Məhkəmə qərarları › İş №2-2(103)-518/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-518/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-518/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçıxxxx-nin Cavabdehxxxx-yə qarşı «borcun tutulması tələbinə dair» iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1150/2021 saylı 05.03.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçıxxxx Cavabdehxxxx-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc 9500 manat, ƏDV 1710,01 manat olmaqla, ümumilikdə 11210,01 manat və gecikdirilmiş vaxt üçün 1200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus bank hesabları üzərinə iddia tələbi həcmində həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.03.2021-ci il tarixli e-2-2(113)-1150/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdehxxxx-nin banklarda olan hesablaşma hesablarında 11210,01 manat məbləğində pul vəsaiti üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və Cavabdehxxxx-nin bank hesablarına 11.210.01 manat məbləğində pul vəsaitinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfin iddia tələbini əsaslandırdığı sübutların əsaslı olub-olmamasına ilkin diqqət ayırmadan iddianı təmin etmək barədə qərardad çıxarılması ədalətli araşdırma prinsipinin pozulmasının ilkin elementi kimi dəyərləndirilməlidir. İddiaçı tərəf özü iddia ərizəsində qeyd edir ki, 08.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi onlarda yoxdur və qeyd edir ki, həmin müqaviləni guya ki, “xxxx”xxxxdən tələb etsələr də, müqavilənin nüsxəsi onlara verilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə görə tərəflər iddia ərizəsinə tələblərini əsaslandırdıqları sübutları təqdim etməyə borcludurlar. İddiaçı 11210,01 manat məbləğində borcun tərəflər arasında bağlanmış 08.06.2018-ci il tarixli alqı-satqı müqaviləsindən qaynaqlandığını bildirmişdir, bu səbəbdən də iddiasının əsası kimi bu müqaviləni ortaya qoymağa borcludur. Ortada müqavilə olmadan, formal mülahizəyə söykənən pul tələbi əsasında cavabdehin bank hesabı üzərində həbsin qoyulması nəinki ədalətsiz, həm də qanunsuzd İddiaçı ərizəsində e-qaiməni iddianın faktiki hallarını əsaslandıran dəlil kimi təqdim etməyə çalışmışdır. E-qaimədə onun hansı tarixli və nömrəli müqaviləyə əsasən tərtib edildiyi qeyd edilmədiyi üçün, bu qaimənin sübut kimi mötəbər olması mümkün deyildir. İddiaçının özünün istinad etdiyi qüvvədən düşmüş (qaimənin tərtib olunduğu tarixdə qüvvədə olan) Nazirlər Kabinetinin qərarının 3.9-cu bəndində açıq şəkildə qeyd edilir ki, təqdim edimiş e-qaimə əsasında 5 gün ərzində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, vergi sistemi özü elektron qaiməni avtomatik təsdiq edir. Bu, o anlam verir ki, əgər biz 5 gün ərzində elektron poçt qutusuna baxmasaq, göndərilmiş eqaimə avtomatik təsdiq edilərək sistemə düşəcəkdir. Bu 5 gün hesab faktura göndərilmiş vergi ödəyicisinə imkan verir ki, o qaiməni ləğv etsin və ya dəyişiklik edilməsini tələb etsin. Bu müddət ərzində belə bir hal baş vermədikdə, sistem eqaiməni özü avtomatik təsdiq edir. İddiaçının da bizə göndərmiş olduğu e-qaimə görünür avtomatik təsdiq edilmişdir. Beləliklə, iddia tələbini əsaslandıra biləcək müqavilə və təhvil aktı yoxdur, təqdim edilmiş e-qaimə isə qeyri-müəyyəndir, onun hansı öhdəlik üzrə təqdim edilməsi müəyyən deyildir. Belə olduğu halda məhkəmə bu cür əsaasızlığı açıq-aydın olan tələbə görə iddianı təmin etmək barədə qərardad çıxarması əsassız və qanunsuzdur. Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli, e-2-2(113)-1150/2021 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Vəkil şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. İddiaçının cavabdehə qarşı iddia ərizəsindən görünür ki, 08 iyun 2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehə təqdim edilmiş əlcəklərə görə ümumilikdə, ƏDV daxil 11210,01 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 mart 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi qiymət verməli, iddia tələbi ilə tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlmalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İddia ərizəsinə və iddianın təmin etmə tədbiri barədə ərizəyə və işin digər materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbini əsaslandırmaq üçün məhkəməyə, mübahisələndlirilən əlcəklərin 23.396,21(ƏDV daxil) manat dəyərinin ödənilməsi üçün cavabdehə göndərilmiş elektron qaimə, onun qismən ödənişinə dair müəssisənin «ƏDV sub-hesabdan çıxarış, pretenziya məktubu kimi sübutlar əlavə olunmuşdur. Göründüyü kimi, qeyd olunan sübutlarla iddiaçının tələbi ilə iddianı təmin etmə tədbiri arasında əlaqə mövcuddur və görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri ilə iddia tələbi mütənasiblik təşkil edir. Bundan əlavə qeyd olunmalıdır ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin 05.03.2021-ci il tarixli qərardadı ilə cavabdehin bank hesabındakı pul vəsaiti üzərinə, əmək haqqı və digər məcburi dövlət ödənişlərə məhdudiyyət qoyulmadan, əsas borc tələbi həcmində həbs qoyulmasını - prosessual qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı baxımından, düzgün nəticə kimi qiymətləndirir. Ona görə də sonuncunun şikayətinın həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehxxxx»xxxx-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1150/2021 saylı 05.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar