Məhkəmə qərarları › İş №2-2(103)-507/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-507/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-507/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: distribyutor müqaviləsi üzrə borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “distribyutor müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-449/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC (distribyutor) arasında xx.xx.2021-ci il tarixli AH/MN-2105 saylı distribyutor müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə distribyutor, bu müqavilənin şərtlərinə uyğun olaraq müxtəlif metal məhsulları bu müqavilə ilə müəyyən edilən ərazi hüdudlarında üçüncü şəxslərə satmaq imkanını əldə edir.

2. Müqavilənin 3.2.11-ci bəndinə əsasən təqdim olunmuş hesablara uyğun olaraq STP-AH-yə ödəniş etmək, özündə olan hər bir zəruri məlumat STP-AH-yə vermək distribyutorun vəzifəsidir.

3. Müqavilənin 4.1-ci bəndinə əsasən malların distribyutora çatdırılması tərəflər arasında razılaşdırılmış müddətdə distribyutorun verdiyi sifariş əsasında həyata keçirilir.

4. Müqavilənin 5.1-ci bəndinə görə bu müqavilə üzrə hesablaşmalar qüvvədə olan Azərbaycan Respublikası vergi qanunvericiliyinə və/və ya beynəlxalq standartlara uyğun olaraq təqdim edilən vergi hesab-fakturası əsasında həyata keçirilir. Malların qiyməti STP- AH-ın qəbul etdiyi “Qiymət Cədvəlində” əks etdirilir və distribyutora təqdim edilir.

5. Müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətində qüvvədədir.

6. Müqavilənin 8.2-ci bəndinə əsasən əgər hər hansı tərəf bu müqavilənin müddətinin bitməsinə 1 ay qabaqcadan digər tərəfə müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş verməzsə, bu halda Müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab olunur. Müqavilənin müddətinin uzadılması sayı məhdudiyyətsizdir.

7. İddiaçı MMC tərəfindən ümumilikdə 183.239,84 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair o cümlədən 31.982,72 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 205462 saylı, 33040 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 214116 saylı, 33.106,08 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 232175 saylı, 35.088,48 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 232220 saylı, 33.106,08 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 235786 saylı və 16.916,48 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 239638 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə aparılmış qarşılıqlı balanslar və əməliyyatlar (qarşılıqlı üzləşdirmə) aktından görünür ki, xx.xx.2022ci il tarixə "xxxx" MMC-yə kreditor borc qalığı 1.838.549,95 manat, xx.xx.2022-ci il tarixə "xxxx" MMC-dən debitor borc qalığı 1.698.399,12 manat (1.838.549,95 - 1.698.399,12=140.150,83) təşkil edir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair xx.xx.2023- cü il tarixli xəbərdarlıq ünvanlanaraq 140.150,83 manat məbləğində borcun 5 iş günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xeyrinə 140.150,83 manat pul vəsaitinin, eləcə də ilkin mediasiya və məhkəmə rüsumlarının tutularaq İddiaçı MMCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli AH/MN-2105 №li Distribyutor müqaviləsi bağlanılmışdır. Bu müqavilə üzrə cavabdehə müxtəlif ölçülü armaturlar satılmışdır. Bu fakt elektron qaimələrdə öz əksini tapmışdır. Lakin alınan mallar üzrə qiymətdən 140.150,83 manat məbləğ cavabdeh tərəfindən ödənilməmiş və nəticəsində borc yaranmışdır. Cavabdeh tərəfindən təsdiq olunan xx.xx.2023-cü il tarixli audit yoxlamalarının nəticəsinə dair mühasibat qeydlərinin aparılması barədə aktda həmin borcun yaranması faktı öz əksini tapmışdır. Cavabdehə borcun tələb edilməsi barədə pretenziya göndərilmiş, həmçinin Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayış verilmişdir. Lakin bugünədək cavabdeh tərəfindən 140.150,83 manat borc ödənilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-449/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC (distribyutor) arasında xx.xx.2021-ci il tarixli AH/MN2105 saylı distribyutor müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək müxtəlif çeşidli malları cavabdehə satmışdır. Hazırda İddiaçı MMC Cavabdeh MMC-nin müqavilə üzrə təqdim olunmuş malların dəyərini tam ödəmədiyini, nəticədə iddiaçıya 140.150,83 manat məbləğində borcunun yarandığını əsas göstərərək sözügedən borcun cavabdehdən tutulmasını tələb edir.

14. Məhkəmə elektron qaimənin malın təqdim edilməsi faktını müəyyən etmək üçün yetərli sübut olmaması barədə cavabdehin dəlilləri ilə razılaşsa da, qeyd etmişdir ki, hazırkı halda təqdim edilmiş mallara görə borcun mövcud olması faktı cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış və ya başqa formada etiraz edilməmiş elektron qaimələrlə yanaşı cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də təsdiqini tapır. Digər tərəfdən tərəflər arasında mübahisəli müqaviləyə əsasən əvvəllər də malların alqı-satqısının həyata keçirilməsi işin mübahisəsiz halı olduğu halda əvvəllər malların təqdim edilməsinin təhvil-təslim aktları imzalanmaqla rəsmiləşdirilməsi iş materiallarına əsasən müəyyən edilmir. Göstərilən hal isə ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-449/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

16. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında malın alınması ilə bağlı hər hansı bir müqavilə mövcud deyildir. Elektron-qaimə də baxdığımız zaman əsas kimi xx.xx.2021-ci il tarixli AH/MN-2105 saylı distributor müqaviləsi göstərilibdir. Hansı ki, həmin müqavilə yalnız distributor müqaviləsidir. Halbuki malın alınması ilə bağlı ayrıca malın dəyərini, çeşidini, növünü, sayını, çatdırılmasını əks etdirən alqı-satqı müqaviləsi olmalı idi. Faktiki olaraq iş materiallarında belə bir sənəd mövcud deyildir. İddiaçı elektron qaimələri məhkəməyə təqdim etmək malın cavabdehə verilməsi sübut etməyə çalışır, halbuki, cavabdehə iddiaçı tərəfindən mal verilməmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün bu faktiki halları aydınlaşdırmamışdır. İddiaçı ilə cavabdeh arasında hər hansı bir alqı-satqı müqaviləsi mövcud deyildir. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur və tələb olunan 140.150,83 manat vəsait ilə bağlı cavabdehlə iddiaçı arasında hər hansı təhvil-təslim aktı mövcud deyildir. Qətnamədə qeyd olunur ki, hazırkı halda təqdim edilmiş mallara görə borcun mövcud olması faktı cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış və ya başqa formada etiraz edilməmiş elektron qaimələrlə yanaşı cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də təsdiqini tapır. Halbuki, iş materiallarında hər hansı bir üzləşmə aktı mövcud deyildir. Bu hal onu göstərir ki, məhkəmə işi obyektiv və ədalətli araşdırıb hüquqi qiymət verməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. İddiaçı tərəf apellyasiya şikayətinə yazılı etiraz vermiş, nümayəndəsi X1 qızı əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 800.1-ci maddə- konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. 801.1-ci maddə-ayrı razılaşma olmadıqda konsessioner ilə tapşıran arasında hüquq münasibətlərinə müvafiq olaraq bu Məcəllənin 789.3, 790.2.3-790.2.5 və 791.1.1- 791.1.3-cü maddələri tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir: 154.2.1. etirazın göndərildiyi məhkəmənin adı; 154.2.2. işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı; 154.2.6. olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə); 154.2.7. əlavə olunmuş sənədlərin siyahısı. 154.3-cü maddə-iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. 209.3-cü maddə-işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-449/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC (distribyutor) arasında xx.xx.2021-ci il tarixli AH/MN2105 saylı distribyutor (konsessiya) müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə iş materiallarına əlavə edilmiş elektron qaimələr əsasında təhvil verilmiş malların (armaturlar) dəyərindən 140.150,83 manat borcun ödənilməsi cavabdeh tərəfindən sübut edilməmişdir.

22. xx.xx.2022-ci il tarixə tərəflər arasında qarşılıqlı üzləşdirmə aktı tərtib edilmiş, aktda görünür ki, audit yoxlaması nəzticəsində cavabdehin qalıq borcu 140.150,83 manat (kreditor borcla debitor borc arasındakı fərq) təşkil etmişdir. Həmin akt Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, həmin borcun cavabdehdən tutulması hissəsində iddia qanuni və əsaslıdır.

23. Cavabdehin apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, şikayətdə iddiaçı ilə cavabdeh arasında malın alınması ilə bağlı hər hansı bir müqavilənin mövcud olmadığını, cavabdehə mal təqdim edilmədiyini qeyd edilsə də, birinci instansiya məhkəməsində müqavilənin bağlanması faktı, o cümlədən üzləşmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmiş, hətta cavabdehin qanuni təmsilçisi həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinə qalıq borcun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası işdə hesablanması xüsusi bilik tələb edən sənədlər olmadığından və cavabdeh ödənişlərlə bağlı məhkəməyə sübutlar təqdim etmədiyindən vəsatəti əsassız hesab edərək təmin etməmişdir.

24. Cavabdehin direktoru Nümayəndə2 tərəfindən eyni zamanda iş materiallarındakı xx.xx.2023-cü il tarixli qarşılıqlı balanslar və əməliyyatlar aktındakı imzanın ona məxsus olub-olmadığının yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə iş üzrə xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində qeyd edilən üzləşmə aktını mübahisələndirmədiyini, sənədin imza ilə yanaşı eyni zamanda hüquqi şəxsin möhürü ilə təsdiq edildiyini və möhür əksinin cavabdehə məxsusluğunun mübahisələndirilmədiyini, cavabdehin nümayəndəsinin hər hansı üzürlü səbəb göstərmədən məhkəmə araşdırmasında iştirak etməkdən yayındığını, araşdırma zamanı cavabdehə göndərilmiş malların təqdim edilməsi barədə elektron qaimələrin çoxunun sistem tərəfindən deyil, hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən təsdiq edildiyinin müəyyən edildiyini nəzərə alaraq vəsatəti icraatın ləngidilməsi məqsədi ilə verilmiş əsassız vəsatət hesab edərək təmin etməmişdir. Nəzərə alınmalıdır ki, MPM-nin 209.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər tərəfindən nəinki apellyasiya mərhələsində, hətta işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edilməsinə yol verilmir.

25. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixli üzləşmə aktının imzalanmış və möhürlə təsdiq edilmiş nüsxəsi skaner olunaraq cavabdehin mühasibi Kəmalə Sultanovanın elektron poçtundan iddiaçının Günel Ramazanova adlı əməkdaşının elektron poçtuna göndərilmişdir. Bu barədə sübut məhkəməyə təqdim edilmişdir. Cavabdeh üzləşmə aktını yalnız apellyasiya instansiyası mərhələsində mübahisələndirdiyindən həmin aktın həqiqiliyini təsdiq etmək üçün iddiaçının birinci instansiya məhkəməsinə təqdim etmədiyi sübutlarun qəbul edilməsi məhkəmə tərəfindən mümkün hesab edilir. 26.Məhkəmə kollegiyası cavabdehə malların təqdim edildiyinin yalnız üzləşmə aktı deyil, eyni zamanda qüvvədə olan və hal-hazıradək ləğv edilməmiş elektron qaimələrlə təsdiq edildiyini nəzərə alaraq iddianın əsaslı olması barədə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı, apellyasiya şikayətini isə əsassız hesab edir.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 449/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-449/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar