacılıq və gömrük rəsmiləşdirilmələri üzrə xidmətlər göstərilmişdir. Tərəflər arasında tapşırıq müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Qanunvericilikdə tapşırıq müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanması nəzərdə tutulduğundan əvvəlki xidmətlər şifahi qaydada bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir. Sonuncu dəfə tərəflər arasında bu barədə 25 iyul 2016-cı il tarixində, 102/16/SA saylı xidmət müqaviləsi bağlanmış, müqavilə müddəti uzadılmışdır. Lakin geridə qalmış xeyli müddət ərzində “xxxx” MMC vaxtilə tərəflər arasında bağlanmış və daha sonra müddəti uzadılmış həmin xidmət müqavilələrinə əsasən, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və həmin təşkilatla bağlanmış müqavilə şərtləri çərçivəsində göstərilmiş xidmətlərin haqqı iddiaçıya ödənilməmişdir. Hal - hazırda cavabdehin yuxarıda qeyd olunan xidmət müqavilələri üzrə iddiaçıya olan borcu 214404,82 manat təşkil edir. 2019-cu ilin 19 və 25 dekabr tarixlərində, yəni, vaxtilə həmin borcun hissə-hissə də olsa iddiaçıya ödənilməsinə razı olması barədə iddiaçı tərəfindən cavabdehə rəsmi məktublarınbildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu vaxta qədər heç bir tədbir görülməmiş və hazırki vaxtadək yuxarıda qeyd olunan borc ödənilməmiş qalmaqdadır. Hətta tərəflər arasında sonuncu dəfə bağlanmış 25 iyul 2016-cı il tarixli 102/16/SA saylı xidmət müqaviləsinin 9.1-ci bəndini rəhbər tutaraq, hazırki iddia məhkəməyə təqdim edilməmişdən öncə, iki dəfə, yəni 09 iyun və 06 avqust 2020-ci il tarixlərində məhkəməyə qədər tələb məktublarını (pretenziyaları) rəsmi olaraq cavabdehə göndərərək, cavabdehdən iddiaçıya ümumilikdə ödənilməmiş 214404,82 manat məbləğində borc pul vəsaitinin qısa müddət ərzində ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi tələb olunmuşdur. Lakin cavabdeh 27.08.2020-ci il tarixində pretenziya məktublarına cavab olaraq 08/1-0282 nömrəli məktubda qeyd etmişdir ki, guya borcun ödənilməsi üçün iddiaçı tərəfindən müvafiq hesab fakturalar və təsdiqedici digər sənədlər onlara təqdim edilmədiyi üçün, həmin tələbləri icra etmək mümkün olmamışdır. Lakin cavabdehə vaxtilə bütün ödəniləcək xidmət haqlarına görə, vergi qanunvericiliyinin tələblərinə əsasən elektron qaimələr rəsmən elektron vergi sistemi vasitəsilə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-249/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-249/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə əsassız və qanunsuzdur. Məhkəmə cavabdeh tərəfin hazırkı iddiaya münasibətdə iddia müddətinin tətbiqinə dair ərizəsini əsaslı saymaqla səhvə yol vermişdir. Belə ki, məhkəmə iddiaçı tərəfin öz iddiasını sübuta yetirəcək onlarla rəsmi sənədləri məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilməsinə baxmayaraq, həmin təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, geniş məhkəmə araşdırması aparmadan və qətnamədə də həmin rəsmi sübutların incələnməsini göstərmədən, yalnız Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinin tələblərini əsas tutaraq iddiaçının iddiasını qanunsuz olaraq rədd etmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında vaxtilə yaranmış müqavilə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777-786-cı maddələrinin (Tapşırıq müqaviləsi) və 787-788-ci maddələrinin (Broker müqaviləsi) tələblərinə uyğun olaraq həmin müqavilələrinin şərtləri və tələbləri çərçivəsində həyata keçirilmişdir. İddiaçının məhkəməyə hazırkı iddia ərizəsi ilə 25 sentyabr 2020-ci il tarixdə müraciət etməsi mübahisəsizdir. İşə 1-ci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən öz iddiasının sübuta yetirilməsi və əsaslı olmasına dair bir sıra hesab fakturalar və digər rəsmi sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutlar sırasında cavabdeh təşkilatın bank vasitəsilə iddiaçı təşkilatın bank hesabına 05.10.2017-ci il tarixində 10721,13 AZN məbləğində pul vəsaitinin köçürülməsinə dair ödəniş sənədi vardır. Məhz həmin ödəniş sənədindən görünür ki, cavabdeh təşkilat ona iddiaçı təşkilat tərəfindən göstərilən xidmətə görə sonuncu dəfə iddiaçının bank hesabına 05.10.2017-ci il tarixində pul köçürməsini etmişdir. İddiaçı isə məhkəməyə hazırki iddia tələbi ilə məhz 25 sentyabr 2020-ci il tarixində müraciət etmişdir. Belə olan mövcud qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı məhz 05.10.2017-ci il tarixindən hesablanmalıdır. Göründüyü kimi iddiaçıda məhkəməyə hazırkı iddia ərizəsini 25 sentyabr 2020-ci il tarixində təqdim edərkən, hələ 05.10.2020-ci il tarixinə kimi 3 illik müddət bitməmişdir. Ona görə də, iddiaçı təşkilat olaraq hesab edirik ki, məhkəmə bu işdə iddia müddətini tətbiq edərkən sübutlara düzgün hüquqi qiymət verməmiş və səhv nəticəyə gəlmişdir İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 09.06.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə vəsatət verərək əlavə sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə MPM-nin 372.2-ci maddəsinin tələbini nəzərə vəsatəti təmin etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə2 və vəkil Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili X2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia ərizəsində cavabdehdən tələb edilən borcun bir hissəsinin iddia ərizəsinə əlavə edilmiş 25 iyul 2016-cı il tarixli, 102/16/SA saylı xidmət müqaviləsi əsasında yarandığını qeyd etsə də, işə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, tələb edilən borc cavabdehə sifariş əsasında (yazılı müqavilə tərtib edilmədən) 2014-cü ilin may-dekabr ayları və 2015-ci ilin aprel ayında göstərildiyi iddia edilən yük daşıma və gömrük rəsmiləşdirilməsi xidmətlərinə görə yaranmışdır. İddiaçının apelyasiya instansiyası mərhələsində təqdim etdiyi siyahıya əsasən cavabdehin borcu cəmi 200025,87 manat təşkil edir və tələb edilən bu məbləğin tərkibinə aşağıdakı borclar daxildir: yük daşıma xidmətinə görə 4737,57 manat, boşdayanmaya görə 45909,86 manat, gömrük rəsmiləşdirilməsi xidmətinə görə 37494,02 manat, gömrük rüsumlarına görə 45274,83 manat, yükün anbara çatdırma xərci olaraq 4700 manat, anbar xidmətlərinə görə ödənilmiş 24489,99 manat, ƏDV 12438,60 manat. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə invoyslar, hesab fakturalar, yük gömrük bəyannamələri, elektron vergi hesab fakturaları, sifariş sənədləri, ödəniş tapşırıqları, email yazışmaları təqdim edilmişdir. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir (iş mat. 2-ci cild 220-ci vərəq). İşə baxmış məhkəmə iddiaçı tərəfindən müqavilə münasibətindən irəli gələn tələb üzrə 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə istinad edərək iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətini isə əsassız hesab edir. İddia ərizəsinin, iddiaya əlavənin məzmununda qeyd edilir ki, tərəflər arasında şifahi olaraq daşıma və gömrük brokeri xidmətlərinin göstərilməsi barədə razılaşma olmuşdur. İddiaçının qanuni təmsilçisinin işə apelyasiya qaydasında baxılarkən məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, cavabdeh iddiaçıya 2014-2015-ci illərdə göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, nəticədə cavabdehin şifahi müqavilə münasibətlərindən irəli gələn öhdəliyi üzrə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hazırkı halda tərəflər arasında yazılı müqavilə bağlanmadığından hər bir sifariş üzrə həyata keçirilmiş xidmətin dəyərinin və iddiaçının çəkdiyi xərclərin ödənilməsi ilə bağlı cavabdehin öhdəliyi həmin sifarişlə bağlı hesab-faktura (invoys) göndərildikdən sonra yaranmışdır. Belə olan halda iddiaçının irəli sürdüyü pul tələbi üzrə iddia müddəti hər bir hesab faktura üzrə ödəmə tarixindən ayrıca hesablanmalıdır. Hesab fakturalarda və invoyslarda konkret ödəmə müddəti qeyd edilmədiyindən ödənişin həyata keçirilməsi üçün ağlabatan müddət məhkəmə tərəfindən bir ay qəbul edilir və hər bir faktura üzrə iddia müddətinin axımının hesab fakturanın göndərildiyi tarixdən bir ay sonra başlandığı, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə 25.09.2020-ci il tarixdə müraciət etdiyi nəzərə alınarsa 2014-cü il ərzində və 2015-ci ilin aprel ayında göstərilmiş xidmətlərə görə göndərilmiş hesab-fakturalar üzrə tələb irəli sürülməsi üçün iddia müddəti keçmiş olur. İddiaçı apelyasiya şikayətində qeyd edir ki, məhkəmə cavabdehin 05.10.2017-ci il tarixdə 10721,13 manat ödəniş həyata keçirdiyini iddia müddətinin axımını kəsən sübut kimi nəzərə almamışdır. İddiaçı tərəfindən apelyasiya şikayətinə 05.10.2017-ci il tarixdə cavabdehin LLC 10660, LLC 10661, LLC 10753 saylı invoyslar üzrə gömrük xidmətinə görə 10721,13 manat ödəniş edilməsi ilə bağlı hesabdan çıxarışın kserosurəti əlavə edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında əsli olmayan sənədin sübut kimi qəbul edilməsinə etiraz edərək göstərmişdir ki, “xxxx” ASC-nin cavabdehin sorğusuna 25.05.2021-ci il tarixli cavab məktubuna əsasən cavabdehin həmin bankda olan cari hesabından 05.10.2017-ci il tarixdə iddiaçının hesabına belə bir ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi “xxxx” ASC-nin 04.06.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı həmin bankın Mərkəz filialında açılmış hesabına 05.10.2017-ci il tarixdə 10271,1 manat vəsait daxil olmuşdur. Lakin məktubda vəsaitin hansı hüquqi şəxsin hesabından bu hesaba köçürüldüyü qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının apelyasiya şikayətinə əlavə etdiyi hesabdan çıxarış (iş mat. 2-ci cild 262-ci vərəq) birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinə təqdim edilməmiş həmin sübutun, o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş digər sübutların (email yazışmalarının) apelyasiya mərhələsində qəbul edilməsi üçün qanuni əsaslar olmadığından həmin sübutların qəbulu və məhkəmə tərəfindən hüquqi qiymət verilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən işin halları barədə düzgün məlumat verilmədiyindən tətbiq edilmiş iddia müddətinin başlanğıcını düzgün müəyyən etməsə də iddiaçının tələbi üzrə üç illik iddia müddətinin ötürüldüyünə dair məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olduğundan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilərək iddianın təmin edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)- 249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar