Məhkəmə qərarları › İş №2-2(103)-510/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-510/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-510/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, e-2-2(82)-784/2018 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə, müqaviləyə əlavələrə xitam verilməsi, cavabdehdən müqavilə üzrə ödənilməmiş 251931,53 manat borc məbləğinin, gecikdirilmiş vaxt uçun 149647,33 manat cərimənin, 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.12.2018-ci il tarixdə tərəflər məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinin təsdiq edilməsini xahiş etmiş və məhkəməyə 06.12.2018-ci il tarixdə bağlanmış barışıq sazişi təqdim edilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 10.12.2018-ci il tarixdə məhkəmə tərəfindən tərəflər arasında barışıq sazişinin bağlanması və məhkəmə tərəfindən təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmənin qərardadı və qərardadın qəbul edildiyi məhkəmə iclasının protokolu iş materiallarına əlavə edilməmiş və tərəflərin nümayəndələrinə göndərilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi bu səbəbdən 21.02.2022-ci il tarixdə iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli 2-2(82)-784/2018 saylı qərardadı ilə İddiaçı MMC-nin ərizəsi təmin edilməmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnərək iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin CavabdehSC-yə qarşı iddia tələbi üzrə, tərəflər arasında 06.12.2018-ci il tarixli barışıq sazişi imzalanmış və Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-784/2018 nömrəli Qərardadı ilə həmin barışıq sazişi təsdiq edilərək, iş üzrə kommersiya mübahisəsinə xitam verilmişdir. Bu barədə müvafiq qeydiyyat da Elektron Məhkəmə Sistemində aparılmışdır. Bildiririk ki, barışıq sazişinin təsdiq edilməsi barədə Qərardad bu vaxta kimi İddiaçı MMC-yə rəsmi qaydada göndərilmədiyindən, iddiaçı tərəfindən 20.09.2021-ci il tarixli, 371 nömrəli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək 2-2(82)-784/2018 nömrəli iş üzrə icra vərəqəsinin müvafiq icra şöbəsinə yönəldilməsi və barışıq sazişinin təsdiq edilməsi barədə 2-2(82)-784/2018 qərardadın surətinin isə tələbkar İddiaçı MMC-yə göndərilməsi xahiş edilmişdir. Bundan sonra, Bakı Kommersiya Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-2(82)-784/2018 nömrəli məktubu ilə ərizəyə cavab olaraq bildirilmişdir ki, qeyd olunan predmetə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüstəm Kərimli tərəfindən məhkəmə iclası keçirilməmiş, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməmişdir. Məhkəmənin belə bir məzmunlu cavab məktubundan sonra, MMC-nin hüquqşünası X1 işlə tanış olmuş və iş materiallarında nəinki barışıq sazişinin təsdiq edilməsi barədə qərardad, ümumiyyətlə işin yekun nəticəsi barədə heç bir məhkəmə aktının olmamasını aşkar etmişdir. Bundan sonra İddiaçı MMC tərəfindən 10.02.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edilərək 2-2(82)-784/2018 nömrəli kommersiya işi üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması məhkəmədən xahiş edilmişdir. 18.03.2022-ci il tarixdə Bakı Kommersiya məhkəməsində hakim Kənan Hüseynovun sədriliyi ilə icraatın təzələnməsinə dair ərizəyə baxılmış və ərizə rədd edilmişdir. Məhkəmə ərizənin rədd edilməsini onunla əsaslandırmışdır ki, “Elektron Məhkəmə İnformasiya Sistemində olan hazırkı iş üzrə qəbul edilmiş qərardadın çıxarışından görünür ki, 10.04.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən hazırkı iş üzrə barışıq sazişi bağlanılmış və iş üzrə icraata xitam verilmişdir və elektron dövriyyədə hazırki işin yekun verilmiş işlərə aid edilməsini əsas gətirərək ərizəni rədd etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.04.2022-ci il tarixli, e-2-2(82)-784/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, e-2-2(82)-784/2018 saylı qərardadı ləğv edilməli, icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasına dair ərizə baxılmadan iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. İşin hallarından göründüyü kimi, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin hakimi R.Kərimli elektron məhkəmə sisteminə tərəflər arasında barışıq sazişi bağlanması və məhkəmə tərəfindən təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edildiyinə dair nəticə daxil etmiş, bu nəticə hakimin elektron imzası ilə imzalanmış, lakin hakim prosessual pozuntuya yol verərək qəbul etdiyi qərardadı və qərardadın qəbul edildiyi məhkəmə iclasının protokolunu tərtib edərək iş materiallarına əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, prosessual qanunvericilikdə məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən və iş üzrə icraata xitam verildikdən sonra icraatın təzələnməsinin mümkünlüyü ilə bağlı prosedur nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iş üzrə icraatın təzələnməsi barədə ərizəsi baxılmadan geri qaytarmalı idi. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək iddiaçının ərizəsi qaytarılmalıdır. Kollegiya şikayət ərizəsində qeyd edilənlərlə bağlı izah edir ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-784/2018-ci il tarixli iş üzrə qəbul etdiyi 10.12.2018-ci il tarixli qərardad iş materiallarına əlavə edilməsə də, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və bununla əlaqədar iş üzrə icraata xitam verilməsi barədə elektron məhkəmə sistemindən çıxarış və təsdiq edilmiş barışıq sazişinin əsli iş materiallarında mövcud olduğundan birinci instansiya məhkəməsi iddiaçının müraciəti əsasında qərardadın icraya yönəldilməsi üçün sazişin şərtlərini qeyd etməklə icra vərəqəsi verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, e-2-2(82)-784/2018 saylı qərardadı ləğv edilməli, icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasına dair ərizə İddiaçı MMCyə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, e-2-2(82)-784/2018 saylı qərardadı ləğv edilsin. İcraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasına dair ərizə İddiaçı MMC-yə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar