Məhkəmə qərarları › İş №2-2(103)-51/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-51/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-51/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “alğı-satqı müqaviləsi” üzrə pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(113)-2773/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qapalı səhmdar cəmiyyətinin İddiaçınə olan 184 781.07 manat (bir yüz səksən dörd min yeddi yüzsəksən bir manat yeddi qəpik) borcunu ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(113)-2773/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh QSC-dən 184 781.07 manat (bir yüz səksən dörd min yeddi yüzsəksən bir manat yeddi qəpik) İddiaçı xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh QSC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(113)-2773/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehin ödəməli olduğu əsas borc məbləğ 184 781.07 (bir yüzsəksən dörd min yeddi yüz səksən bir) manat 07 qəpik göstərilmişdir. Hesab edir ki, bu məbləğ qeyri-obyektiv olaraq hesablanmışdır. Belə ki, iddiaçının birinci məhkəmə instansiyasında təqdim etdiyi sübutlar əsaslı deyildir. İddia ərizəsi formal olaraq tərtib edilmişdir, iddia ərizəsində göstərilən borc məbləğ artıqlamasıyca hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları tam şəkildə araşdırmadan iddia ərizəsində qeyd olunduğu miqdarda qətnamə qət etmişdir. Halbuki, birinci instansiya məhkəməsi işə baxarkən məsələni obyektiv, şəffaf və hərtərəfli araşdırmalı və borc məbləği olduğu kimi hesablanması üçün “məhkəmə mühasibatlıq ekspertizası” təyin etməli idi. İddia tələbi əsassızdır, cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur. Odur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2773/2023 saylı qətnaməsinin ləğv edilməsivəiddia tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

19. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında 01 fevral 2017 və 30 yanvar 2021 tarixlərində alqı-satqı müqavilələri imzalanmışdır. Daha sonra tərəflər arasında müqavilə münasibətləri davam etmiş, həmin müqavilələr əsasında mallar qarşı tərəfə təhvil verilmişdir. İddiaçı müqavilə öhdəliyini tam olaraq icra etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, ödənişləri tam olaraq etməmişdir.

20. Qeyd edilən hallar müqavilə, müqaviləyə əlavələr, təhvil-təslim aktları, eqaimələrlə təsdiq edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsaslı olması iş materialları ilə sübuta yetirilir. Belə ki, tərəflər arasında müqvilə və qiymətlərin razılaşma protokolu imzalanmış, daha sonra onun əsasında mallar qarşı tərəfə təhvil verilmişdir. Eyni zamanda təhvil verilmiş mallarla bağlı qarşı tərəfə elektron qaimələr göndərilmişdir. Cavabdeh öhdəliyini tam olaraq icra etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və 184 781.07 manat cavabdehdən tutulmalıdır.

22. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddianı qəbul etmir, borc məbləğini qəbul etmir, məhkəmə borcun hesablanmasını ekspertiza vasitəsilə müəyyənləşdirməmişdir.

23. Apellyatorun göstərdiyi bu dəlillə bağlı qeyd olunmalıdır ki, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir.

24. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin “25” aprel 2024-cü il tarixli, 9/205 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, birinci sual üzrə, 01 fevral 2017-ci il tarixli 37/17 saylı alqı-satqı müqaviləsi üzrə. Rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 495364 №-li elektron qaiməyə, müqaviləyə əlavəyə (qiymətlərin razılaşdırma protokolu) və müqavilə üzrə təhvil-təslim aktına əsasən İddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanmış 01 fevral 2017-ci il tarixli 37/17 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 118.274,29 manat məbləğində (100.232,45 AZN dəyər + 18.041,84 AZN ƏDV=118.274,29 AZN) mal təhvil verilmişdir.

25. 30 yanvar 2021-ci il tarixli 21-0014 saylı alqı-satqı müqaviləsi üzrə. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 702136 №-li, xx.xx.2021-ci il tarixli, 286851 №li, xx.xx.2022-ci il tarixli, 147695 №-li, xx.xx.2022-ci il tarixli, 216706 №-li, xx.xx.2022-ci il tarixli, 347242 №-)i və xx.xx.2022-ci il tarixli, 382944 №-li elektron qaimələrə, müqaviləyə əlavələrə (qiymətlərin razılaşdırma protokolu) və müqavilə üzrə təhvil-təslim aktlarına əsasən əsasən İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli 21-0014 saylı alqı-satqı müqaviləsi üzrə “Hemat Trade" MMC tərəfindən Cavabdeh QSC-yə 243.797,11 manat məbləğində (206.607,72 AZN dəyər + 37.189,39 AZN ƏDV=243.797,11 AZN) mal təhvil verilmişdir.

26. İkinci sual üzrə. 01 fevral 2017-ci il tarixli 37/17 saylı alqı-satqı müqaviləsi üzrə. Rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi, iş materiallarında olan “Hemat Trade" MMC-nin "xxxx" ASC-də olan AZ16PAHA4006AZNHC********** nömrəli cari hesabının məlumatları və Cavabdeh QSC-nin ödəniş tapşırıqlarına əsasən İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 01 fevral 2017-ci İl tarixli 37/17 saylı alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş 12.11,2020-ci il tarixli, 495364 №-li elektron qaimə üzrə Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə 23.890,33 manat məbləğində (20.246,04 AZN dəyər + 3.644,29 AZN ƏDV=23.890,33 AZN) və xx.xx.2021-ci il tarixdə 23.600,00 manat məbləğində (20.000,00 AZN dəyər + 3.600,00 AZN ƏDV=23.600,00 AZN) olmaqla ümumilikdə 47.490,33 manat məbləğində (40.246,04 AZN dəyər + 7.244,29 AZN ƏDV=47.490,33 AZN) ödəniş edilmişdir.

27. 30 yanvar 2021-ci il tarixli 21-0014 saylı alqı-satqı müqaviləsi üzrə. İş materiallarında olan İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ16PAHA4006AZNHC********** nömrəli cari hesabının məlumatları və Cavabdeh QSCnin ödəniş tapşırıqlarına əsasən İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 702436 №-li, xx.xx.2021-ci il tarixli, 286851 №-li, xx.xx.2022-ci il tarixli, 147695 №-li, xx.xx.2022-ci il tarixli, 216706 №-li, xx.xx.2022-ci il tarixli, 347242 №-li və xx.xx.2022-ci il tarixli, 382944 №-li elektron qaimələr üzrə Cavabdeh QSC tərəfindən İddiaçı' MMC-yə xx.xx.2022-ci il tarixdə 59.000,00 manat məbləğində (50.000,00 AZN dəyər + 9.000,00 AZN ƏDV=59.000,00 AZN), xx.xx.2022-ci il tarixdə 40.120,00 manat məbləğində (34.000,00 AZN dəyər + 6.120,00 AZN ƏDV=40.120,00 AZN), xx.xx.2022-ci il tarixdə 18.880,00 manat məbləğində (16.000,00 AZN dəyər + 2.880,00 AZN ƏDV=18.880 AZN) və xx.xx.2022-ci il tarixdə 11.800,00 manat məbləğində (10.000,00 AZN dəyər + 1.800,00 AZN ƏDV= 11.800,00 AZN) omaqla ümumilikdə 129.800,00 manat məbləğində (110.000,00 AZN dəyər + 19.800,00 AZN ƏDV=129.800,00 AZN) ödəniş edilmişdir.

28. Üçüncü sual üzrə. 01 fevral 2017-ci il tarixli 37/17 saylı alqı-satqı müqaviləsi üzrə. Rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi, iş materiallarında olan sənədlərə (İddiaçı MMC-nin cari hesabının məlumatları, elektron qaimələrə, təhvil-təslim aktlarına və Cavabdeh QSC-nin ödəniş tapşırıqlarına əsasən) əsasən iddiaçı “İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 01 fevral 2017-ci il tarixli 37/17 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh QSC-nin İddiaçı MMC-nə borcu ƏDV- ilə birlikdə 70.783,96 manat məbləğində müəyyən olunur.

29. 30 yanvar 2021-ci il tarixli 21-0014 saylı alqı-satqı müqaviləsi üzrə. Rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi, iş materiallarında olan sənədlərə (İddiaçı MMC-nin cari hesabının məlumatları, elektron qaimələrə, təhvil-təslim aktlarına və Cavabdeh QSC-nin ödəniş tapşırıqlarına əsasən) əsasən İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh QSCnin İddiaçı MMC-nə borcu ƏDV-ilə birlikdə 113.997,11 manat məbləğində müəyyən olunur.

30. Ekspert rəyi iddia tələbində göstərilmiş borc məbləğinin düzgün hesablanmasını təsdiqləmişdir.

31. Cavabdeh tərəfindən hal-hazıradək istinad olunan hala, yəni borcunun olmamasına dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf isə istinad etdiyi halı təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Odur ki, kollegiya belə qənaətə gəlir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında irəli sürülmüşdür.

32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(113)-2773/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 200 manat ekspertiza xərci Cavabdeh QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar