Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-513/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: yük daşınması müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X1 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 213/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında MDB ərazisindən MDB daxilində tranzitlə gedən şərti, konteynerli yüklər üçün ödənişlərin ödənilməsi ilə əlaqədar xx.xx.2018-ci il tarixli 01/18-10 nömrəli Beynəlxalq nəqliyyat haqqında müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, malların göndərilməsində sifarişçi beynəlxalq və daxili malların daşınması üçün standart tələbləri rəhbər tutacaqdır; 1.3-cü bəndinə görə, icraçı daxili və beynəlxalq nəqliyyat qaydalarının şərtlərinə, o cümlədən Dəmiryolu ilə X3 Sazişi əsasında fəaliyyət göstərəcəkdir; 2.1-ci bəndinə əsasən, həm tranzit trafik, həm də adi və konteyner yükləri daxil olmaqla, ixrac-idxal trafiki üçün hər bir daşımaya görə tarif dərəcələri ayrıca razılaşdırılacaq və bu müqavilənin müvafiq əlavələrində tərtib ediləcəkdir; 3.1-ci bəndinə görə, icraçı yalnız əvvəlcədən ödəniş aldıqdan sonra yük göndərməsini həyata keçirir.
2. Sifarişçi (iddiaçı) ilə icraçı "xxxx" MMC (hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs) arasında xx.xx.2018-ci il tarixli ALM-001 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmış, müqavilə ilə ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlərə əsasən əməliyyatların icrasını və ya icrasının təşkilini, sifarişçi isə həmin xidmətlərin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.
3. Böyük Kəsik gömrük postunun əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020ci il tarixli 36 nömrəli protokola əsasən, xx.xx.2020-ci il tarixdə 2425 nömrəli qatarın tərkibinə daxil olan hidrogen xlorid yüklü 10 vaqon müvafiq icazə sənədi olmadığından müvəqqəti olaraq saxlanılmışdır.
4. Böyük Kəsik gömrük postunun əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021ci il tarixli 43“B” nömrəli protokola görə, xx.xx.2020-ci il tarixdə 2425 nömrəli qatarın tərkibinə daxil olan hidrogen xlorid yüklü 5 vaqon müvafiq icazə sənədi olmadığından saxlanılmış, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığı məktubu nəzərə alınaraq 5 vaqonun geriyə, Gürcüstan Respublikasına qaytarılmasına icazə verilmişdir.
5. Məhkəmə kollegiyası təhlükəli yüklərin, o cümlədən prekursorların ölkə ərazisində daşınması sahəsində qanunvericiliyin tələblərinin təcrübədə tətbiqi məsələləri ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat və Energetika nazirliklərinə müvafiq sorğularla müraciət etmişdir.
6. İqtisadiyyat Nazirliyinin sorğuya xx.xx.2022-ci il tarixli İN-X/O-7360/2022 nömrəli cavabında göstərilmişdir: “Lisenziyalar və icazələr haqqında” AR Qanununun 8.1-ci maddəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Cavabdeh MMC-yə müvafiq sahədə fəaliyyətin həyata keçirilməsi üçün lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” AR Qanunu ilə təsdiq edilmiş “İV SİYAHİ - Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”ın 8-ci maddəsində xlorid turşusu nəzərdə tutulmuşdur. “Lisenziyalar və icazələr haqqında” AR Qanununun 1 nömrəli əlavəsi olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 4-cü maddəsində prekursorların istehsalına, idxalına, ixracına və tranzit nəql edilməsinə lisenziya nəzərdə tutulmuşdur. Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı Azərbaycan Respublikasındakı filialına təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması fəaliyyəti üzrə xx.xx.2019-cu il tarixli EL-148/2019 nömrəli lisenziya (müddətsiz), prekursorların tranzit nəql edilməsi fəaliyyəti üzrə isə xx.xx.2021-ci il tarixli İN/L-199/2021 nömrəli lisenziya (müddətsiz) verilmişdir.”
7. Dövlət Gömrük Komitəsinin sorğuya xx.xx.2022-ci il tarixli 1000-210/2xx/xx- 012362 nömrəli cavabında qeyd olunmuşdur: “Gürcüstan Respublikası istiqamətindən xx.xx.2020-ci il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük-Kəsik” gömrük postundan keçməklə 2425 nömrəli qatarla tranzit gömrük proseduru altında daşınan 5 (beş) vaqon hidrogen xlorid (xlorid turşusu) “Lisenziyalar və icazələr” haqqında xx.xx.2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanunun 1 nömrəli əlavəsinin 4-cü bəndinə və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları” haqqında xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Azərbaycan Respublikası Qanunun İV siyahısının 8-ci bəndinə əsasən lisenziya tələb olunan prekursorlar siyahısına düşdüyündən saxlanılmışdır.”
8. Energertika Nazirliyinin sorğuya xx.xx.2022-ci il tarixli EN-xx-xx-2405/22 nömrəli cavabında göstərilmişdir: “Bildiririk ki, xlorid turşusu 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar" siyahısına aid edilmişdir. “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsinin 4.4 bəndinə əsasən prekursorların tranzit nəql edilməsi lisenziyalaşdırılan fəaliyyət sahələrindəndir. Azərbaycan Respublikası Prezidentinin 2019cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamənin 3.0.53 bəndinə əsasən lisenziya vermək, onları yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ləğv etmək adıçəkilən nazirliyin səlahiyyətindədir. Müraciətinizdə adları göstərilən hüquqi şəxslər arasında “X4” MMC-yə xx.xx.2020-ci il tarixli EN-xx-xx-3715/20 nömrəli, İddiaçı Azərbaycan Respublikasındakı filialına xx.xx.2020-ci il tarixli EN-xx-xx-3736/20 nömrəli rəy xarakterli məktublar verilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, Energetika Nazirliyi tərəfindən verilən icazələr nazirliyin möhürü ilə təsdiq edilmiş xüsusi blanklarda çap olunaraq icazə sahibinə verilir.”
9. xx.xx.2020-ci il tarixli ********* nömrəli beynəlxalq ödəniş qəbzi ilə iddiaçı cavabdehə 15.109,02 ABŞ dolları, xx.xx.2020-ci il tarixli ********* nömrəli beynəlxalq ödəniş qəbzi ilə 12.072,68 ABŞ dolları məbləğlərdə ödənişlər həyata keçirmişdir.
10. “Femida” vəkil bürosunun vəkili Vəkil1 ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixli 2004 nömrəli Hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır.
11. “Femida” vəkil bürosu tərəfindən Müqavilə-2004 üzrə hüquqi xidmətin göstərilməsi üçün 1.000 ABŞ dollarının ödənilməsi barədə iddiaçıya xx.xx.2021-ci il tarixli 48 nömrəli hesab-faktura təqdim edilmişdir.
12. xx.xx.2021-ci il tarixli ********* nömrəli beynəlxalq ödəniş qəbzi ilə iddiaçı “Femida” vəkil bürosuna 1.000 ABŞ dolları məbləğdə ödəniş həyata keçirmişdir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) məhkəməyə müraciət edərək, xidmət haqqına görə ödənilmiş 30.181,70 ABŞ dolları, hidrogen xlorid turşusunun yük emalı əməliyyatları və daşınmasına görə ödənilmiş 13.327,58 ABŞ dolları, pul vəsaitinin qanunsuz saxlanılmasına görə dəymiş ziyanın əvəzi qismində 2.719,33 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş 1.000 ABŞ dolları, ümumilikdə 47.228,61 ABŞ dolları məbləğdə pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddianın əsaslarına görə, tərəflər arasında Beynəlxalq yükdaşımaların həyata keçirilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2020ci il tarixdə iddiaçı tərəfindən cavabdehə verilmiş sifarişə əsasən 312 ton hidrogen xlorid turşusunun Türkmənistana daşınması Azərbaycan ərazisindən tranzit keçməklə icraçıya həvalə olunmuşdur. Lakin, xx.xx.2020-ci il tarixdə vaqonlar Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan üzrə tranzit lisenziyası olmaması səbəbindən saxlanılmışdır. Sifariş yerləşdirilməmişdən öncə yükün XİFƏN kodları (X2 Nomenklaturası) və təhlükəli yük sənədləri (MSDS) icraçıya təqdim olunsa da, icraçı prekursorların daşınması üçün xüsusi lizensiya olmadan yükü daşımaq məsuliyyətini üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən yüklərin icraçı tərəfindən daşınması yalnız xidmətlərin göstərilməsinə görə xidmət haqqı 100% miqdarında ödənildikdən sonra həyata keçirilə bilər. Qeyd olunan yüklərin daşınmasına görə xx.xx.2020-ci il tarixdə 15.109,02 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12.072,68 ABŞ dolları, ümumilikdə 27.181,70 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin, icraçı tərəfindən qeyd olunan yükün daşınması üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən həyata keçirə bilməmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə vəsaitin geri qaytarılması ilə bağlı müraciətlər olunsa da, problemin həlli istiqamətində müsbət nəticə əldə edilməmişdir. Cavabdehin iddiaçıya Müqavilənin 3.6-cı bəndinə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən daşınma üzrə ödənilən 27.181,70 ABŞ dolları və digər daşımalardan balansda qalmış 3.000 ABŞ dolları, ümumilikdə 30.181,70 ABŞ dolları borcu yaranmışdır. Bundan başqa, hidrogen xlorid turşusunun Azərbaycan ərazisindən tranzitinin cavabdeh tərəfindən həyata keçirilməsi üçün yükün Gürcüstan Respublikasının Poti stansiyasında vaqonlara yüklənməsinə və anbarlaşdırılmasına, vaqonların plomblaşdırılmasına görə xx.xx.2020-ci il tarixdə 2.712,58 ABŞ dolları, yükün Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi üçün Gürcüstan Respublikasının Poti stansiyasından Gardabani stansiyasına daşınmasına görə xx.xx.2020-ci il tarixdə 5.575 ABŞ dolları ödənilmişdir. Təhlükəli yüklərin daşınması üçün cavabdehin lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun Gardabani stansiyasından Poti stansiyasına geri qaytarılmasına görə xx.xx.2021-ci il tarixdə 5.040 ABŞ dolları ödənilmişdir. Qeyd olunan hidrogen xlorid turşusunun yük emalı əməliyyatları və daşınmasına görə ümumilikdə 13.327,58 ABŞ dolları xərclənmişdir. Təhlükəli yüklərin daşınmasına görə cavabdehin müvafiq lisenziyasının olmaması səbəbindən iddiaçıya yuxarıda göstərilən məbləğdə maddi ziyan dəymişdir. Problemin həlli üçün iddiaçı ilə vəkil arasında xx.xx.2021-ci il tarixdə Hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmış və hüquqi yardıma görə 1.000 ABŞ dolları vəsait ödənilmişdir. Bundan başqa, qeyd olunan pul vəsaitini qanunsuz saxlamaqla cavabdeh tərəfindən iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2021-ci il üçün uçot dərəcəsi 6,25% müəyyən edilmişdir. Dəyən zərərin 43.509,28 ABŞ dolları olduğunu və bank uçot dərəcəsi nəzərə alınsa, cavabdeh tərəfindən iddiaçıya vəsaitə görə 2.719,33 ABŞ dolları faiz ödənilməlidir.
15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-213/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
16. Qətnamənin əsaslarına görə, “Zərərin vurulmasında, yüklərin saxlanılmasında Cavabdeh MMC-nin təqsirinin olub – olmamasını müəyyən edərkən sonuncunun müqavilə üzrə hansı öhdəliklərin daşıyıcısı olması aydınlaşdırılmalıdır. 19 yanvar 2018-ci il tarixli, 01/18-10 nömrəli beynəlxalq nəqliyyat haqqında müqavilənin preambula hissəsində Cavabdeh MMC İddiaçı qarşısında üzərinə götürdüyü öhdəlik “MDB ərazisindən MDB daxilində tranzitlə gedən şərti, konteynerli yüklər üçün ödənişlərin ödənilməsi” qeyd olunmuş, “Tərəflərin öhdəlikləri” adlanan 1-ci bölməsində isə göstərilmişdir ki, “İcraçı daxili və beynəlxalq nəqliyyat qaydlarının şərtlərinə, o cümlədən dəmiryolu ilə X3 Sazişi əsasında fəaliyyət göstərəcək.” Qeyd olunanlardan başqa müqavilədə Cavabdeh MMC üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçının hüquqi əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.2. və 859.4-cü maddəsində müvafiq olaraq qeyd olunmuşdur ki, ... daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Qeyd olunan maddədə nəzərdə tutulan əsasların mövcudluğu baxımından zərərin vurulmasında Cavabdeh MMC-nin təqsirinin müəyyənləşdirilməsində digər aydınlaşdırılmalı olan xüsusat yüklərin saxlanılmasının hansı səbəbdən baş verməsidir. İddiaçı bunu yükün daşınması üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun daşınmasını həyata keçirə bilməməsi isə əsaslandırsa da, Böyük – Kəsik gömrük postunun əməkdaşları tərəfindən tərtib olunmuş 36 №-li, 28 noyabr 2020-ci il tarixli protokolunda qeyd olunur ki, 28 noyabr 2020-ci il tarixdə 2425 saylı qatarın tərkibinə daxil olmuş Hidrogen Xlorid yüklü 10 vaqona müvafiq icazə sənədi olmadığından müvəqqəti olaraq saxlanılmışdır. Yəni, yükün saxlanılması daşınma üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən deyil, müvafiq icazə sənədi olmadığından baş vermişdir. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş analoji icazə sənədindən də görünür ki, hidrogen xlorid turşusunun daşınması üçün icazə sənədi Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilir və həmin sənədin bir nüsxəsi Dövlət Gömrük Komitəsinə, bir nüsxəsi isə yükgöndərənə ünvanlanır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində isə Cavabdeh MMC-nin üzərinə belə bir öhdəlik götürməsi ilə bağlı müddəa yoxdur. Əksinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 853.1 və 853.1.6-cı maddəsində qeyd olunur ki, xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda yük göndərən daşıyıcıya təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirlərini dəqiq göstərməlidir. Həmçinin Məcəllənin 853.1-1 və 853.2-ci maddəsinə əsasən yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir. Qeyd olunan normaların məzmunundan da görünür ki, yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etmək yük göndərənin vəzifəsidir, hətta bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzi də onun tərəfindən ödənilməlidir.”
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1, 851, 859.2, 859.4, 853.1-1, 853.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. a) Apellyasiya şikayətinin dəlilləri
19. Şikayətin dəlillərinə görə, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli beynəlxalq nəqliyyat haqqında müqavilənin preambula hissəsində və Tərəflərin öhdəlikləri adlanan 1-ci bölməsindən başqa cavabdeh üzərinə hər hansı öhdəlik götürməmişdir: Bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli Beynəlxalq yükdaşıma haqqında müqavilədir. Müqavilənin adından göründüyü kimi, işlər beynəlxalq yükdaşımanın həyata keçirilməsidir. Preambula hissəsində göstərilmişdir ki, tərəflər arasında müqavilənin mahiyyəti konvensional, konteyner yüklərin tranzit vasitəsilə MDB ölkələrindən, MDB ölkələri daxilində daşınmasından ibarətdir. Bundan başqa, müqavilənin 3.4-cü bəndində göstərilmişdir ki, sifarişçi tərəfindən müəyyən edilmiş formada ərizə alındıqdan və yük haqqı ödənildikdən sonra icraçı 2 gün ərzində sifarişçiyə müvafiq müşayiətedici sənədlərin doldurulması proseduru barədə məlumat verir və zərurət yarandıqda müvafiq teleqramları göndərir. Məhkəmə cavabdehin öhdəliklərini yalnız müqavilə ilə məhdudlaşdırmaqla düzgün hüquqi mövqe göstərməmişdir. Belə ki, bu istiqamətli müqavilələr üzrə yük göndərən, daşıyıcı və digər proses iştirakçılarının hüquq və vəzifələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 580-861-ci maddələri ilə tənzimlənir. Bundan başqa, cavabdeh şirkət yükün daşınmasını "xxxx" MMC-yə tapşırmışdır. Cavabdeh və "xxxx" MMC arasında münasibətlər xx.xx.2018-ci il tarixli Nəqliyyat ekspedisiyası müqaviləsi ilə tənzimlənmişdir. Müki Məcəllənin 852.3-cü maddəsinə əsasən, ekspeditor bütün hallarda yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. Bundan başqa, Mülki Məcəllənin 859.4-cü maddəsinə əsasən, daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirildiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində təhlükəli yükün saxlanılması daşınma üçün tələb olunan xüsusi lisenziyanın olmaması səbəbindən deyil, müvafiq icazə sənədi olmadığından baş verməsi qeyd edilmişdir. İlk növbədə qeyd edir ki, hidrogen xlorid turşusu xx.xx.2005-ci il “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahılarının təsdiq edilməsi haqqında” AR Qanununa əsasən, Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb edilən prekursorların siyahıları təsdiq edilmişdir. Həmin Qanunun İV siyahısında idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısında 8-ci prekursor məhz xlorid turşusu göstərilmişdir. Bundan başqa, məhkəmə xx.xx.2020-ci il tarixli Protokola əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, məhz xüsusi icazənin olmaması səbəbindən qeyd olunan xlorid turşusunun daşınması həyata keçirilə bilməmişdir. Məhkəmə araşdırmanı tam, hərtərəfli və obyektiv araşdırmamış, hirdogen xlorid turşusunun tranzit daşınması üçün xüsusi icazənin lazım olub-olmamasını müəyyən etməmişdir. xx.xx.2004-cü il tarixli “İxrac nəzarəti haqqında” AR Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin” Siyahısının (Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 42 nömrəli qərarı) müddəalarına diqqət yetirilməmişdir. Qanunun 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ixrac nəzarəti sisteminə ixrac nəzarətinə düşən malların tranzitinin xüsusi icazə əsasında həyata keçirilməsi qeyd edilmişdir. Həmin Qanunun 9-cu bəndinə əsasən, ixrac nəzarətinə düşən malların tranziti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilən xüsusi icazə əsasında və qaydada həyata keçirilir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin” Siyahısına nəzər yetirdikdə, hidrogen xlorid turşusunu aşkar etmək mümkün olmamışdır. Belə olan halda məhkəmənin hansı əsasla hidrogen xlorid turşusunun daşınması üçün xüsusi icazənin lazım olmasına əsaslanması maraq doğuran məqamdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, xlorid turşusunun daşınması üçün müvafiq icazə sənədi tələb olunmur. Həmçinin, xx.xx.2016-cı il tarixli “Lisenziyalar və icazələr haqqında” AR Qanununun 1 nömrəli Əlavəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı göstərilmişdir. Əlavənin 9-cu bəndinə “təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması” lisenziya tələb olunan fəaliyyət növlərinə daxil edilmişdir. Göründüyü kimi, cavabdehin lisenziyasının olmaması təhlükəli yükün daşınmasını qeyri-mümkün etmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nın: 1.1.5-ci bəndinə əsasən, lisenziyası olmayan hüquqi və fiziki şəxslərə (təhlükəli yükləri daşıyanlara, göndərənlərə, qəbul edənlərə) təhlükəli yüklərin daşınması üçün vaqon ayrılmasına yol verilmir; 1.2.3-cü bəndinə əsasən, təhlükəli yüklərin daşınması, göndərilməsi və alınması ilə məşğul olan hüquqi, vəzifəli və fiziki şəxslər Respublikanın müvafiq qanunvericilik aktlarının, lisenziya şərtlərinin və texniki təhlükəsizlik üzrə normativlərin tələblərinə əməl etməyə borcludurlar; 2 nömrəli Əlavəsində vaqon-sisternlərdə, örtülü vaqonlarda və konteynerlərdə daşınmasına yol verilən təklükəli yüklərin əlifba göstəriciləri qeyd olunmuşdur. Həmin Əlavədə 1050 BMT nömrəsi ilə Hidrogen xlorid turşusu göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.
21. Etirazın dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsasları ilə eyni olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkil və nümayəndəsi şikayəti qəbul etməyib, təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır; Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür; Maddə 851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir; Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir; Maddə 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir; Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır; Maddə 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
25. “Lisenziyalar və icazələr haqqında” AR Qanununa 1 nömrəli Əlavə: Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı
4. Prekursorların istehsalı, idxalı, ixracı və tranzit nəql edilməsi;
9. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması.
26. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahıları”nın: İV Siyahı. Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar
8. Xlorid turşusu.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nın: 1.1.5. Lisenziyası olmayan hüquqi və fiziki şəxslərə (təhlükəli yükləri daşıyanlara, göndərənlərə, qəbul edənlərə) təhlükəli yüklərin daşınması üçün vaqon ayrılmasına yol verilmir; 1.2.3. Təhlükəli yüklərin müəyyən bir sinifə, yarımsinifə, dərəcəyə və qrupa aid edilməsi, Beynəlxalq və Dövlət standartına müvafiq olaraq həyata keçirilir (bax. 1 nömrəli əlavəyə). Birdən çox təhlükə növünə xas olan təhlükəli yükün sinifi (yarımsinifi) təhlükə növlərinin birincilik cədvəlinə (Dövlət standartına) müvafiq qaydada müəyyən edilir. Belə yüklər üçün həm birincilik təhlükə sinifləri, həm də əlavə təhlükə sinifləri üçün müəyyən edilmiş tələblərə əməl edilməlidir. Təhlükəli yüklərin daşınması, göndərilməsi və alınması ilə məşğul olan hüquqi, vəzifəli və fiziki şəxslər Respublikanın müvafiq qanunvericilik aktlarının, lisenziya şərtlərinin və texniki təhlükəsizlik üzrə normativlərin tələblərinə əməl etməyə borcludurlar; “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”na 2 nömrəli əlavənin: Dəmir yolu ilə vaqon-sisternlərdə, örtülü vaqonlarda və konteynerlərdə daşınmasına yol verilən təhlükəli yüklərin əlifba göstəriciləri BMT 1050 Hidrogen xlorid susuz.
28. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 827 nömrəli Fərmanının: 2.1. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin Cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınmış hesab edilir və yenidən alınması tələb olunmur.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 340 nömrəli Qərarının:
3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nun “İİ. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin törəmə hüquqi şəxsləri” bölməsinin 4-cü hissəsində “ACSC logistics” sözləri Cavabdeh sözləri ilə əvəz edilsin.
30. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apelyasiya baxışının hədləri
31. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edildiyindən, məhkəmə aktı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğu, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi üçün, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməlidir.
33. Mahiyyəti üzrə iddia qismən əsaslıdır.
34. İşin mübahisəsiz hallarına görə, iddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında xx.xx.2018-ci il tarixdə Beynəlxalq nəqliyyat haqqında, cavabdeh (sifarişçi) ilə üçüncü şəxs "xxxx" MMC arasında (icraçı) arasında isə xx.xx.2018-ci il tarixdə Nəqliyyat ekspedisiyası adlı yük daşınması müqavilələri bağlanmışdır, həmin müqavilələrə görə iş üzrə iddiaçı yük göndərən, cavabdeh ekspeditor, üçüncü şəxs isə daşıyıcı qismində çıxış etmişlər. Üçüncü şəxsin iş üzrə daşıyıcı olması cavabdehin nümayəndəsinin izahatı, həmçinin, işdə olan xx.xx.2020-ci il tarixli 2011-97682 nömrəli sifariş və 00506385, 00506384, 00506374, 00506373 nömrəli gömrük bəyannamələri ilə də təsdiq olunur. İddiaçı yükün daşınması üçün cavabdehə 15.109,02 və 12.072,68 ABŞ dolları olmaqla, cəmi 27.181,70 ABŞ dolları məbləğdə ödəniş etmişdir. xx.xx.2020-ci il tarixdə 2425 nömrəli qatarın tərkibinə daxil olan iddiaçının göndərdiyi hidrogen-xlorid yüklü 5 vaqon müvafiq icazə sənədi olmadığından saxlanılmış və geriyə, Gürcüstan Respublikasına qaytarılmasına icazə verilmişdir.
35. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı yükün Böyük Kəsik gömrük postunda saxlanılma səbəbini daşıyıcının, yəni cavabdehin seçdiyi üçüncü şəxsin lisenziyasının olmaması, cavabdeh və üçüncü şəxs isə iddiaçının müvafiq icazə sənədinin olmaması ilə (konkret hansı sənədin nəzərdə tutulduğunu dəqiqləşdirmədən) əsaslandırır.
36. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşır və bu mənada apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Qanunla təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, o cümlədən prekursorların tranzit nəql edilməsi lisenziya tələb olunan fəaliyyət növləri hesab edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahıları” ilə (İV Siyahı) xlorid turşusu Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursor kimi müəyyən edilmiş, “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”na 2 nömrəli əlavə ilə susuz hidrogen xlorid BMT 1050 nömrə altında dəmir yolu ilə vaqon-sisternlərdə, örtülü vaqonlarda və konteynerlərdə daşınmasına yol verilən təhlükəli yük olaraq təsnifləşdirilmişdir. İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan isə məlum olmuşdur ki, Nazirlik tərəfindən iddiaçının Azərbaycan Respublikasındakı filialına təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması fəaliyyəti üzrə xx.xx.2019-cu il tarixli (müddətsiz), prekursorların tranzit nəql edilməsi fəaliyyəti üzrə isə xx.xx.2021-ci il tarixli (müddətsiz) lisenziyalar verilmişdir. Başqa sözlə, iddiaçı qanunvericiliklə ondan tələb olunan lisenziyalara malikdir. Lakin iş üzrə prekursorun (təhlükəli yükün) faktiki daşıyıcısı olan üçüncü şəxsin belə bir lisenziyası Məhkəməyə təqdim olunmamışdır. Odur ki, yükün cavabdehin seçdiyi daşıyıcının təqsiri üzündən dövlət sərhədində (gömrük postunda) saxlanılması, ölkə ərazisində tranzit nəqlinə icazə verilməməsi və geri qaytarılması və məhz bu səbəbdən iddiaçının zərərə uğraması məhkəmə kollegiyasının araşdırması ilə sabit olur.
37. İddiaçıya vurulan zərərin məbləğinə gəldikdə isə, bununla bağlı Məhkəməyə yalnız yükün daşınması üçün 27.181,70 ABŞ dolları məbləğdə pulun cavabdehə ödənildiyini təsdiq edən mötəbər sübutlar təqdim olunmuşdur. Digər daşımalardan balansda qalmış 3.000 ABŞ dolları, yükün Gürcüstanın Poti stansiyasında vaqonlara yüklənməsinə görə 2.712,58 ABŞ dolları, yükün Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi üçün Poti stansiyasından Gardabani stansiyasına daşınmasına görə 5.575 ABŞ dolları və təhlükəli yüklərin daşınması üçün cavabdehin lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun Gardabani stansiyasından Poti stansiyasına geri qaytarılmasına görə 5.040 ABŞ dolları məbləğlərdə pulun ödənilməsi barədə isə işdə hər hansı mötəbər sübut mövcud deyil. İddiaçı 2.712,58 ABŞ dolları ilə bağlı xidmət hesabı, 5.575 və 5.040 ABŞ dollarına dair isə hesab-fakturalar təqdim etsə də, adıçəkilən sənədlərə əsasən ödənişlərin edildiyi sübuta yetmir.
38. İddia pul vəsaitini qanunsuz saxlamaqla cavabdehin vurduğu zərərin əvəzi qismində tələb olunan 2.719,33 ABŞ dolları məbləğdə faiz hissədə isə əsassızdır. Belə ki, iddia ərizəsində istinad olunan Mülki Məcəllənin 449.1-ci maddəsi özgəsinin pul vəsaitinin ödənilməsi gecikdirilən halları tənzimləyir, hazırkı işdə isə cavabdehin iddiaçının hər hansı pul vəsaitinin ödənilməsini gecikdirdiyi müəyyən olunmur. Mülki Məcəllənin 445.7-ci maddəsi də eyni əsasla mübahisəyə tətbiq olunmur.
39. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını, prosessual qanunun tələblərini, ödənilən xərcin məbləğini və bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iş üzrə vəkilə etdiyi kömək üçün iddiaçı tərəfindən ödənilən 1.000 ABŞ dolları xərc ağlabatan miqdarda olduğu üçün tam məbləğdə cavabdehdən alınıb xeyrinə qətnamə çıxarılan iddiaçıya verilməlidir.
40. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə olunan qaydada qismən təmin edilməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-213/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən yüklərin daşınmasına görə ödənilmiş 27.181,70 ABŞ dolları və hüquqi yardıma görə ödənilən 1.000 ABŞ dolları olmaqla, cəmi 28.181,70 ABŞ dolları (iyirmi səkkiz min yüz səksən bir ABŞ dolları yetmiş sent) məbləğdə pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova