Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-516/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-816/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 112 320 (yüz on iki min üç yüz iyirmi) manat əsas borc və 3.325 (üç min üç yüz iyirmi beş) manat dəbbə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-816/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 18.720 manat və 187 manat məbləğində dəbbə pulunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, müştəri Cavabdeh2 ilə məsləhətçi İddiaçı MMC arasında 01 mart 2016-cı il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən məsləhətçi bu müqavilənin müddəalarına və müştərinin fəaliyyətinə uyğun olaraq müştəriyə hüquq xidmətləri göstərməyi, müştəri də hər ay 3120 manat məbləğində xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin tərəflər arasında 05 yanvar 2017-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən məsləhətçi bu müqavilənin müddəalarına və müştərinin fəaliyyətinə uyğun olaraq müştəriyə hüquq xidmətləri göstərməyi, müştəri də hər ay 3120 manat məbləğində xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, müqavilələr eyni tərkibli olduğuna görə və daha sonra imzalanmış - 5 yanvar 2017-ci il tarixli müqavilə daha öncəki 1 mart 2016-cı il tarixli müqaviləni əvəz etmədiyi, onu ləğv etmədiyi və onunla ziddiyyət təşkil etmədiyi üçün hər iki müqavilə bu iddia ilə qaldırılan məsələlərə şamil olunmalıdır. Həmin müqavilələrin 5.2-ci bəndinə əsasən onlar qeyri-müəyyən müddətə bağlanılıb və onların xitamı bir tərəfin digər tərəfi 30 gün öncədən yazılı xəbərdarlıq etməklə mümkün idi. Lakin, cavabdeh müqavilə üzrə son ödənişi 2017-ci ilin dekabr ayında etdikdən sonra digər aylarda hər hansı bir ödənişləri etməkdən yayınmışdır. Müqavilələrin 3.1.2-ci bəndinə əsasən ödənişlər hər ayın axırında ödənilməli idi, lakin 2018-ci ilin yanvar ayından başlayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi haqqında heç bir yazılı xəbərdarlıq daxil olmamış və müqavilə üzrə işlər davam etmişdir. Əlavə olaraq bu müqavilələr abunə müqavilələri hesab olunur ki, bu müqavilələrə əsasən xidmətlərin göstərilib-göstərilməməsindən asılı olmayaraq müqavilə üzrə xidmət haqqı ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, həqiqətən xx.xx.2016-cı il tarixdə sahibkar olaraq İddiaçı MMC ilə hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamış və müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş xx.xx.2017-ci il tarixli müqaviləni iddiaçı ilə bağlamamış, müqavilədə imza onun imzası deyildir. Həmçinin 2016-cı ilin müqaviləsində imza müqavilənin hər səhifəsində çəkilmiş, lakin xx.xx.2017-ci il tarixli müqavilədə imza yalnız axırıncı səhifədə çəkilmişdir. xx.xx.2016-ci il tarixli müqavilənin 1.5-ci bəndinə əsasən müştəri məsləhətçiyə ayrılmaz hissəsi olan tapşırığı yazılı surətdə suallar şəklində verir və məsləhətçi tapşırığı alan andan 3-10 iş günü müddətində yazılı surətdə cavablar hazırlayıb müştəriyə təqdim edir. Lakin iddiaçı onun tapşırıq və özünün yazılı cavablarını təqdim etməmişdir. O, xx.xx.2018-ci il tarixdə sahibkarlıq fəaliyyətini dayandırmış və ona görə hüquqi yardıma ehtiyacı olmamışdır. İddiaçı 3 il ərzində heç bir xidmət göstərməmiş və pulun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərməmişdir. Müqavilə xx.xx.2016-ci il tarixdə bağlanmış, cavabdehin sonuncu ödənişi 2017-ci ilin noyabr ayı üçün olmuş, hazırki iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Həmçinin onun hüquqi savadı yoxdur, məhz bu səbəbdən İddiaçı MMC ilə müqavilə bağlamışdır. Hazırda isə digər hüquqşünasların köməkliyi ilə ona aydın olur ki, İddiaçı MMC etimad və vicdanlıq prinsiplərinə zidd olan müqavilənin şərtlərini zərərli formada tərtib etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. İlk olaraq kollegiya qeyd edir ki, xx.xx.2016-cı il tarixli müqavilə ilə xx.xx.2017-ci il tarixli müqavilənin məzmunu eynidir və ona görə də, ikinci müqavilədəki imzanın cavabdehə aid olub-olmaması işin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş əqdlərə aid edilə bilməz. Çünki nə müqavilənin şərtləri, nə də işin halları baxımından bu nəticəyə gəlmək üçün əsaslar mövcud deyil. Ona görə də, iddiaçının etimad və vicdanlıq prinsiplərinə zidd olan, habelə cavabdehə zərər vurulmasına səbəb olan şərtlərin müqaviləyə daxil etməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Beləliklə, kollegiyanın qənaəti ondan ibarətdir ki, tərəflər arasında etibarlı və Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün əsas olan müqavilə bağlanmışdır. Eyni zamanda, həmin müqavilə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı bağlanıb, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə xidmət haqqını ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1 və 3.1.1-ci bəndlərinə əsasən müştəri ona göstərilən bütün hüquq xidmətlərin dəyərini aşağıdakı qaydada hesablamalı və məsləhətçiyə ödəməlidir: hər ay 3120 manat məbləğində xidmət haqqı ödənilməlidir. Bu xidmət haqqına bu müqavilənin 2.6.-cı bəndində sadalanan xərclər və bu müqavilənin 1.2.2., 1.2.5, 1.2.6., 1.2.8.. 1.2.9., 1.2.10 bəndlərində sadalanan xidmətlərə görə haqq daxil deyil. Müqavilənin 3.1.2-ci bəndinə əsasən bu müqavilənin 3.1.1 bəndində göstərilmiş xidmət haqqı hər ayın axırında müştəri tərəfindən məsləhətçinin hesabına köçürmə yolu ilə ödənilir. Müqavilənin 3.1.3-cü bəndinə əsasən müqavilənin 1.2.2., 1.2.5, 1.2.6., 1.2.8., 1.2.9., 1.2.10 və 2.6. bəndlərində göstərilən xidmətlərə və xərclərə görə ödəniş qaydası məsləhətçi tərəfindən təqdim edildiyi hesab-faktura və təhvil-təslim aktına əsasən ödənilir. Müqavilənin 3.1.5-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, müştəri tərəfindən məsləhətçiyə işin tam olaraq göndərilməməsi Məsləhətçinin günahı deyil və bu hal tərəflər arasında bu müqavilənin 3.1.1-ci bəndində sadalanan ümumi qiymətə təsir göstərməyəcək və o, hər bir halda müştəri tərəfindən ödəniləcək. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə, 3120 manat məbləğində xidmət haqqının müştəri tərəfindən məsləhətçiyə hər bir halda (xidmətlərin göstərilibgöstərilməməsindən asılı olmayaraq) ödənilməsi şərti razılaşdırılmışdır. Həmçinin müqavilənin yuxarıda qeyd olunan şərtləri aydın və dəqiq şəkildə yazılmış, hər hansı ziddiyyətli söz və ifadələrdən istifadə olunmamışdır. Tərəflər arasındakı işgüzar adətlərin başqa şəkildə olması, yəni ödənişlərin yalnız xidmətlərin həyata keçirildiyi aylar üzrə ödənilməsi barədə sübutlar da cavabdeh tərəfindən təqdim edilməmiş və ona görə də, müqavilənin yuxarıda qeyd olunan şərtlərinin Mülki Məcəllənin 404-cü maddəsinə əsasən təfsir edilməsi üçün əsaslar mövcud deyil. Ona görə də, xidmət haqqı tələb olunan dövrdə (36 ay) iddiaçı tərəfindən xidmətlərin göstərilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Eyni zamanda, Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Həmçinin müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı isə Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə şərtinə uyğun olaraq cavabdehdən xidmət haqqını tələb etməkdə haqlıdır. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə müqavilə qeyri-müəyyən müddətə bağlanır və tərəflər bu müqaviləyə digər tərəfi 30 gün qabaq yazılı xəbərdarlıq etməklə, lakin hər bir halda müqavilənin ən azı 1 il qüvvədə qalmaq şərti ilə, xitam verə bilərlər. Müqavilənin birinci 1 ili ərzində xitamı yalnız məsləhətçi tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş öz öhdəliklərin kobud şəkildə pozulması nəticəsində mümkündür. Məsləhətçi tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş öz öhdəliklərin kobud şəkildə pozulması məhkəmənin qərarı ilə təsdiq olunmalıdır. Lakin hazırki işdə cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi barədə iddiaçıya heç bir yazılı xəbərdarlıq edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilə hələ də qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da qeyd olunmuşdur ki, MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin sahibkar kimi fəaliyyətini dayandırıb-dayandırmamasının müqavilənin qüvvədə olma müddəti və tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi ilə hər hansı əlaqəsi yoxdur. Ona görə də cavabdehin həmin dəlilləri tamamilə əsassızdır. Həmçinin kollegiya hesab edir ki, 3 illik iddia müddətinin ötürülməsi ilə bağlı dəlillər də əsassızdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməyib və müqavilə hələ də qüvvədədir. Belə olan halda isə iddia müddətinin axımı, ümumiyyətlə başlamayıb. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə 36 ay üçün cəmi 112320 manat (36 x 3120 = 112320) məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, iddia əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də iddia əsaslıdır. Belə ki, həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir. Həmin maddənin mənasına görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən ödənişin icrası gecikdikdə məsləhətçi müştəriyə hər gecikmə günü üçün göstərdiyi xidmətin qiymətinin 0.1% miqdarında dəbbə pulu tətbiq edə bilər. İşin hallarını, yəni cavabdehin 36 ay müddətində, yəni 1000 gündən artıq ödəniş etmədiyini və bunun nəticəsində yaranmış əsas borcun məbləğini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 3325 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-816/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh2 112320 manat əsas borc və 3325 manat dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-516/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-516/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver