Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-507/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2021 saylı, 03.02.2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 24392,50 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb xxxx ASCyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallara görə tərəflər arasında bağlanmış 25 fevral 2019-cu il tarixli №01/2019 saylı xidmət müqavilənin 1.1 bəndinə əsasən “Sifarişçi” müqavilə bağlanmış müddətə özünə lazım olan müxtəlif növ xidmətlərin (o, cümlədən metalkonstruksiya xidmətlərinin) yerinə yetirilməsini sifariş verir, “İcraçı” verilmiş sifarişlərin tələb olunan vaxtda və keyfiyyətdə yerinə yetirilməsini öz öhdəsinə götürür. “xxxx” ASC-i üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən icraçının yerinə yetirdiyi xidmətin haqqını bu müqaviləyə əlavələrdə müəyyən edilmiş qaydada, vaxtında və əvvəlcədən razılaşdırılmış məbləğdə ödəməli; 4.2-ci bəndinə əsasən sifarişçi bu müqavilə əsasında imzalanmış sifarişlər üzrə sifariş dəyərini müqaviləyə əlavələrə uyğun olaraq ödəməlidir. İddiaçı tərəfindən müqavilə ilə üzərinə düşən öhdəlikləri tam yerinə yetirilsə də cavabdeh öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, 24.392,50 manat ödənilməyən borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 25.02.2019-cu il tarixli, 01/2019 №-li müqavilə üzrə 24.392,50 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qətnamə əsassız və qanunsuzdur. Məhkəmənin gəldiyi nəticə mübahisənin faktiki hallarına və iş materiallarına uyğun gəlmir. Məhkəmə iddianı təmin edərkən sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə sübutları sadalayır və müqavilə üzrə 7 spesifikasiyanın (sifarişin) olduğunu, 5 spesifikasiya (sifariş) üzrə ödənişin edildiyini əsas götürərək formal ehtimala əsaslanaraq, sonrakı 6 və 7-ci spesifikasiyaların (sifarişlərin) iddiaçı tərəfindən cavabdehdən öncədən 50 % (əlavədə göstərilib) ödəniş tələb edilmədən məhsulu hazırlayıb əvvəlki sifarişlər kimi müvafiq satış qaimələrlə iddiaçıya təhvil verildiyi qənaətinə gəlir. Məhkəmə müqavilənin şərtlərinə məhəl qoymadan formal mülahizələrə, ehtimallara əsaslanır. Belə ki, tərəflər müqavilə şərtlərini azad şəkildə özləri razılaşdırmış, üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və buna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Tərəflər arasında bağlanmış müqaviləyə əlavələrdə (spesifikasiyalar a, b bəndləri) qeyd olunur ki, ödəniş 50 % əvvəlcədən həyata keçirilir, görülən işin təslimi təhvil-təslim aktı imzalandıqdan və qalan 50% məbləğ ödənildikdən sonra həyata keçirilir. Müqavilənin əsas şərti kimi İddiaçı məhkəməyə təhvil-təslim aktı təqdim etməli olduğu halda məhkəməyə yalnız satış qaiməsi təqdim edir ki, həmin sənəddə də məhsulu təhvil alan şəxsin kimliyi, Cavabdehin səlahiyyəti nümayəndəsinin olub-olmaması müəyyən edilmir və sənəd cavabdehin möhürü ilə təsdiq edilmir. Bütün bu hallara məhkəmə nədənsə qiymət vermir və ya vermək istəmir. İşin məhkəmə baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir (MPM-in 88, 218 və s. maddələrinə istinad olunur)...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu və işi uzatmaq xarakteri daşıdığını vurğulayaraq, hətta birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunduqdan sonra borcundan 8600 manat məbləğində ödədiyini də bildirərək qətnaməni qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin («MPM») 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə və işin digər materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında 25 fevral 2019-cu il tarixdə 01/2019 saylı xidmət müqaviləsinin bağlandığı və həmin müqavilə üzrə yeddi Əlavə imzalandığı (“spesifikasiya və xüsusi şərtlərə dair”) mübahisələndirmir. İşə əlavə olunmuş həmin xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən sifarişçi (“xxxx” MMC) müqavilə bağlanmış müddətə özünə lazım olan müxtəlif növ xidmətlərin (o, cümlədən metalkonstruksiya xidmətlərinin) yerinə yetirilməsini sifariş verir, icraçı (“X1” ASC) isə verilmiş sifarişlərin tələb olunan vaxtda və keyfiyyətdə yerinə yetirilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən icraçının yerinə yetirdiyi xidmətin haqqını bu müqaviləyə əlavələrdə müəyyən edilmiş qaydada, vaxtında və əvvəlcədən razılaşdırılmış məbləğdə ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi bu müqavilə əsasında imzalanmış sifarişlər üzrə sifariş dəyərini müqaviləyə “əlavə”lərə uyğun olaraq ödəməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının tələbi xidmət müqaviləsinin 6 və 7 saylı əlavələri üzrə göstərilən xidmətin dəyərinin lazımıncpa ödənilməməsi ilə bağlıdır. Belə ki, məhkəməyə təqdim olunmuş həmin əlavələrdən görünür ki, tərəflər, 6 sayı əlavəyə görə ƏDV daxil 13.251,40 manat, 7 saylı əlavəyə görə ƏDV daxil 16764,85 manat, (cəmi, 30.016,25 manat) məbləğində müxtəlif növ xidmətlərin göstərilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən həmin xidmətlərin göstərildyi aşağıdakı qaimələrlə öz təsdiqini tapır: - 000796 saylı 08.01.2020-ci il tarixli satış və 09.01.2020-ci il tarixli EBAE 812254 saylı elektron - qaimələri üzrə ƏDV daxil 13.251,40 manat; - ******* saylı 13.01.2020-ci il tarixli satışvə EBAF 044991 saylı 14.01.2020-ci il tarixli elektron - qaimələr üzrə 7.691,83 manat; - 000815 saylı 28.01.2020-ci il tarixli satış və EBAF 693436 30.01.2020-ci il tarixli saylı elektron qaimə üzrə 9.073,02 manat . İşin mübahisələndirilən hallarından göründüyü kimi, qeyd olunan (30.016,25 manat) borcundan qismən ödəniş etsə də, onun 24.392,50 manat məbləğində borcu ödənilməmiş qalmışdır. İşə əlavə olunmuş elektron qaimələrdən isə görünür ki, cavabdeh onlara 5 gün ərzində hər hansı etirzını bildirməmiş və vergi qanunvericiliyinə müvafiq olaraq proqram təminatı tərəfindən təsdiq olunmuşdur. Qeyd olunmalıdır ki, məhz, Bergi Məcəlləsinin 71-1.1.3 cü maddəsi ilə müəyyən olunan vəzifəsindən irəli gəlir ki, iddiaçı (icraçı) xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində cavabdehə (sifarişçiyə) elektron qaimə -faktura göndərsin. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, adıçəkilən elektron qaimələrdə göstərilən xidmətlərin iddiaçı tərəfindən görüldüyü və ona təqdim olunduğu mübahisələndirilmir. Onun tərəfindən mübahisələndirdiyi hal ondan ibarətdir ki, müqavilənin əsas şərti kimi, iddiaçı məhkəməyə təhvil-təslim aktı təqdim etməli olduğu halda, yalnız satış qaiməsi təqdim edir ki, həmin sənəddə də məhsulu təhvil alan şəxsin kimliyi, cavabdehin səlahiyyəti nümayəndəsinin olub-olmaması müəyyən edilmir və sənəd cavabdehin möhürü ilə təsdiq edilmir. Bütün bu hallara məhkəmə nədənsə qiymət vermir və ya vermək istəmir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, ona görə ki, cavabdehin istinad etdiyi və işə əlavə olunmuş həmin satış qaimələrində tarix, mal göndərən (xidmət göstərən) iddiaçının və onu alan sifarişçi cavabdehin adları, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, sifariş, malların (xidmətlərin) adı miqdarı, qiyməti, habelə səlahiyyətli nümayəndələrin tutduğu vəzifələr və adları təsbit olunmuş, imzaları ilə təsdiq olunmuşdur. İkincisi, məhkəməyə iddiaçının təhvil-təslim aktlarını təqdim etməli olmasına gəldikdə isə apellyasiya şikayətində cavabdehin müqavilə üzrə ona göstərilən xidmətlərə görə qeyd olunan məbləğdə borcunun olmadığını mübahisələndirildiyi görünmədiyi halda, formal olaraq onun müqavilənin prosedur qaydalarına iddiaçının riayət etmədiyini mübahisələndirən dəlilləri heç də anlaşılan deyil və formal xarakterli olduğu aydın görünür. Ən azından, iddiaçının hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsinin izahatına və onun məhkəməyə təqdim etdiyi ərizəsinə və ona əlavə edilmiş bank hesabından çıxarışa əsasən müəyyən olunur ki, ş üzrə birinci instansiya məhkəməsi tərəfindən 03.02.2021-ci il tarixdə cavabdehdən iddiaçının xeyrinə 24392,50 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul etdikdən sonra, cavabdezh 19.04.2021-ci il tarixində həmin borcunun 8600 manat məbləğində olan hissəsini köçürmə yolu ilə iddiaçının hesabına ödəmişdir ki, bu da onun, cavabdehə olan borcunu etiraf edən hərəkətlərini ehtiva edir. Azərbaycan Respubliasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşə əlavə olunmuş xidmət müqaviləsinin, mübahisələndirilən 5 və 6 saylı əlavələrindən görünür ki, cavabdeh xidmətin 50 faiz dəyərini əvəllcədən, təqdim olunduqdan sonra isə yerdə qalan 50 faizini, bank köçürməsi yolu ilə, ödəməyi öhdədəsinə götürmüş, lakin həmin öhdəliyini lazımınca yerinə yetirməmişdir. Beləliklə də qeyd olunanlar iddiaçının hazırkı iddia tələbində haqlı olduğu yəni, müqavilənin 6 və 7-ci əlavələri üzrə üzərinə düşən xidmət cavabdehə təqdim etməsinə baxmayraq cavabdehin həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlmyini pozaraq, göstərilmiş xidmətlərə görə iddiaçıya olan borcunu əsassız olaraq ödəmədiyi sübuta yetirilir. Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2020 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunmasını faktlar nöqteyi nəzərində işin hallarına, qanunverictiliyin tələblərinə uyğun nəticə qiymətləndirir. MPM-in 385.2-ci maddəsi isə nəzərədə tutur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin, məhkəmə baxışı və onun qiymətləndirilmə zamanı Mülki Məcəllənin və MPM-in bir çox maddəsinin tələblərinə zidd mövqe tutduğunu və onu düzgün tövsif, təfsir və tətbiq etmədyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-2(103)-507/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-507/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver