Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-504/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-248/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.02.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC, “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh1" MMC ilə Cavabdeh3 arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli icarə müqaviləsinin və Cavabdeh1 MMC ilə “xxxx” MMC arasında bağlanmış 23 iyul 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, cavabdehlərin qanunsuz sahibliyində olan əsas vəsaitlərin, o cümlədən avadanlığın, xammalın və materialların “xxxx” MMC-yə qaytarılması və “xxxx” MMC-yə dəymiş 250000 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.02.2021-ci il tarixli 2-2(113)-248/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi qənaət əsassız olmuşdur. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” MMC 22 fevral 2016-cı il tarixdə qeydiyyata alınmış və təsisçiləri Cavabdeh2 Tapdıq oğlu, İddiaçı1, İddiaçı2dir. Cəmiyyətin nizamnamə kapitalı 90 manat həcmində, hər birinin dəyəri 30 manat olmaqla 1 pay şəklində 3 paydan ibarətdir. İddiaçılar bildirir ki, 22 may 2018-ci il tarixdə Cavabdeh2 şirkətdən ayrılmaq istədiyini və artıq icraçı direktor olmaq istəmədiyini bildirmişdir. Belə olan halda təsisçilər olaraq iddiaçılar həmin gün cəmiyyətin mühasibi Əhəd Bünyadov ilə əlaqə saxlayaraq müəssisənin balansı barədə məlumat istəmiş və o, 23-24 may 2018-ci il tarixlərdə “xxxx” MMC-nin balans hesabatını iddiaçılara göndərmişdir. MMC-nin mühasibi Əhəd Bünyadovun 23-24 may 2018-ci il tarixində elektron şəkildə hər üç təsisçiyə göndərdiyi balans hesabatında göstərilmişdir ki, 24 may 2018-ci il tarixinə “xxxx” MMC-nin aktivləri cəmi 719677,02 manat olmuşdur. Cəmiyyətin aktivlərinə 10 ədəd makina, balans hesabatına əlavə edilmiş miqdarda, ümumi dəyəri 264432,94 manat olan xammal və hazır məhsul qalığı, 1 ədəd lord markalı avtomobil, dəyəri 1785 manat olan kompüter, şirkətin ölkə daxilində və ölkə xaricində müştərilərdən alacağı borclar və s. daxildir. MMC-nin balansının çıxarılması və son haqq hesabın aparılması üçün audit keçirilməsini qərara alsalar da, MMC-nin maliyyə sənədləri Cavabdeh2 və mühasib Əhəd Bünyadov tərəfindən gizlədilərək, iddiaçılara təqdim edilməkdən imtina edilmişdir. Cavabdeh2 08.05.2018-ci il tarixdə yeni bir şirkət - təsisçisi (100 faiz pay) və direktoru olduğu “xxxx” MMC-ni yaratmış və qanunsuz olaraq “xxxx” MMC-nin icarəyə götürdüyü istehsal sahəsində və onun avadanlıqları, xammal və materialları hesabına fəaliyyət göstərməyə başlamışdır. Daha sonra 21.06.2018-ci il tarixdə eyni ərazidə yeni bir şirkət təsis olunur. Bu dəfə həmin ərazidə və “xxxx” MMC-nin avadanlıqları, xammal və materialları hesabına təsisçisi Cavabdeh2 qohumu X7 olan Cavabdeh1 MMC fəaliyyətə başlayır. Məhz Cavabdeh2 08.05.2018-ci il tarixdə yaratdığı, təsisçisi və direktoru olduğu “xxxx” MMC-nin, daha sonra Cavabdeh1 MMC-nin adından “xxxx” MMC-nin əmlakını, bank hesabında olan pulları mənimsəmişdir. “xxxx” MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə bildiriş göndərsələr də o, ümumi yığıncaqda iştirakdan imtina etmişdir. 04.08.2018-ci il tarixli ümumi yığıncaqda “xxxx" MMC-nin bölünmə qaydasında yenidən təşkil edilməsi, kənar idarəçisininin təyin edilməsi, bölünmə balansının tərtib edilməsi üçün müstəqil auditorun dəvət edilməsi məsələlərinin həlli üçün müvafiq tələblə aidiyyəti məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Cavabdeh2 tərəfindən təxminən 1 ay müddətində (08.05.2018-ci il tarixdən 21.06.2018-ci il tarixədək) “xxxx” MMC-nin əmlakı, xammal və materialları hesabına “xxxx” MMC-nin adından istehsalı davam etdirir. İddiaçıların hüquq-mühafizə orqanlarına şikayətlərindən çəkinərək, daha sonra özünün direktor və təsisçi olduğu “xxxx” MMC-nin fəaliyyətini dayandıraraq, “xxxx” MMC-nin əsas vəsaitlərini “Cavabdeh1" MMC-nin adından qanunsuz istifadə etməyə başlamışdır. Cavabdeh1 MMC 21.06.2018-ci il tarixdə təsis edilərək, “xxxx” MMC-nin əmlakının olduğu ərazidə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36-da fəaliyyətə başlamışdır. “Cavabdeh1“ MMC-nin faktiki sahibi məhz Cavabdeh2dur və həmin əsas vəsaitlər “xxxx” MMC-yə məxsusdur. Cavabdeh2 “xxxx” MMC-nin adından 02.06.2018-ci il tarixdə yenidən X3 ilə, 04.07.2018-ci il tarixdə X4 və 14.07.2018-ci il tarixdə X2 ilə icarə müqaviləsi bağlamışdır. Formal olaraq 01 dekabr 2018-ci il tarixdə icarə müqaviləsi bağlayaraq, guya 5 ədəd avadanlıq Cavabdeh1 MMC-yə Cavabdeh3 tərəfindən icarəyə verilmişdir. Bundan başqa, 23 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 33942,70 manat olan isti hava tuneli Cavabdeh1 MMC tərəfindən “xxxx” MMC-dən alınmışdır. Bütün bunlar bir daha sübut edir ki, “xxxx” MMC-nin əmlakları formal olaraq bağlanmış müqavilələr əsasında “xxxx” MMC və Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, “xxxx” MMC-nin balans aktı yoxdur. İddiaçıların təqdim etdikləri möhür və imza ilə təsdiq edilməmiş 22-23 may tarixli balans aktı sübut növü deyil və sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, avadanlıqların, xammalın və materialların iddiaçılara məxsus olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçıların hazırki iddia üzrə subyektiv hüquqları yoxdur. İddianı “xxxx” MMC qaldırmalı idi, amma təsisçilər qaldırmışdır. Habelə, hazırki iddiada iddia müddəti də ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, mülki qanunvericiliyə (mülki hüquq elmində və sivilistika doktrinasında) əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin pozulması ilə bağlanmış əqdlər və onların mübahisələndirilməsi əsasları isə Mülki Məcəllənin 329.1, 339-347 və 349-350-ci maddələrində göstərilmişdir. Lakin iddiaçıların istinad etdiyi hallar bu əsasların heç birinə aid deyil. Eyni zamanda iddia ərizəsində Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad olunmuşdur. Həmin maddənin tələblərinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Lakin mübahisələndirilən müqavilələrin uydurma əqd olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Həmçinin müqavilə tərəfləri bu halı təsdiq etmədiyi halda müqavilələrin tərəfi olmayan iddiaçıların onların uydurma əqd olmasına istinad etmələri və bu əsasla mübahisələndirmələri əsassızdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri əsassızdır və iddiaçılar tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilən müddətlərin ötürülübötürüməməsinə qiymət verilmədən rədd edilməlidir. İddiaçılar tərəfindən irəli sürülmüş ikinci tələbin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Lakin iddiaçılar iddia ərizəsində adları sadalanan əmlakların onlara və ya “xxxx” MMC-yə məxsus olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. İddiaçılar tərəfindən irəli sürülmüş üçüncü tələb isə zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçılar tərəfindən zərərin mövcud olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçılar iddia ərizəsində göstərdikləri əmlakların “xxxx” MMC-yə məxsus olmasını və zərərin “xxxx” MMC-yə dəyməsinə bildirsələr də, habelə həmin tələbləri “xxxx” MMC-nin mənafeyi baxımından irəli sürsələr də, hazırki iddianı “xxxx” MMC-nin adından deyil, öz adından irəli sürmüşlər. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisənin həlli ilə bağlı gəldiyi nəticə mahiyyəti üzrə düzgündür, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-248/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-504/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-504/2021
14.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver