Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-504/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 16.02.2022-ci il tarixli e-2-2(113)-273/2022 saylı qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 342.986 manat məbləğində pul vəsaitinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat məbləğindəki pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin (pulun) tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.02.2022-ci il tarixli, e-2-2(113)-273/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 110.303,64 manat (bir yüz on min üç yüz üç manat altmış dörd qəpik) əsas borc və 62.540,48 manat (altmış iki min beş yüz qırx manat qırx səkkiz qəpik) ƏDV borcu daxil olmaqla 172.844,12 manat (yüz yetmiş iki min səkkiz yüz qırx dörd manat on iki qəpik) məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən iddiaçı tərəfindən ********** saylı qəbzə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. İddiaçı MMC və Cavabdeh MMC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilən apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə görə apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.4-cü maddəsində isə təsbit olunmuşdur ki, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iddia qiymətinin 342.986 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 316,49 manat təşkil edir (390 manat + 242.986 x 0,1 % = 632,99; 632,99 / 50 % = 316,49). Lakin iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərindən görünür ki, dövlət rüsumu kimi 316,49 manat deyil, 15 manat ödənilmişdir. Göründüyü kimi, hər iki apellyasiya şikayəti üzrə dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 16.02.2022-ci il tarixli e-2-2(113)-273/2022 saylı qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-504/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-504/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver