Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-518/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 567/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (satıcı) ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 67171 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə Alıcının sifarişinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilən ölçü cihazlarını, sınaq avadanlıqlarını, o cümlədən avtomobili Alıcıya təqdim etməyi, alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı verilmiş mallara görə ƏDV məbləğinin tam olaraq ödənildiyini, ancaq əsas məbləğ hissəsindən 313.348,40 manat borcunun qaldığını bildirir.
3. Cavabdeh isə iddia tələbini avtomobilin dəyərini təşkil edən 88913 manat borcun tutulması hissəsində mübahisələndirərək, avtomobilin satılmasına dair alqı-satqı müqaviləsinin məhkəmə baxışında təqdim edildiyini əsas gətirərək, eyni zamanda cərimə məbləğinin əsassız hesablandığını bildirərək həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş edir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Maybo” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən müqavilə üzrə əsas borc 313.348,40 manat, 36 133 manat qalıq borc üzrə əlavə hesablanmış cərimə məbləğinin, 603 manat məhkəmə dövlət rüsumunun, 400 manat mediasiya sessiyasına müraciət üçün ödənilmiş dövlət rüsumunun, ümumilikdə 350 484.40 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 67171 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən ƏDV daxil 1.204.433,81 manat məbləğində mallar "xxxx" QSC-yə təhvil verilməli idi. Mallar tam olaraq elektron qaiməyə və təhvil-təslim aktlarına əsasən ”Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələrinə təhvil verilmiş və müvafiq qaydada təsdiqlənmişdir. Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq təhvil verilmiş malların dəyərinin ödənilməsi müddəti tənzimlənir. Belə ki, həmin bəndə əsasən malların təhvil verilməsini təsdiq edən sənədlər təqdim olunduqdan sonra 15 bank günü müddətində Alıcı tərəfindən ödənişlər həyata keçirilməlidir. Malların tam olaraq təhvil verilməsinə baxmayaraq bu günə kimi ƏDV daxil 313.348,40 manat həcmdə "xxxx" QSC tərəfindən ödənişlər təmin edilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-567/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67171 saylı müqaviləyə əsasən əsas borc üzrə 313.348 (üç yüz on üç min üç yüz qırx səkkiz) manat 40 (qırx) qəpik, cərimə borcu üzrə 14.000 (on dörd min) manat, ümumilikdə 327.348 (üç yüz iyirmi yeddi min üç yüz qırx səkkiz) manat 40 (qırx) qəpik məbləğində pulun "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 239 (iki yüz otuz doqquz) manat, ümumilikdə 639 (altı yüz otuz doqquz) manat məbləğində pulun "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-567/2023 nömrəli qətnaməsinin qismən ləğv olunmasını və 88 913,0 (səksən səkkiz min doqquz yüz on üç) manat borcun və 14.000,0 (on dörd min) manat cərimə borcunun tutulması hissəsində iddianın ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təmin edilmiş cərimənin məbləği əsas məbləğə mütənasib deyildir. Həmçinin hesab edirik ki, cərimə məbləğinin bu qədər çox hesablanmasına səbəb iddiaçı təşkilatın öz marağı əsasında baş vermişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə ADY arasında müqavilə xx.xx.2021-ci il tarixində bağlansa və müqavilə üzrə öhdəliklər həmin tarixdə yerinə yetirilsə də, iddiaçı tərəfindən 1 il 6 aydan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bununla da iddiaçı təşkilat dəbbə pulunun bu qədər çox hesablanmasının səbəbkarı olmuşdur. Məhkəmə isə öz növbəsində əsassız olaraq dəbbə pulunun qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini sübut qismində qiymətləndirərək ADY tərəfindən İddiaçı MMC-yə ödənməli olan 88 913,0 (səksən səkkiz min doqquz yüz on üç) manat borc məbləğinin olduğunu qeyd edir. Lakin mövcud müqavilə cavabdeh İddiaçı MMC tərəfindən məhkəmənin hazırlıq iclası yekunlaşana qədər deyil, məhkəmə baxışında təqdim edilmişdir. Beləliklə, məhkəmənin xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsini sübut qismində qiymətləndirməsi mülki-prosessual qanunvericiliyə ziddir. Cavabdeh İddiaçı MMC tərəfindən məhkəməyə sözügedən xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti deyil, sadəcə ksero surəti təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə bu müqaviləni sübut qismində qiymətləndirmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə sübutların qiymətləndirilməsi zamanı mülkiprosessual qanunvericiliyin normalarını pozmuş, sübutları obyektiv qaydada dəyərləndirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi
10. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
12. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
13. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
22. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
23. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
27. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən - 88 913,0 (səksən səkkiz min doqquz yüz on üç) manat borcun və 14.000,0 (on dörd min) manat cərimə borcunun tutulması hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 88 913,0 (səksən səkkiz min doqquz yüz on üç) manat borcun və 14.000,0 (on dörd min) manat cərimə borcunun tutulması hissəsində əsaslıdır.
32. Cavabdehin 88913 manat (avtomobilə görə) borcun tutulmasının əsassız hesab edilməsi barədə əsas arqumenti ondan ibarətdir ki, 88913 manat borcun olmasını təqdiq edən xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsi İddiaçı MMC tərəfindən məhkəmənin hazırlıq iclası yekunlaşana qədər deyil, məhkəmə baxışında təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini sübut qismində qiymətləndirməsi mülki-prosessual qanunvericiliyə ziddir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti deyil, sadəcə ksero surəti təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə bu müqaviləni sübut qismində qiymətləndirmişdir.
33. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
34. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 67171 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə Alıcının sifarişinə əsasən satıcı (İddiaçı MMC) müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilən ölçü cihazlarını, sınaq avadanlıqlarını, o cümlədən avtomobili Alıcıya təqdim etməyi, alıcı ("xxxx" QSC) isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
35. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə təqdim ediləcək mallar müqabilində alıcı tərəfindən satıcıya ödəniləcək məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 1.204.433,81 manat təşkil edir. Müqaviləyə 1 nömrəli Əlavə ilə tərəflər malların təsviri, mənşə ölkəsi, miqdarı, vahidin qiyməti və ümumi qiymət barədə razılığa gəlmişlər.
36. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, malların qiyməti 1.020.706,62 manat, ƏDV məbləği 183.727,19 manat, ƏDV daxil məbləği isə 1.204.433.81 manat təşkil edir.
37. Müqavilə və müqaviləyə 1 nömrəli Əlavə hər iki tərəfin imzası və tərəflərin möhürü ilə təsdiq edilmişdir.
38. Kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə 1 nömrəli əlavədə iddiaçı tərəfindən cavabdehə təhvil verilməli olan və hazırda apellyasiya baxışının predmetini təşkil edən Ford Transit 350E LWB VAN. Ağ rəng, istehsal ili: 2021-ci il olan nəqliyyat vasitəsinə dair məlumatlar, həmçinin ƏDV xaric dəyəri (75350 manat) göstərilmişdir.
39. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə məhkəmə hazırlıq icraatı dövründə təqdim edilmiş İddiaçı MMC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli EBBL seriyalı 762125 nömrəli qaiməyə əsasən 88.913 manat (75350 manat + 13563 manat ƏDV məbləği) ödənişin həyata keçirilməsi xahiş edilmişdir.
40. Qeyd edilən elektron qaimə-fakturada ödənişin Nəqliyat vasitəsi – Ford Transit 350E, LWB VAN, ağ rəng, istehsal ili: 2021-ci olan avtomobilə görə tələb edildiyi qeyd edilmişdir.
41. İddiaçı tərəfindən cavabdehə göndərilmiş olan elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi isə 1.204.433,81 manat təşkil etmişdir.
42. Bununla yanaşı, ümumilikdə 1.115.520,82 manat məbləğində olan malların İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə təhvil verilməsi barədə aktlar tərtib edilmiş və imzalanmışdır. Malların təhvil verilməsi cavabdeh tərəfindən mübahisələndirməmişdir.
43. Ümumilikdə cavabdehə təhvil verilməli olan malların dəyərindən aktlar əsasında təhvil verilən mallar çıxıldıqda (1.204.433,81-1.115.520,82) isə cavabdeh tərəfindən mübahisələndirilən 88913 manat məbləğ, yəni xx.xx.2021-ci il tarixli müqaviləyə 1 saylı əlavədə göstərilən avtomobilin dəyəri qalır.
44. 15.09.2021-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavədə göstərilmiş nəqliyyat vasitəsinə dair elektron qaimə-faktura təqdim edilmiş və cavabdeh tərəfindən həmin qaimə-fakturaya dair yuxarıda qeyd edilən Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq hər hansı etiraz edilməmişdir.
45. Bundan əlavə cavabdeh tərəfindən ümumilikdə iddiaçı tərəfindən cavabdehə təhvil verilməli olan malların dəyərini təşkil edən 1.020.706,62 manat məbləğin ƏDV-si. yəni 183.727,19 manat və əlavə olaraq 9738,6 manat, ümumilikdə 193.465,79 ƏDV məbləği, cavabdeh tərəfindən ödənilmişdir.
46. Yəni cavabdeh avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin məhkəmə hazırlıq icraatı bitdikdən sonra təqdim edilməsini bəhanə edərək həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etdiyi 88913 manat məbləğin ƏDV məbləğini də cavabdehə ödəmişdir.
47. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 88.913 manat məbləğində olan Ford markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satılmışdır.
48. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə satılmış malların ümumi dəyəri 1.204.433,82 (1.115.520,82+88.913) manat təşkil edir.
49. Məhkəmə iddiaçının elektron qaimələrdə qeyd edilmiş ümumi dəyəri 1.204.433,81 manat təşkil edən malların "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir.
50. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə müqavilənin ksero surət olması ilə bağlı da iddiaçı tərəfindən qeydiyyat orqanına müqavilənin təsdiq olunmuş surətinin təqdim edilməsi barədə verilmiş sorğuya cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-4828/2023 saylı məktubda müqavilənin təsdiq edilmiş surətinin verilməsindən imtina edilsə də avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir.
51. Həmin çıxarışdan görünür ki, **-AE-*** dövlət qeydiyyat nişanlı Ford Transit 350L Yük markalı (istehsal ili: 2021) avtomobil, alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC-yə satılmışdır. Hazırda sonuncunun mülkiyyətindədir və dövlət qeydiyyat nömrəsi də dəyişdirilməmişdir.
52. Bundan əlavə cavabdehin nümayəndəsi sübut qismində qəbul edilməsini mübahisələndirsə də apellyasiya baxışı zamanı iddiaçı tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli “Təhvil-təslim” aktı təqdim edilmişdir.
53. Cavabdehin apellyasiya şikayətinin digər dəlilinə (İddiaçı MMC ilə ADY arasında müqavilə xx.xx.2021-ci il tarixində bağlansa və müqavilə üzrə öhdəliklər həmin tarixdə yerinə yetirilsə də, iddiaçı tərəfindən 1 il 6 aydan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bununla da iddiaçı təşkilat dəbbə pulunun bu qədər çox hesablanmasının səbəbkarı olmuşdur. Məhkəmə isə öz növbəsində əsassız olaraq dəbbə pulunun qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir.) münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində öz əksini tapmışdır.
54. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qət etdilmiş "xxxx" QSC-dən əsas borc məbləğinə münasibətdə 14.000 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mediasiya xərci və dövlət rüsumunun əvəzi kimi 639 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-567/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov