Məhkəmə qərarları › İş №2-2(103)-516/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-516/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-516/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundanibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh fərdi sahibkar X2 qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsi, lizinq obyektinin qaytarılmasına dair Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-154/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən (hakim Fərrux Qasımov) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh fərdi sahibkar X2 (VÖEN **********) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 5xx/xx/2013 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, sonuncudan lizinq ödənişləri üzrə əsas borc 37358,14 manat, faiz borcu 28807,36 manat, dəbbə pulu 38950,76 manat olmaqla ümumilikdə 105116,26 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı QSC-yə məxsus olan 1 ədəd JCB 160W markalı təkərli eskavatorun (qeydiyyat nişanı AZ10o828) geri alınaraq qaytarılması və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-154/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək X1 xx xxxx 2013-cü il tarixli, 543/27/13 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə yaranmış əsas borc 31219 manat, lizinq mükafatı üzrə 2927 manat, cərimə 1000 manat olmaqla ümumilikdə 35146 manat məbləğində pul vəsaitinin tutulması, müqavilə müddəti bitdikdən sonra ödənilmiş 4010 manat məbləğində pul vəsaitindən 2927 manat lizinq mükafatının, 1000 manat cərimənin və əsas borcun 83 manat məbləğində hissəsi çıxılmaqla 31136 manat məbləğində pul vəsaitinin X1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, “JCB 160W” markalı, 10-O-828 dövlət qeydiyyat nişanlı təkərli ekskavatorun X1 alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 9 manat məbləğində pul vəsaitinin X1 tutulması, məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 43 manat məbləğində hissəsinin X1, 102 manat məbləğində hissəsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən-iddianın təmin edilməyən hissədə ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilməsini, məhkəmə xərcləri hissəsində qətnamənin ləğv edilməsini və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iddia tələblərini 31136 manat məbləğində təmin edərkən ekspert rəyinə əsaslanmışdır. Ekspertiza düzgün aparılmamış və natamam olmuşdur. Ekspert ekspertizanı keçirərkən hansı hesablama metodlarından istifadə etdiyini qeyd etməmiş, hər bir ödənişdən sonra qalıq əsas, faiz, dəbbəni əks etdirən cədvəli də rəyə əlavə etməmişdir. Həmçinin, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında dəbbə borcunun nə qədər olması barədə sual qoyulmuş, lakin ekspert dəbbə borcu barədə suala cavab verməmişdir. Nəticədə, düzgün olmayan ekspert rəyinə əsasən, cavabdehin borcu əsassız olaraq azaldılmışdır. Bundan başqa, qətnamə ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 43 manat məbləğində hissəsi X1, 102 manat məbləğində hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası iddiaçının təşəbbüsü ilə deyil, cavabdeh və məhkəmənin təşəbbüsü ilə keçirilmişdir. Həm də, məhkəmə qətnamə ilə iddiaçının tələdini əsaslı hesab etmiş, sadəcə borc məbləğini az məbləğdə təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 154/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi və iddiaçıdan ekspertiza xərcinin tutulmasına dair hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisləndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2013-cü il tarixli, 5xx/xx/2013 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1 ədəd JCB 160W markalı təkərli eskavator X2 36 ay müddətinə lizinqə verilmiş və həmin müqavilə üzrə lizinq borcunun ödənilməsini öz öhdəsinə götürmüşdür. xx xxxx 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ödəniş cədvəlindən görünür ki, lizinq predmetinin alqı-satqı müqaviləsi üzrə dəyəri 87.902 manat, gömrük rüsumu və rəsmiləşdirilməsi 16.454 manat, lizinqalanın avans ödənişi 13.356 manat, sığorta haqqı 3496 manat və lizinq üzrə əsas borcun məbləği xx.xx.2016-cı il tarixədək 91.000 manat, lizinq şirkətinin gəliri 32998 manat, cəmi lizinq dənişlərinin məbləği 123998 manat müəyyən edilmişdir. Lizinq müqaviləsinin 3.5-ci bəndində ödəmə cədvəlində göstərilən tarixdə lizinqalanın lizinq haqqını lizinqverənin hesabına ödənilməsinin gecikdirilməsinə görə vaxtında ödənilməmiş lizinq haqqının 0,1 %-i məbləğində cərimə faizi ödəməsi nəzərdə tutulmuşdur. İşdəki təhvil təslim aktına əsasən lizinq müqaviləsinin predmeti olan 1 ədəd JCB 160W markalı (DQN: AZ 10o828, buraxılış ili 2012) təkərli ekskavatoru lizinqverən tərəfindən təslim edilmiş və lizinq alan tərəfindən təhvil alınmışdır. İddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürsə də, işin hallarından göründüyü kimi, müqavilə xx.xx.2016-cı il tarixədək bağlanmış və lizinq müddəti birmişdir. Buna görə də iddiaçının həmin tələbi məhkəmə tərəfindən təmin edilməmiş, iddiaçı apellyasiya şikayətində təmin edilməmiş bu tələblər bağlı hər hansı fkir bildirməmişdir. İddiaçının xx xxxx 2019-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən X2 cəmi 105.116,26 manat, 37358,14 manat əsas borc, 28807,36 manat faiz borcu və 38950,76 manat dəbbə borcu hesablanmışdır. Maliyyə arayışından eyni zamanda görünür ki, lizinqalan tərəfindən iddiaçıya cəmi 97369 manat vəsait ödənilmişdir. İşə birinci instansiya qaydasında baxan məhkəmə öz təşəbbüsü ilə cavabdehin lizinq müqaviləsi üzrə borcunun hesablanması üçün iş üzrə məhkəmə - mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verilmiş xx xxxx 2020-ci il tarixli, 9/116 saylı rəyində qeyd olunmuşdur ki, cavabdeh X3 tərəfindən xx xxxx 2013-cü il tarixli, 5xx/xx/2013 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixədək 93349 manat, xx.xx.2016-cı il tarixdən sonra 4010 manat pul vəsaiti ödənilmişdir. Ödənişlər nəzərə alınmaqla xx.xx.2016-cı il tarixədək (həmin tarixdən sonra həyata keçirilmiş 4010 manat ödəniş nəzərə alınmadan) gecikdirilmiş əsas lizinq borcu 31219 manat və lizinq mükafatı üzrə borcu 2927 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları, ekspert rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5, 748- 10.1, 462.1, 463.1-ci,467-ci maddələrinə istinad edərək iddianın qismən, 31136 manat hissədə əsaslı olduğuna dair nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində ekspert rəyinin əsassız olduğunu göstərərək bi mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyində hər bir ödənişdən sonra əsas, faiz və dəbbə pulu borcunu əks etdirən cədvəl əks olunmamış, dəbbə pulu borcu hesablanmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının bu mülahizələri ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas ola bilməz. Belə ki, ödənişlərin tarixlərini əks etdirən cədvəl iddiaçının maliyyə arayışında öz əksini tapmışdır və lizinqalan tərəfindən həyata keçirilmiş ödənişlərin ekspert tərəfindən müəyyən edilmiş məbləğdə- cəmi 97369 manat olduğu həmin arayışda da qeyd edilmişdir. Bu da onu təsdiq edir ki, ekspert tərəfindən hesablama düzgün həyata keçirilmiş, sadəcə ödənişlərin əsas borca və lizinq mükafatına silinmə qaydası ekspert tərəfindən iddiaçının maliyyə arayışında olduğu kimi deyil, fərqli qaydada göstərilmişdir. Dəbbə pulu borcu ilə bağlı məhkəmə tərəfindən qoyulmuş sualın ekspert tərəfindən cavablandırılmaması həmin sualla bağlı əlavə ekspertiza təyin edilməsinə səbəb ola bilərdi. İşə birinci instansiya qaydasında baxılarkən ekspert rəyi məhkəməyə daxil olduqdan sonra tərəflərin nümayəndələri məhkəməyə dəbbə pulu borcunun hesablanması üçün iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə vəsatət verməmişlər. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, lizinqalan tərəfindən həyata keçirilmiş ödənişlərin 32148,72 manatı iddiaçı tərəfindən lizinq mükafatı üzrə silinmiş, bundan sonra lizinqalana əlavə olaraq 28807,36 manat faiz borcu hesablanmışdır ki, bu da lizinq müqaviləsinin şərtlərinə və ümumiyyətlə lizinq institutunun mahiyyətinə ziddir. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. MM-nin 748-11-ci maddəsində lizinq ödənişlərinin ümumi məbləğinin hansı ödənişlərdən ibarət olduğu konkret olaraq göstərilmişdir. Lizinq müqaviləsinin şərtləri kredit müqaviləsinin şərtlərindən fərqli olduğundan lizinq ödənişlərinin müqavilə ilə razılaşdırılmış ümumi məbləğinin lizinq verən tərəfindən birtərəfli qaydada artırılması və lizinq öhdəliyinin icra müddəti bitdikdən sonra cavabdehdən lizinq müqaviləsinə istinad edilməklə cərimədən əlavə faiz ödənişi tələb edilməsi həm mülki qanunvericiliyə, həm də müqavilə şərtlərinə ziddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin lizinq müqaviləsi üzrə qalıq borcu düzgün müəyyən edildiyindən və məhkəmə tərəfindən tutulmuş dəbbə pulu məbləği əsas borca mütənasib olduğundan qətnamənin iddianın rədd edildiyi hissədə dəyişdirilməsi və ya ləğvi üçün əsaslar yoxdur. İddiaçının ekspertiza xərcinin ondan tutulmasının prosessual pozuntu olduğuna dair mülahizələri də məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda iddiaçının tələbinin təxminən 2/3 hissəsi rədd 145 manat ekspertiza xərcinin təxminən 2/3 hissəsinin iddiaçıdan tutulması MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-154/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-154/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar