Məhkəmə qərarları › İş №2-2(103)-503/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-503/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-503/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4950/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-2(113)-4950/2023 saylı qətnaməsi ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia qismən təmin edilərək, Cavabdeh MMC- dən 11012,08 manat əsas borc, 300 manat cərimə, 210 manat mediasiya xərci olmaqla, cəmi 11522,08 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-4950/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra qeyd edilən qətnamədən cavabdeh tərəfindən “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş və şikayətə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4950/2023 saylı qətnaməsi qanunvericiliyin tələblərinə əsasən rəsmi qaydada göndərilmədiyi üçün ondan apellyasiya şikayətini qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində vermək mümkün olmamışdır. Belə ki, məhkəmə ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və qətnamənin cəmiyyətə təqdim edilməsi xahiş olunduğu zaman cavabdehə bildirilmişdir ki, “Elektron məhkəmə sistemi” vasitəsi ilə yekun məhkəmə aktı cəmiyyətin şəxsi kabinetinə yerləşdirilmişdir. Lakin MPM-nin 135.8-ci maddəsinin tələblərinə riayət edilməmiş və qətnamənin “elektron kabinet”ə yerləşdirilməsi barədə cəmiyyətə məlumat çatdırılmamışdır. Bu səbəbdən də Cavabdeh MMC tərəfindən sözügedən qətnamədən apellyasiya şikayətinin vaxtında verilməsi mümkün olmamışdır. Bununla yanaşı apellyasiya şikayəti xx.xx.2024-cü ildə verilmiş, lakin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərin yerinə yetirilməməsi, şikayətin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavə ilə tələb olunan forma daxilində məzmun şərtlərinə uyğun tərtib edilməməsi səbəbindən geri qaytarılmışdır. Halbuki formaya riayət olunmuş, sadəcə olaraq sistemdə öz əksini tapmamışdır. Buna görə də hesab edilir ki, apellyasiya şikayətinin verilməsi üçün buraxıllmış müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4950/2023 nömrəli qərardadı ilə ərizə təmin olunmamış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4950/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar çıxararkən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılması ilə deyil, şikayəti formaya uyğun verilməməsi səbəbilə geri qaytarmışdır, məhz göstərilən nöqsan aradan qaldırılaraq yenidən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, məhkəmə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətini vaxtında verilməməsi səbəbilə geri qaytarılmamışdır, belə olan halda isə xx.xx.2024-cü ildə verilmiş apellyasiya şikayəti verilərkən buraxılmış müddətin üzrlü hesab edilməməsi üçün heç bir hüquqi əsası olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin apellyasiya baxışı zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən etiraz təqdim edilmiş və bildirilmişdir ki, cavabdeh tərəf buraxılmış müddətin bərpası barədə ərizədə məhkəmənin qanunvericilik tələbinə əməl etməyərək iş üzrə qətnamənin portala rəsmi qaydada yerləşdirilməsi barədə elektron poçt ünvanına mesaj və sms göndərilmədiyini vurğulasa da, üzrlü səbəblər ilə bağlı heç bir sübut təqdim edilməmiş və eləcə də cavabdeh tərəfin nümayəndəsi tərəfindən məhkəmə iclasında işə baxılarkən sms və elektron poçt ünvanına mesaj gəldiyi, lakin cavabdeh şirkətin işçiləri arasında departamentlər arası anlaşılmazlıq olduğundan qəbul edilmiş, qətnamə ilə vaxtında tanış olmamış və nəticədə müddəti ötürdükləri vurğulanmışdır. Əgər cavabdehin qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etmək niyəti var idisə, o iş üzrə maraqlı tərəf kimi qətnamənin rəsmi formada yerləşdirilib-yerləşdirilməməsi barədə vaxtaşırı sms, elektron poçt ünvanları və məhkəmənin portalını yoxlayaraq, eləcə də işə baxan hakimin köməkçiləri ilə əlaqə saxlayaraq məlumat ala bilərdi. Odur ki, məhkəmənin qanunvericiliyi pozaraq sms və elektron poçt ünvanına məlumat daxil etmədiyi halda belə, bu, qanunvericiliklə müəyyən edilmiş 1 ay müddətin ötürülməsi üçün kifayət qədər əsaslı səbəb deyildir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin 79 və 80-ci vərəqələrində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4950/2023 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-ci il tarixdə saat 12:50-də həm Cavabdeh MMC, həm də onun qanuni nümayəndəsi Qanuni nümayəndə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Cavabdeh MMC tərəfindən birinci dəfə verilmiş apellyasiya şikayəti isə 02 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi şikayət Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən bir ay müddətində verilməmişdir. Çünki Cavabdeh MMC üçün şikayət vermə müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən birinci dəfə verilmiş apellyasiya şikayətinin prosessual müddətin ötürülməsinə görə deyil, forma və məzmun tələblərinə riayət edilməməsinə görə geri qaytarılması, həmin apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi halını aradan qaldırmır. Hazırki işdə Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə riayət olunmamasına dair isə qeyd edilir ki, xx.xx.2023-cü il tarixli qətnamə cavabdeh və onun qanuni nümayəndəsinin elektron kabinetlərində yerləşdirilərək onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Sonuncuya dair qeyd olunur ki, məlumatın həmin sistem vasitəsilə elektron qaydada çatdırılması avtomatik həyata keçirilir və bu halın cavabdeh tərəfindən mübahisələndirilməsi əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4950/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar