Məhkəmə qərarları › İş №2-2(103)-506/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-506/2023

08.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-506/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2-2(113)-1776/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" MMC dövlət sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2023-cü il tarixə ümumilikdə 9561,42 manat məbləğində borcu olması səbəbidən vergi orqanı hazırkı qeyd edilən hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Maraqlı şəxs isə "xxxx" MMC-nin əvvəlki rəhbəri tərəfindən rəsmi müraciət olunduğunu və X4 rəsmi saytında yerləşdirilmiş arayışa əsasən, şirkətin iş fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırıldığı və fəaliyətinin dayandırıldığı tarixə hər hansı borcun olmamasının qeyd edilməməsi, eləcə də, həmin arayışda məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olub-olmaması barədə hər hansı qeydin mövcud olmamasını bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 9561,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix xx.xx.1962-ci il, doğulduğu yer – Lənkəran rayonu, Nərimanabad kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 9561,42 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli, **********914600 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

5. Maraqlı şəxs ərizəyə yazılı etiraz təqdim edərək, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin əvvəlki rəhbəri X5 tərəfindən 13 saylı Ərazi Vergilər İdarəsinə rəsmi müraciət olunmuş və Vergi Xidmətinin X4 rəsmi saytında yerləşdirilmiş arayışa əsasən, şirkətin iş fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmış və fəaliyətin dayandırıldığı tarixə mövcud olan aktivlərin qalıq dəyəri 4.5-ci bənddə göstərildiyi kimi, hər hansı borcun olmaması qeyd edilmiş, eləcə də, həmin arayışda məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olub-olmaması barədə hər hansı qeyd mövcud deyil. Onu da qeyd edir ki, həmin fəaliyyətin dayandırılması barədə arayışa uyğun olaraq bugünkü gündə də, şirkət hər hansı formada sahibkarlıq fəaliyyət göstərmir və fəaliyyəti aktiv deyil. Eyni zamanda, "xxxx" MMC-nin əvvəlki rəhbəri N.Şirinov xx.xx.2022-ci il tarixdə borcun olub-olmaması barədə ərizə ilə 13 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş, şirkətin şəxsi kabinetində onlayn kərgüzarlıqda yerləşdirilmiş “Yüklülük barədə” arayışda "xxxx" MMC-nin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir girovda olma, həbs qoyulma və digər qaydada yüklüliik qeydə alınmamışdır” göstərilmişdir. Göründüyü kimi Vergi Xidməti bununla şirkətin əvvəllər dövlətə 9.561,42 manat bocun mövcud olduğunu məqsədyönlü şəkildə gizlətmiş, bunu həmin arayışda qəsdən göstərməmiş, bu addımla əvvəlki rəhbərliyə yardım etmiş və məsuliyyətdən azad etmiş olmuşdur. İnternet Vergi İdarəsinin kompüter sistemində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli “Yüklülük barədə” arayışa əsasən, "xxxx" MMC-nin həmin müddətə dövlətə hər hansı borcun olmadığı 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi Qanuni nümayəndə tərəfindən imzalanmış sənədlə təsdiq edildiyi üçün Bakı şəhəri 23 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə “Təsis payının alqı-satqısı barədə” müqavilə bağlanmış, müqavilənin 5-ci bəndində, satıcı müəssisədəki paya (hissəyə) mülkiyyət hüququna malikdir və həmin payı (hissəni) alıcının mülkiyyətinə ipoteka öhdəliyindən, habelə bütün öhdəliklərdən, 3-cü şəxslərin hüquqlarından azad şəkildə verir, pay üzərində həbs qoyulmamışdır qeyd edilmiş, müqavilə rəsmiləşdirilmiş və daha sonra şirkətin təsisçisi dəyişmişdir. AR Vergi Məcəlləsinin 160-cı maddəsinə görə, müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır. Bu halda müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin bu fəsildə göstərilən və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir. Qeyd olunan qanunvericiliyin tələbindən də açıq-aşkar göründüyü kimi, həmin müddətdə "xxxx" MMC-ni satışa təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarnıı ödəməkdən azad etmədiyi üçün və əgər belə bir borc mövcud olmuşdursa Vergi Xidməti həmin 9.562 manat borcun ödənilməsini tələb etməli və borc əvvəlki rəhbərlik tərəfindən ödənilməli idi. Bildirir ki, Notariat ofisində şirkətin təsis payının alqı-satqısı həyata keçirildikdən və rəsmiləşdirildikdən sonra "xxxx" MMC-nin Nizamnaməsi 2-ci redaksiyada xx.xx.20220-ci il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmişdir. Hesab edir ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinin işəgötürən-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər barədə məlumat hissəsində xx.xx.2019-cu il tarixdə yazılmış və xx.xx.2018-ci il tarixə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları üzrə qalıq - 6.791,15 manat, penya qalıq - 2.770,27 manat, cəmi 9.562 manat qalıq borc mövcud olduğunu nəzərə alsalar borcun ödənilməsini şirkətin yeni rəhbərliyindən tələb edilməsi daha çox qərəzlidir, qeyrisəmimidir, tam qanunsuz və əsassızdır, ərizəçinin səmimiyyəti inandırıcı görünmür. Aydın deyil görəsən sözügedən müəssisədə rəhbərlik dəyişikliyi olmasa idi, ərizəçinin yadına düşərdi ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdən etibarən dövlətə 9.562 manat borcu mövcud olmuşdur? Görəsən bu məsələ əvvəlki rəhbərlik vaxtında niyə qabardılmayıb və 2018-ci ildən etibarən məhkəməyə niyə müraciət olunmayıb? Şirkətdə təsisçi payını aldıqdan sonrakı müddətdə də, hal-hazırda da hər hansı bir sahibkarlıq fəaliyyətləri yoxdur, gəlir əldə etməmişlər və dövlətə də hər hansı məbləğdə vergi ödəməmişlər, lakin ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş sənəddə nədənsə dövlətə 9.562 manat borclarının olduğu iddia edilir. Bütün yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, 13 saylı Ərazi Vergilər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş tələbin rədd edilməsi, ərizənin təmin olunmaması və "xxxx" MMC-nin xx.xx.2018-ci ildən məcburi dövlət sosial sığorta haqları üzrə cəmi 9.562 manat qalıq borcun silinməsi öhdəliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir.

6. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 13 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxsin etirazına dair məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, həmin etirazda göstərilən hallarla razılaşmayaraq bildirirlər ki, Maraqlı şəxs "xxxx" MMC-nin (VÖEN **********) iştirakçılarının 12 sentyabr 2022-ci il tarixli, "xxxx" nömrəli qərarına əsasən həmin MMC-nin direktoru (rəhbəri) vəzifəsinə təyin olunmuşdur və hal-hazırda da həmin müəssisənin rəhbəridir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Daha sonra Maraqlı şəxs vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığını qeyd etmişdir. Bildirirlər ki, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması onu yaranmış olan vergi və sosial sığorta haqları üzrə öhdəlikdən, öhdəliyin yerinə yetirilməsindən azad etmir. Maraqlı şəxsin digər mövqeyi ilə bağlı bildirirlər ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə təqdim edilmiş arayışda MMC-nin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir girovda olma, həbs qoyulma faktının olmadığı qeyd edilmişdir. Yəni burada vergi ödəyicisinin verdiyi sorğunun məzmununa uyğun cavab verilmişdir. Yəni burada borcun olub-olmaması məsələsinə toxunulmayıb və verilən cavabda da bu barədə məlumat qeyd olunmayıb. Həmçinin girovda olmama və ya həbs qoyulması məsələsinin olmaması, borcun olmaması demək deyil. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, müəssisənin həm əvvəlki, həm də sonuncu rəhbərliyinin dövründə borc bildirişinin və xəbərdarlığın göndərilməsinə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər bütün tədbirlərin görülməsinə baxmayaraq, borc məbləği yenə də ödənilməmişdir. Həmçinin görülmüş tədbirlərlə bağlı bütün sənədlər ərizə ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə təqdim olunmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2-2(113)-1776/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

8. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinə əsaslandırılmış etiraz ərizəsi təqdim etsə də, göstərdiyi xüsusatların açıqlanmasını tələb etsə də heç bir nəticə əldə edilməmiş, eləcə də, məhkəmə prosesində iş üçün əhəmiyyət kəsb edən halların, sualların ədalətli cavablandırılması təmin edilməmiş, ümumiyyətlə nə şifahi qaydada, nə də ki, qətnamənin mətnində münasibət belə bildilməmiş, ziddiyyətli məqamlara aydın şəkildə izah verilməmiş, etinasızlıq edilmiş, eyni zamanda, ərizəçi tərəfindən məhkəməyə hər hansı digər mötəbər sübutlar da təqdim edilməmişdir. Belə ki, əgər cəmiyyətin 2018-ci ildən etibarən DSMF-na ödənilməmiş 9.562 AZN borcu mövcud olmuşdursa hansı səbəbdən 13 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022-ci il tarixdə “Yüklülük barədə” arayış verir, "xxxx" MMC-nin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir girovda olma, həbs qoyulma və digər qaydada yüklülük qeydə alınmadığı qeyd edilir, bununla da qəsdən şirkətin alqı-satqısına icazə verilir? Həmin sənədi verməklə şirkətin əvvəllər dövlətə olan borcunun mövcuduğunu məqsədyönlü şəkildə gizlətməsi demək deyilmi? Bu arayışla əvvəlki rəhbər Navai Şirinova yardım etmək, onu məsuliyyətdən azad etmək demək deyilmi? Əgər vergi xidməti təqdim etdiyi arayışda yüklülük qeydə alınmadığını qeyd edirsə, cəmiyyətin yeni rəhbərliyi "xxxx" MMC-nin xx.xx.2018-ci ildən DSMF-yə ödənilməmiş 9.562 AZN borcunun olması barədə haradan məlumat almalı idi ki, notariusda alqı-satqı əməliyyatından əvvəl həmin borcun ödənilməsini qarşı tərəfən tələb etsin? "xxxx" MMC-nin şəxsi kabinetinə giriş ASAN İmza və yaxud, şifrə, parol, kod əldə etdikdən sonra mümkündür. xx.xx.2022-ci il tarixdə “Yüklülük barədə” arayışda göstərilməyən, açıqlanmayan, lakin mövcud olan digər hər hansı borc məbləğinin olduğunu şirkətin alqı-satqısına qədər yeni rəhbərlik hansı sənəddən öyrənə bilərdi? 2019-cu ildən etibarən nə ərizəçi və yaxud da AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər səlahiyyətli idarələri tərəfindən həmin borcun ödənilməsinin təmin edilməsi üçün şirkətin əvvəlki rəhbəri Navai Şirinova qarşı hansı qanuni və ciddi hüquqi tədbirlər həyata keçirmiş və hansı səbəbdən məhkəməyə müraciət etməmişlər? ”Təsis payının alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli Müqavilənin 5-ci bəndində “Satıcı müəssisədəki paya (hissəyə) mülkiyyət hüququna malikdir və həmin payı (hissəni) Alıcının mülkiyyətinə ipoteka öhdəliyindən, habelə bütün öhdəliklərdən, 3-cü şəxslərin hüquqlarından azad şəkildə verir. Pay üzərində həbs qoyulmamışdır” qeyd edilmişdir. Bu qeyd yeni təsusçinin əvvəllər hər hansı borcun, qirov, həbsdə olma və s. məsuliyyətdən azad olunması demək deyilmi?

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

14. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

16. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

17. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

18. Həmin məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır.

21. Belə ki, "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan borcu 9561,42 manat təşkil edir.

22. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********914600 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" MMC-dən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

23. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxsdur.

24. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizəni təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

25. Qanunverici hüquqi şəxsin vergiləri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəmək öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədiyi halda vergi orqanının həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmiş və bu zaman ərizənin təmin edilməsini mübahisəli borcun məhz həmin şəxsin fəaliyyəti dövründə yaranması ilə şərtləndirməmişdir.

26. Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas olan borc məbləğləri hüquqi şəxsin icra orqanının əvvəlki və ya hazırkı rəhbərinə deyil, hüquqi şəxsə hesablanır. Odur ki, həmin borcun icra edilməsi vəzifəsi müvafiq borc əvvəlki rəhbərin işlədiyi dövrdə yaransa belə hüquqi şəxsin əvvəlki rəhbəri olmuş və hazırda hüquqi şəxsə hər hansı bir aidiyyəti olmayan şəxsin üzərinə qoyula bilməz və əksinə hüquqi şəxsin borcların ödənilməsini təmin etməli şəxs hüquqi şəxsin hazırkı rəhbəri eyni əsasla həmin vəzifədən azad edilə bilməz.

27. Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borc ilə əlaqədar hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının məqsədi vergi borcunun ödənilməməsi ilə bağlı hüquqi şəxsi və ya onun icra orqanının rəhbərini cəzalandırmaq deyil, müvafiq borcun ödənilməsinin təmin edilməsindən ibarətdir ki, hüquqi şəxs tərəfindən həmin borcun ödənilməsi yalnız hüquqi şəxsin hazırkı rəhbərinin fəaliyyəti nəticəsində təmin edilə bilər. Hüquqi şəxsə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan borcun əsassız olduğundan silinməli olması barədə maraqlı şəxsin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, müvafiq orqan tərəfindən hesablanmış borcun əsaslı olub-olmaması hazırkı məhkəmə araşdırmasının predmeti olmadığından göstərilən dəlillər ərizənin rədd edilməsi üçün əsas vermir.

28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə hüquqi şəxsdə 1% təsis payının X3 tərəfindən X1 barədə maraqlı şəxsin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hüquqi şəxsin iştirakçılarının tərkibinin dəyişməsi hüquqi şəxsi vergiləri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəmək öhdəliyindən azad etmir.

29. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində birbaşa təsbit olunmuşdur ki, vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki işdə də maraqlı şəxs "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan borcu 9561,42 manat məbləğində borcunun olması mübahisəsizdir. Həmin borcun maraqlı şəxsdən tələb olunmasının qanuni olub-olmaması isə hazırki mübahisənin predmeti deyildir və maraqlı şəxs həmin borcu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər.

30. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2-2(113)-1776/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar