Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-511/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayədəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-320/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC (əvvəlki adı “X3” MMC) arasında xx.xx.2021-ci il tarixli 010 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı alıcıya verməyi öz öhdəsinə götürür, alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifariş ilə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib, malın dəyərini ödəməyi öz öhdəsinə götürür.
3. Müqavilənin 3.3-cü bəndinə əsasən malın dəyərinin ödənilməsi mal təhvil alındıqdan sonra 30 gün ərzində həyata keçirilməlidir, bu müddət ərzində malın dəyəri ödənilmədikdə bundan sonra hər gecikdirilmiş bir gün üzrə 0,5 faiz cərimə hesablanacaqdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı alqı-satqı müqaviləsinə əsasən yaranmış və cavabdeh tərəfindən ödənilməmiş 40064,989 manat əsas borcun və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2003 manat gecikdirmə faizinin və məhkəməyə müraciət üçün ödədiyi 216,2 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, iddiaçının müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmış, həmçinin bu öhdəliklərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumilikdə 121456,19 manat təşkil edən mal alınmışdır. Bu borcun 2335,21 manat hissəsi 2021-ci ildə, 76378,71 manat hissəsi 2022-ci ildə ödənilmiş, yerdə qalan borcun 2677,38 manatı geri qaytarılmış, 40064,89 manat isə ödənilməmişdir.
6. Cavabdeh MMC birinci instansiya məhkəməsində iştirak etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-320/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Eyni zamanda iddiaçının istinad etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərətfindən imzalanmamışdır. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Nümayəndə olsa da, müqavilə onun tərəfindən imzalanmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi məsələlərdə uyğunsuzluq vardır. Belə ki, təqdim olunmuş malların müqabilində etdiyi ödənişlər tərəflər arasında müqavilə münasibətlərinin və ödənişlər etmək öhdəliyinin mövcüd olduğunu təsdiq edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayədəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
14. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
15. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli 010 nömrəli alqı-satqı müqaviləsinə əsaslanaraq hazırki iddianı irəli sürmüşdür.
22. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.
23. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.
24. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
25. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr və onlara dair elektron çxarışdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC tərəfindən 83 ədəd elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmişdir. Həmin elektron qaimələrdəki məbləğlərin cəmi ƏDV daxil 121.456,36 manat təşkil edir.
26. “Unibank” KB-nin təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC (əvvəlki adı “X3” MMC) tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə 1978,99 manat, xx.xx.2022-ci il tarixdə 2155,25 manat, xx.xx.2022-ci il tarixdə 15237,53 manat, xx.xx.2022-ci il tarixdə 11787,58 manat, xx.xx.2022-ci il tarixdə 5584,23 manat, xx.xx.2022-ci il tarixdə 2126,16 manat, xx.xx.2022-ci il tarixdə 1782,58 manat, xx.xx.2022-ci il tarixdə 17833,98 manat, xx.xx.2022-ci il tarixdə 7627,21 manat, xx.xx.2022-ci il tarixdə 593,22 manat, cəmi 66706,73 manat məbləğində pul ödənilmişdir.
27. Vergilər Nazirliyini məlumatından (cədvəldən) görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV üzrə xx.xx.2021-ci il tarixdə 356,22 manat, xx.xx.2022-ci il tarixdə 387,92 manat, xx.xx.2022-ci il tarixdə 2742,76 manat, xx.xx.2022-ci il tarixdə 2121,76 manat, xx.xx.2022-ci il tarixdə 1005,16 manat, xx.xx.2022-ci il tarixdə 382,71 manat, xx.xx.2022-ci il tarixdə 320,86 manat, xx.xx.2022-ci il tarixdə 3210,12 manat, xx.xx.2022-ci il tarixdə 1372,9 manat, xx.xx.2022-ci il tarixdə 106,78 manat, cəmi 12007,19 manat məbləğində vəsait ödəmişdir.
28. Həmçinin, iddia ərizəsində qeyd edilmişdir ki, yerdə qalan borcun 2677,38 manatı geri qaytarılmışdır.
29. Beləliklə, qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin cəmi məbləği 121.456,36 manat, ödənişlərin cəmi məbləği isə 81.391,30 manat təşkil edir.
30. Kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi.
31. Lakin hazırki işdə bu hal mövcud deyil, əksinə iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən 01 iyul, 06 iyul, 22 iyul, 27 iyul və 02 avqust 2022-ci il tarixlərdə göndərilmiş 9 ədəd elektron qaiməni cavabdeh özü təsdiq etmiş, digər qaimələr sistem tərəfindən təsdiq edilmiş və ən əsası cavabdeh qismən (o cümlədən sistem tərəfindən təsdiq edilmiş qaimələr üzrə) ödənişlər etmişdir.
32. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
33. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək cəmi dəyəri 121.456,36 manat təşkil edən malların cavabdehə təhvil verildiyini sübuta yetirə bilmişdir.
35. Cavabdeh isə üzərinə düşən vəzifəni yerinə yetirə bilməmiş və 81.391,30 manat məbləğində ödənişdən əlavə məbləğin ödənildiyini sübuta yetirə bilməmişdir.
36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən ümumilikdə 40064,89 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (121.456,36-81.391,30=40064,98).
37. Eyni zamanda, elektron qaimələrin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək göndərildiyini və göndərilmə tarixindən 30 gün ərzində həmin qaimələr üzrə ödənişin edilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, əsas borca illik 5 faiz (iddia ərizəsində yalnız bir il üçün tələb olunur) hesablanmaqla 2003 manat (40064,98 x 5/100) məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
39. Cavabdehin dəlilləri isə özü-özlüyündə ziddiyyətli olmaqla əsassızdır. Belə ki, cavabdeh həm müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasına, həm də elektron qaimələr üzrə təhvil-təslim aktlarının tərtib edilməməsinə istinad edir.
40. Birinci ilə bağlı kollegiya qeyd edir ki, 20 oktyabr 2021-ci il tarixli, 010 nömrəli alqısatqı müqaviləsi cavabdehin (əvvəlki adı “X3” MMC) möhürü ilə təsdiq edilmiş və cavabdeh həmin möhürü mübahisələndirməmişdir.
41. Elektron qaimələrə dair qeyd edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndində təhvil-təslim sənədlərinə ştampın vurulması şərti müəyyən edilsə də, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməmiş, əksinə elektron qaimələrin bir qismini özü təsdiq etmiş və qismən ödəniş etmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-320/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov