Məhkəmə qərarları › İş №2-2(103)-511/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-511/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-511/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Nümayəndə1 iştirakı ilə Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4499/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli xidməti personalın outstaffinq olunması xidməti haqqında müqavilə üzrə 203.463,25 manat və xx.xx.2020-ci il tarixli Məsləhət (konsaltinq) xidmətləri haqqında müqavilə üzrə 48.970 manat olmaqla, ümumilikdə 252.433,25 manat, eyni zamanda xx.xx.2020-ci il tarixli müqavilə üzrə gecikdirilmiş 121 günə görə 49.238,11 manat, eyni müqavilə üzrə 213 gün gecikmə gününə görə 1.131,03 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 151 gün gecikmə gününə görə 677.08 manat, ümumilikdə 51.046,22 manat cərimə borcu, cavabdehin ona olan müqavilə üzrə yaranmış borcunu ödəməməsi nəticəsində yaranmış AR İN DVX Bakı şəhəri Lokal gəlirlər baş idarəsi tərəfindən ona hesablanmış 52.790,33 manat vergi borcu və mediasiyaya dair xərcə görə ödənilmiş 400 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 252.433,25 manat əsas borcun, 12.621,66 manat dəbbə pulunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddianın təmin olunan hissədə ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı bu müqavilə bağlanmazdan cəmi 22 gün öncə təsis edilib, yəni xx.xx.2020-ci ildə. Cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli T/M-02 nömrəli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”nə əsasən, cavabdeh GRON (Giqabit imkanlı passiv optik şəbəkə) texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması, LTE (X1) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədilə iş və xidmətlərin icrasını öz üzərinə götürüb. Müqavilənin ümumi dəyəri 11.747.402,13 manat olmuşdur. Tərəflər arasında bağlanmış hər iki müqavilənin şərtlərinə əsasən İcraçı ("xxxx" MMC) Sifarişçiyə (cavabdeh) göstəriləcək xidmətlərin keyfiyyətinə zəmanət verərək müqavilənin şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürüb. "xxxx" MMC ilə podrat müqaviləsi bağlanan günədək, cavabdeh tərəfindən iddiaçıya hər hansı sifariş verilməyib, onlar tərəfindən hər hansı xidmət göstərilməyib. Qeyd edilən bu GRON layihəsi işə düşdükdən sonra "xxxx" MMC-dən cavabdehə yönləndirilən pul vəsaitləri işlərin görülməsi üçün olduğu kimi iddiaçıya köçürülüb. Başqa sözlə, layihənin real və faktiki icraçısı iddiaçı olub. İş materiallarında olan çoxsaylı qaimələr və e-mail yazışmaları bunu təsdiq edir. 2021-ci ilin fevral-mart ayında "xxxx" MMC-nin tabe olduğu nazirlikdə rəhbər struktur dəyişikliyi olduqdan sonra bu layihənin icrası da dayandırılıb. Hətta görülən işlərin yerində yoxlanılması ilə əlaqədar "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrilə yaradılmış komissiyanın təqdim olunmuş kameral və səyyar yoxlaması həyata keçirilib. İlkin nəticələrə əsasən 2020-ci il dövründə 46 ədəd Forma-2 üzrə görülmüş işlərin yerində yoxlanması başlanılıb və Komissiyanın xx.xx.2021-ci il tarixli ilkin məlumatına əsasən 2020-ci il dövr ərzində 315.115,54 AZN kənarlaşma məbləği aşkar edilib. 2020-ci il dövründə görülmüş işlərin nəticəsi olaraq ümumi dəyəri ƏDV daxil 1.466.436,62 AZN olmaqla 46 ədəd Forma-2 (oktyabr ayı üzrə 10 ədəd, noyabr ayı üzrə 21 ədəd, dekabr ayı üzrə 15 ədəd) tərtib və təsdiq edilsə də, ondan 7 ədəd Forma-2 üzrə ƏDV daxil 201.329,33 manat məbləğdə borc məbləği qalıb. Görülmüş outstaffinq xidməti üzrə işlərə görə 2020-ci il dövrünə görə ƏDV daxil 573.017,02 AZN, 2021-ci il dövrünə görə ƏDV daxil 704.623,31 AZN ödənilib. İşin faktiki halından da göründüyü kimi, "xxxx" MMC cavabdeh tərəfindən təqdim edilən Forma-2-lərin bir qismini təsdiq etməyib və artıq 12 aya yaxındır ki, ödənişləri dayandırıb. "xxxx" MMC sifarişçi olaraq bu hərəkətlərini görülən işlərin həcminin şişirdilməsi və keyfiyyətindəki qüsurlarla əlaqələndirir. Buna görə də cavabdeh müqavilə üzrə tərəflərin öhdəliklərinin icrasının real vəziyyətini aydınlaşdırmaq üçün iddiaçıdan iş üzrə real və yerində təhvil-təslim edilməsini tələb edib. Yəni, hansı ərazidə, hansı iş görülüb, neçə km kabel çəkilib, neçə mənzil simsiz rabitə ilə təchiz edilib və sair. Lakin iddiaçı tərəf bunu icra etməkdən birtərəfli qaydada imtina edir. İş materiallarında elə bir sübut yoxdur ki, iddiaçının göndərilən elektron qaimə üzrə hər hansı real və faktiki işin görüldüyünü və ya xidmətin göstərildiyini təsdiq etsin. İddiaçı tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri hələ də tam təhvil verməyib, həmçinin, görülən işlərdə kifayət qədər qüsurlar aşkar edilib. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətini qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında göstərmişdir ki, "xxxx" MMC-nin sifarişçi olduğu bütün podrat işləri iddiaçı tərəfindən görülmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə ləğv edilərək, həmin hissədə də iddianın rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış iddiaçının əvvəlki adı "xxxx" MMC olmuşdur, ad dəyişikliyi xx.xx.2021-ci il tarixli **********056300 nömrəli çıxarışla təsdiq olunur. Cavabdeh sifarişçi, "xxxx" MMC icraçı olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli OTC/001/20 nömrəli müqaviləyə əsasən, icraçı sifarişçinin tələbatına əsasən istehsalat zərurəti ilə əlaqədar sürücülərin, fəhlələrin və digər kateqoriyalı işçilərin çevik, operativ və keyfiyyətli xidmətini təmin etmək məqsədi ilə həmin xidməti personalın outstaffınq olunması xidmətini (işçi heyətinin idarəedilməsi üsulu olmaqla, müəyyən sayda işçinin sifarişçinin sərəncamına verməklə xidmət göstərilməsi) göstərir. Cavabdeh müştəri, "xxxx" MMC şirkət olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli FC/2020/001 nömrəli Məsləhət (konsaltinq) xidmətləri haqqında müqaviləyə görə, şirkət müştəriyə peşəkar xidmətlər göstərəcək, müştəri isə şirkətə bu xidmətlərin müqabilində haqq ödəyəcəkdir. "xxxx" MMC sifarişçi, cavabdeh icraçı olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən, sifarişçi müqaviləyə Əlavə 1-də GPON (Giqabit imkanlı passiv optik şəbəkə) Texnologiyasının tətbiqi ilə mənzillərin telelfonlaşdırılması, LTE (X1) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədi ilə iş və xidmətlərin satın alınması üçün icraçının ƏDV ilə birlikdə 11.747.402,13 manat məbləğdə tender təklifini qəbul etmişdir. "xxxx" MMC ilə cavabdeh arasında müxtəlif tarixlərdə tərtib edilmiş İşçi heyətinin idarəedilməsi üsulu olmaqla müəyyən sayda işçinin sifarişçinin sərəncamına verməklə xidmət göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən, 2021-ci ilin mart ayı üçün 251.586,43 manat məbləğdə işcilər təqdim edilmiş, bu barədə iddiaçı tərəfindən cavabdehə eyni tarixli EBAZ 485169 nömrəli elektron qaimə təqdim edilmişdir. "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2020 (4.735,39 manat), xx.xx.2020 (28.980,80 manat), xx.xx.2020 (25.960 manat), xx.xx.2020 (26.550 manat) və xx.xx.2021ci il tarixlərdə (22.420 manat) Məsləhət (Konsaltinq) xidmətlərinin göstərilməsi haqqında təhvil-təslim aktları tərtib edilmiş, bu barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli EBAQ 665064 nömrəli (4.735,39 manat), xx.xx.2020-ci il tarixli EBAV 536968 nömrəli (26.550 manat), xx.xx.2021-ci il tarixli EBAY 109276 nömrəli (22.420 manat) elektron qaimələr təqdim edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Hesablaşmaların qarşılıqlı üzləşmə aktına əsasən cavabehin həmin tarixə iddiaçıya hər iki müqavilə üzrə cəmi 252.433,25 manat məbləğdə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. MPM-in: Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “... istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.” Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə xx.xx.2020-ci il və X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. ... Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.” Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında isə göstərmişdir ki, “Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). ... İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar. ... İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. ... Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.” İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə iş materiallarından, tərəflərin yazılı və məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlardan sabit olmuşdur ki, əslində iddiaçı, podratçı cavabdehin sifarişçi "xxxx" MMC qarşısında xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra edərək, subpodratçı qismində həmin podrat müqaviləsindən irəli gələn işləri görmüşdür. Bütün bunlar da o deməkdir ki, tərəflər arasında bağlanmış xidməti personalın outstaffınq olunması xidməti haqqında xx.xx.2020 tarixli və Məsləhət (konsaltinq) xidmətləri haqqında xx.xx.2020-ci il tarixli müqavilələr görüntü üçün bağlanmışdır, həmin müqavilələrin bağlanmasının əsl məqsədi üçüncü şəxslərdə aldadıcı təəssürat yaradaraq, reallıqda "xxxx" MMC ilə cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə əsas icraçı qismində çıxış edən iddiaçı ilə cavabdeh arasında faktiki olaraq bağlanmış podrat (subpodrat) müqaviləsini gizlətməkdir. Odur ki, tərəflər arasında bağlanmış xidməti personalın outstaffınq olunması xidməti haqqında xx.xx.2020-ci il tarixli və Məsləhət (konsaltinq) xidmətləri haqqında xx.xx.2020-ci il tarixli müqavilələr yalan əqdlərdir, yalan əqdlər isə etibarsızdır (əhəmiyyətsizdir). MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin maddi hüquq normalarının pozulması ilə qəbul edilən qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. İddianın mahiyyəti üzrə əsaslılığı məsələsinə gəldikdə isə, tələbin əsaslandığı əqdin etibarsız olması birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. İddiaçı hazırkı pul tələblərinin faktiki əsası kimi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə istinad etdiyi, həmin müqavilələr etibarsız olduğu, iddiaçı tələbinin faktiki əsasını podrat (subpodrat) müqaviləsi ilə əvəz etmədiyi, bu dəyişikliyin apellyasiya instansiyasında mümkün olmadığı üçün, məhkəmə kollegiyası iddiaya onun iddia ərizəsində ifadə edilmiş və birinci instansiya məhkəməsində baxılmış məzmun və hədlərdə hüquqi qiymət verərək, hesab edir ki, iddia yoxlanılan hissədə də əsassız və qanunsuz olduğundan rədd edilməlidir. İddia əsas borca dair yoxlanılan hissədə əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan dəbbə pulunun ödənilməsi barədə tələb də, belə bir prosessual-hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən təmin edilməməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və onun dəlillərini əsaslı sayır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Qanunun: Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia təmin edilməməli, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4499/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan - “İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 252.433,25 manat əsas borc, 12.621,66 manat dəbbə pulu, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin.” - hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia təmin edilməsin. Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar