Məhkəmə qərarları › İş №2-2(103)-509/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-509/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-509/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1055/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” Şirkəti cavabdeh “xxxxxxxxxxxxxxxx” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Cavabdeh”şirkəti ilə cavabdeh Vercona “GmbH” («Gİ&EM GmbH») şirkəti arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, № 0402 saylı müqavilənin ləğv edilməsi; cavabdeh “xxxxxxxxxxxxxxxx" şirkətindən 191654 (yüz doxsan bir min altı yüz əlli dörd) avro məbləğində ödənişin, 91000 (doxsan bir min) avro manat məbləğində cərimənin, ümumilikdə 282654 (iki yüz səksən iki min manat altı yüz əlli dörd) avro məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə birdəfəlik qaydada tutularaq iddiaçı Vercona “GmbH” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(81)- 1055/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “İddiaçı” Şirkəti həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(103)-65/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(81)-1055/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “İddiaçı” Şirkəti həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-215/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-65/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxx” Şirkəti ilə “xxxxxxxxxxxx” Şirkəti (hazırki: “İddiaçı” Şirkəti) arasında xx xxxxxx 2011-ci il tarixli 0402 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxx” Şirkəti Bakı şəhəri, Salyan şosesi 12 ünvanında yerləşən yaşayış kompleksində “A” saylı binanın 34 saylı mənzilini “İddiaçı” Şirkətinə təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 191654 avronu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2011-ci il tarixli hesabdan çıxarışa əsasən “xxxxxxxxxxxx” Şirkəti tərəfindən (hazırki: “İddiaçı” Şirkəti) “xxxxxxxxxxxxxxxx” Şirkətinin bank hesabına 194654 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı bildirir ki, o, müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsə də, cavabdeh indiyə qədər öhdəliklərini tamlıqla yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilədə göstərilmiş 34 saylı mənzili inşa etsə də, mənzilin yerləşdiyi “A” saylı bina hazıra qədər Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilərək qəbul edilməmişdir. Hər il cavabdeh iddiaçıya müvafiq dövlət orqanları ilə yazışmaları təqdim edir və artıq yaxın müddət ərzində binanın istifadəyə yararlı olmasını təsdiq edən sənədləri sonuncuya təqdim edəcəyini vəd edir. Lakin 2019cu ilin əvvəlində cavabdeh iddiaçıya bildirmişdir ki, onun inşa etdiyi bina istismara qəbul edilmir. İddiaçı təşkilat Almaniya Federativ Respublikasında yaradılmış və fəaliyyət göstərən şirkətdir. Həmin şirkət hesab edir ki, əgər mənzilin yerləşdiyi bina müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilmirsə, demək ki, orada yaşamaq həyat və sağlamlıq üçün təhlükə törədir. Bu səbəbdən də sözügedən müqavilədə 3.4.1-ci bəndi nəzərdə tutulmuşdur ki, iddiaçının ödəniş şərtlərini yerini yetirdikdən sonra mənzili öz mülkiyyətinə və istifadəsinə götürmək hüququ vardır. Lakin cavabdehin inşa etdiyi bina Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilmədiyindən, iddiaçı həmin mənzildən istifadə etmək riskini üzərinə götürmür, həmçinin onu özəlləşdirə bilmir və qanunvericiliklə mülkiyyətçiyə verilmiş hüquqlardan istifadə edə bilmir. Tərəflər arasında bağlanılmış müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə predmetini təşkil edən mənzil iddiaçıya istismar üçün xx.xx.2011-ci il tarixdə təqdim edilməli idi. Həmçinin həmin müqavilənin 6.2-ci bəndinə əsasən əgər cavabdeh müqavilənin 4.3-cü bəndində göstərilən öhdəliyini vaxtında yerinə yetirməyəcəksə, cavabdeh iddiaçıya yubanmanın hər bir ayı üçün 1000 avro məbləğində pul ödəməlidir. Lakin 91 aydan artıq müddətdir ki, cavabdeh öz öhdəliyini yerinə yetirmir və o, müqavilənin 3.4.1-ci bəndi ilə üzrə üzərinə götürdüyü öhdəlikləri hazıra qədər yerinə yetirmədiyinə görə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilənin ləğv edilməsi barədə qarşı tərəfə təklif göndərilmiş, lakin cavabdeh təklif edilən müddət ərzində iddiaçıya hər hansı bir cavab verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində mübahisə predmeti olan mənzilin istismara qəbul edilməsini təmin etmək podratçının, yəni hazırki iş üzə cavabdehin vəzifələrinə aid edilməmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.42 və 47.4.6-cı maddələrindən göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə görə tikinti obyektinin tikintisi başa çatdıqdan sonra, onun istismarına icazə alınması üçün müraciət edilməli orqan müvafiq icra hakimiyyəti orqanıdır və həmin vəzifə məhz sifarişçiyə aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili təkzib edərək, həmin vəzifənin müqavilə üzrə cavabdehə məxsus olduğunu bildirmiş, həmçinin iddiaçının vəzifəsi olmadığı halda, iddiaçı tərəfindən dəfələrlə müvafiq icra hakimiyyəti orqanına şifahi müraciətlər edildiyini, lakin hər hansı bir nəticəyə gələ bilmədiyini də qeyd etmişdir. Bundan əlavə iddiaçı, mübahisə predmeti olan binanın müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilmədiyinə görə orada yaşamağın həyat və sağlamlıq üçün təhlükə törətdiyini də bildirmişdir. Lakin sübutetmə yükü daşıyan iddiaçı müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyinə bildirsə belə, bununla bağlı əsaslı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin, iddiaçının bu tələbini araşdıran zamanı müəyyən etmişdir ki, iddiaçı sözügedən binada yaşamağın həyat və sağlamlıq üçün təhlükəli olduğunu yalnız öz iddia ərizəsində və izahatında qeyd etmiş, lakin bu hissəni təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının iddiasında duran dəlillərin hüquqi cəhətdən mövcud olan müqavilənin ləğvi üçün əsas ola bilməz. Müqavilə tərəfinin müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməməsi əks tərəfin tələbi ilə müqavilənin ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi çıxış edə bilər. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsi müəyyən edir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə podratçı tərəfindən, yəni cavabdeh tərəfindən öhdəliklər tam yerinə yetirildiyindən, xx xxxxxx 2011-ci il tarixdə 0402 saylı podrat müqaviləsinin ləğvi ilə bağlı iddia tələbi əsaslı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmuş və qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-215/2020 saylı qərarında göstərilmişdir ki, müqavilədən görünür ki, cavabdeh yaşayış kompleksinin tikintisini həyata keçirərək kompleksdəki mənzillərin satışını həyata keçirir. Formalaşmış təcrübəyə görə, yaşayış binaları oradan mənzil almaq istəyən şəxslərin arzusuna uyğun layihə ilə deyil, həmin binanı inşa edən şirkətlər (mənzil tikinti kooperativləri, MMC-lər və s.) tərəfindən tərtib etdirilmiş və aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etdirilmiş layihələrə uyğun olaraq binalar inşa edir və ya etdirir və həmin binalardakı mənzilləri ayrı-ayrı şəxslərə satırlar. Hazırkı mübahisənin predmetini təşkil edən müqavilə də eyni qəbildən olduğundan onun podrat müqaviləsi kimi, tərəflərin isə “sifarişçi” və “podratçı” kimi müəyyən edilməsi nə mövcud təcrübəyə, nə də qanunun tələblərinə uyğundur. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, faktiki olaraq cavabdeh qabaqcadan müvafiq qaydada tərtib edilmiş layihə üzrə tikdiyi, yaxud tikəcəyi yaşayış kompleksindən razılaşdırılmış mənzili iddiaçıya satmağı, gələcəkdə həmin binaya xidmətlər göstərilməsini, iddiaçı isə bu mənzilin haqqını ödəyib onu almağı öz öhdələrinə götürmüşlər. Aydındır ki, hazırkı mübahisə üzrə binadan digər mənzillər alan şəxslərdən biri kimi, iddiaçı cavabdehin tikməli olduğu yaşadığı kompleksindən yalnız bir mənzil almışdır, yəni iddiaçı eyni binadan mənzil alan şəxslərdən biridir. İşin materialları ilə sözügedən yaşayış kompleksinin sifarişçisinin konkret olaraq kim (hansı müəssisə) olması müəyyən edilməsə də, iddiaçının ŞTM-nin tələblərinə uyğun olaraq nə tikinti layihəsini, tikintinin texniki-iqtisadi əsaslandırma (və smeta) sənədlərini hazırladan, nə həmin sənədlərin ekspertizadan keçirilməsini təmin edən, nə tikintiyə icazə alan, nə tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edən, nə də tikinti başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı aidiyyəti dövlət orqanına müraciət edən subyekt olmaması şübhə doğurmur. Belə ki, ŞTM-nin tələblərinə görə, binanın (binadakı bütün mənzillərlə birlikdə) tikintisinin sifarişçisi məhz həmin binanın tikintisinə aidiyyəti dövlət orqanından icazə almış subyektdir (MTK, MMC və s). Qeyd olunanlara əsasən, tərəflər arasından bağlanmış müqavilə faktiki olaraq podrat deyil, yaşayış kompleksindəki mənzillərdən birinin alqı-satqı müqaviləsidir, iddiaçı isə həmin mənzilin tikintisinin sifarişçisi deyil, qabaqcadan razılaşdırılmış mənzilin alıcısıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Podratçı bağlanan podrat müqaviləsi ilə tikinti obyektinin tikintisi başa çatdıqdan sonra, onun istismarına icazə alınması vəzifəsini götürməmişdir. Bu hal üçün müraciət edilməli orqan müvafiq icra hakimiyyəti orqanı və müraciət etməli şəxs isə sifarişçidir”. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq məhkəmənin bu qənaətini də əsassız hesab edir. Belə ki, məhkəmə mənzilin istismarına icazə alınması üçün aidiyyəti dövlət orqanına sifarişçi tərəfindən müraciət edilməli olması barədə düzgün mülahizə irəli sürsə də, podratçının bağlanan podrat müqaviləsi ilə tikinti obyektinin tikintisi başa çatdıqdan sonra, onun istismarına icazə alınması vəzifəsini götürməməsi barədə yanlış nəticə çıxarmışdır. Əvvəla ona görə ki, yuxarıda qeyd edildiyi kimi, apelyasiya instansiyası məhkəməsi müqaviləni podrat müqaviləsi, iddiaçını isə bu müqavilə üzrə sifarişçi hesab edərkən yuxarıda istinad olunmuş maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İkincisi, əgər apellyasiya instansiyası məhkəməsinin yanaşması ilə məsələyə baxsaq, belə məlum olur ki, eyni binadan mənzil alan hər bir şəxs sifarişçi olaraq öz mənzilinin istismarına icazə verilməsi üçün ayrı-ayrılıqda aidiyyəti dövlət orqanına müraciət etməli, həmin orqan da bu müraciətlər əsasında hər bir mənzilin ayrı-ayrılıqda istismarına icazə verməlidir. Bu isə nə mövcud qanunvericilik, nə də formalaşmış təcrübə baxımından mümkündür. Belə olan halda ŞTM-nin 47.4.6-cı maddəsinə əsasən, tikintisi başa çatdıqdan sonra binanın istismarına icazə alınması üçün müraciət etməli şəxs mənzillərin alıcıları deyil, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, məhz binanın layihəsini hazırlatmış, müvafiq sənədlərin ekspertizadan keçirilməsini təmin etmiş və binanın tikintisinə icazə almış sifarişçidir. Lakin hazırkı mübahisə predmeti olan binanın ŞTM-nin tələblərinə uyğun olaraq sifarişçisinin, tikdirənin, habelə satışını, idarəçiliyini həyata keçirənin kim (hansı şirkət) olması, habelə binanın istismarına icazə alınması üçün rəsmi qaydada aidiyyəti üzrə müraciətin edilib-edilməməsi, binanın istismarına icazə veirilməməsinin səbəbləri, məsələ ilə bağlı səlahiyyətli dövlət qurumlarının mövqeyi işin materialları ilə müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə alqısatqı müqaviləsidir və buna görə də hazırki işə alqı-satqı qaydalarını tənzimləyən müddəalar şamil olunmaldır. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də “İddiaçı” Şirkəti müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini tam olaraq ödəmiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq 9 il keçməsinə baxmayaraq hələ də həmin mənzilin iddiaçının mülkiyyətinə verməsini təmin etməmişdir. Çünki iddiaçı bildirir ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul edilməsi ilə bağlı sənədlər mövcud deyil və ona görə də, o, mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir. Eyni zamanda sübutetmə yükü cavabdehə aid olsa da, o, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul edilməsi ilə bağlı sübutları təqdim etməmişdir. Mülki Məcəllənin 421-ci maddəsində isə təsbit olunmuşdur ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə isə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilənin ləğv edilməsini və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması nəticəsində ona dəymiş 194654 avro məbləğində zərərin əvəzinin ödənilməsini tələb etməkdə tam haqlıdır və ona görə də, həmin hissələrdə iddia tam təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, cərimənin tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən, müqavilənin 4.3-cü bəndində göstərilən öhdəliklərin yerinə yetirilməməsi halında “xxxxxxxxxxxxxxxx” Şirkəti yubanmanın hər bir ayı üçün 1000 avro məbləğində “İddiaçı” Şirkətinə cərimə ödəyəcək. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə isə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 91000 avro dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas məbləğin 10 % həddində, yəni 19000 avro məbləğində müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1055/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı “Cavabdeh”şirkəti ilə cavabdeh Vercona “GmbH” («Gİ&EM GmbH») şirkəti arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 0402 saylı müqavilə ləğv edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxx" şirkətindən 191654 (yüz doxsan bir min altı yüz əlli dörd) avro və 19.000 (on doqquz min) avro məbləğində cərimə pulu, ümumilikdə 210654 (iki yüz on min altı yüz əlli dörd) avro məbləğində pul vəsaiti tutularaq iddiaçı Vercona “GmbH” şirkətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar