Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-512/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “X9. Ltd” şirkətinin nümayəndəsi vəkil Nümayəndə1, cavabdeh “Greentrans-Logistics Sp.Z.O.O.” şirkətinin nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı “X9. Ltd” şirkətinin cavabdehlər "Cavabdeh1" MMC-yə, “Greentrans- Logistics Sp.Z.O.O.” şirkətinə, X4 və Cavabdeh3 qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-144/2021 saylı 09.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “X9. Ltd” şirkəti (bundan sonra - “Unico” şirkəti) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ilə məhkəməyə müraciət edərək Azərbaycan manatı məzənnəsi ilə: - iddiaçıya məxsus olan və yararsız vəziyyətə düşmüş “Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın” əsas dəyəri olan 50.029,00 ABŞ dollarının; - 20.000,00 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, - dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15.000,00 ABŞ dolları dəyərində olan xərcin; - 25.000,00 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın; - 2.500,00 ABŞ dolları hüquqi xidmət xərclərinin; - eləcə də, 30 manat ödənilmiş dövlət rüsumunun - cavabdehlər "Cavabdeh1" MMC (bundan sonra – “xxxx”MMC), “Greentrans-Logistics Sp.Z.O.O.” şirkəti (bundan sonra- “Greentrans”şirkəti), X4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: İddiaçı bir neçə il “xxxx” MMC-nin saxlama və yükləmə-boşaltma xidmətlərindən, “Greentrans”” şirkətinin daşıma xidmətlərindən istifadə etmişdir. Daşıma xidmətlərini “Greentrans”” şirkətinin Azərbaycan Respublikasındakı filialı həyata keçirirdi. 25 may 2019-cu il tarixində iddiaçının ona saxlama üçün verdiyi “Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı” “xxxx” MMC-yə məxsus saxlama yerindən digər təyinat məntəqəsinə çatdırılması üçün “Greentrans” şirkətinin Azərbaycan Respublikasındakı filialının yük avtomobilinə yükləmiş, həmin ərazidə digər saxlama yerinə yaxınlaşarkən, həmin ərazinin asfalt örtüyü ilə örtülməmiş hissədə, dəzgah yük avtomobilindən yerə aşıb yararsız vəziyyətə düşmüşdür. Cavabdehlərə göndərilən pretenziya və onlarla aparılan danışıqlar heç bir müsbət nəticə verməmişdir. Sonradan isə yeni dəzgahın gəlməsi 5-6 ay ləngimiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi layihə nəzərdə tutulduğu vaxtdan gec başa çatmış, bununla da iddiaçının işgüzar nüfuzuna xələl gəlmişdir. Bu əsasla da iddiaçı “xxxx” şirkətinə dəzgahın saxlanması üçün ödəniş etməmiş, sonuncunun ona qarşı ziyan tələbinə dair qaldırılmışdır. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 6.1-ci maddəsində qeyd olunur ki, avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, həmçinin onun bərkidilməsi, örtülməsi, sarınması, boşaldılması, o cümlədən bağlamaların, örtüklərin çıxarılması, bortların (çənlərin lyuklarının) bağlanması və ya açılması, şlanqların salınması və çıxarılması, şlanqların vintlə bağlanması və ya açılması, müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir. Həmin Qaydaların 6.2-ci daşıyıcı avtonəqliyyat vasitəsinin banına yükgöndərən tərəfindən yüklənən yükün yüklənməsi və bərkidilməsi, bortların (lyukların) bağlanması prosesinə nəzarət etməlidir. Daşıyıcı, sifarişçi ilə razılaşma əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini öz üzərinə götürdükdə, yükləmə və boşaltma zamanı yükün onun günahı üzündən korlanmasına və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Hadisədən sonra, “xxxx” ilə aparılan danşıqlar zamanı onlara ”Mobile patrollinc report” kitabından çıxarış vermiş, Həmin çıxarışda göstərilir ki, sürücü Cavabdeh3 MAN markalı ** GN *** N-li maşına 92 və 126 N-li yeşiklər yklənmişdir. Sürücü yeni ərazidə maşını döndərərkən 92 NN-li yeşiyi aşırmışdır.” X10 arayışında da göstərilir ki, həmin avtomaşının mülkiyyətçisi F.Mirzəyev Cavabdeh3 etibarnamə vermişdir. Odur ki, 25 may 2019-cu il tarixində dəzgahı daşıyan “MAN TGA18.410 YÜK” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 və sürücü Cavabdeh3 hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyır (Mülki Məcəllənin 1108-ci maddəsinə istinad olunur). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2021 saylı 09.02.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “Unico” şirkəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin 09.02.2021-ci il tarixli qətnaməsinin qanunsuzluğuna gəldikdə isə qeyd olunmalıdır ki, onların şirkəti ilə cavabdehlər arasında daşıma münasibətləri həyata keçirilməsinə və bu barədə tərəflər arasında müqavilə və invoice, hətta münasibətləri (xxxx şirkəti tərəfindən saxlancı və yükləməni (hansı ki, yükləmədən dərhal sonra dəzgah sıradan çıxmışdır) həyata keçirməyə dair) təsdiq edən məhkəmə qətnaməsi olmasına, dəzgayın yararsız vəziyyətə düşmə anında şəkillər olmasına (hansı ki, həmin şəkillərdə xxxx şirkətinin işçilərinin də şəkilləri vardır ki, onların üst geymlərinin üzərində xxxx şirkətinin emblemi olmaqla, xxxx sözü yazılmışdır), dəzgahın zədələnməsi ilə bağlı “xxxx” şirkətinin özünün aktı olmasına, xxxx şirkətinin və işçilərin tərəflərin yaranmış problemi həll etmək üçün görüşdə 3-4 görüş keçirmələrinə və münasibətləri tənzimləmək üçün tərəflərin öz aralarında onlarla yazışma olmasına baxmayaraq, hakim UNİCO-ya məxsus dəzgahın zədələnməsi ilə bağlı faktın baş verməməsi nəticəsinə gəlmişdir. Qeyd olunmalıdır ki, göstərilən sübutların hər biri məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutlardan birinə belə olsun istinad etməmişdir. Sadəcə olaraq qətnaməni əsaslandırarkən ona köklənmişdir ki, daşıma münasibətlərini rəsmiləşdirən qaimə və digər bu kimi sənədlər yoxdur (Halbuki, tərəflərinarasında müqavilələrin olması qəti şəkildə mövcuddur). Halbuki, MM-nin 854.7-ci maddəsində göstərilir ki, qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər. Bu sübtlar isə yuxarıda da qeyd olunduğu kimi, birbaşa sübutlarla təsdiq edilmiş və onlar məhkəməyə təqdim edilmişdir, məhkəmə isə onların heç birinə nəinki hüquqi qiymət verməmiş, hətta onları öz qətnaməsində belə qeyd etməmişdir. Digər tərəfdən, məhkəmə öz qətnaməsində "xxxx” MMC-nin saxlama yerində iddiaçıya məxsus əmlakın mövcudluğu barədə hər hansı sübut yoxdur” nəticəsinə gəlmişdir. Halbuki, tərəflərindən təqdim edilmiş məhkəmə qətnaməsindən də görsənir ki, xxxx Shipping şirkəti bizə qarşı saxlama və yükləmə xidmətləri haqqının ödənilməsi tələbi barədə iddia qaldırmışdır. Həmin qətnamədə isə o göstərilir ki, “Unico” şirkəti olaraq xxxx şirkətinə ona görə saxlanc və yükləmə xidmət haqqını ödənilir ki, yükləmə lazımı şəkildə olmamış, xxxx şirkətinin öz ərazisində qəza baş vermiş və dəzgah zədələnmişdir. Qeyd olunan bu halların hər biri məhkəmə qətnaməsinin necə birtərəfli qaydada yazılmasını tam açıq şəkildə ortaya qoyur. Həmçinin, “Greentrans” şirkəti daşımanı həyata keçirmədiyini qeyd etsə də sonradan tərəflər arasında yazışmaları təqdim etdikdə sadəcə olaraq deməyə söz belə tapmamışdır. Lakin qeyd edilənlərin heç birisinə məhkəmə öz münasibətini bildirməmişdir. Eləcə də, məhkəmə öz qətnamədə qeyd etmişdir ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Lakin yuxarıda da qeyd edildiyi kimi, hakim nəinki sübutları tədqiq edərək ona qiymət vermişdir, o ümumiyyətlə, tərəflərindən təqdim edilən sübutların mövcudluğu halına belə toxunmamışdır...” Başqa sözlə, Mülki Məcəllənin 854.7-ci maddəsi hakimin üzərinə, qaimə yoxdursa digər sübutların araşdırılması vəzifəsini qoysa da, hakim sadəcə olaraq qaimənin olmamasını əsas gətirməklə hadisənin və ya daşımanın olmaması nəticəsinə gəlmişdir. Bu hal isə təmamilə hakimin qərəzliliyini ortaya qoyur. Məhkəmə, həmçinin, öz qətnaməsində göstərmişdir ki, 08.02.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, iş materiallarında olan video-görüntüdən və vəkilimizin ərizələrindən və vəsatətlərindən də göründüyü kimi, o ümumiyyətlə məhkəmə çıxışları mərhələsində iştirak etməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Greentrans” şirkətinin nümayəndəsi vəkil T.Süleymanov tərəflər arasında “daşınma xidməti haqqında” müqavilə bağlansa da, iddiaçı tərəfindən mübahisələndirilən dəzgahın Cənubi Koreyadan başqa daşıyıcı vasitəsi ilə gətirildiyini, konkret halda respublika daxilində aşdığı iddia olunan yükün daşınması üçün isə “Greentrans”şirkətinə heç bir sififariş verilmədiyini, həmin yükün daşıma müqaviləsindən kənar, iddiaçının başqa bir şəxs vasitəsilə daşıdığını bildirərək, bu vaxta qədər iddiaçının tərəfindən “Greentrans” şirkəti tərəfindən həmin mübahisələndirilən dəzgahın daşındığını təsdiq edə bilən heç bir sübutun məhkəməyə təqdim edilmədiyini qeyd etmiş və iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8, 146 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı “Unico” şirkətinin iddia ərizəsinə və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, onun tərəfindən mübahisələndirir ki, 25 may 2019-cu il tarixində iddiaçıya məxsus “Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı” cavabdeh “xxxx” MMC-yə məxsus saxlama yerindən başqa yerə aparılması üçün avtomaşına yüklənmiş, lakin yükləmə lazımı şəkildə həyata keçirilməmiş, həmin ərazinin asfalt olmayan hissəsində avtomaşından aşmış və dəzgah zədələnmişdir. İddiaçı, cavabdeh “xxxx” MMC-yə münasibətdə iddia tələbini onunla əsaslanıdırır ki, aralarında “saxlama və yükləmə-boşaltma” xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə münasibətləri olmuş, yükləmə onun tərəfindən həyata keçirilmişdir. İşə materiallarına əsasən isə müəyyən olunur ki, həmin tərəflər arasındakı müqavilə yükləmə-boşaltma xidmətlərinin göstərilməsi ilə bağlı olmamış, 23.11.2018-ci il tarixində onlar arasında MSCS/AZB/103/2018 saylı “kommersiya icarə” müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş həmin müqavilə şərətlərinə əsasən isə müəyyən olunur ki, icarəyə verən belə bir öhdəliyi üzərinə götürməsi ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Hətta, iddiaçının şifahi tapşırığı ilə başqa yerə aparılması üçün yükləmə işləri “xxxx” MMC tərəfindən həyata keçirilmiş olsa belə, sonuncunun üzərinə həmin yükləmədən sonra, dəzgahı avtomobilə bərkitmək kimi öhdəliyi sübutlarla təsdiq olunmur. Həm də qeyd olunmalıdır ki, iddiaçı, ən azından, daşıyıcı kimi aralarında bağlanmış daşıma xidməti müqaviləsinə istinadən, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbini 2-ci cavabdeh “Greentrans” şirkətinə qarşı irəli sürmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı “Unico” şirkəti ilə cavabdeh “Greentrans” şirkəti arasında 04.08.2017-ci il tarixdə daşıma müqaviləsi bağlansa da, iddiaçı tərəfindən mübahisələndirilən dəzgahın daşınması üçün “Greentrans” şirkətinə sifariş verilməsi və daşıma ilə bağlı digər sənədlərin təqdim edildiyi təsdiq olunmur. Halbuki, həmin daşıma xidməti müqaviləsinin 2-ci bəndinin şərtlərindən görünür ki, - “ekspeditora nəqliyyat-ekspeditor əməliyyatlarını həyata keçirmək hüququ verən vəkalətnamə; yükün daşınması haqqında yükün daşınması haqqında yazılı sifariş, yükün xüsusiyyətlərin əks etdirən sənəd, mənşə ölkəsini göstərən və s. səndələri vermək müştərinin üzərinə düşən öhdəliyi kimi nəzərədə tutulmuşdur. Lakin konkret halda, mübahisələndirilən dəzgahın daşınması ilə bağlı qeyd olunan müqavilə şərtlərinə müvafiq olan sənədlərin cavabdeh “Greentrans” şirkətinə təqdim edildiyi sübuta yetirilmir. İddiaçının istinad etdiyi və işə əlavə edilmiş “ellektron poçt” yazışmalarına gəldikdə isə birincisi, qarşı tərəf qəbul etmir. İkinci bir tərəfdən, həmin yazışmalarda yükün aşdığı iddia olunan - 25 may 2019-cu il tarixinədək olan dövr üzrə ekspeditor “Greentrans” şirkətinə mübahisələndirilən yükün daşınması ilə bağlı stifariş verildiyi müəyyən edilməmişdir. Həmin tarixdən sonrakı dövrə təsadüf edən yazışmalarında da həmin dəzgahın daşınmasının “Greentrans” şirkəti tərəfindən həyata keçirilməsini təsdiq edə bilən mötəbər məlumatlara rast gəlinmir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 853.1-1-ci maddəsi isə nəzərədə tutur ki, yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Həmin Məcəllənin 853.2-ci maddəsinə əsasən yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir. İddiaçı, yükün daşındığı iddia olunan “MAN TGA18.410 YÜK” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 və həmin avtomobili idarə edən Cavabdeh3 qarşı maddi ziyan tələbini isə onların delikdən (mülki hüquq pozuntusu) əmələ gəlmiş öhdəliyi (mülki məsuliyyəti) ilə və Mülki Məcəllənin 1108-ci maddəsinə istinadən əsaslandırmağa çalışmışdır. Lakin bu zaman, F.Mirzəyevin mübahisəli avtomobilin mülkiyyətçi, Cavabdeh3 isə onun sürücü olmasını təsdiq edən işə əlavə olunmuş Baş X10inin 19.02.2020-ci il tarixli arayışı heç də onların mülki məsuliyyətini sübuta yetirən sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, hüquqa zidd əməlin törədilməsində təqsiri müəyən olunan şəxs yalnız törətdiyi mülki hüquq pozuntusuna görə vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Konkret halda isə həmin cavabdehlərin mübahisəli dəzgahın yüklənməsində və aşması zamanı üzərlərinə düşən vəzifələr və onların hansı təqsirli hərəkətlərə yol verdikləri iddiaçı tərəfindən mötəbər sübutlarla əsaslandırılmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər ilə əlaqədar qeyd olunmalıdır ki, avtomobilin və onun üzərindəki yükün əks olunduğu həmin fotoşəkillər birincisi, 25 may 2019-cu il tarixində yükün həmin cavabdehlərin təqsiri üzündən avtomobildən aşıb zədələnməsi faktını təsdiq edən sübut kimi qiymətləndirilməsi istisna olunur. Çünki ən azından, avtomobildəki yükün məhz, həmin dəzgah olması, digər tərəfdən həmin fotoşəkillərin çəkilmə tarixinin və hansı ərazidə çəkildiyinin də bəlli olmaması, habelə, yükün anı və onun zədələnən hissəsini aydın əks etdirən görüntünün müşahidə olunmaması, bütün bu qaranlıq məqamlar, həmin foto-şəkillərdə olan təsvirlərin həqiqilyini və mötəbərliyini istisna edir. Ümumiyyətlə, iddiaçı tərəfindən məhkəməyə dəzgahın 25 may 2019-cu il tarixində “MAN TGA18.410 YÜK” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşıb zədələnməsi faktını təsdiq edən mötəbər sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının istinad etdiyi, “xxxx” MMC tərəfindən ona verilmiş “sürücü Cavabdeh3ün sürdüyü MAN markalı ** GN *** №-li maşına 92 və 126 №-li yeşiklər yüklənmişdir. Sürücü yeni ərazidə maşını döndərərkən 92 №-li yeşiyi aşırmışdır ” - sözləri yazılmış ”Mobile patrolling report” kitabından çıxarışa gəldikdə, birincisi, istinad olunan həmin çıxarışın əsli və ya lazımi qaydada təsdiq olnmuş surəti məhkəməyə təqdim olunmalıdır ki, onda göstərilən məlumatların sübüt əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsi mümkün olsun. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İkinci bir tərəfdən, istinad olunan həmin çıxarışdakı məlumatlar o halda məhkəmə tərəfindən sübut əhəmiyyətli mötəbər məlumatlar kimi qəbul edilə bilər ki, onu imzalayan Səfixanov Telman (Mİ rəisi) və Mirzəimadov Şirin (Unico), Qazımətov Cavid və Tağıyev Rafiq (administratorlar) tərəfindən şahid ifadələri ilə həmin məlumatları təsdiq etsinlər. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçı tərəfindən qeyd olunan çıxarışın əsli, həmçinin onu imzalayan şəxslər şahid qismində, MPM-in 78-ci maddəsinin tələbləri qaydasında birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Beləliklə də iddiaçının vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin, yəni, iddia olunan maddi ziyanın vurulması ilə bağlı mötəbər sübutlarla əhatə olunan məlumatların mövcudluğu müəyyən olunmur. Ümumiyyətlə, iddiaçının vurulmuş ziyanın əvəzinin dörd cavabdehdən müştərək qaydada ödənilməsini tələb etməsi özü belə anlaşılan deyil. Belə ki, iddiaçı tərəfindən qeyd olunan cavabdehlər arasında mübahisəli yükün daşınmasında hansı müştərək münasibətlərin və qarşılıqlı əlaqələrin mövcud olduğu, nəyə və hansı əsaslara görə onlardan vurulmuş ziyanın əvəzinin, məhz, qəti olaraq müştərək qaydada tutulmalı olduğu əsaslandırılmamışdır. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd olunmasını faktlar-nöqteyi nəzərindən qanuni və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, hesab edir ki, həmin qətnamə iddiaçının formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçı “Unico” şirkətinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2021 saylı 09.02.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “X9. Ltd” şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2021 saylı 09.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-512/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-512/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver