Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-508/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-354/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ******* manat məbləğində əsas borcun, 517805 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi ******* manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(82)- 354/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh X4 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 14-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan südün emalı və təkrar emalı texnoloji avadanlığının İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, avadanlıq üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr xx xxxxxx 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş xx.xx.2014-cü il tarixli D1-45-LA/12 dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi, qalıq borcun Cavabdeh-dan İddiaçı-nin xeyrinə tutulması və iddianın qalan hissəsi təmin edilməməsi qət edilmiş, İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(103)-691/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(82)-354/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-2(102)-264/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(103)-4/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 22(82)-354/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh X4 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 04-LA/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli 45-LA/12 nömrəli və xx.xx.2014-cü il tarixli D1-45-LA/12 nömrəli müqavilələrin ləğv edilməsi, Cavabdeh-dən İddiaçı-nin xeyrinə əsas borc üzrə ******* manat, cərimə borcu üzrə 102840 manat, cəmi ******* manatın tutulması, lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı və onların yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə saz vəziyyətdə İddiaçı-yə qaytarılması, ekspert tədqiqatına görə 200 manat xərcin Cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh X4 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-219/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-4/2020 saylı qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2008-ci il tarixli 04-LA/12 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən ümumi dəyəri ******* manat olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı Cavabdeh-yə lizinqə verilmişdir. Müqavilə üzrə 287000 manat məbləği avans kimi əvvəlcədən lizinq verənə ödənilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2012-ci il tarixli 45LA/12 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən ümumi dəyəri ******* manat olan 800 ha sahədə çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqlar (quraşdırılması ilə birlikdə) cavabdehə lizinqə verilmişdir. Müqavilə üzrə 233000 manat məbləği avans kimi əvvəlcədən lizinq verənə ödənilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2012-ci il tarixli 45LA/12 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2014cü il tarixli D1-45-LA/12 nömrəli razılaşma bağlanmış və razılaşma ilə ödəniş qrafikində dəyişiklik edilərək, ******* manat məbləğində vəsaitin 2014-cü ilin 4-cü rübündən, ******* manat məbləğində vəsaitin isə 2015-ci ilin 4-cü rübündən başlayaraq ödənilməsi müəyyənləşdirilmişdir. İddiaçı bildirir ki, cavabdeh lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun ******* manat əsas borcu, 517805 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddianı südün emalı və təkrar emalı avadanlığının geri qaytarılmaqla müqavilənin ləğv edilməsi hissəsində qəbul edir və bildirir ki, Cavabdeh-yə lizinqə verilmiş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının quraşdırılaraq istifadə edilmişdir. Südün emalı və təkrar emalı avadanlıqları isə iddiaçı tərəfindən quraşdırılmamış və istismara hazır vəziyyətdə cavabdehə təhvil verilməmiş, həmin avadanlıq alındığı vaxtdan bağlı şəkildə saxlanılaraq istifadə edilməmişdir. Cavabdeh müqavilənin ləğv edilərək, avadanlığın geri qaytarılması, ödənilmiş pul məbləğinin isə çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlıqlarının ödənişinə daxil edilməsi barədə İddiaçı-yə müraciət etsələr də, onlara heç bir cavab verilməmişdir. Ona görə də, südün emalı və təkrar emalı üçün avadanlıqların iddiaçıya qaytarılmaqla həmin avadanlıqlar üçün ilkin və qrafik üzrə ödənilmiş 498940 manat pul vəsaitinin lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün alınmış avadanlığın dəyərinin ödənilməsinə daxil edilməklə qalan borcun yeni qrafik tərtib edilməklə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, müqavilələrin ləğv edilməsi, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektlərinin geri tələb edilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, tərəflərin razılaşdırdığı qrafik ilə müəyyən edilən ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyektlərinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, lizinq müqavilələri üzrə əsas borcun ödənilməsi hissəsində də iddia əsaslıdır. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli 3323 nömrəli rəy verilmişdir. Həmin rəyə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci ii tarixli 14-LA/12 nömrəli lizinq müqaviləsı və xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə (həmin müqavilədə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü ü tarixli L1-45-LA/12 saylı razılaşma və bu razılaşmaya əsasən dəyişdirilmiş ödəniş qrafiki nəzərə alınmaqla) xx.xx.2017-ci İl tarixədək 1609370,00 manat ödəməli olduğu halda 1580940,00 manat ödəniş olunmuş və cavabdehin xx.xx.2017-ci tarixinə İddiaçı-yə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc ******* manat; cərimə borcu 517805 manat. Eyni zamanda işin mübahisəsiz halıdır ki, lizinq müqavilələri bağlanan zaman cavabdeh müqavilələrin hər biri üzrə ayrı-ayrılıqda iddiaçıya 233000 manat və 287000 manat olmaqla, ümumilikdə 520000 manat məbləğində avans ödəmişdir. Lakin kollegiya hesab edir ki, borcun hesablanması zamanı həmin avans məbləğləri nəzərə alınmamalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli lizinq müqaviləsinin və xx.xx.2008-ci il tarixli lizinq müqaviləsinin 5.1.5 və 5.2-ci maddələrində göstərilmişdir ki, avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə avadanlığı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda lizinq alandan götürülmüş avadanlığa və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququ lizinq verənə keçir. Lizinq verən götürdüyü avadanlığı başqa şəxsə lizinqə verə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış ******* manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 517805 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas məbləğin 10% həddində, yəni 102840 manat məbləğində müəyyənləşdirilməlidir. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, südün emalı və təkrar emalı avadanlığına xx xxxx 2017-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı və Cavabdeh-nin direktorunun iştirakı ilə baxış keçirilərək avadanlığın istifadə olunması barədə akt tərtib edilmiş, aktda avadanlığın tam quraşdırılmadığı, lakin aktda adları sadalanan ayrı-ayrı hissələrinin istifadə edildiyi göstərilmişdir (i/v 133-134). Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, həmçinin Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozaraq iddia tələblərindən kənara çıxmışdır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-354/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 04-LA/12 nömrəli və xx xxxxxx 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilələr ləğv edilsin. Cavabdeh-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə ******* manat, cərimə borcu üzrə 102840 manat, cəmi ******* (bir milyon yüz otuz bir min iki yüz yetmiş) manat məbləğində pul vəsaiti tutulsun. Lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı və onların yerləşdiyi tikili (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-508/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-508/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver