Məhkəmə qərarları › İş №2-2(103)-519/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-519/2024

02.07.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-519/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2211/2024 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 51,19 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 29903,03 manat məbləğində, İşsizlikdən sığorta fonduna 42,25 manat, İcbari Tibbi Sığorta Fonduna 168,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 1137,8 manat olmaqla, ümumilikdə 31316,67 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 51,19 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 29903,03 manat məbləğində (o cümlədən, vergilər üzrə 25936,01 manat, faizlər üzrə 3967,02 manat), İşsizlikdən sığorta fonduna 42,25 manat, İcbari Tibbi Sığorta Fonduna 168,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 1137,8 manat olmaqla, ümumilikdə 31316,67 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********237600, xx.xx.2022-ci il tarixli **********238300, xx.xx.2023-cü il tarixli **********943900, xx.xx.2023-cü il tarixli **********808200, xx.xx.2023-cü il tarixli **********015600, xx.xx.2023-cü il tarixli **********028300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, hal-hazırda borc məbləği mübahisələndirilir. Həmin vergi borcunun hesablanması üzrə “qərarın ləğvi və vergi borcunun silinməsi” ilə bağlı Şirvan İnzibati Məhkəməsinin icratında 2-1(120)- 3026/2024 saylı iş var. Şirvan İnzibati Məhkəməsinin qərarı müəyyən olunana qədər dayandırılması barədə və ya işin xitamı barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2211/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs təsisçisi olduğu "xxxx" MMC-nin üzərinə 6 saylı Ərazi vergilər Baş İdarəsi tərəfində kameral vergi hesablanması aparılmışdır. Həmin vergi borcunun hesablanması üzrə qərarın ləğvi və vergi borcunun silinməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin icratında 2- 1(120)-3026/2024 saylı iş vardır. Həmin işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək hazırki, icraatda olan ölkədən çıxışın məhdudlaşdırılmasına dair işin dayandırılmasında zərurət yaranmışdır. Həmçinin, eyni predmete sahib Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-1436/2021 saylı iş üzrə maraqlı şəxs tərəfindən icraatın dayandırılması ilə bağlı verilmiş vəsatətə əsasən məhkəmə icraatı dayandırılmışdır. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan maraqlı şəxsin və "xxxx" MMC-nin şəxsi hesab vərəqələri və vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********237600, xx.xx.2022-ci il tarixli **********238300, xx.xx.2023-cü il tarixli **********943900, xx.xx.2023-cü il tarixli **********808200, xx.xx.2023-cü il tarixli **********015600, xx.xx.2023-cü il tarixli **********028300 nömrəli bildirişlərlə təsdiq olunur.

18. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.

19. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün əsaslardan birini vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması təşkil edir. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş “Sosial-Reklam Agentliyi" MMC-yə və Maraqlı şəxs məxsus şəxsi hesab vərəqələrinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin və Maraqlı şəxs xx.xx.2024-cü il tarixə ümumilikdə 31316,67 manat borcu mövcuddur və həmin hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. Vergi borcunun düzgün hesablanıb-hesablanmaması isə hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti olmadığından və yalnız maraqlı şəxsin müraciəti əsasında inzibati icraat qaydasında araşdırılmalı olduğundan həmin dəlillər ərizənin rədd edilməsinə əsas vermir. Həmçinin, maraqlı şəxsin Türkiyə Respublikasında ali təhsil alması da ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Çünki bu hal maraqlı şəxsin Vergi Məcəlləsinin 16.1-ci maddəsində müəyyən edilmiş vəzifələrin icrasından və həmin vəzifələrin icrasının təmin edilməsi ilə bağlı tədbirlərin tətbiq edilməsindən azad etmir.

20. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2211/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar