Məhkəmə qərarları › İş №2-2(103)-512/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-512/2025

03.06.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-512/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması, əmək müqaviləsinə xitam verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Əsas fəaliyyət növü “Digər qruplara daxil edilməyən məlumat texnologiyaları və hesalama texnikası sahəsinə dair fəaliyyət, o cümlədən proqram təminatının yüklənməsi” olan "xxxx" MMC (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.

3. Əsas fəaliyyət növü “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” olan Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır.

4. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 30 sentyabr 2024-cü il tarixli 30/S-xx-xx-2024 saylı əmrə əsasən Maraqlı şəxs "xxxx" MMC-də əmək fəaliyyətinə xitam verilmişdir.

5. Maraqlı şəxs “Şəxsi hesab vərəqəsi”indən görünür ki, onun tərəfindən mövcud olan borc üzrə ödənişlər edilmişdir.

6. Maraqlı şəxs hazırda "xxxx" MMC-də baş idarə müdiri vəzifəsində işləyir, aylıq əmək haqqı 700 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, vergi ödəyicisi olan Maraqlı şəxs (maraqlı şəxs) dövlət büdcəsinə olan ümumilikdə 12 383,54 manat, İşsizlikdən Sığorta Fonduna olan 41,92 manat, İcbari Tibbi Sığorta Fonduna olan 175,12 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 23 yanvar 2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 175,12 manat, İşsizlikdən sığorta fonduna 41,92 manat, dövlət büdcəsinə 12 316,99 manat (o cümlədən, vergilər üzrə 10 609,36 manat, faizlər üzrə 1627,63 manat, maliyyə sanksiyası üzrə 80 manat) və 66,55 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 66,55 manat) olmaqla, ümumilikdə 12 600,58 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 23 noyabr 2024-cü il tarixli **********482500, 23 noyabr 2024-cü il tarixli **********484900, 16 oktyabr 2024-cü il tarixli **********612100, 03 noyabr 2022-ci il tarixli **********919800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu Maraqlı şəxs ünvan 2 ünvanında yaşayır.

9. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, ərizəçinin nümayəndəsi isə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin 27 fevral 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, maraqlı şəxslə "xxxx" MMC arasında əmək müqaviləsinə xitam verilmişdir və o, artıq həmin hüquqi şəxsin direktoru deyil. Maraqlı şəxsin MMC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Buna səbəb isə odur ki, müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə isə 83-cü maddəsinin 1-ci bəndində bu münasibətləri dəqiq tənzimləmiş, əmr, sərəncam və qərarı işçinin işdən azad edilməsinin rəsmiləşdirilməsinin mühüm qaydası kimi müəyyən etmişdir. Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirilmişdir. Odur ki, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq, reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir.

12. Məhkəmə vurğulamışdır ki, ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs rəhbəri olduğu irəli sürülən hüquqi şəxsin direktoru vəzifəsindən azad edildiyi üçün ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci və 23.1.15-3-cü, 73-cü, 83-cü, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Qanunun 9.1-ci, 9.2-ci, 9-1.3-ü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

14. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, subyektiv yanaşma sərgilədiyini, vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudıaşdırılmasının qanunla müəyyənləşdirilmiş təsir vasitəsi olduğunu nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ərizəçinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə göndərmiş və məhkəmə iclasının vergi orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edən maraqlı şəxs isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

18. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

19. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

20. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.

21. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

22. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

23. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

24. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Əmək Məcəlləsi

25. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun

26. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

27. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

28. Maddə 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

38. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir.

39. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, “Battista İtaliyaya qarşı”, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; “Xlyustov Rusiyaya qarşı”, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normaları tətbiq edilməlidir. Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.1

44. Buna səbəb isə ondan ibarətdir ki, artıq vəzifəsindən uzaqlaşdırılmış əvvəlki rəhbər praktiki baxımdan hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliyin edilməsi üçün müraciət etmək və ya hüquqi şəxsin bu müraciəti etməsini təmin etmək imkanına malik olmur.

45. Belə hallarda dəyişiklik qeydiyyata alınana kimi əvvəlki rəhbər dövlət reyestrində hüquqi şəxsin icra orqanının rəhbəri olaraq qalsa da, faktiki olaraq onun həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığı nəzərə alınaraq ölkədən getmək məhdudiyyəti həmin maraqlı şəxsə qarşı deyil, hüquqi şəxsin faktiki yeni rəhbərinə münasibətdə tətbiq oluna bilər.

46. Bundan başqa, əmək müqaviləsinin bağlanmasına, bildirişin qeydiyyatına, həmin əmək müqavilələri üzrə ödənilən əmək haqları üzrə ödənilən gəlir vergilərinə, həmçinin sosial sığorta üzrə ödəmələrə nəzarət edən, baş verən qanun pozuntularına görə maliyyə sanksiyası tətbiq edən, o cümlədən muzdlu işlə bağlı cəlb edilmiş şəxslər üzrə yoxlamalar aparan vergi orqanı yoxlama-nəzarət işləri apararkən müəssisənin rəhbərinin maraqlı şəxs deyil, başqa şəxs olduğunu nəzərə almamış, bununla bağlı qanunvericiliklə ona məsuliyyətə cəlb etməyə dair verilmiş səlahiyyətlərdən istifadə etməmişdir.

47. Maraqlı şəxsin müəssisənin işçisi, qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından, habelə ərizəçinin yol verilmiş nöqsana dair nəzarətedici funksiyasını lazımi formada icra etməməsi səbəbindən maraqlı şəxsin, MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcun dövlət büdcəsinə tutulması səmərəliliyini istisna etməklə MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına və ümumiyyətlə, ədalət prinsipinin pozulmasına səbəb olur.

48. Belə olan halda kollegiya hesab edir ki, ərizəçi, "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz.

49. Bu zaman kollegiya onu da nəzərə alır ki, maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun özünün də hər hansı vergi borcu mövcud deyildir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

1 Ali Məhkəmə, İş № 2-2(102)-321/2023, (§ 33 – 38) (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_321+21.06.2023.pdf) İş № 2-2(102)-576/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_576+22.11.2023.pdf) (§ 43- 50)

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2610/2025 saylı iş üzrə 27 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar