Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-519/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun qaytarılması, maddi və mənəvi zərərin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-455/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə fərdi sahibkar İddiaçı (lizinq alan) arasında 16 aprel 2021-ci il tarixli ALİZ-00199-011/21A nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən lizinq verən tərəfindən 1 ədəd "xxxx" markalı, **-PN-*** dövlət nömrə nişanlı minik avtomobili 31 ay müddətinə lizinq alanın sahibliyi və istifadəsinə vermişdir. Müqavilənin dəyəri cəmi 14.914 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ödənilmiş 8.500 manat ilkin ödənişin, mükafat olaraq 1.600 manat ödənilmiş lizinq ödənişinin və ödəmə cədvəlinə əsasən 1.443,33 manat pul məbləğinin qaytarılması, 1.000 manat maddi ziyan və əldən çıxmış faydanın və 500 manat mənəvi ziyanın tutularaq, İddiaçı ödənilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və dövlət rüsumunun əvəzi olaraq Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, cavabdehə 8.500 manat ilkin ödəniş, 19 may 2021-ci il tarixindən, 2021-ci il 30 iyun tarixədək 966 manat və mükafat olaraq 1.600 manat ödəmişdir. Lizinq verən tərəfindən 1 ədəd "xxxx" markalı avtomobil lizinq ödənişi vaxtı-vaxtında ödənilməməsi səbəbindən MMC-yə məxsus əraziyə aparılmaq məqsədi ilə götürülmüş və satılmışdır. Lakin Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində lizinq alan lizinqə verilmiş avtomobildən istifadə edə bilməmiş, avtonəqliyyat vasitəsi sahibliyindən əsassız götürülərək saxlanılmış və bunun nəticəsində lizinq alana xeyli miqdarda zərər vurulmuşdur. Belə ki, lizinq ödənişlərinin vaxtlı-vaxtında aparılmaması adı ilə və lizinq alana heç bir xəbərdarlıq verilmədən istifadəsinə verilmiş 1 ədəd "xxxx" markalı avtomobil təxminən 2021-ci ilin iyun ayında geri alınmışdır. Eyni zamanda, lizinq ödənişi əsassız olaraq hesablanıb tutulmuşdur. Halbuki, lizinq ödənişlərinin vaxtlı-vaxtında aparılmamasının səbəbi olmuşdur. Belə ki, fərdi sahibkar lizinq alan İddiaçı elə həmin dövrdə qəflətən iki ağır əməliyyata məruz qalmışdır. Birincisi, 3 saylı Klinik şəhər Xəstəxanasında ayaq barmağının kəsilməsi və ikinci əməliyyatı isə Bakı sağlamlıq mərkəzi klinikasında sol ayağın amputasiya olunması səbəbindən ödənişi həyata keçirə bilməmişdir. Göründüyü kimi 2021-ci ildə fors-majorun baş verdiyi müəyyən edildiyindən sonrakı dövr üçün ödənişlər tələb edilə bilməz. Ödənişlərin ödənilməməsi vəziyyət cavabdehin təqsirli hərəkəti ilə yox, qarşısıalınmaz hadisə ilə bağlı olmuşdur. Fors-major cavabdehi öhdəliklərin icra olunmamasına görə məsuliyyətdən azad edir.
4. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, müqavilənin 8.1.3-cü bəndinə əsasən, lizinq alan tərəfindən müqavilə üzrə ödənişlərini ardıcıl olaraq iki dəfə pozduqda lizinq verən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Bundan başqa iş materiallarına əlavə edilmiş çıxarışdan göründüyü kimi lizinq alan cəmi iki dəfə gecikmə ilə 19 may 2021-ci il və 30 iyun 2021-ci il tarixlərində lizinq ödənişləri etmişdir. Həmçinin iş materiallarına əlavə etdikləri aktdan göründüyü kimi lizinq verən könüllü şəkildə xx.xx.2021-ci il tarixində nəqliyyat vasitəsini onlara təqdim etmişdir. Bildirmişdir ki, o xəstə olduğundan maşını idarə edə və müqavilə üzrə də öhdəliklərini icra edə bilmir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi məbləğləri ödəməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etməmişdir. Çünki o sənədlər ümumiyyətlə yoxdur, iddiaçı cəmi iki dəfə ödəniş etmişdir. Cavabdeh MMC iddiaçının xəstəliyini nəzərə alaraq iyun ayından sentyabrın 3-nə qədər olan tarixə borcu iddiaçıdan tələb etməmişdir.
5. İddiaçı cavabdehin dəlillərinə etiraz edir və bildirir ki, etirazda göstərilən xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin təhvil verməsi barədə aktda iddiaçının imzası olmamışdır. Lizinq obyektinin kimdən alınması halı lizinq verən tərəfindən aşkara çıxarılmamış və iddiaçının müqavilədən xəbəri olmamışdır. Lizinq alan lizinq verənə 8.500 manat ilkin ödəniş etmiş, daha sonra mükafat olaraq 1.600 manat ödənilmişdir. Halbuki lizinq müqaviləsində mükafat ilkin ödəniş nəzərdə tutulmur, qanunvericilikdə də bu hal yol verilməzdir. İddiaçı ilə müqavilə bağlanarkən direktorun otağında onun iştirakı ilə ilkin ödəniş olunduqdan sonra qalan məbləğ qrafikə salınıb. Müqaviləyə əlavə 1 ödəmə cədvəlinə əsasən lizinq ödənişləri aylıq 481,11 manat olmaqla hər ay ödənilməklə 16 noyabr 2023-cü il tarixədək həyata keçirilməli, ümumilikdə 14.914,10 manat ödəniş olunmalı idi. Bu ümumi məbləğdən 3.614,1 manat faiz olaraq göstərilmişdir. İddiaçıya bildirilmişdir ki, bu lizinq verənin mükafatını təşkil edir. Lakin buraxılış ili 2011-ci il olan, “Kia Optima minik” markalı 99-PN670 qeydiyyat nişanlı, avtomobilin hazırda və avtomobil lizinqə götürüləndə də real bazar qiyməti 23.000- 24.000 manat arasında olmuş və hazırda da bu qiymətə satılır. Belə olan halda Lizinqverən şirkətin bağladığı müqavilə şübhə doğurur və müqavilədə uyğunsuzluq ortaya çıxır. Çünki liznq obyektinin dəyəri 14.914,10 nəzərdə tutulub, bu hal isə real bazar qiymətinə uyğun deyil. İddaçının ödədiyi cəmi 11.500 manat pul əvvəlcədən cavabdeh təşkilat tərəfindən alınmışdır. Çünki avtomobilin real bazar qiyməti 24.000 manat olduğu halda, lizinq şirkətinin avtomobili 14.914,10 manata lizinqə verməsi real deyil və lizinq alana bu qiymətə avtomobil verilməzdi.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-455/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
13. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
14. Həmin Məcəllənin 424.4-ci maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
15. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
18. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
19. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
21. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrinə əsasən lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
22. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Həmin Məcəllənin 1092.1-ci madəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
25. Mülki Proxexxual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
28. Belə ki, ödənilmiş pulun geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4, 1092.1 və 1091-ci maddələri təşkil edir.
29. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
30. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).
31. Lakin hazırki işdə bu əsaslar müəyyən olunmur.
32. Belə ki, iddiaçı həmin tələb üzrə əsas kimi iki ağır cərrahiyyə əməliyyatı keçirməsinə, həmin halın fors-major olmasına, fors-major hal baş verdiyinə görə lizinq müqaviləsinin ləğv edilməli, ödədiyi ilkin ödənişin və lizinq ödənişlərin geri qaytarılmalı olmasına istinad etmişdir.
33. Kollegiya hesab edir ki, bu əsaslarla iddia təmin edilə bilməz.
34. Belə ki, fors-major hal dedikdə müqavilə öhdəliklərinin icra edilməsinin qeyrimümkünlüyünə səbəb olan qarşısıalınmaz qüvvə başa düşülür.
35. Hazırkı halda iddiaçı tərəfindən icra edilməli öhdəliyin predmeti pul, yəni daimi dövriyyədə olan əşya olduğundan onun şəkər xəstəliyinin kəskinləşməsi, eləcə də sonuncunun cərrahiyyə əməliyyatı keçirməsi kimi hallar həmin öhdəliyin icra edilməsində müəyyən çətinliklər, maneələr yaradan hallar olsa (məsələn, həmin halların borcluda müəyyən maliyyə çətinliklərin yaranmasına səbəb olması ehtimalı var və s.), lizinq ödənişlərinin ödənilməsi öhdəliyinin icrasını tamamilə mümkünsüz edən fors-major halı deyil.
36. Bundan əlavə, fors-major halının mövcud olması və göstərilən halla bağlı iddiaçının müqavilədən imtina etmək hüququnun yaranması ehtimal edildiyi halda da göstərilən əsasla müqavilənin ləğv edilməsi iddiaçıya müqavilənin qüvvədə olduğu, yəni lizinq obyektindən istifadə etdiyi müddət üçün nəzərdə tutulmuş lizinq ödənişlərinin geri qaytarılmasını tələb etmək hüququ vermir.
37. Belə ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
38. Həmin Məcəllənin 424.4-ci maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
39. Eyni zamanda, Mülki Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələri baxımından lizinq obyektinin əldə edilməsi ilə bağlı ödənilmiş avans məbləğinin geri qaytarılması tələbi əsaslı hesab edilə bilər.
40. Lakin, iddiaçı cavabdehə 8.500 manat məbləğində ilkin ödəniş, habelə mükafat olaraq 1.600 manat məbləğində pul vəsaitinin və ödəmə cədvəlinə əsasən 1.443,33 manat pul vəsaitinin ödənilməsini təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
41. Eyni zamanda, Mülki Məcəllənin 748-10-cu maddəsindən müəyyən olunur ki, lizinq ödənişləri məhz lizinq obyektindən istifadəyə görə həyata keçirilən ödənişlərdir.
42. İş materiallarında olan sənədlərə əsasən də İddiaçı tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə yalnız 962 manat məbləğində lizinq ödənişlərinin edilməsi öz təsdiqini tapır ki, həmin məbləğ də iddiaçının lizinq obyektindən istifadə etdiyi müddət üçün (16 aprel-16 iyun tarixləri arası dövr üçün) ödənilmişdir.
43. Bu baxımdan kollegiya hesab edir ki, həmin ödənişlərin iddiaçıya qaytarılması üçün əsaslar mövcud deyildir.
44. Tərəflər arasında bağlanmış lizinq müqaviləsində lizinq ödənişlərinin ümumi məbləği 14914,1 manat məbləğində müəyyən edildiyi halda lizinq obyekti olan avtomobilin dəyərinin 24.000-25.000 manat olması barədə iddiaçının istinad etdiyi dəlillər də əsassızdr. Belə ki, lizinq obyekti olan avtomobilin alqı-satqısına dair təqdim edilmiş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, lizinq obyekti olan avtomobil 19500 manata alınmışdır.
45. Məhkəmə iclasında da cavabdehin nümayəndəsi bildirdi ki, avtomobil alındıqdan sonra 6 ay müddətində şirkət tərəfindən istifadə olunmuş, daha sonra isə müstəqil ekspert tərəfindən 14.900 manat məbləğində qiymətləndirilmiş və iddiaçıya lizinqə verilmişdir.
46. Eyni zamanda təqdim olunan sənədlərdən də görünür ki, lizinq obyekti iddiaçıdan geri alındıqdan sonra Cavabdeh MMC ilə X2 arasında 10 may 2023-cü il tarixli ALİZ- 00199-011/21A/2 nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanılmış və avtomobil 11481,86 manata sonuncuya lizinqə verilmişdir.
47. Həmçinin kollegiya qeyd edir ki, lizinq obyektinin həqiqi dəyərinin 24.000-25.000 manat civarında olması təsdiq edilsə belə, göstərilən hal 8.500 manat məbləğində pulun ilkin ödəniş kimi iddiaçı tərəfindən cavabdehə ödənilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyil.
48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatının sübut əhəmiyyəti yoxdur.
49. Onun razılığı olmadan avtomobilin cavabdeh tərəfindən geri götürülməsi və bununla onun lizinq obyektindən istifadə etmək hüququnun pozulması barədə iddiaçının istinad etdiyi hallara münasibətdə isə qeyd edilməlidir ki, əvvəla işin halları ondan ibarətdir ki, mübahisə predmeti olan Kia Optima markalı avtomobillə əlaqədar ödənişlər lizinq alan tərəfindən vaxtı-vaxtında Cavabdeh MMC-yə ödənilməmiş, may və iyun ayı üçün ödəmələr gecikmələrlə aparılmış, iyul, avqust ayları üçün ödəmələr isə ümumiyyətlə edilməmişdir.
50. Lizinq müqaviləsinin şərtlərindən isə görünür ki, (3.1-ci bəndi) lizinq ödənişləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində (əlavə 1) müəyyən edilmiş qaydada və müddətdə ödənməli və (8.1.3-cü bəndi) lizinq alan ödəniş cədvəli üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmədikdə və ya bir dəfə sığorta haqqını ödəmədikdə; (8.1.4-cü bəndi) Lizinq alan ödəniş cədvəli üzrə ödənişlərin ardıcıl olaraq 3 (üç) dəfə və ya il ərzində ardıcıllıqdan asılı olmayaraq 4 (dörd) dəfə gecikdirildikdə bu müqaviləyə lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər və müqavilənin (8.2-ci bəndi) 8.1-ci bəndinə müvafiq olaraq müqaviləyə birtərəfli qaydada xitam verildikdə Lizinq alan Lizinq verənin tələbində göstərilmiş müddət ərzində və ünvanda Lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur.
51. Odur ki, Cavabdeh MMC lizinq ödənişlərinin gecikdirilməsi ilə bağlı müqaviləni birtərəfli qaydada ləğv etmək və lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olmuşdur.
52. Digər tərəfdən iş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, lizinq obyekti İddiaçı xəstəxanada olduğu müddətdə Əli Məmmədov adlı şəxs tərəfindən könüllü şəkildə lizinq verənə təhvil verilmişdir.
53. Odur ki, həmin aktı, eləcə də avtomobilin təhvil verilməsindən keçən bir ildən artıq müddət ərzində İddiaçı lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə etiraz etmədiyini, lizinq obyekti olan avtomobilin ona qaytarılmasını tələb etmədiyini, əksinə lizinq ödənişlərinin qaytarılması barədə hazırkı iddianı qaldırmaqla lizinq müqaviləsinin ləğv edilməsinə razı olmasını və lizinq obyektindən istifadə etmək niyyətində olmamasını faktiki olaraq təsdiqlədiyini də nəzərə alaraq kollegiya hesab edir ki, lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsindən məlumatlı olmaması, lizinq obyektinin onun razılığı olmadan götürülməsi barədə iddiaçının dəlilləri inandırıcı və ağlabatan deyil.
54. Əksinə yuxarıda göstərilən hallar ona dəlalət edir ki, lizinq obyekti lizinq alanın razılığı ilə lizinq verənə təhvil verilməklə mübahisəli lizinq müqaviləsi üzrə müqavilə münasibətlərinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdir.
55. Bu baxımdan kollegiya hesab edir ki, ödənişlərin geri qaytarılması barədə tələblər rədd edilməlidir.
56. Həmçinin maddi və mənəvi zərərin ödənilməsi barədə tələblər də əsassızdır.
57. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
58. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
59. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
60. Belə ki, həmin tələblərin əsaslı hesab edilməsi üçün cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulması halı müəyyən olunmalıdır.
61. Lakin hazırki işdə həmin əsaslar mövcud deyil. Çünki, yuxarıda da qeyd olunduğu kimi lizinq ödənişləri vaxtında və lazımi qaydada həyata keçirilmədiyi üçün lizinq verən avtomobilini geri götürməkdə haqlı olmuşdur. Eyni zamanda iddiaçı da cəmi 962 manat məbləğində pul ödəmişdir ki, həmin məbləğ də yuxarıda qeyd edildiyi kimi iddiaçının lizinq obyektindən istifadə etdiyi müddət üçün (16 aprel-16 iyun tarixləri arası dövr üçün) ödənilmişdir. İddiaçı tərəfindən başqa məbləğin ödənilməsi və bunun qanunsuz olaraq cavabdehdə qalması isə hər hansı sübutla öz təsdiqini tapmır.
62. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-455/2023 saylı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn